Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6603/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 5004/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında imzalanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 1% dərəcəsi ilə, 60 ay müddətinə 8700 manat məbləğində kredit verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka borclu olduğu 3429,01 manat əsas, 3,85 manat faiz borcu olmaqla, cəmi 3432,86 manat məbləğində borcun və 54,33 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdeh illik 1% dərəcəsi ilə 60 ay müddətinə 8700,01 manat məbləğində kredit götürmüşdür və həmin müqavilə üzrə cavabdeh öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etmir. Cavabdehin hazırda tələbdə göstərilən məbləğdə borcu qalmışdır. Göstərilənlərə əsasən tələbin təmin olunması xahiş olunmuşdur.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5004/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməsi, Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3429,01 manat əsas, 3,85 manat faiz borcu olmaqla, cəmi 3432,86 manat məbləğində borc və 54,33 manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə xx.xx.2023-cü il tarixə olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3429,01 manat əsas, 3,85 manat faiz borcu olmaqla, cəmi 3432,86 manat təşkil edir. Qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixə olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3429,01 manat əsas, 3,85 manat faiz borcu olmaqla, cəmi 3432,86 manat məbləğində borc və 54,33 manat dövlət rüsumu tutulmalıdır
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 433.1, 442, 462.1, 739, 741ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107, 216-220, 360cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-5004/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı ASC iddia ərizəsində 3429,1 manat əsas, 3,85 manat faiz borcunun tutulmasını tələb etsə də, lakin həmin borc məbləğləri şişirdilmişdir. Məhkəmə tərəfindən də həmin məbləğlərin dəqiqləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmişdir. Baxmayaraq ki, kredit müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir, lakin iddiaçı kredit müqaviləsinin ləğvini iddia etmədən ondan gecikdirilmiş borc məbləğini deyil bütün borc məbləğini tələb etmiş və belə bir iddia irəli sürməklə müqavilə tərəfi olaraq onun hüquqlarını pozmuşdur. Qeyd edilənlərə əsasən hesab edir ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə ona təklif göndərilməyib, nə də onun imtinası alınmayıb. Müqaviləni ləğv etmədən həmin müqavilə üzrə bütün borc məbləğinin ondan tələb edilməsi əsassızdır. Çünki aralarında bağlanmış müqavilə qüvvədədir və müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitir. Onun sözügedən müqavilə üzrə öhdəliyimi vaxtında yerinə yetirə bilməməyinin səbəbi ondan asılı olmayan hallardan irəli gəlmişdir. Bu səbəblərdən kredit müqaviləsi üzrə aylıq ödəniş etməkdə gecikmələrim olmuşdur. İddiaçı onun 3429,1 manat əsas, 3,85 manat faiz borcunun olmasını sübut etməli idi. Lakin bu hal iddiaçı tərəfindən sübut edilməmişdir. Məhkəmə də iddiaçıdan heç bir əlavə sübut, hesabdan çıxarış və sair barədə məlumat almadan iddia tələblərini əsaslı hesab etmişdir. İddiaçı ASC 3429,1 manat əsas, 3,85 manat faiz borcunun olmasını sübut etmək üçün yalnız maliyyə arayışı təqdim etmiş, lakin həmin borc məbləğlərinin düzgün hesablanmasını sübut edəcək başqa heç bir sənəd təqdim etməmiş, məhkəmə də buna baxmayaraq, təkcə maliyyə arayışına əsaslanıb iddianı təmin etmişdir. Hesab edir ki, Sabunçu Rayon Məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun qətnamə qət etməmiş, iş üzrə hallara düzgün hüquqi qiymət verilmədən, işi ətraflı araşdırmadan qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, hesab edir ki, rayon məhkəməsində iş kifayət qədər araşdırılıb, qəbul edilən qətnamə qanuni və ədalətlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlamasını xahiş edir.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməni cavabdehə münasibətdə tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. İddiaçı tələbində Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında imzalanmış kredit müqaviləsi üzrə 3429,01 manat əsas, 3,85 manat faiz borcu olmaqla, cəmi 3432,86 manat məbləğində borc tutulmasını xahiş etmişdir.
24. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməsini qət edərkən iş materiallarında olan maliyyə arayışına istinad etmişdir.
25. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, kredit müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir, lakin iddiaçı kredit müqaviləsinin ləğvini iddia etmədən ondan gecikdirilmiş borc məbləğini deyil bütün borc məbləğini tələb etmişdir.
26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “...İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.”
27. Mülki Məcəllənin 447.1-ci maddəsində qeyd edilir ki, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
28. İş materiallarından göründüyü kimi, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən 28 fevral 2023-cü il tarixli, 1678 P nömrəli və 30 mart 2023-cü il, 2485 P saylı pretenziya məktubları ilə cavabdehə müraciət etmiş, tərəflər arasında olan münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə 3492,06 manat məbləğində borcun ödənilməsinin 3 iş günü ərzində təmin edilməsi, göstərilən müddət ərzində Bankın pul tələbləri ödənilməzsə, Bankın öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə pul tələblərinin ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi qeyd edilmişdir.
29. İş materialları ilə müəyyən edilir ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən göndərilmiş pretenziya məktubu cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə 05 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət edilmişdir.
30. Apellyasiya şikayətinin digər dəlilindən iddiaçı tərəfindən tələb edilən borc məbləği şişirdilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tələb edilən borc məbləği ilə razılaşmasa da, iddia etdiyi məbləğlə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir.
32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
33. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
34. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5004/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev