Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6605/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: qiyabi qətnamənin ləğvi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(007)-3336/2017 nömrəli qərardadından Cavabdeh verdiyi şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6100 manat borcun, 10000 manat cərimə borcunun, cəmi 16100 manat borcun, habelə 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(007)- 3336/2017 nömrəli qiyabi qətnaməsi ilə Cavabdeh 6100 manat əsas borc, 10000 manat cərimə, cəmi 16100 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir.
3. 12 iyun 2024-cü il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv olunması və işin təzələnərək yenidən baxılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(007)- 3336/2017 nömrəli qərardadına əsasən qiyabi qətnaməsinin ləğv edilməsinə dair cavabdeh ərizə təmin olunmamışdır.
5. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(007)-3336/2017 nömrəli qətnaməsi xx.xx.2017-ci il tarixdə icra edilmiş və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmçinin icra şöbəsindən tələb olunmuş icra işindən görünür ki, icra məmuru tərəfindən Cavabdeh izahatı alınmış, xx.xx.2018-ci il tarixdə borclunun əmlakının axtarılması barədə qərar qəbul edilmiş, yenidən izahatı alınmış və xx.xx.2019-cu il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi ərizəçi Cavabdeh qətnamədən xəbərdar olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, qiyabi qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ərizəçi səhlənkarlıq edərək qiyabi qətnamədən şikayət vermək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bununla yanaşı məhkəmə qeyd edir ki, mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilmiş, lakin zərf geri qaytarılmışdır. Məhkəmə iclasında Cavabdeh iştirak etməsə də, icra mərhələsində borclu məhkəmə qətnaməsindən məhkəməyə ərizə ilə müraciət etmədən uzun zaman öncə xəbərdar olmuşdur. Beləliklə, məhkəmə ərizəçinin qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə formal olaraq müraciət etməsini qanuni qüvvəyə minmiş qətnamənin icrasından yayınması kimi qiymətləndirir.
6. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini və qyiabi qətnamənin ləğvi barədə ərizənin təmin olunmasını xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarını ətraflı araşdırmamış, məhkəmə bildirişlərinin və qətnamənin ona çatdırılması ilə bağlı zəruri araşdırma aparmamışdır.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(007)- 3336/2017 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 227.2. Qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 iş günü müddətinədək başa çatdırılmalıdır. Maddə 227.3. Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Maddə 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 243.1. Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Maddə 249. Hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Maddə 250. Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Birinci instansiya məhkəməsində ərizəyə baxılarkən icra işi tələb olunmuş və müəyyən edilmişdir ki, icra məmuru tərəfindən Cavabdeh izahatı alınmış, xx.xx.2018-ci il tarixdə borclunun əmlakının axtarılması barədə qərar qəbul edilmiş, yenidən izahatı alınmış və xx.xx.2019-cu il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilmişdir.
11. Göründüyü kimi ərizəçi Cavabdeh qətnamədən məlumatlı olmuş, müvafiq icra hərəkətləri onun iştirakı ilə aparılsa da 7 il sonra qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
12. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir.
13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(007)- 3336/2017 nömrəli qərardadından Cavabdeh verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(007)- 3336/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.