Məhkəmə qərarları › İş №2(103)-6607/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6607/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6607/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Asadi Yaghouba qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi və mənzilin geri qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh Mousa oğlunun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-494/2023 nömrəli 28 iyul 2023cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan 15 dekabr 2020-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 1/003 nömrəli müqaviləsindən görünür ki, satıcı "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 25/27 küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının A blokunun 9-cu mərtəbəsində, 3 otaqlı, 34 saylı, ümumi sahəsi 164.35 kv.m-dən ibarət mənzili tikib alıcı İddiaçı mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi öz öhdəsinə götürürlər.

2. İş materiallarında olan çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısatqısına dair 1/002 nömrəli müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, "xxxx" MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 25/27 küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının A blokunun 9-cu mərtəbəsində, 3 otaqlı, 34 saylı, ümumi sahəsi 164.35 kv.mdən ibarət mənzilin öhdəçiliyini Cavabdeh mənzilə quraşdırılacaq su, elektrik, qaz sayğaclarının, qaz sektorunun dəyərini və telefon kabelləşməsi işlərinin, mənzilin sığorta haqlarından əlavə bütün kommunal, o cümlədən liftin istismarı, blokların işıqlandırılması, abadlıq, daimi suyun təchizi, mühafizə xidmətinin haqqını, müəyyən edilmiş məbləğdə ödəməyi öhdəsinə götürmüşdür.

3. İş materiallarında olan 15 dekabr 2020-ci il tarixli, 83 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 25/27 küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının A blokunun 9-cu mərtəbəsində, 3 otaqlı, 34 saylı, ümumi sahəsi 164.35 kv.m-dən ibarət mənzilin dəyəri əvvəlki sahibi X4 tərəfindən tam ödənilmişdir və mənzilin yeni sahibi Asadi Yaghoubun həmin mənzilə görə "xxxx" MTK qarşısında heç bir borcu yoxdur.

4. İş materiallarında olan 09 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X4 və onun əri İddiaçı İran İslam Respublikasının vətəndaşı Asadi Yaghoub arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən “Satıcı” ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilin "xxxx" MTK ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən sökülərək əvəzində mənzilin yerində inşa edilmiş “Satıcı”nın mülkiyyətinə verilən Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 25/27 küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının A blokunun 9-cu mərtəbəsində, 3 otaqlı, 34 saylı, ümumi sahəsi 164.35 kv.mdən ibarət mənzili “Alıcı”ya satır və bununla əlaqədar olaraq qanunvericilikdə nəzərdə tutulan qaydada və eləcə də “Satıcı”nın 54 saylı notariat ofisində verdiyi xx.xx.2020-ci il tarixli, 8i-5793 saylı ərizəsinə əsasən həmin mənzilin “Alıcı”nın adına rəsmiləşdirilməsini təşkil edir və gələcəkdə “Alıcı”ya bununla bağlı heç bir iddia və tələbi irəli sürmür. Həmin ünvanda yerləşən 164,35,0 kv.m mənzilin hər kv.m 1600 manat olmaqla, ümumi dəyəri 262,960,0 manat müəyyən edilir. Mənzilin qiyməti sabitdir və hər hansı bir dəyişikliyə məruz qala bilməz.

5. İş materiallarında olan əlyazmada qeyd olunub ki, X7 Rəhmana 154.600 ABŞ dolları verəcək. 02 mart 2021-ci il tarixində 100.000 ABŞ dolları, qalan məbləğ yəni 54.600 ABŞ dolları isə 02 iyul 2021-ci ilə qədər ödəyəcək.

6. İş materiallarında olan əlyazmada qeyd olunub ki, X7 Rəhmana evin alqısatqı razılaşması ilə əlaqədar ümumi 271.600 manat, beh kimi 11.000 manat verdi. Qalıq borc 260.800 manat, 02 mart 2021-ci ildə 160.800 manat verəcək. Qalan 100.000 manat isə 02 iyul 2021-ci il tarixinə kimi verilməlidir.

7. İş materiallarında olan 11 avqust 2021-ci il tarixli borc müqaviləsindən görünür ki, “Borc verən” 55.000.0 manat məbləğində pul vəsaitini “Borc alan”a qaytarılmaq şərti ilə aldığı mənzilin haqqının qalıq məbləği kimi görsədilir, “Borc alan” isə “Borc”u müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür. Borc alan bu müqavilədə qeyd olunan “Borc” məbləğini 11 yanvar 2022-ci il tarixədək geri qaytarmaq öhdəliyini üzərinə götürür. Bu müqavilədə qeyd olunan “Borc” məbləği hissəhissə geri qaytarıla bilər, lakin sonuncu ödəniş 11 yanvar 2022-ci il tarixdən gec olmamalıdır. Borc müddətin sonunadək geri qaytarılmadığı halda “Borc verən” “Borc alan”a onun ödədiyi 217.000.0 manat tam həcmdə geri ödəyir və öz mənzilini geri qaytarır. Borc faizsiz verilir.

8. İş materiallarında olan 13 yanvar 2022-ci il tarixli borc müqaviləsindən görünür ki, “Borc verən” 37.000.0 manat məbləğində pul vəsaiti “Borc alan”a qaytarılmaq şərti ilə aldığı mənzilin haqqının qalıq məbləği kimi əks olunmuş, “Borc alan” isə “Borc”u bu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür. Borc alan bu müqavilədə qeyd olunan “Borc” məbləğini 14 fevral 2022-ci il tarixədək geri qaytarmaq öhdəliyini üzərinə götürür. Bu müqavilədə qeyd olunan “Borc” məbləği hissəhissə geri qaytarıla bilər, lakin sonuncu ödəniş 14 fevral 2022-ci il tarixdən gec olmamalıdır. Borc müddətin sonunadək geri qaytarılmadığı halda “Borc verən” “Borc alan”a onun ödədiyi 235.000.0 manatı tam həcmdə geri ödəyir və öz mənzilini geri qaytarır. Borc faizsiz verilir.

9. İş materiallarında olan 26 avqust 2022-ci il tarixli Pretenziya məktubundan görünür ki, İddiaçı Asadi Yaghoubdan 5 gün müddətinə qalıq 37.000 manat məbləğini ödəməsini, yaxud mənzili geri qaytarmasını tələb edir. Əks halda mənzilin geri qaytarılması və yaxud 37.000 manat pulun geri qaytarılması barədə aidiyyatı hüquqmühafizə orqanlarına, eləcə də məhkəməyə müraciət ediləcəyini bildirir.

10. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli çoxmənzilli yaşayış binasında mənzil hissəsinin tikintisi haqqında 15 nömrəli müqaviləsindən görünür ki, “Sifarişçi”nin çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “Podratçı” ünvan 4 küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında sahəsi 5.0 kv.mdən ibarət mənzilin hissəsini tikib “Sifarişçi”-yə təhvil verilməsinə, “Sifarişçi” isə öz növbəsində onun sifarişi ilə tikilən mənzil hissəsini qəbul etməsinə və həmin mənzil hissəsinin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməsinə dair üzərlərinə öhdəliklər götürürlər. Bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin hissəsi tərəflər arasında bağlanmış 15 dekabr 2020-ci il tarixli, “Müqavilə № 1/003” ilə “Sifarişçi”nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 16,35 kv.m-dən ibarət mənzilə birləşdiriləcəkdir.

11. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli, 08 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" MTK-nın ünvan 2 ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının A bloku, 9-cu mərtəbəsində, 34 saylı mənzilin, 5.0 kv.m-dən ibarət hissəsinin dəyəri 7.500.0 manat “Alıcı” Asadi Yaghoub tərəfindən tam ödənilmiş və onun həmin mənzil hissəsinə görə "xxxx" MTK qarşısında heç bir borcu yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Asadi Yaghouba qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mousa oğlundan borca görə 37 000 (otuz yeddi min) manat məbləğində pulun, ödənilmiş 201 (iki yüz bir) manat dövlət rüsumunun, ümumilikdə 37 201 (otuz yeddi min iki yüz bir) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..

13. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 3 ünvanında yerləşən Yeni çoxmənzilli yaşayış binasının A bloku, 9-cu mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 164.35 kv.m.-dən ibarət olan 34 saylı mənzil 271.000 manata Cavabdeh satmışdır. Cavabdeh həmin puldan bir hissəsini ödəmiş qalan 55.000 manata görə iddiaçı ilə xx.xx.2021-ci il tarixdə borc müqaviləsi bağlamışdır və borc məbləğini xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəlik olaraq qəbul etmişdir. Həmin borc məbləğindən cavabdeh tərəfindən müəyyən olunmuş vaxt ərzində 18.000 manat məbləğində ödəniş edilmiş, qalıq 37.000 manat məbləğində borca görə tərəflər arasında xx.xx.2022-ci il tarixdə yenidən borc müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli borc müqaviləsinin 2 bəndinə əsasən cavabdeh 37.000 manat borc məbləğini xx.xx.2022-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəlik olaraq üzərinə götürsə də, bugünədək həmin borc məbləğini ödəməmişdir. İddiaçı tərəfindən 37.000 manat borc məbləği dəfələrlə cavabdehdən tələb olunsa o, borcunu ödəməkdən müxtəlif bəhanələr gətirməklə bugünədək yayınır. Cavabdeh Mousa oğluna göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubu da nəticəsiz qalmışdır. Odur ki, Cavabdeh Mousa oğlundan borca görə 37.000 manat məbləğində pulun, ödənilmiş 201 manat dövlət rüsumunun ümumilikdə 37.201 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılması zəruridir.

14. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh Mousa oğlunun arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən Yeni çoxmənzilli yaşayış binasının A bloku, 9-cu mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 164.35 kv.m.-dən ibarət olan 34 saylı mənzilin boşaldılması və həmin mənzilin İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-494/2023 nömrəli 28 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 124 manat ekspertiza xərcinin İddiaçı tutulmaqla Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 390.1, 421.1, 421.2, 421.3, 423.1, 424.4, 424.5, 425.1, 442, 447.1, 447.3.1, 448.1, 529.1, 529.2, 882.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4 və 350.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə əhəmiyyətli dərəcədə pozuntusuna yol verilməmişdir. Qeyd edirəm ki, xx.xx.2022-ci il tarixli borc müqaviləsinin 3 bəndində qeyd olunmuşdur ki, bu müqavilədə qeyd olunan “Borc” məbləği hissə-hissə geri qaytarıla bilər, lakin sonuncu ödəniş xx.xx.2022-ci tarixdən gec olmamalıdır. Borc müddətin sonunadək geri qaytarılmadığı halda “Borc verən” Borc alana” onun ödədiyi 235 000 manatı tam həcmdə geri ödəyir və mənzili geri qaytarır. Göründüyü kimi, cavabdeh həmin müqavilə üzrə pulu xx.xx.2022-ci tarixədək tam ödəməyi və ödəmədiyi təqdirdə mənzili geri qaytarmağı öhdəlik olaraq öz üzərinə götürmüşdür və müqavilənin əhəmiyyətli pozuntusundan bəhs belə edilmir. Hesab edirik ki, müqavilədə nəzərdə tutulmayan şərtin mövcud olması barədə məhkəmənin nəticəsi yanlışdır. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halların cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı etiraf edildiyindən iddiaçı həmin faktları yenidən sübut etmək vəzifəsindən azaddır. Baxmayaraq ki, cavabdeh xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən götürdüyü öhdəliyi tam icra etməmişdir və belə olan halda həmin müqavilənin 3-cü bəndinə əsasən ödədiyi pulu gerialmaqla mənzili iddiaçıya geri qaytarmalı idiməhkəmə tərəflər arasında mövcud olan bu halı düzgün aydınlaşdırmadan səhv nəticəyə gəlmişdır. Beləliklə, yuxarıda qeyd etdiyim hallardan, əsaslardan, dəlil və sübutlardan, qanunvericilik normalarından görünür ki, birinci instansiya məhkəməsinin qeyd edilən mülki iş üzrə qəbul etdiyi qətnamə əsassızdır, mülki və prosessual qanunvericiliyin tələblərini pozmaqla və düzgün tətbiq etməməklə qəbul edilmişdir, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bir sıra faktiki hallar aydınlaşdırılmamış, aydınlaşdırılmış faktiki hallarla bağlı düzgün hüquqi qiymətləndirilmə aparılmamış, iş üzrə düzgün nəticələrə gəlinməmişdir və МРМ-nin 385-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yaranmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi.

21. Məhkəmə iclasında iştirak edən Cavabdeh Mousa apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

22. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

24. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

25. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

26. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

27. 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

28. 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

29. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

32. 447.3.1-ci maddəsinə əsasən, öhdəliyin pozuntusu cüzi olduqda, müqavilədən imtina yolverilməzdir.

33. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. 529.1-ci maddəsinə əsasən, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

35. 529.2-ci maddəsinə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.

36. 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

45. Hazırki halda iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-494/2023 nömrəli 28 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

48. Kollegiya bildirir ki, İddiaçı ilə Cavabdeh Mousa oğlunun arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, ünvan 4 ünvanında yerləşən Yeni çoxmənzilli yaşayış binasının A bloku, 9-cu mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 164.35 kv.m.-dən ibarət olan 34 saylı mənzil Cavabdeh satılmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixdə tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən, “Borc verən”, “Borc alan”-a Bakı şəhəri, Nəsimi rayonu, N. Yusifbəyli kQç.25/27 ünvanında yerləşən Yeni çoxmənzilli yaşayış binasının A bloku, 9-cu mərtəbəsində yerləşən, 3 otaqlı, 164,35 kv.m -dən ibarət 34 saylı mənzilini ümumilikdə 271 000.0 (iki yüz yetmiş bir min) manata (164.35 x 1 600 AZN = 262 960.0 mənzilin dəyəri, 8040.0 AZN mənzildə görülən əlavə təmir işlərinin dəyəri) hissəli ödəniş şərti ilə satmışdır. “Borc alan” həmin 271 000.0 (iki yüz yelmiş bir min) manat məbləğinin 235 000.0 (iki yüz otuz beş min) manat hissəsini “Borc verən”-ə bu Müqavilə imzalanan günədək ödəmişdir. Qalıq məbləği kimi 37 000.0 (otuz yeddi min) manata görə bu müqavilə bağlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli, 4/667 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 54-cü vərəqində olan A4 formatlı kağız üzərində “37.000 manat...” yazıları ilə başlayıb, “Hacı Pəhman “ yazıları ilə bitən qəbzdəki yazılar və həmin qəbzin sonundakı imza - İddiaçı tərəfindən icra olunmuşdur.

49. Mülki iş üzrə məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı bildirir ki, xx.xx.2022-ci il tarixli müqavilənin 3-cü bəndinin tələbləri əsas götürülməklə, borc məbləği üzrə sonuncu ödəniş xx.xx.2022-ci tarixədək ödənilməli olduğu halda, cavabdeh xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alq-satqı müqaviləsi ləğv edilməli, mübahisələndirilən mənzil iddiaçıya geri qaytarılmalıdır, cavabdeh isə iddiaya etiraz edərək, onun tərəfindən mənzilin dəyərinin böyük hissə ödənildiyi, yalnız 5000 manat məbləğində borcun qaldığını, həmin borcun iddiaçıya ödənilməsinə cəhd edilsə də onun tərəfindən pulun qəbul edilməsindən imtina edildiyini, odur ki, müqavilənin ləğv edilməsinə heç bir əsasın mövcud olmadığını bildirir.

50. Mülki qanunvericiliyə görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqısatqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir.

51. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı).

52. Müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda.

53. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər.

54. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı).

55. Beləliklə, işin hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 09 yanvar 2021-ci il tarixli müqavilənin ləğv olunması üçün zəruri olan hal – cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması – baş verməmişdir. Həmin müqavilənin bağlanmasından sonra cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməli olan 271000 manat məbləğindən xx.xx.2022-ci il tarixədək 235000 manat ödənilmiş, həmin məbləğdən 37000 manat borcun qalması barədə xx.xx.2022-ci il tarixdə borc müqaviləsi (borcun etirafına dair mücərrəd müqavilə) bağlanmışdır. Məhkəmə araşdırması zamanı təyin edilmiş xətşünaslıq ekspertizasının nəticəsi cavabdehin “müqaviləni əhəmiyyətli dərəcədə pozmadığı” qənaətinə gəlməyə əsas verir.

56. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1ci maddəsinə əsasən, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2-ci maddəsinə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.

57. Bu baxımdan qeyd olunan qanunvericilik müddəaları və işin halları nəzərə alınmaqla məhkəmə hesab edir ki, cavabdeh mübahisəli müqavilə üzrə cəmi 5000 manat həcmində öhdəliyinin olduğunu təsdiqləyən müvafiq sübutu (əlyazmanı) təqdim etmişdir. Lakin iddiaçı 37000 manat borcun geri qaytarılması barədə öhdəliyin icra olunmadığında israr etsə də, ekspert rəyi ilə iş materiallarında olan mübahisələndirilən əlyazmanın məhz iddiaçı tərəfindən icra olunduğu öz təsdiqini tapmışdır. Belə olan halda cavabdehin iddiaçıya hazırda mübahisələndirilən müqavilə üzrə 271000 manat məbləğdən cəmi 5000 manat miqdarında borcunun qaldığı müəyyən edilir. Odur ki, cavabdehin hərəkətləri müqavilənin əhəmiyyətli dərəcədə pozulması qənaətinə gəlməyə əsas vermir.

58. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “alqı-satqı müqaviləsinin ləğv edilməsi və mənzilin geri qaytarılması” tələbinin təmin edilməsi üçün dispozitiv şərtlər mövcud deyildir.

59. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

60. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə əhəmiyyətli dərəcədə pozuntusuna yol verilməmişdir – bu hal məhkəmə araşdırması nəticəsində sübuta yetmişdir.

61. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməməlidir.

62. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan ekspert rəyi hazırkı mübahisə ilə bağlı həlledici əhəmiyyətli olmaqla, əlyazmanın məhz iddiaçı tərəfindən yazıldığını ifadə edir. Ekspert rəyi ilə təsdiq olunan əlyazmaya əsasən, iddiaçının cəmi 5000 manat məbləğində borcu qalmışdır.

63. Kollegiya qeyd edir ki, ekspert rəyinin əlavə olunduğu əlyazma ilə bağlı iddiaçı tərəfindən hər hansı təkzibedici fakt məhkəməyə təqdim edilə bilməmişdir. Hazırkı halda ekspert rəyinin mötəbərliyinə dair şübhə yoxdur. Bu halda tərəflər arasında 5000 manat borcun qaldığı qəbul edilir və müqavilədə nəzərdə tutulan məbləğə münasibətdə qeyd olunan borc müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması kimi qəbul edilə bilməz. Belə ki, 5000 manat mənzilin alğı-satqı müqaviləsi üzrə müəyyən edilmiş dəyərinin təqribən 2% hissəsini təşkil edir.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

66. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-494/2023 nömrəli 28 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar