Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-66/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızına qarşı (Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsi və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) “hasarın sökülməsi, açılmış qapının ləğv edilməsi, maneəyə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: tikililərin cavabdehlərin hesabına sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi eyni zamanda İddiaçı2, İddiaçıların vəkili Vəkil3 Babalı oğlu, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil4, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "X17" Şirkətinin nümayəndəsi X8, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızına qarşı (Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsi və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) “hasarın sökülməsi, açılmış qapının ləğv edilməsi, maneəyə son qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-71/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 928 nömrəli sərəncamı ilə X11 torpaq sahəsi ayrılmışdır.
2. X15 xx.xx.2010-cu il tarixli etibarnaməyə əsasən torpaq sahəsini Cavabdeh1 600 kv.metr torpaq sahəsini istifadə etməyi, özəlləşdirməyi, sərəncam verməyi etibar etmişdir.
3. Binəqədi qəsəbə Bələdiyyəsinin 18 mart 2004-cü il tarixli, 754/1 saylı sərəncamına əsasən, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün alğı-satqı qaydasında X3 mülkiyyətinə ayrılmışdır.
4. X5 tərəfindən İddiaçı1 verilmiş 20 may 2017-ci il tarixli etibarnamədən görünür ki, X10 qəsəbə Bələdiyyəsinin 18 mart 2004-cü il tarixli, 754/1 saylı sərəncamına əsasən, ona ayrılmış 600 kv.metr torpaq sahəsindən 150 kv.metr hissəsinin istifadəsi ilə bağlı istənilən hərəkətlə bütün sənədləşmə işləri aparmağı, üzərində tikinti işləri aparmağı, qanunvericiliklə nəzərdə tutulduğu halda 600 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsinin üzərindəki tikililəri mülkiyyətinə keçirməyi (özəlləşdirməyi) və s. hərəkətlər etməyi etibar etmiş, etibarnamə 69 il 8 ay 17 gün müddətinə verilmişdir.
5. Binəqədi qəsəbə Bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 1740/1 saylı Sərəncamına əsasən, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 100 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı2 alğısatqı yolu ilə mülkiyyətinə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 (Binəqədi qəsəbə Bələdiyyəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) Cavabdeh1 və Cavabdeh2 Şami qızına qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə açdırdığı qapının ləğv edilməsi, İddiaçı1 istifadəsində və sərəncamında olan torpaq sahəsinin üzərində tikdirdiyi evin pəncərələrinin qarşısında cavabdehlər tərəfindən tikilmiş hasarın sökülməsi, həmçinin iddiaçılara məxsus torpaq sahəsinin hasara alınması ilə bağlı tikinti işlərinə cavabdehlər tərəfindən yaradılan maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 754/1 saylı, 18 mart 2004-cü il tarixli sərəncamına əsasən, fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.metr torpaq sahəsi alğı-satqı qaydasında X3 mülkiyyətinə ayrılmışdır. Cəmilə Xəlilova 13 iyul 2020-ci il tarixli “baş etibarnamə”yə əsasən, həmin torpaq sahəsini İddiaçı1 istifadəsinə vermişdir. İddiaçı1 tərəfindən həmin torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı ev tikilmiş, hazırda iddiaçılar həmin evdə yaşayırlar. Həmçinin, Binəqədi qəsəbə Bələdiyyəsinin 1740/1 saylı, 28 noyabr 2005-ci il tarixli sərəncamına əsasən, fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi alğı-satqı qaydasında İddiaçı2 mülkiyyətinə ayrılmışdır. İddiaçılara məxsus torpaq sahəsi ilə bitişik torpaq sahəsində cavabdehlər yaşayırlar. Cavabdehlər özlərinə məxsus torpaq sahəsindən yola çıxış olmasına baxmayaraq, iddiaçıların icazəsi olmadan və iradələrinə zidd olaraq onların həyətyanı sahəsinə qapı qoymuşlar. Bundan başqa, cavabdehlər İddiaçı1 istifadəsində olan torpaq sahəsinin üzərində tikdirdiyi yaşayış evinin pəncərələrinin tam qarşısında hasar tikdirərək İddiaçı1 yaşadığı evə gün işığı və hava gəlməsinə maneə yaratmışlar. Həmçinin, iddiaçılar özlərinə məxsus torpaq sahəsini hasara almaq istəsələr də, cavabdehlər buna maneə yaradır, dava-dalaş salırlar. İddiaçılar cavabdehlərdən sadalanan qanunsuz hərəkətlərə son qoymalarını tələb etsələr də, cavabdehlər onlara məhəl qoymadıqlarından, iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-71/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızının İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə açdıqdıqları qapı cavabdehlərin hesabına ləğv edilməsi, İddiaçı1 istifadəsində və sərəncamında olan torpaq sahəsinin üzərində tikdirdiyi evin pəncərələrinin qarşısında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızının tikdirdikləri hasar sökülməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə məxsus torpaq sahələrinin hasara alınmasına cavabdehlər X12 və Cavabdeh2 Şami qızı tərəfindən mane yaradılması qadağan edilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 Şami qızından tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır. İddiaçılar mülkiyyətçi olmasalar da, sözügedən torpaq sahəsindən faktiki istifadə etmələri işin mübahisəsiz halıdır. İddia tələbi “1.cavabdehlər tərəfindən iddiaçıların həyətyanı sahəsinə qapının açılması; 2. cavabdehlər tərəfindən İddiaçı1 istifadəsində olan torpaq sahəsinin üzərində tikdirdiyi yaşayış evinin pəncərələrinin qarşısında hasar tikdirərək İddiaçı1 yaşadığı evə gün işığı və hava gəlməsinə maneə yaratmaları; 3. Cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsindən istifadəyə maneələrin yaratmaları”ndan ibarətdir. Qeyd olunan bu hallar "xxxx" MMC tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli, 02- 122/22 saylı mütəxəssis rəyində öz əksini tapmışdır. Belə ki, həmin rəydə “cavabdehlərin istifadə və sahibliyində olan torpaq sahəsi arasında hazırda H=3 metr hündürlükdə inşa edilmiş daş hasarın tikinti norma və qaydalarına uyğun olmayaraq inşa edildiyi(2-ci bənd), cavabdehlər tərəfindən inşa edilən qapının real olaraq İddiaçı2 ayrılmış torpaq sahəsinin qarşısında inşa edildiyi və onun mövcudluğunun iddiaçıların torpaq sahəsi üzərindəki hərəkətini məhdudlaşdırdığını və hər hansı inşaat işlərinin aparılmasına maneə törədiyi. (4-cü bənd), X4 ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş evin 2 yaşayış otağının pəncərələrinin qarşısında cavabdehlər tərəfindən 5 daş (1 metr) hündürlükdə olan hasarın yaşayış otaqlarında havalandırmanın, təbii işığın düşməsinin qarşısının alınması (5-ci bənd).” qeyd olunmuşdur. Göründüyü kimi cavabdehlər tərəfindən inşa edilmiş qeyd olunan qapı və hasar, habelə cavabdehlərin iddiaçıların istifadə etdiyi torpaq sahəsinin əslində başqa yerdə yerləşdiyinə əsaslanaraq onlar tərəfindən hər hansı inşaat işlərinin aparılmasına maneələrin yaradılması iddiaçıların hüquqlarını pozur. Cavabdehlərin etirazlarına münasibətdə məhkəmə qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırkı halda cavabdehlər istinad etdikləri dəlillərlə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər, etirazlarını ümumi ifadələrlə əsaslandırmışlar.
10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 180.1, 180.4-cü maddələri, Azərbaycan Respublikasınin Şəhərsalma və Tikinti Məcəlləsinin 62.1, 72.1-ci maddələri, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1, 6.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.3, 217.4, 216-220, 227, 233, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək apellyasiya şikayətini təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-71/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırki situasiyada cavabdehin hüquqları məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, məhkəmə yekun məhkəmə aktı qəbul edərkən mülkiyyət toxunulmazlığını rəhbər tutmalı idi. Göründüyü kimi, bu nüanslar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdeh, mübahisəli torpaq sahəsini 2004-cü ildə rəsmi qaydada əldə etmişdir, 2005-ci ildən də həmin hasarı və evini inşa edərək orada yaşayır. Torpaq sahəsinə dair cavabdehin sənədləri mövcud olduğu halda öz torpağının hüdudları daxilində inşa etdiyi hasarın sökülməsini və qapının bağlanmasını məhkəmə cavabdehdən tələb etməklə mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsini işin hallarına düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı mülkiyyətçi deyil, İddiaçı1 ona təmsilçilik səlahiyyəti vermiş X3 etibarnamə üzrə nümayəndəsidir. Lakin buna baxmayaraq o, məhkəmə tərəfindən iddiaçı kimi qəbul edilir, onun iddiası hətta əsaslı sayılaraq təmin olunur. Bu isə tamamilə qanunsuzdur. Bu iş üzrə isə məhkəmə mülkiyyət toxunulmazlığına biganə yanaşmış, cavabdeh tərəfin mövqeyini nəzərə almamışdır. Belə olduğu halda, birtərəfli, iddia ərizəsinin köçürülməsindən ibarət qətnamə qəbul edilmişdir. Bu iş üzrə isə iddaçılar onlara məxsus olmayan, bələdiyyə qərarı ilə onlara ayrılmayan torpaq sahəsini zəbt etməklə, ümumi istifadədə olan və kommunal xətlərin keçdiyi yolu zəbt etmişdirlər ki, nəticədə hazırki mübahisə meydana gəlmişdir. Məhkəmə isə işin bu hallarına biganə yanaşmış, hansısa maddi maraqlara söykənmiş qətnamə qəbul etmişdir. İş materiallarından görünür ki, yerləşmə cizgisi, yer quruluşu planından çıxarışı olmayan, dəqiq yeri və koordinatları bilinməyən bir torpaq sahəsinə dair məhkəmə qərar çıxarır və səlahiyyətlərini aşaraq məhkəmə belə qərara gəlir ki, bu torpaq sahəsi iddiaçılara məxsusdur. Baxmayaraq ki, iş materiallarından, verilmiş izahatlardan aydın görünür ki, iddiaçıların iddia etdiyi torpaq sahəsinin onlara aidiyyatı yoxdur, bu torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Bunu Bələdiyyə və Yerli İcra hakimiyyəti də təsdiq etmiş, məhkəmədə Bələdiyyənin nümayəndəsi buna aydınlıq gətirmişdir. Xüsusi bilgi tələb edən sahə olduqda hakim ekspertiza təyin edir və işin həlli üçün zəruri sualların araşdırılmasını ekspertə həvalə edir. Lakin, işə baxanda görünür ki, məhkəmə bu sahədə yolverilməz olan özəl ekspertizanın rəyini əsas götürüb, Ədliyyə Nazirliyinin ekspertləri isə qanuni olaraq DƏDRX-in torpaq sahəsinin yer quruluşu və cizgi planına uyğun koordinatlarını verməsini istəmiş, buna görə ekspertizanın keçirilməsindən imtina etmişdir. Lakin, məhkəmə ekspertin qanuni tələbinə əməl etmək və onun tələb etdiyi mütəxəsis rəyini vermək əvəzinə özəl ekspertizaya müraciət etmiş və həqiqətə uyğun olmayan bir rəy əsasında qanunuz olaraq qətnamə qəbul etmişdir. Məhkəmə də belə olan halda çatışmayan və ekspertiza keçirilməsi üçün tələb olunan sənədləri işə əlavə edib. İşə baxış keçirəndə görüləcəkdir ki, iddiaçı hansı səbəbdən cavabdehin öz torpaq sahəsində inşa olunmuş hasarının sökülməsini tələb etməsini sübut edə bilmir, iddiaçının yeganə əsası odur ki, cavabdehin hasarı onun pəncərəsinin qarşısını kəsir. Belə olan halda bir sual ortaya çıxır, iddiaçı tikinti və şəhərsalma normalarını pozmaqla, ara məsafəsini gözləmədən cavabdehin hasarına bitişik və yaxın niyə ev tikir ki, cavabdehin qanuni hasarı iddiaçının hava axınının qarşısını kəssin, axı tikinti normaları məhz buna görə müvafiq məsafələr müəyyən edir. İş materiallarına nəzər salsaq görərik ki, iddiaçı cavbdehin hansı tikinti normalarını pozmağını sübut edə bilmir. Cavabdeh isə ondan fərqli olaraq öz etirazının əsasını sübuta yetirir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan maddi hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, məhkəmə torpaq sahəsinin kimə aid olmasını, həmin torpaq sahəsinin koordinatlarını, yer quruluşu planından çıxarışa və plan-cizgi sxemində harada yerləşməsini, kimə məxsus olmasını, torpaq sahəsinin təyinatını araşdırmadan formal mülahizələr əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh tərəf mütəxəssis rəyi ilə razı deyil. Bələdiyyənin nümayəndəsi də təsdiq etmişdir ki, həmin ərazidə 1 sot boş torpaq sahəsi vardır. İddiaçının özünün olmasını iddia etdiyi torpaq sahəsi nə iddiaçının, nə də cavabdehin mülkiyyətində deyil. Həmin sahə yoldur, oradan elektrik, telefon, kanalizasiya xətti keçir. İddiaçıya ayrılmış torpaq sahəsi tamam başqa yerdədir. Bundan da görünür ki, mütəxəssis rəyi düzgün verilməmişdir. İddiaçı tərəfindən ev inşa edilərkən ona ayrılmış torpaq sahəsindən 4 metr yola çıxılmış, beləliklə, kanalizasiya qovşağı iddiaçının həyətində qalmışdır. Belə ki, cavabdehin yaşadığı evin yerləşdiyi torpaq sahəsi 2004-cü ildə bələdiyyə sənədi ilə sahibliyinə verilmiş, 2005-ci ildə orada ev inşa edilmişdir. Sonradan iddiaçı özünə qonşuluqda yerləşən torpaq sahəsində ev tikdirmiş, evin bir pəncərəsini cavabdehin həyətinə baxan istiqamətdə qoymuşdur. Cavabdeh iddiaçıya etirazını bildirdikdə, iddiaçı həyətin hasarının hündürlüyünü qaldıracaqlarını bildirmişdir. Lakin hasarı qaldırmadığından, cavabdeh özü məcbur olub öz hasarını qaldırmışdır. Hazırda hasarın hündürlüyü iddiaçının cavabdehin həyətini görməsini məhdudlaşdıracaq qədərdir. Yəni iddiaçının evinə həm gün işığı düşür, həm havanın qarşısı alınmayıb. İddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehlərin birgə əməyi ilə yaxşılaşdırılmış, orada ağaclar əkilmişdir. Həmin torpaq sahəsi iddiaçıya ayrılmış torpaq deyil, çünki oradan həm də kommunikasiya xətləri keçir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında əsaslandırmalıdır. Qətnamədə məhkəmə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmalıdır. İşə və məhkəmə qətnaməsinə baxanda görünür ki, qanunvericiliyin tələbinə əməl olunmamışdır. Məhkəmə yalnız özəl ekspertin rəyini əsas götürmüş, lakin bu zaman da mübahisəli məsələ üzrə maddi hüquq normalarının tələbini düzgün tətbiq etməməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən сavabdeh Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, iddiaçı heç bir ara məsafəsi saxlamayıb. Onların hasarından istifadə ediblər. Bitişik divar tikiblər. Onların icazəsi və razılığı olmadan bunu ediblər. Onların hasarının hündürlüyü 2,4 metrdir. Şəkildən də aydın olur ki, onlar hasardan 3 daş hündürlük qaldırıblar. Bunu etmə səbəbi də iddiaçı Abdullanın həyat yoldaşına qarşı işlətdiyi nalayiq ifadələr olmuşdur. Həmçinin, mübahisələndirilən torpaq sahəsində əkdiyi torpaq sahəsində ağacların ikisinə zəhərli maddələr tökərək qurutmuş, ağacın birini isə kökündən soymuşdur. Onlar məcbur olub hasarın hündürlüyünü qaldırıblar. Məhkəmənin qətnaməsi əsassızdır və qərəzlidir. Heç bir sənəddə qeyd olunmamışdır ki, ev ferma ilə üzbəüz yerləşir. Ferma sözü heç yerdə yazılmamışdır. İddiaçıların heç bir sənədi də yoxdur.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, işlə bağlı 2 dəfə ekspertiza edilsə də, ekspertizanın keçirilməsindən imtina edilmişdir. Bunun da səbəni DƏDRX-nin torpaq sahəsinin yerquruluşu və kordinantlarının müəyyən edilməsi barədə mütəxəsis rəyinin təqdim edilməməsi olmuşdur. Lakin, işə baxan rayon məhkəməsi isə məhkəmə təcrübəsinə və Ali Məhkəmənin tövsiyyəsinə zidd olaraq özəl mütəxəsis rəyini əsas götürmüş və ona əsaslanmışdır. Özəl ekspertiza rəyi formal mülahizələrə əsaslanmışdır. İddiaçıya təqdim edilmiş sərəncamda ona ayrılmış torpaq sahəsi aydın şəkildə görünmür. DƏDRX-nin mütəxəsisi koordinatlar və yerquluşuna əsaslanaraq qanuni rəy verir, ekspert də qanuni şəkildə buna əsaslanır. Buna görə də onlar həmişə doğru qənaətə gəlirlər. Mübahisə edilən sahə iddiaçılara verilə bilməz. Çünki, tərəflərin torpaq sahələri bir sıradadır. Həmin sıranın qarşısında ümumi istifadə üçün balaca bir torpaq sahəsi var, həmin ərazidən kanalizasiya və işıq xətləri keçir. Yolun digər tərəfində isə quşçuluq ferması yerləşir. Quşçuluq fermasının adı heç bir yerdə göstərilmir. Evlərlə ferma arasındakı