Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6604/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxsə qarşı “cəmiyyətin özünüidarəetmə hüququnun tanınması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh İdarəyə qarşı irəli sürdüyü “cəmiyyətin özünüidarəetmə hüququnun tanınması və sair tələbi barədə” iddiasının icraata qəbul edilməsinin mümkünlüyünü yoxlamış Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə ərizəni iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina edilməsini və iddia ərizəsinin qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi həmin qərardadla iddiaçıya izah etmişdir ki, o, həmin iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməlidir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilib, baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, cavabdeh İdarəyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti 94-ün özünü idarəetmə hüququnun tanınması, 94 saylı binada 14 mənzilin çöl divarının arxitektur mədəniyyətə uyğun taxta divarla əvəzlənməsinin cavabdeh tərəfindən təmin olunması, plastik pəncərələrin əsl sahibinə qaytarılması, 9a saylı mənzildə 10 metr uzunluğunda kərpic divarın sökülməsi və taxta divarla əvəzlənməsinə görə cavabdeh İdarə və üçüncü şəxs Maraqlı şəxs2 arasında məsuliyyət payı bölünməklə alınaraq ona maddi ziyanın əvəzi olaraq 15.000 manat məbləğində pulun ödənilməsi, cavabdeh tərəfindən yanlış qəbul olunmuş aktların nəticəsinin etibarsız sayılmasının təmin olunması barədə qətnamə qəbul edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir. Rayon Məhkəməsi iddianı yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina etməsi ilə bağlı qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdeh İdarəyə qarşı irəli sürülmüş iddia tələbi predmet və subyekt tərkibinə görə inzibati xarakterlidir və buna görə də, iddia ərizəsinə ümumi məhkəmə tərəfindən baxıla bilməz. İddiaçının həmin qərardaddan verdiyi şikayətin dəlillərindən görünür ki, iddiaçı, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(102)-653/2024 saylı qərardadına istinad edərək bildirir ki, o, hazırki tələblə əvvəlcə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 2(113)-6984/2024 nömrəli qərardadı ilə mübahisənin kommersiya mübahisəsi olmaması əsası ilə iddiaçının ərizəsi geri qaytarılmışdır. İddiaçının qərardaddan verdiyi şikayətə baxmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Qarışıq məhkəmə tərkibində şikayətə baxmış kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə olan halda, kassasiya instansiya məhkəməsinin mövqeyinə görə mübahisə mülki xarakterli mübahisədir. Hazırki iş üzrə iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(102)-653/2024 saylı qərardadına istinad edərək xx.xx.2024-cü il tarixli qərardaddan verdiyi şikayəti əsassız hesab etmiş Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadda qeyd etmişdir ki, sözügedən qərarla Ali Məhkəmə işin kommersiya məhkəməsinə aidiyyətinin olmamasına münasibət bildirmiş, işin ümumi məhkəməyə aid olmasını bildirməmişdir. Hazırki halda cavabdeh İdarə inzibati akt qəbul etmək səlahiyyəti olan publik hüquqi şəxs olmaqla mübahisə məhz publik hüquqi şəxsin səlahiyyətindən irəli gələn məsələ ilə bağlı yaranmışdır. Odur ki, Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı əsaslı şəkildə qəbul edilmişdir və şikayətdə göstərilən dəlillər onun ləğvi üçün əsas ola bilməz. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və kommersiya məhkəmələri, inzibati və kommersiya kollegiyaları tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (bənd 2.). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (bənd 4.). Hazırki iş üzrə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 544 nömrəli fərmanı ilə təsdiq edilmiş Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinin 1.1ci bəndinə əsasən, həmin İdarə “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 1125 nömrəli fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsasında yaradılmış, Cavabdeh Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruqlarının ərazisində yerləşən tarix və memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, məqsədyönlü istifadəsinin, qorunub saxlanmasının və inkişafının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarının V hissəsinə görə, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab edilirlər. Qeyd edilənlərdən müəyyən edilir ki, cavabdeh İdarə hüquqi vəziyyətinə görə inzibati orqandır. İddia ərizəsindən göründüyü kimi iddiaçının iddiası yaşayış mənzilinə aidiyyəti olan bir-birindən fərqli bir neçə tələbdən ibarətdir. Rayon Məhkəməsi tərəfindən ərizəyə ümumilikdə predmet və subyekt tərkibinə görə inzibati xarakterli mübahisə kimi yanaşılsa da, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin hər birinə dair cavabdehin həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyi ilə bağlı konkret əsaslandırma aparılmamışdır. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən xx.xx.2015-ci il tarixli qərarının 16.1-ci bəndinin tələbinə əsasən, inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Odur ki, hazırki iş üzrə irəli sürülmüş tələblərin ayrı-ayrılıqda hər birinin inzibati və ya mülki xarakterli mübahisəyə aid olduğuna əsaslandırılmaqla qiymət verilməli, əgər iddia tələblərinin bir qisminin inzibati xarakterli mübahisəyə aid olduğu müəyyən edilərsə yalnız həmin hissədə iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Bu hal ərizənin bütövlükdə qəbul edilməsindən imtina olunması üçün əsas deyil. Beləliklə Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla ərizəni iddianın yolverilməzliyinə görə bütövlükdə icraata qəbul etməkdən imtina etməkdə haqlı olmamışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət formal xarakter daşımır. Ona görə də, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, iddianın icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2024-cü il tarixli qərardad ləğv edilsin və İddiaçı yuxarıda qeyd edilən iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-6604/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6604/2024
03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver