Məhkəmə qərarları › İş №2(103)-6603/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6603/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6603/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1815/2021 saylı, 19 aprel 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “bank tərəfindən hesablanmış faizin silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-dən götürülən kreditin üzərinə qanunsuz olaraq hesablanmış 966 manat məbləğində faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Bank of Baku ASC”-dən götürdüyü kreditin üzərinə 966 manat məbləğində qanunsuz faiz borcu yaranmışdır. Bununla əlaqədar faiz borcunun silinməsi üçün Cavabdeh ASC-nin İdarə heyətinə və Mərkəzi Banka müraciət etmişdir. Müraciətə cavab olaraq, 09 fevral 2021-ci il tarixdə bildirmişdilər ki, Sizin müraciətdə qeyd olunan məsələ bankla birgə araşdırılmış və bank tərəfindən təqdim edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmana uyğun olaraq Sizinlə bank arasında 23 avqust 2019-cu il tarixində 966,15 manat məbləğindəki əsas kredit borcunuzun restrukturizasiyası məqsədi ilə yeni kredit müqaviləsi rəsmiləşdirilmişdir. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla “’Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Qaydanın 5.2.1-ci bəndinə əsasən Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Kredit müqaviləsi üzrə qalıq borc barədə məlumat əldə etmək üçün sözügedən bankı müvafiq filialına və ya "xxxx" MMC-yə (Bakı şəhəri, S.Vurğun küçəsi 4 “X1” iş mərkəzi) müraciət etməyiniz tövsiyə olunur. Bank tərəfindən təqdim edilmiş məlumata əsasən müraciət nəzərə alınaraq kredit müqaviləsi üzrə qalıq borcuna mümkün güzəşt imkanları araşdırılmış və ona 9 mart 2021-ci il tarixinədək qalıq kredit borcunun xüsusi güzəştli şərtlərlə tam ödənilməsi təklif edilmişdir. Qeyd edilən təklifdən yararlanmaq istənildiyi halda bankın müvafiq filialına müraciət edilməsi qeyd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1815/2021 saylı, 19 aprel 2021ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “faizin silinməsi tələbinə dair” iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bank 2018-ci ildə Xətai Rayon Məhkəməsində iddia qaldıraraq 966,15 (doqquz yüz altmış altı, on beş) manat və 1.020 (min iyirmi) manat dəbbdə faiz pul tələb etmişdir. Məhkəmə prosesi gedən zaman Prezidentin fərmanı çıxdı və iş bağladı. Prezidentin fərmanına əsasən Bank ondan 1.020 (min iyirmi) manat dəbbdə pulu silib və 966,15 (doqquz yüz altmış altı, on beş) manat ondan pul tələb edir. Prezident fərmanına düşən kreditlər yoxlanılarsa, bankın 2.350 (iki min üç yüz əlli) manat borclu olduğunu görərsiz. Lakin bank ona bildirib ki, 5 illik müqaviləyə qol çəkməsən biz rəqəmləri təzədən şişirdib, məhkəməyə müraciət edəcəyik. Bu rəqəmin şişməməsi üçün 5 illik müqavilə bağlamış və bir müddət sonra Milli Banka məktubla müraciət etmiş və bildirmişdir ki, götürdüyü pulıun faizi və dəbbə pulu silinməlidir. Bundan sonra o, Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə 19.04.2021-ci il tarixdə qətnamə çıxararaq onun iddialarını təmin etməmişdir. Məhkəmədə işə baxılarkən izahatları dinlənilməmiş, ödənişlə əlaqədar tələbləri nəzərə alınmamışdır. Digər tərəfdən bank tərəfindən tələb edilən ödənişlər şişirdilmiş, əvəllər etdiyi ödənişlər nəzərə alınmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1815/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan Cavabdeh ASC tərəfindən verilmiş 21.12.2017-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 08.08.2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh ASC-yə 966,15 manat əsas, 1.020,65 manat faiz borcu olmuşdur. İş materiallarında olan, Cavabdeh ASC tərəfindən verilmiş 25.12.2012-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı müqavilə üzrə aylıq 361 (üç yüz altmış bir) manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan, Cavabdeh ASC ilə İddiaçı arasında arasında bağlanmış BF/92842/70 saylı, 23 avqust 2019-cu il tarixli Güzəştli kredit müqaviləsinin (əsas kredit borcunun restrukturizasiyası üzrə) surətindən görünür ki, müqavilənin 2.1.1-ci bəndinə əsasən 1 il güzəşt müddəti olmaqla, müqavilənin 2.1.2-ci bəndə əsasən 5 (beş) il müddətinə illik 1 (bir) % dərəcəsi ilə, müqavilənin 2.1.3-cü bəndə əsasən 966,15 manat (doqquz yüz altmış altı manat 15 qəpik) məbləğində kredit (bundan sonra “kredit” və ya “kredit məbləği”) verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, İddiaçı ünvanlanmış Azərbaycan Respublikası Mərkəzi Bankının 09.02.2021-ci il tarixli, 26-01679-2021 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq iddiaçı ilə bank arasında 23 avqust 2019-cu il tarixində 966.15 manat məbləğindəki əsas kredit borcunun restrukturizasiyası məqsədi ilə yeni kredit müqaviləsi rəsimləşdirilmişdir. Kredit müqaviləsi üzrə qalıq borc barədə məlumat əldə etmək üçün sözügedən bankın müvafiq filalına və ya "xxxx" MMC-yə (Bakı şəhəri, S.Vurğun küçəsi 43, “X1” iş mərkəzi) müraciət edilməsi tövsiyə olunmuşdur. Bank tərəfindən təqdim edilmiş məlumata əsasən müraciət nəzərə alınaraq kredit müqaviləsi üzrə qalıq borcunun mümkün güzəşt imkanları araşıdırlmış və 09.03.2021-ci il tarixinədək qalıq kredit borcunun xüsusi güzəştli şərtlərlə tam ödənilməsi təklif edilmişdir. Qeyd edilən təklifdən yararlanmaq istənildiyi halda bankın müvafiq filalına müraciət edilməsi bildirilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.10-cu bəndinə əsasən kompensasiya - fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ mənasını ifadə edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğv etmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğv etmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olduğu şəxs tərəfindən Palataya təqdim edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Yuxarıda sadalananlardan tam aydın olur ki, kredit müqaviləsi üzrə restrukturizasiya olunmalı məbləğ kommersiya bankları tərəfindən deyil, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilir. Hazırda isə Palatanın səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Göründüyü kimi bu əsaslarla İddiaçı ilə Cavabdeh ASC arasında BF/92842/70 saylı, 23.08.2019-cu il tarixli müqavilə bağlanmış, müqavilə bağlanarkən İddiaçı həmin müqavilə üzrə 966 manat məbləğə razı olmaqla imza etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında öz iradə ifadəsini əks etdirən müqavilənin mövcudluğuna baxmayaraq, İddiaçı 966 manat məbləğində borcunun silinməsini tələb etməkdə haqlı deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, İddiaçı apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı mötəbər sübutu apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1815/2021 saylı, 19 aprel 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti iki min manatdan az, yəni 966 (doqquz yüz altmış altı) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1815/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar