Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6607/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Nəsimi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2975/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli, 1(101)- 119/2014 saylı hökmü ilə AR Cinayət Məcəlləsinin 28, 220.1 və 228.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 30 mart 2013-cü il tarixdən hesablanması qərara alınmışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2014-cü il tarixli, 1(103)-884/2014 nömrəli qərarı ilə məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 15 oktyabr 2015-ci il tarixli 1(102)-1228/2015 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı iddiaçıya münasibətdə dəyişiklik edilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir.
4. «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli sərəncamı ilə İddiaçı cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.
5. İddiaçı 2013-cü ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş, Avropa Məhkəməsi bu şikayəti həmin cinayət işi üzrə həbs edilmiş digər 3 şəxsin şikayət ərizələri ilə bir icraatda birləşdirmiş və 7 iyun 2018-ci il tarixdə Avropa Məhkəməsinin həmin ərizələrlə bağlı «Rəşad Həsənov və digərləri Azərbaycana qarşı» qərarı qəbul edilmişdir.
6. Avropa Məhkəməsi baxılan işdə Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci və 3cü bəndlərinin, 5-ci maddə ilə birlikdə götürülməklə 18-ci maddəsinin pozulduğunu müəyyən etmişdir.
7. Avropa Məhkəməsinin qeyd edilən qərarı əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli 12(102)-2(a)/2021 nömrəli qərarı qəbul edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 15 oktyabr 2015-ci il tarixli qərarı, həmin qərarla bağlı olan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 16 dekabr 2014-cü il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli hökmü İddiaçı münasibətdə ləğv edilmişdir. Eyni zamanda İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə, Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsində nəzərdə tutulmuş əsasla onun Azərbaycan Respublikası CM-nin 28, 220.1 və 228.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, İddiaçı 30 mart 2013-cü il tarixdən 17 mart 2016-cı il tarixədək əsassız olaraq həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi nəzərə alınaraq, ona mənəvi ziyana görə 66.700 manat pul ödənilməsi qərara alınmışdır.
8. Qərarda İddiaçı əsassız olaraq məhkum edilməsi ilə əlaqədar maddi ziyanın ödənilməsi, habelə həbsdə saxlanıldığı və azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddətin iş stajına daxil edilməsi məsələlərinə baxılması üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
9. İddiaçı 27 oktyabr 2008-ci ildən 30 sentyabr 2015-ci il tarixədək BiPi Eksploreyşn (Kaspian Si) Limited şirkətində müddətsiz əmək müqaviləsi əsasında işləmiş və aylıq əmək haqqı 2500 manat təşkil etmişdir.
10. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hal səbəbindən (işçinin müəyyən müddətə azadlıqdan məhrum edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduğundan) xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 15.000 manat məbləğində təzminatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 07 avqust 1984-cü il tarixdə Beyləqan rayonu Dünyamalılar kəndində doğulmuşdur. Müvafiq ali təhsil aldıqdan sonra o, 27 oktyabr 2008-ci il tarixdən BiPi Eksploreyşn (Kaspian Si) Limited şirkətində müddətsiz əmək müqaviləsi əsasında əmək fəaliyyətinə başlamışdır. İddiaçı 30 mart 2013-cü il tarixdə saxlanmış, ona qarşı ittiham irəli sürülmüş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli 1(101)- 119/2014 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 220.1 və 228.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 16 dekabr 2014-cü il tarixli 1(103)-884/2014 saylı qərarı ilə iddiaçının müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin hökmü dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 15 oktyabr 2015-ci il tarixli 1(102)- 1228/2015 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı iddiaçıya münasibətdə dəyişiklik edilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli sərəncamı ilə İddiaçı cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İddiaçı 2013-cü ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş, Avropa Məhkəməsi bu şikayəti həmin cinayət işi üzrə həbs edilmiş digər 3 şəxsin şikayət ərizələri ilə bir icraatda birləşdirmiş və 7 iyun 2018-ci il tarixdə Avropa Məhkəməsinin həmin ərizələrlə bağlı «Rəşad Həsənov və digərləri Azərbaycana qarşı» qərarı qəbul edilmişdir. Avropa Məhkəməsi baxılan işdə Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci və 3-cü bəndlərinin, 5-ci maddə ilə birlikdə götürülməklə 18-ci maddəsinin pozulduğunu müəyyən etmişdir. Avropa Məhkəməsinin qeyd edilən qərarı əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli 12(102)-2(a)/2021 nömrəli qərarı qəbul edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 15 oktyabr 2015-ci il tarixli qərarı, həmin qərarla bağlı olan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 16 dekabr 2014-cü il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli hökmü İddiaçı münasibətdə ləğv edilmişdir. Eyni zamanda İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə, Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsində nəzərdə tutulmuş əsasla onun Azərbaycan Respublikası CM-nin 28, 220.1 və 228.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, İddiaçı 30 mart 2013-cü il tarixdən 17 mart 2016-cı il tarixədək əsassız olaraq həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi nəzərə alınaraq, ona mənəvi ziyana görə 66.700 manat pul ödənilməsi qərara alınmışdır. Qərarda qeyd edilir ki, İddiaçı əsassız olaraq məhkum edilməsi ilə əlaqədar maddi ziyanın ödənilməsi, habelə həbsdə saxlanıldığı və azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddətin iş stajına daxil edilməsi məsələlərinə baxılması üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı ilə müəyyən edilmiş mənəvi ziyana görə təzminat məbləğini tam həcmdə 15 mart 2022-ci il tarixdə İddiaçı bank hesabına köçürmüşdür. İddiaçı 30 mart 2013-cü il tarixdə saxlanılmasına, barəsində həbs qətimkan tədbirinin seçilməsinə və sonradan birinci instansiya məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, işəgötürən tərəfindən İddiaçıla bağlanmış əmək müqaviləsinə dərhal xitam verilməmişdir. Əmək müqaviləsinə 30 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin «ç» bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hal səbəbindən (işçinin müəyyən müddətə azadlıqdan məhrum edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduğundan) xitam verilmişdir. Bu tarixə qədər İddiaçı iş stajı hesablanmış və aylıq əmək haqqını almışdır. Göründüyü kimi, iddiaçı əsassız olaraq həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi nəzərə alınaraq ona vurulmuş mənəvi ziyana görə təzminat alsa da, həbsdə olduğu və azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddətdə ona vurulmuş maddi ziyanın təzminatını almamışdır. Bu səbəbdən, iddiaçı ona vurulmuş maddi ziyana görə təzminat tələb edir. Maddi ziyana görə iddiaçı aşağıdakı təzminatı istəyir: İddiaçı həbs edilib sonradan azadlıqdan məhrum edildiyinə görə işəgötürən onunla əmək müqaviləsinə 30 sentyabr 2015-ci il tarixdə xitam vermiş, o, bu tarixdən sonra azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddətdə, yəni 6 ay ərzində faktiki olaraq saxlandığı zaman və əmək müqaviləsinə xitam verilənə qədər aldığı aylıq 2.500 manat məbləğində əmək haqqının cəmini itirmişdir (6 ay x 2.500 manat = 15.000 manat). Beləliklə, iddiaçının ümumi maddi ziyana görə tələbi 15.000 manat təşkil edir. İddiaçının cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş zərərin ödənilməsi hüququnun olması Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsindən, İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 5-ci maddəsindən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından, Azərbaycan Respublikası CPM-nin 36-cı maddəsi, V və XX fəslindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-ci maddəsindən, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunundan, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarından, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli iddiaçı barədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərarından irəli gəlir.
13. Bakı Nəsimi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2975/2022 saylı qətnaməsi ilə (hakim S.Cəfərov) iddia təmin edilmişdir.
14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının barəsində çıxarılmış hökm ləğv edilməklə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verildiyindən, habelə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun azadlıqdan məhrum edilməsi səbəbi ilə xitam verildiyindən, nəticədə iddiaçıya 6 ay ərzində hər ay 2.500 manat əmək haqqı olmaqla, cəmi 15.000 manat maddi zərər vurulması təsdiq olunduğundan, iddia əsaslı olmuşdur və vurulmuş maddi zərərə görə 15.000 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
15. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 1100, 1101.1, 1101.2-ci, AR Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 2022-ci il 21 iyul tarixli 2(006)-2975/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunmalı idi.
18. Hesab edirlər ki, çıxarılmış qətnamə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinin tələblərinə cavab vermir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
21. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yöndəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
26. 21.1-ci maddəsinə əsasən 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
29. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. 1100-cü madəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
31. 1101.1-ci madəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
32. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin:
33. 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
34. 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
35. 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun:
36. 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyataxtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır.
37. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
38. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. AR Mülki Prosessual Məcəlləsi
39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
42. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
43. Hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli 12(102)-2(a)/2021 saylı qərarından göründüyü kimi İddiaçı qanunsuz məhkum edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində uzun müddət həbsdə saxlanılmış və sonradan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhz bu səbəbdən o, iş yerindən və aylıq stabil gəlirdən (əmək haqqından) məhrum olmuşdur.
44. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından, onunla iddia ərizəsində adı qeyd olunan şirkət arasında bağlanmış əmək müqaviləsindən, həmçinin işəgötürən tərəfindən verilmiş arayış və məktublardan görünür ki, İddiaçı 27 oktyabr 2008-ci il tarixdən 30 sentyabr 2015-ci il tarixədək BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkətində işləyib və şirkətdə onun son vəzifəsi Maliyyə departamentində maliyyə prosesləri üzrə analitik olmuşdur. İddiaçı son əsas aylıq maaşı vergi tutulmadan 2.500 manat təşkil etmişdir.
45. Onunla bağlanmış müddətsiz əmək müqaviləsi isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin «ç» bəndinə əsasən, yəni iddiaçının müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün mövcud olması əsası ilə xitam verilmişdir.
46. Bu səbəbdən iddiaçı maddi ziyana uğramış, ona dəymiş ziyanın məbləği isə onun 6 aylıq dövr üçün əldə etməli olduğu əmək haqqı (hər ay 2.500 manat) məbləğində olmaqla, cəmi 15.000 manat təşkil etmişdir.
47. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunsuz məhkum edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində onun maddi ziyana uğraması iş materiallarında olan sübutlarla kifayət qədər təsdiq olunduğundan, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə doğru hesab edilməlidir.
48. Kollegiya qənaətinə görə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
49. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir.
50. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər – qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb edilməməsi qətnamənin ləğv edilməsi və ya iddianın rədd edilməsi üçün əsas deyildir.
51. Habelə birinci instansiya məhkəməsinin işin araşdırılması zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamasına dair apellyasiya şikayətinin dəlili də öz təsdiqini tapmır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Nəsimi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2975/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.