məsafə 15 metr olmalıdır. Onlar evlə ferma arasında 15 metr məsafə var. Lakin, iddiaçının tikdiyi ev ümumi sahəyə çıxmışdır. Cavabdehə 2004-cü ildə bələdiyyə sənədi ilə sərəncam verilmiş, 2005-ci ildə isə orada ev inşa edilmişdir. İddiaçı tərəf isə 2020-ci ildə evi tikmişdir. Evlərin tikintisində istifadə edilmiş daşlar arasında fərq açıq-aşkar görünür. Həmçinin, İddiaçı1 mülkiyyətçi deyil, ona təmsilçilik səlahiyyəti vermiş X3 etibarnamə üzrə nümayəndəsidir. Məhkəmə bu halları araşdırmayıb və qanunsuz iddiaçını xeyrinə qətnamə qəbul etmişdir. İşə baxan rayon məhkəməsi yerli baxış da keçirməmişdir. Mülki iş üzrə icraat təzələndikdən sonra rüsumu ödəyiblər, hesab edirlər ki, ekspertizanın təyin edilməsi iş üçün mühüm əhəmiyyət daşıyır. Verilən suallara ekspert rəyində cavab verilməyib. Mübahisəli sahəni 88 kv.metr olaraq qeyd edilib. Əl qapısının iddiaçıya heç bir aidiyyatı yoxdur, onların hasarının kənarındadır. Məhkəmə qətnaməsində qapının bağlanılması qeyd edilib, onlar da bu qapının aidiyyatı olmayan bir torpaq sahəsinə çıxdığını bildirirlər. Ekspert ərazinin Neft Şirkətinin ərazisi olduğunu qeyd edib. Suallara cavabları ümumiləşdirərək yazdıqları üçün qeyri-dəqiq rəy verilib. İddiaçı tərəfindən məhkəməyə heç bir sənəd təqdim edilməyib. Özəl mütəxəssis rəyi qəbul olunmur. Ərazi etibarnamə ilə satılıb. Ona idarədən iş təhvil verildikdə sənədlərin içərisində hüquqmüəyyən edici sənədlər yox idi. Onlar koordinatları verirlər, sahənin əvvəl kimə satıldığını sistemdən baxıb görə bilmirlər. Əvvəl ərazinin kimə aid olduğunu idarədən baxıb bilirlər, onlar baxa bilmirlər. Ekspert rəyində sahənin cavabdehə məxsus olan digər sahə ilə həmsərhəd olması qeyd edilməyib. Suallara cavabı ümumi olaraq yazıblar ki, "Torpaq sahəsi faktiki 88 kv.metr ərazini əhatə edir,sahə mübahisəlidir". Göstərilən hissədə əl qapısı var, dəqiq olaraq iddiaçının dediyi yerin mübahisəli ərazi olduğunu bilmir, sadəcə olaraq göstərilən yerə gedib. Əl qapısı mübahisəli əraziyə açıldığına görə mübahisəli ərazidə əl qapısı olduğunu qeyd ediblər. Ona 88 kv.metr ərazini göstərərək mübahisəli ərazinin ora olduğunu qeyd ediblər. Mübahisəli olan əraziylə həmsərhəd əl qapısı var. Onlar mübahisəli əraziyə baxış keçirərkən faktiki əraziyə yerində baxış keçiriblər, bir az getdikdən sonra hasarda əl qapısı var idi. İdarə qeyd edib ki, vahid baza məlumatına görə şərti sərhəddə göstərilən mübahisəli ərazi Neft Şirkətinin ərazisidir yəni, dövlət mülkiyyətindədir.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, onun tikintiyə icazə verməmək kimi səlahiyyəti yoxdur. İcra Hakimiyyətindən tikintiyə icazə verilməmişdir. Onlar ağaclar da əkiblər, onları iddiaçı tərəf məhv etmişdir. Qonşular da şahiddir. O, həmin ərazidə yerin altında olan kanalizasiya sistemini, həyətdə olan ağacları hər şeyi bilir. Onlar oraya köçəndə orada heç nə olmayıb. Ağaclar əkiblər, iddiaçı onları məhv edib.
17. Məhkəmə iclasında iştirak iddiaçıların vəkili Vəkil3 Babalı oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, hasar əvvəldən tikilməmişdir. Hasar tikilən zaman cavabdeh tərəf polisə şikayət etmişdir.2 ildir ki, heç bir sübut təqdim edə bilmirlər, yalnız şəkillər təqdim edirlər. Onlar bütün sənədlərin əsillərini təqdim ediblər. Ekspert hansı sənədə əsaslanıb bilinmir. Bələdiyyə kağızı var, hazırda qüvvədədir. Ekspert vətəndaşın hüququnu pozub. Heç bir sənədə əsaslanmayıb. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə etiraz edirlər. 1 il rayon məhkəməsində proses getməsinə baxmayaraq qarşı tərəf heç bir sübut təqdim etmədi, indiyə kimi də torpağın cavabdehin olması ilə bağlı heç bir sübut təqdim etməyiblər. Qarşı tərəf pəncərənin qabağına hasar çəkdiyini, əl qapısı qoyduğunu bildirir. Lakin, cavabdehin hasar çəkməyini özü etiraf edir. Cavabdehin hüquq müəyyənedici sənədi yoxdur. Onlar iş materiallarına mütəxəssis rəyi əlavə Bələdiyyənin sərəncamı da var.
18. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi olan İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, o cavabdeh tərəfə bildirmişdi ki, bazar qiymətindən aşağı qiymətə razıdır, amma onlar razılaşmamışdır. Cavabdehin mübahisəli topaq sahəsinə heç bir sənədləri yoxdur. Cavabdeh tərəf həmin torpaq sahəsini zəbt etmək istəyir. O, həmin torpağa daş tökən zaman cavabdehlər ona hücum ediblər, bunun videosu da mövcuddur. Yerli baxış zamanı o da cavabdeh də iştirak edib. O, mübahisəli ərazini göstərib. 2005-ci ildən torpaq onun adınadır, vergisini də ödəyir.
19. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil4 məhkəmə iclasında çıxış edərək bildirir ki, mübahisəli ərazi "X17" Şirkətinin ərazisinə düşür. 43 metr məsafədə quyu yerləşir. Ərazinin koordinatları saziş daxilində yerləşir.
20. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "X17" Şirkətinin nümayəndəsi X8 məhkəmə iclasında çıxış edərək bildirir ki, ərazi "X17" Şirkətinin ərazisinə düşür. Torpaq sahəsi saziş daxilində yerləşir. Ekspertiza rəyi ilə razıdırlar.
21. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi Nümayəndə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır.
Tətbiq edilən hüquq normaları:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
23. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun yerquruluşu planlarının və təsvirlərinin müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ( 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyədək olan versiya.)
24. Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsi Maddə 62.1. Pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, rampalar və liftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır. Maddə 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş edir. Kollegiya qətnaməni tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
30. İddiaçılar və cavabdehlər qonşudurlar. İddiaçılar ana və oğuldur. İddiaçıların tələbi üç hissədən ibarətdir.
31. Birinci tələb odur ki, İddiaçı1 istifadəsində olan torpaq sahəsinin üzərində tikdirdiyi evin pəncərələrinin qarşısında cavabdehlər tərəfindən tikilmiş hasarın sökülməsini tələb edir. İddia ərizəsində qeyd edir ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 754/1 saylı, 18 mart 2004-cü il tarixli sərəncamına əsasən, fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.metr torpaq sahəsi alğı-satqı qaydasında X3 mülkiyyətinə ayrılmışdır. Cəmilə Xəlilova 13 iyul 2020-ci il tarixli “baş etibarnamə”yə əsasən, həmin torpaq sahəsini İddiaçı1 istifadəsinə vermişdir. Onun tərəfindən həmin torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı ev tikilmiş, hazırda iddiaçılar həmin evdə yaşayırlar. Onlara məxsus torpaq sahəsi ilə bitişik torpaq sahəsində cavabdehlər yaşayırlar. Cavabdehlər İddiaçı1 istifadəsində olan torpaq sahəsinin üzərində tikdirdiyi yaşayış evinin pəncərələrinin tam qarşısında hasar tikdirərək onun yaşadığı evinə gün işığı və hava gəlməsinə maneə yaratmışlar.
32. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh1 istifadəsində olan torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 928 nömrəli sərəncamı ilə X11 ayrılmış və 2010-cu il tarixli etibarnamə əsasında torpaq sahəsi Cavabdeh1 istifadə və sahibliyinə verilmişdir. Digər Cavabdeh2 Şami qızı Cavabdeh1 arvadıdır. İddiaçı özü iddia ərizəsində qeyd edir ki, 2020-ci ildə onun istifadəsinə verilmiş torpaq sahəsində bir mərtəbəli ev tikdirmişdir. Cavabdehlərin yaşadığı ev və həyətin hasarı daha əvvəl tikilmişdir. Məhkəmə kollegiyası tərəfindən həm iddiaçının, həm də cavabdehin istifadəsində olan torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, cavabdehlərin yaşadığı torpaq sahəsinin hasarının bir hissəsinə İddiaçı1 evi demək olar ki, bitişikdir. Yerli baxışda müəyyən olundu ki, mübahisələndirilən hasar bütovlükdə cavabdehlərin yaşadığı torpaq sahəsini əhatə edən hasarın bir hissəsidir. İddiaçı sonradan ara məsafəsi gözləmədən hasara bitişik evini tikdirmişdir. Evin pəncərəsi cavabdehlərin istifadəsində olan həyətə baxır. Cavabdeh də məcbur qalaraq mövcud olan hasarının üstünə əlavə daş qoymaqla pəncərədən öz həyətinə olan görüntünün qarşısını almışdır. Lakin pəncərənin qarşısı tamamilə bağlanmamışdır. Pəncərənin yuxarı hissədən qarşısı açıqdır.
33. Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.
34. Kollegiya qeyd edir ki, iddiaçı özü tikinti normalarına əməl etməyərək evini cavabdehlərin hasarına bitişik tikdirmiş və pəncərə açdırmışdır. Cavabdeh isə məcbur qalaraq mövcud olan hasarın üstünə əlavə daş qoymaqla qonşunun pəncərəsindən həyətinə olan görüntünü məhdudlaşdırmışdır. Bu halda kollegiya hesab edir ki, iddiaçının hasarın sökülməsi tələbi əsassızdır.
35. İddiaçıların ikinci və üçüncü tələbində İddiaçı2 cavabdehlər tərəfindən onun həyətyanı sahəsinə açdırdığı qapının ləğv edilməsi və cavabdehlər tərəfindən yaradılan maneələrə son qoyulmasını tələb edirlər. İddiaçılar iddia edir ki, onlar özlərinə məxsus torpaq sahəsini hasara almaq istəsələr də, cavabdehlər buna maneə yaradır, dava-dalaş salırlar.
36. Kollegiya hesab edir ki, iddiaçının qapının bağlanmasını tələb etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 1740/1 saylı Sərəncamına əsasən, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 100 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı2 alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmış olsa da iddiaçı həmin torpaq sahəsinin mübahisə predmeti olan sahə ilə üst-üstə düşməsini sübut edə bilmir. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2- 10/5980 nömrəli ekspert rəyində qeyd edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 8576/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 88,0 kv.m təşkil edir (sahə mübahisəlidir). Torpaq sahəsinin üzərində tikili yoxdur. Mübahisəli torpaq sahəsi cavabdehə məxsus olan digər sahə ilə həmsərhəddir. Belə ki, cavabdehə məxsus sahə üzərində bir ədəd mübahisəli torpaq sahəsinə giriş qapısı (əl qapısı) açılmışdır. Sözügedən mübahisəli sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oyl). Göstərilən sahə əvvəlki illərin və hazırki dövrə aid ortofoto və Google Earth proqramının təsvirlərinə eyni zamanda vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi istifadədə olan yola düşür. Sahə Dövlət mülkiyyəti torpağıdır.
37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2024-cü il tarixli, 3-16-16/2-10/5980 nömrəli ekspert rəyində isə qeyd edilir ki, faktiki olaraq göstərilən 88,0 kv.m torpaq sahəsinin sərhədləri bir tərəfdən cavabdehə məxsus olan digər sahənin sərhədi olan mişar daş hasarla, bir tərəfdən iddiaçının ailə üzvünə məxsus sahənin sərhədi olan mişar daş hasar, az bir hissəsi daş düzülərək və qismən şərti, digər iki tərəf şərtidir (sahə mübahisəlidir). Torpaq sahəsinin üzərində tikili yoxdur. Mübahisəli torpaq sahəsinə iddiaçının nümayəndəsinin (oğlunun) İddiaçı2 və cavabdehlərin, həmçinin cavabdehlərin nümayəndəsinin iştirakı ilə birgə ünvanda olaraq təkrar texniki baxış keçirildi. Mübahisəli torpaq sahəsi məhəllədaxili yol kənarı ərazisində yerləşməklə az bir hissəsi yola düşür. Sözügedən torpaq sahəsi cavabdehə məxsus olan digər sahə ilə həmsərhəd olmaqla cavabdehə məxsus sahə üzərində bir ədəd mübahisəli torpaq sahəsinə giriş qapısı (əl qapısı) açılmışdır. Mübahisəli sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Göstərilən torpaq sahəsinin bir tərəfindən təqribən 7.7 m- 7.9 m məsafədə quşçuluq ferması mövcuddur. Baxış zamanı cavabdeh şəxs şifahi olaraq sahə üzərindən iki yeraltı kommunikasiya xəttinin keçdiyini bildirdi. Mübahisəli torpaq sahəsi ilə həmsərhəd olan qonşu sahə üzərində mövcud olan yaşayış evinin mübahisəli sahə ilə həmsərhəd olan iddiaçıya məxsus yaşayış evindən əvvəl tikildiyi bildirildi. Bundan əlavə torpaq sahəsinin təqribən 6.4 m məsafəsindən yüksək gərginlikli (6- 10 kvt-lıq) elektrik xətti keçir. Sahə üzərində yaşıl ağaclar mövcuddur. Həmçinin torpaq sahəsi üzərindən diametri təqribən d=150.0 mm-lik qaz boru xətti keçir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinantları əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Binəqədi Oyl) Göstərilən sahə əvvəlki illərin və hazırkı dövrə aid ortofoto və Google Earth proqramının təsvirlərinə eyni zamanda vahid elsketron kadastrbaza məlumatlarına əsasən ümumi istifadədə olan yola düşür. Sahə dövlət mülkiyyəti torpağıdır.
38. Kollegiya qeyd edir ki, yerli baxış zamanı da müəyyən olundu ki, qapının açıldığı qeyd olunan torpaq sahəsi yolun kənarıdır. Cavabdehlərin hasarı ilə ümumi yolun arasında yerləşir. Rəydən də aydın olur ki, ümumi xəttlər həmin sahədən keçir. Ekspert də qeyd edir ki, həmin sahəyə hüquq müəyyənedici sənəd təqdim edilməmişdir, həmin sahə dövlət mülkiyyətidir. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçının həmin torpaq sahəsinə açıldığı qeyd edilən qapının bağlanmasını tələb etmək üçün subyektiv hüququ yoxdur.
39. Bundan əlavə, həmin sahəyə baxış keçirərkən müəyyən olundu ki, yolun kənarında daşlar vardır. İddiaçı iddia edir ki, həmin torpaq sahəsində tikintiyə cavabdehlər maneə törədir.
40. İlk növbədə qeyd edilməlidir ki, həmin torpaq sahəsinə dair iddiaçının heç bir hüquq müəyyən edici sənədi yoxdur. Bundan əlavə, cavabdeh bildirir ki, iddiaçıya tikintiyə cavabdeh deyil, İcra Hakimiyyətinin nümayəndəsi icazə verməmişdir. Kollegiya qeyd edir ki, iddiaçıların bu tələbi də əsassızdır və sübut olunmur.
41. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilir ki, “...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsatəti üzrə "X17" Şirkəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
43. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil4 məhkəməyə təqdim etdiyi yazılı izahatdan müəyyən edilir ki, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən X17" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olmaqla Bakı şəhər X6 İcraiyyə Komitəsinin 29 iyul 1988-ci il tarixli, 7/418 nönrəli qərarı ilə Azərbaycan SSR Dövlət Peşə və Texniki Təhsil Komitəsinin 1 nömrəli orta ixitisas məktəbinə ayrılmış ərazilərin, eyni zamanda ən yaxını 43 metrlik məsafəsində yerləşməklə 3 ədəd neft qaz quyusunun mühafizə zonası daxilində yerləşir.
44. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı "X17" Şirkəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, X17" Şirkətinin nümayəndəsi tərəfindən təqdim edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi əvəzi baş memar Akif Abdullayev tərəfindən təsdiq edilmiş ARDNŞ-nin daimi istifadəsində olan "Binəqədi Oyl” ƏŞ-nin kontrakt sahəsinin Binəqədi və Çaxnaqlar blokunun xəritəsindən də müəyyən edilir ki, mübahisəli torpaq sahəsi "Binəqədi Oyl” ƏŞ-nin kontrakt sahəsinin ərazi hüdudları daxilində yerləşir.
45. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və sübut edilməmişdir.
46. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 71/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızına qarşı cavabdehlərin İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə açdırdığı qapının ləğv edilməsi, İddiaçı1 istifadəsində və sərəncamında olan torpaq sahəsinin üzərində tikdirdiyi evin pəncərələrinin qarşısında cavabdehlər tərəfindən tikilmiş hasarın sökülməsi, həmçinin iddiaçılara məxsus torpaq sahəsinin hasara alınması ilə bağlı tikinti işlərinə cavabdehlər tərəfindən yaradılan maneələrə son qoyulması barədə iddia tələbi təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-71/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şami qızına qarşı cavabdehlərin İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə açdırdığı qapının ləğv edilməsi, İddiaçı1 istifadəsində və sərəncamında olan torpaq sahəsinin üzərində tikdirdiyi evin pəncərələrinin qarşısında cavabdehlər tərəfindən tikilmiş hasarın sökülməsi, həmçinin iddiaçılara məxsus torpaq sahəsinin hasara alınması ilə bağlı tikinti işlərinə cavabdehlər tərəfindən yaradılan maneələrə son qoyulması barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş rüsumlar tərəflərin özlərinə aid edilsin. Ekspertizanın keçirilməsi ilə bağlı 100 manat məbləğində ekspertiza xərci İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov