Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6596/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı «kredit borcunun restrukturizasiyası» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2674/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit borcunun restrukturizasiyası» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC (hazırda ləğv prosesində olan) ilə onun arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə olan borcunun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC aralarında bağlanmış 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 15 ay müddətinə 3000 (üç min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı əvvəllər kredit borcunu vaxtlı-vaxtında ödəmiş, lakin sonralar devalivasiya ilə əlaqədar kreditin vaxtında ödənilməsində çətinliklər yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq "xxxx" ASC ilə bağladığı 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən elektron portalda İddiaçı tərəfindən ödənilməli olan borcun məbləği 3045,90 manat müəyyən edilmişdir. İddiaçı 2019-cu ildə ləğv prosesində olan "xxxx" ASC-yə müraciət edərək kredit borcunun restrukturizasiyasını xahiş etmiş, lakin bankın işçiləri bunun növbəlilik qaydasında edildiyini bildirmişlər. İddiaçı 2019-cu il ərzində xəstə olduğuna görə və uzunmüddətli müalicə kursu keçdiyinə görə tez-tez banka getmək imkanı olmadığından məcbur olub 29 yanvar 2020-ci il tarixində ləğv prosesində olan "xxxx" ASC-yə yenidən müraciət edərək birinci müraciətdən uzun müddət keçməsinə baxmayaraq, hazırki vaxta qədər onun kredit borcunun restrukturizasiya edilmədiyini bildirmişdir. Bununla da İddiaçı hüquq və qanunla qorunan maraqları pozulmuşdur. Birinci instansiya məhkəməsi baxışı zamanı İddiaçı ərizə təqdim edərək cavabdeh qismində ləğv prosesində olan "xxxx" ASC-nin qeyd edilməsini xahiş etmiş, məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh ləğv prosesində olan "xxxx" ASC ilə əvəz edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2674/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddi tələbinin dəlilləri ilə əsaslandırılmış, həmçinin göstərilmişdir ki, iddiaçı müvafiq fərmana uyğun olaraq cavabdeh banka müraciət edərək bildirmişdir ki, Əmanətlərin Sığortlanması fondu tərəfindən ona ayrılmış 1700 manat kompenasiya bank tərəfindən ümumi borcdan çıxılmamışdır. Ona görə də məhkəmə prosesi zamanı sığorta idarəsindən aldığı arayışı hakimə təqdim etmiş, lakin hakim tərəfindən heç bir tədbir görülmədi. Həmçinin məhkəmə prosesi zamanı hakim cavabdeh bankın nümayəndəsinə qeyd olunan arayışı göstərsə də nümayəndə bildirdi ki, vaxtında həmin arayış təqdim olunmamışdır. Tələbkar vaxtı keçirdiyi üçün arayışın heç bir əsası yoxdur. Lakin iclas zamanı iddiaçı hakimə bildirmişdir ki, 2019-cu il iyun ayından 2020-ci ilin yanvar ayına qədər bədəninin onurğa hissəsindən əməliyyat olunduğu üçün yerimək qabiliyyətini itirmişdir. Ona görə də 1700 manatın fərmana əsasən ümumi borcdan silinməsi üçün banka müraciət edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 15 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Tibbi sənədlərdən (lumbosakral MRT müayinəsi, xəstənin stasionar tibbi kartından çıxarış, 1324/2019 nömrəli xəstəlik tarixindən epikriz-çıxarış) görünür ki, İddiaçı müxtəlif vaxtlarda müalicələr almışdır. İş materiallarında olan 29.01.2020-ci il tarixli ləğv prosesində problemli kreditlərin kompensasiyası barədə sənəddən görünür ki, İddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli olan borcun məbləği 3045,90 manat müəyyən edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış borc məbləğinin restrukturizasiya olunmasına dair ərizədən (ərizə 29.01.2020-ci il tarixdə "xxxx" ASC-yə daxil olmuşdur) görünür ki, İddiaçı qalıq 3045,90 manat borcunun 60 (altmış) ay müddətinə restrukturizasiya olunmasını xahiş etmişdir. İş materiallarında olan Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin 2(090)-04/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2651,25 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış borc məbləğinin restrukturizasiya olunmasına dair ərizədən (ərizə 17.12.2020-ci il tarixdə "xxxx" ASC-yə daxil olmuşdur) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının qüvvədə olduğu dövrdə səhhəti ilə bağlı müraciət edə bilmədiyindən kredit məbləğinin restrukturizasiya olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 15 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş və banka olan borcunu ödəməmişdir. Həmçinin 29.01.2020-ci il tarixli ləğv prosesində problemli kreditlərin kompensasiyası barədə sənədə əsasən İddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli olan borcun məbləği 3045,90 manat müəyyən edilmiş, yekunda isə mübahisələndirilən kredit müqaviləsi üzrə borcun tutulması barədə Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi tərəfindən 23.09.2020-ci il tarixli qətnamə çıxarılmış və həmin qətnamə icraya yönəldilmişdir. Hazırda İddiaçı - "xxxx" ASC (hazırda ləğv prosesində olan) ilə onun arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə olan borcunun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 6.1 və 6.1.2, 6.2-cı maddəsinə əsasən mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanla (bundan sonra -Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmış, fiziki şəxslərin vaxtı keçmş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini təmin edən tədbirlərin görülməsi banklara tövsiyyət edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (21.02.2015-ci və 21.12.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Azərbaycan Respublikası Mərkəzi Bankın “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndində göstərilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar (eləcə də ləğvetmə prosesində olan banklar üzrə Əmanətlərin Sığortalanması Fondu) isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını (həmçinin restrukturizasiya olunacaq kreditləri) Banklar müəyyən etmirlər. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edildiyindən, eləcə də iddiaçı müvafiq qaydaya əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu üçün nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra, yəni 29.01.2020-ci il və 17.12.2020-ci il tarixlərində "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etdiyindən, İddiaçı «kredit müqaviləsinin restrukturizasiya edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin iddiaçının 2019-cu il ərzində xəstə olması və uzun müddətli müalicə kursu keçməsi səbəbindən kredit müqaviləsinin restrukturizasiya edilməsi ilə bağlı Banka gedə bilməməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, göstərilən zaman kəsiyində iddiaçının xəstə olması, buna görə uzunmüddətli müalicə alması, onun hamı üçün bəyan edilmiş və müraciət hüququ müddətlə məhdudlaşdırılmış kredit məbləğinin restrukturizasiya edilməsi ilə bağlı həmin il ərzində müraciət edə bilməməsi üçün əsas deyildir. Bu səbəbdən də iddiaçının sadaladığı əsaslarlara görə göstərilən müddətdə müraciət etməməsi üzürlü hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı müvafiq qaydaya əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu üçün nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra, yəni 29.01.2020-ci il və 17.12.2020-ci il tarixlərində "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Kredit müqaviləsinin restrukturizasiya edilməsi ilə bağlı Banka gedə bilməməsi ilə barədə apellyasiya şikayətində hər hansı tutarlı dəlilə istinad edə bilməmişdir. İddia tələbində qeyd olunan dəlillərə münasibətdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2674/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6596/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6596/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver