Məhkəmə qərarları › İş №2(103)-6601/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6601/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6601/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı "Xalq Bank” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "Xalq Bank” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6005/2021 nömrəli saylı işi üzrə 19.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 29.04.2019-cu il tarixli MD-30681/2 N-li Kredit xətti müqaviləsi üzrə Cavabdeh 1698,89 manat məbləğində əsas borcun, 25.09.2019-cu il tarixinə qədər kredit xəttindən istifadəyə görə illik 20 % dərəcəsi ilə hesablanmış 79,28 manat məbləğində adi faiz borcun, 25.09.2019-cu tarixdən 08.10.2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanmış 352,05 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzin, 08.10.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 131,66 məbləğində penyanın, cəmi 2261,88 manat və 08.10.2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya və iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, 29.04.2019cu il tarixli, MD-30681/2 saylı kredit xətt müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan aldığı 1700 manat məbləğində pulu illik 20% olmaq şərtilə, 12 ay müddətinə iddiaçıya qaytarmaqla bağlı öhdəlik götürmüşdür. Həmçinin, tərəflər arasında 25.07.2019-cu il tarixdə bağlanmış 1 saylı Əlavə Sazişlə cavabdeh ödənilməmiş 1698,89 manat kreditin 25.09.2019-cu il tarixədək ödənilməsini öhdəsinə götürmüşdür (iş.səh.21), borc məbləğinin hesablanmasına dair bank arayışına əsasən cavabdehə verilən kreditin məbləği 1700 manat, ödəniş tarixi əsas borcu üzrə qalıq məbləğ 1698,89 manat, faiz borcu üzrə qalıq məbləğ 79,28 manat, cərimə 131,66 manat və illik 20 % faiz dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış faydaya görə 352,05 manat, cəmi borc 2261,88 manatdır (səh.8), 21.02.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdeh borc barədə xəbərdar edilmişdir (səh.14), Tərəflər arasında 25.07.2019-cu il tarixdə kredit xətti müqaviləsi üzrə kreditləşmə müddətinin 25.09.2019-cu il tarixədək qısaldılması barədə 1 saylı Əlavə Saziş bağlanmışdır. Sazişə görə 25.07.2019-cu il tarixə əsas borcun qalığı 1698,89 manat müəyyən edilmişdir (səh.31). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6005/2021 nömrəli saylı işi üzrə 19.11.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 29.04.2019-cu il tarixli MD-30681/2 saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 1698,89 manat, faiz borcuna görə 79,28 manat, cərimə borcuna görə 20 manat olmaqla, cəmi 1798,17 manat, həmçinin ödənilmiş 24 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və dövlət rüsumunun 6 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir.Qətnamədə Mülki Məcəllənin 385.1, 442, 449.1, 462.1, 467, 739.1, 739.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.Məhkəmə, əsas borcun və ona hesablanmış faizin əsaslı olması qənaətinə gəlsə də, hesab edir ki, hesablanmış cərimə məbləği qismən əsaslıdır İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimənin 131,66 manat məbləğində deyil, 20 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır.İddia əldən çıxmış fayda kimi hesablanmış 352,05 manat pulun tələbi hissəsində əsassızdır Lakin işin hallarından da müəyyən olunur ki, iddiaçı qeyd edilən hallarla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir dövlət rüsumu iddia tələbinin təmin edilməsi nisbətində (iddia tələbinin təmin edilməsi hissəsi 80 %-ə bərabərdir) tərəflərə aid edilməlidir . İddiaçı apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-6005/2020 saylı işi üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsinə və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi və pelyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər Cavabdehdən İddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4, 385.1.1, 386-ci maddələrinə istinadən qeyd edilmişdir ki, borc alan Cavabdeh ilə kreditor ASC «Xalq» Bankı arasında imzalanmış Kredit xətti müqaviləsinin 5.2-ci bəndinə əsasən, borc alan əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda, gecikdirmənin hər günü üçün illik 15 % dərəcəsi ilə hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür.Azərbaycan Respublikasının Mərkəzi Bankının 18.12.2013-cü il tarixli 25/1 N°-li Qərarı ilə təsdiq edilmiş «Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları»na (bundan sonra Qaydalar adlandırılacaq) əsasən Bank öz aktivlərini qiymətləndirir və bu aktivlər üzrə müvafiq ehtiyatlar yaradır.Qeyd edilən Qaydalar banklar tərəfindən aktivlərin təsnifləşdirilməsini və yaradılacaq ehtiyatların miqdarını müəyyən edir.Qaydalara uyğun olaraq aktivlər qənaətbəxş, nəzarət altında olan, qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər kimi təsnifləşdirilməli və həmin aktivlər üzrə müvafiq olaraq bir, bir/iki, iyirmi beş, əlli və yüz faiz miqdarında ehtiyatlar yaradılmalıdır.Qaydaların 4.3-cü bəndinə uyğun olaraq ehtiyatlar aktivin ümumi məbləği üzrə Azərbaycan Respublikasının milli valyutası ilə bankın xərcləri hesabına yaradılır. Başqa sözlə desək, müvafiq aktiv üzrə yaradılmış ehtiyatlar müvəqqəti olaraq mülki dövriyyədən çıxarılmış olur və Bank həmin məbləğlərdən istifadə edərək kreditlər verə bilmədiyi üçün fayda əldə etmək imkanından da məhrum olur. Xüsusilə yaradılan ehtiyatların miqdarı borc alanın müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsi intizamından bilavasitə asılıdır.İddiaçı ASC «Xalq» Bankı ilə Cavabdeh arasında bağlanmış Kredit xətti müqaviləsinə əsasən verilmiş kredit də İddiaçı tərəfindən Qaydalara uyğun olaraq təsnifləşdirilmiş və müvafiq ehtiyatlar yaradılmışdır. Belə ki, qeyd edilən kredit üzrə 08.10.2020-ci il tarixinə yaradılmış ehtiyatların cəmi məbləği 1 698,89 manata bərabər olan vəsait təşkil etmişdir. Göstərilən məbləğdə pul vəsaitlərini ehtiyatların yaradıldığı müddətlərə uyğun olmaqla Kreditin qaytarılma müddətinin bitdiyi tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi tarixədək ASC "Xalq" Bankında verilmiş eyni növ kreditlər üzrə orta illik faiz dərəcəsi ilə, yəni illik 20 % dərəcəsi ilə başqa şəxsə kredit versə idi, 284,33 manat məbləğində gəlir əldə etmiş olardı. Məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən məhz bu cür amilləri nəzərə almalı idi. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 20 manat məbləğində cərimə isə Bankın əldə edə bilmədiyi faydanın məbləğindən müqayisə edilə bilinməyəcək dərəcədə azdır və Kreditorun zərərini kompensasiya etmək üçün kifayət etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinin, yəni tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinin məhkəmə tərəfindən nəzərə alınmasına dair müddəalarının birinci instansiya məhkəməsi tərəfindən aşkar surətdə pozulduğunu sübut edir. Qanunvericiliyin «tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərinin nəzərə alımr» müddəası imperativ xarakter daşıyır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi. Beləliklə, yuxarıda qeyd olunanlar təsdiq edir ki, birinci instansiya məhkəməsi dəbbə pulunun tənasüblüyünü yoxlayarkən və qətnaməni tərtib edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu isə fikirlərincə, Azərbaycan Respublikasının MPM-in 386 və 387-ci maddələri ilə müəyyənləşdirilən hüquqi nəticənin baş verməsi üçün əsasdır.Əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N°-li Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Xətai Rayon Məhkəməsi tənasübün müəyyən edilməsində nəinki mötəbər, ümumiyyətlə, heç bir sübutdan istifadə etməmiş, tənasübsüzlük haqqında gəldiyi nəticəyə heç bir şərh verməyərək, müəyyən edilmiş 20 manat məbləğində penyanın necə hesablanmasını, hansı qaydada formalaşmasını, hansı faiz dərəcəsi ilə, hansı məbləğdən və hansı müddət ərzində hesablanmasını, hansı amillərdən asılı olmasını göstərməmişdir. Göstərilən məsələ ilə bağlı Neftçala Rayon Məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Xətai Rayon Məhkəməsi Kredit xətti müqaviləsi üzrə cavabdehdən 25.09.2019-cu il tarixdən 08.10.2020-ci il tarixinədək əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 352,05 manat məbləğində zərərin (əldən çıxmış faydanın) tutulması hissəsində iddianı əsassız hesab edərək təmin etməmiş Halbuki, Kredit xətti müqaviləsinin 2.5-ci bəndində qeyd edilmişdir ki, kreditdən istifadəyə görə faizlər borcun tam ödənildiyi tarixə qədər hesablanır. Bundan başqa, mülki qanunvericilik də zərərçəkmiş tərəfindən zərərin ödənilməsinin tələb edilməsi üçün zərərlə bağlı müddəaların tərəflər arasında bağlanmış əqddə əks olunmasına dair heç bir tələb irəli sürmür. Həmçinin İddiaçının məhkəməyə təqdim etdiyi Kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtdan (25.09.2019-cu il) etibarən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixə (08.10.2020-ci il) qədər olan dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayışdan da göründüyü kimi, Mərkəzi Bankının „Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair Məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin illik faiz dərəcəsi 22 % (iyirmi iki faiz) təşkil etməyinə baxmayaraq, Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 25.09.2019-cu il tarixdən 08.10.2020-ci il tarixə kimi kredit xətti müqaviləsində nəzərdə tutulmuş (20 %) əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra qeyd olunan dövr ərzində iddiaçıya 352,05 (üç yüz əlli iki manat 05 qəpik) manat məbləğində əldən çıxmış fayda şəklində zərər vurulmuşdur. İddiaçının əldən çıxmış faydanı hesablamaq üçün istifadə etdiyi yuxarıda göstərilən hesablama metodu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarından irəli gəlir. Həmin qərara görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə sörə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu zaman Konstitusiya Məhkəməsi istinad edilən qərarında göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirməsi kifayətdir. Yəni, kreditor tərəfindən həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəvvən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi yetərlidir. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor islərin adi gedisatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində sətir əldə etməklə, kreditləsmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Göründüyü kimi, zərərin (əldən çıxmış faydanın) tutulmasına dair tələbini sübut etmək üçün İddiaçı tərəfindən Konstitusiya Məhkəməsinin müvafiq qərarında verilmiş şərhə uyğun olaraq kreditorun (İddiaçının) həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcəsinin müvafiq orta miqdarını özündə əks etdirən arayış məhkəməyə təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunmuş sübuta (arayışa) lazımi hüquqi qiymət verilməmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin istinad edilən qərarında verilmiş şərh Azərbaycan Respublikasının MPMnin 13.7-ci maddəsinə uyğun olaraq məhkəmələr üçün məcburidir və Qətnamə çıxarılarkən həmin şərhə məhkəmə tərəfindən mütləq qaydada riayət olunmaqla Bankın təqdim etdiyi kifayətedici sübut əsasında iddia tələbi müvafiq hissədə də təmin edilməli idi. Kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtdan (25.09.2019-cu il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixə (08.10.2021-ci il) qədər xeyli müddət keçmişdir və Konstitusiya məhkəməsinin yuxarıda istinad etdikləri qərarına uyğun olaraq Bank bu müddət ərzində əldən çıxmış faydanın tələb edilməsində tamamilə haqlıdır.Lakin, məhkəmə iş materiallarını ətraflı araşdırmamış, İddiaçı tərəfindən əldən çıxmış fayda şəklində zərərin vurulmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq, əldən çıxmış faydanın tutulması hissəsində ASC «Xalq» Bankının iddiasını təmin etməmişdir.Eyni zamanda, Xətai Rayon Məhkəməsi iddiaçının tələblərinin 08.10.2020-ci il tarixdən başlayaraq İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın tutulması hissəsində də iddianı təmin etməmiş və bununla bağlı qətnamədə hərhansı bir əsas göstərilməmişdir. İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə faizlər şəklində əldən çıxmış faydanı və penyanı hesablamaq barədə iddia tələbinin irəli sürülməsi Konstitusiya məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449- cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009cu il tarixli qərarından bilavasitə irəli gəlir. X3 Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki: “...Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması sününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında söstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. ” Göründüyü kimi, birinci instansiya məhkəməsi 29.09.2019- cu ildən başlayaraq bankın tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15%> dərəcəsi ilə hesablanan penyanın cavabdehdən tutulması barədə iddiaçının tələbinin təmin olunmaması barədə nəticəyə gəlməklə prosessual hüquq normasım - Mülki Prosessual Məcəllənin 222.2-ci maddəsini düzgün tətbiq etməmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə almamışdır.Əlavə olaraq 11.11.2020-ci il və 10.12.2020-ci il tarixlərində borc alan tərəfindən müvafiq olaraq hər ay 350 (üç yüz əlli) manat məbləğində ödəniş edilmişdir ki, bunun da 51,11 manat hissəsi adi faizlər üzrə borc məbləğindən, 648,89 manat hissəsi isə vaxtı keçmiş əsas borc məbləğindən silinmişdir.Beləliklə, yuxarıda qeyd olunanlar təsdiq edir ki, Məhkəmə Qətnaməni tərtib edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir və nəticədə Məhkəmənin Qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarlarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu isə, fikrimizcə, Azərbaycan Respublikasının MPM-in 386 və 387-ci maddələri ilə müəyyənləşdirilən hüquqi nəticənin baş verməsi üçün əsasdır.Xətai Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli 2(011)-6005/2020 N°-li qətnaməsi 12 fevral 2021-ci il tarixdə ASC «Xalq» Bankına daxil olmuşdur və buna görə də apellyasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş prosessual müddət buraxılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "Xalq Bank” ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, 1700 manat kredit verildiyini, sonuncu ödənişin 15.07.2019-cu ildə edildiyini, ödənişlərin maaş kartından çıxıldığını, 2019-cu ildə işdən çıxması barədə dəqiq olmayan məlumatlarının olduğunu, bundan sonra ödəniş edilmədiyini, 1 il sonra iddia qaldırmaqların səbəbin bu tarixə kimi tərəflə əlaqə saxlanıldığını, iş materialında olan xəbərdarlıqdan əlavə xəbədarlıq edildiyini, lakin həmin xəbərdarlığın işə tikilmədiyini, Mərkəzi bankın orta illik faiz dərəcələrinin olduğunu, həmin dərəcəyə əsasən 20 %-lə və ya bu mümlkün olmadıqda Konstitusiya Məhkəməsinin Plenium Qərarına əsasən illik 5% faiz dərəcəsinin müəyyən edilməsini tələb etdiklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1, 439-449, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun pul məbləğinin ödənilməsinin gecikdirməsi üzrə kreditorun vaxtında tədbirlərin görülməsi və sonuncunun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi sübuta yetirilmədiyindən ehtimal edilən gecikdirilmiş vaxt üçün illik beş faizin tələb hüququ olsada bunu iddia etdiyi təsdiq edilmir. Dəbbənin isə məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tənasüb əsası ilə azaldılmasına rəğmən fərqli dəlilləri sübuta yetirəcək əsaslar (sübutlar) təqdim edilməmişdir. Dəbbənin 79,28 manat məbləğində adi faiz borcuna mütənasib olması müəyyən edilmiş və faiz məbləğindən yüksək dəbbənin tutulması borclunun kreditor tərətindən xəbərdarlıqlarına baxmayaraq xüsusi ilə yayınma və ya bilərəkdən qəsdən boyun qaçırma hallarına şamil edilir ki, belə hallar sübuta yetirilmir. Ona görə, mübahisə edilən hissədə iş hallarına uyğun gəlməyən apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertizanın təyin edilməsi üçün isə əsaslar müəyyən edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "Xalq Bank” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6005/2021 nömrəli saylı işi üzrə 19.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar