Məhkəmə qərarları › İş №2(103)-6603/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6603/2024

20.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6603/2024 20.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3161/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin apellyasiya baxışından çıxarılması məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-3161/2024 saylı qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan Cavabdeh tərəfindən şikayət verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət səhvən icraata qəbul olunduğundan apellyasiyanın mümkünlüyü barədə qərardad ləğv olunmalı, iş apellyasiya baxışından çıxarılmalı və müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən birinci instansiya məhkəməsinin işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardadlarından verilmiş şikayətlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən deyil, kassasiya məhkəməsi tərəfindən baxılmalıdır. Bu baxımdan şikayətin apellyasiya instansiyası məhkəməsi tərəfindən icraata qəbul edilb mümkün sayılması yanlış olmuşdur. Birinci instansiya məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan verilmiş şikayətə MPM-in 269-cu maddəsi ilə nəzərdə tutulmuş qaydada baxdıqdan sonra şikayəti təmin etmədikdə onu baxılması üçün Ali Məhkəməyə göndərməli idi. Mülki Prosessual Məcəllə: Maddə 269. Şikayətə baxılması 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri Maddə 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası xatırladır ki, MPM-in 403-1.3-ci maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilməli, şikayətə vəkilin orderi də əlavə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 269, 384.0.6, 400, 402, 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının şikayətin icraata qəbul olunması barədə 19 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3161/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar