Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6608/2025 05.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: pul vəsaitinin tutulması X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul vəsaitinin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-2502/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) barəsində Hacıqabul Rayon Polis Şöbəsinə müraciət etmiş, Hacıqabul Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətdə qaldırılan məsələlər üzrə cinayət tərkibinin yaranmadığı, habelə inzibati hüquqpozmanın aşkar olunmadığı bildirilmiş və ona mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 420 manat pulun, həmçinin, dövlət rüsumu kimi ödənilmiş məbləğin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Türkiyə Respublikasında qiyabi təhsillə bağlı Bakı şəhərində yerləşən “Diploma Education” şirkətinin rəhbəri Cavabdeh adlı xanımla razılığa gəlmişdir. Cavabdeh ondan ilkin olaraq ödəniş kimi 420 manat, əlavə olaraq xidmət haqqı kimi 500 manat pul tələb etmişdir. Razılaşma əsasında hissəli şəkildə cavabdehin kart hesabına 2022-ci ilin iyun ayından etibarən 920 manat məbləğində pul vəsaiti göndərmişdir. Müqavilə bağlanmadan sənədlərini - diplomun surətini, diplomun türk dilinə tərcümə edilməklə təsdiq edilmiş surətini və şəxsiyyət vəsiqəsinin surətini cavabdehə təqdim etmişdir. Təhsil qəbulu gecikdiyi üçün cavabdeh müxtəlif bəhanələr gətirməklə (sənədlərin qeydiyyatı gecikməsi, Türkiyə Respublikasında zəlzələ olması) qeydiyyatdan keçirilməsində yubanmaların olduğunu bildirmişdir. Daha sonra bir neçə dəfə müraciət etməsinə baxmayaraq, 2023-cü ilin sonlarında təhsillə bağlı müraciətindən imtina etməyini və ödənilmiş məbləğlərin qaytarılmasını tələb etmişdir. Cavabdeh ödənilən 920 manat puldan hissəvi şəkildə 500 manat pulu kart vasitəsi ilə qaytarmışdır. Cavabdeh qalan 420 manat pulun qaytarması barədə vəd versə də, sonradan onun zənglərinə cavab verməmiş, borclu qaldığı məbləği qaytarmaqdan yayınmışdır. O, cavabdehin çalışdığı “Diploma Education” şirkətinə bir neçə dəfə getsə də, cavabdehi görə bilməmiş, sonradan şirkətin başqa ünvana köçməsi barədə məlumat almışdır. Cavabdeh borcun qaytarılması ilə əlaqədar DİN-nin 102 zəng mərkəzinə müraciət etməklə, Hacıqabul Rayon Polis Şöbəsinə şikayət etmişdir. Polis şöbəsindən şikayətin mülki xarakterli olması, pulun qaytarılması ilə əlaqədar məhkəməyə müraciət edilməsi ona bildirilmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 2502/2025 saylı qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim X4).
5. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, İddiaçı özünü “Diploma Education” mərkəzinin rəhbəri kimi təqdim edən Cavabdeh ilə aralarında şifahi şəkildə razılığa gəlmiş, ilkin olaraq 420 manat, əlavə olaraq da 500 manat xidmət haqqı ondan tələb edilmiş, qarşılıqlı razılıq əsasında hissəli şəkildə 920 manat məbləğində pul cavabdehə məxsus bank kartına köçürülmüşdür. İş materiallarında olan bank qəbzləri ilə iddia tələbində qeyd edildiyi kimi 920 manat puldan yalnız 505 manatın cavabdehə məxsus bank kartına köçürülməsi sübuta yetirilsə də, qalan 415 manat pulun köçürülməsi sübuta yetirilməmişdir. İddia ərizəsi və məhkəmə iclasında iddiaçının verdiyi izahatdan görünür ki, verilmiş 920 manat puldan 500 manatı cavabdeh tərəfindən ona geri qaytarılmışdır. Belə olan halda, hazırda 420 manat pulun cavabdehdən tələb edilməsinin heç bir hüquqi əsası yoxdur.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəflər arasında faktiki borc münasibətinin mövcud olduğunu, qarşı tərəfin borcun yalnız bir hissəsini qaytarmasının isə borcun mövcudluğunu sübut etdiyini nəzərə almamışdır. Qalan 420 manat borcun ödənilməməsi Mülki Məcəllənin 390 və 413-cü maddələrinə əsasən borc öhdəliyinin pozulmasıdır. Məhkəmə qarşı tərəfin borcun yalnız 500 manatını qaytarması faktını ümumiyyətlə qiymətləndirməmiş, mövcud mesajlaşmaları, ödəniş sübutlarını və izahatları nəzərə almadan tələsik qərar vermişdir. Məhkəmə sübutların tam toplanmaması və qiymətləndirilməməsi nəticəsində iş üzrə obyektiv araşdırma aparmamış, bu isə MPM-in tələblərinin pozulmasıdır. Məhkəmə ödəmələrin faktlarını düzgün qiymətləndirməyib və borcun miqdarını səhv müəyyən edib. Məhkəmə borcun ödəmənin vaxtı və miqdarı ilə bağlı faktları düzgün nəzərə almayıb, nəticəyə təsir edən halları qiymətləndirməyibdir. Məhkəmə ödənişlərin vaxtını və üsulunu düzgün araşdırmadığı üçün nəticə faktlarla üst-üstə düşmür. BirBank çıxarışı ödənişin məbləğini, tarixini və kart nömrəsini dəqiq göstərir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır;
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun; 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur.
18. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, hazırki mübahisənin mahiyyəti iddiaçının Türkiyə Respublikasında qiyabi təhsil almaq üçün “Diploma Education” adlı şirkətə müraciət etməsi və qeyd edilən məqsədlə həmin şirkət tərəfindən sənədlərin hazırlanaraq universitetlərə göndərilməsi müqabilində onun tərəfindən şirkətin direktoru olan cavabdehə 920 manat məbləğində ödəniş etməsi, lakin şirkət tərəfindən nəticədə heç bir xidmətin göstərilməməsi ilə bağlıdır.
19. Hazırda iddiaçı həmin hallara, habelə ödədiyi məbləğin 500 manat hissəsinin şirkətin direktoru Cavabdeh tərəfindən qaytarılmasına istinad edərək, qaytarılmamış 420 manat məbləğin, habelə bu məbləğə uyğun ödənilmiş dövlət rüsumunun şirkətin direktoru olan cavabdeh tərəfindən ona ödənilməsini tələb edir.
20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
21. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
22. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
23. Bu baxımdan iddiaçı istinad etdiyi şirkətlə onun arasında həqiqətən də podrat (şifahi) müqaviləsindən irəli gələn münasibətlərin yarandığını, bu münasibətlər çərçivəsində məhz qeyd edilən işlərin görülməsi məqsədi ilə şirkətə 920 manat məbləğində pul ödədiyini sübut etməli idi. Lakin iddiaçı öz mövqeyini sübuta yetirə bilmir, o cümlədən aralarında belə münasibətlərin yarandığını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etmir. Digər tərəfdən cavabdehin belə bir şirkətin direktoru olması da müəyyən edilmir.
24. İddiaçı tərəfindən cavabdehə 505 manat məbləğində pulun göndərilməsi qəbzlərlə, 372 manat məbləğində pulun göndərilməsi isə onun müvafiq bank hesabından çıxarışla öz təsdiqini tapır. Lakin bu məbləğin məhz iddiaçının tələbində istinad etdiyi məqsədlərlə bağlı köçürülməsi və onun 500 manat hissəsinin həqiqətən də qaytarılması və bu baxımdan iddia edilən 420 manat məbləğində pul vəsaitinin də qaytarılmalı olan vəsait olması öz təsdiqini tapmır. İş materiallarında olan Hacıqabul Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan da iddiaçının hansı məzmunda və hansı məsələ ilə bağlı şikayət etməsini müəyyən etmək olmur. Onun tərəfindən şirkətin (Diploma Educion) adının əks olunduğu reklam bilbordunun yer aldığı fotoşəkilin təqdim edilməsi də, hazırki iddianın əsaslı olmasını şərtləndirmir.
25. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi və fotoşəklini təqdim etdiyi “Diploma Education” adlı şirkətlə bağlı xüsusilə qeyd edir ki, iddiaçı məhz bu şirkətlə aralarında müqavilə (şifahi) münasibətlərinin yarandığını iddia edir, lakin bügünədək qaytarılmadığını iddia etdiyi 420 manat pulu şirkətdən deyil, şirkətin direktoru adlandırdığı cavabdehdən tutulmasını tələb edir. Halbuki, qeyd edilən məqsədlər üçün hər hansı məbləğdə pul ödənilmişdirsə də, həmin məbləğ cavabdehdən deyil, məhz şirkətdən tələb edilməlidir. Belə ki, cavabdeh həmin münasibətlərdə hüquqi nəticə etibarı ilə şirkəti təmsil etmiş olur. Bu baxımdan cavabdeh ümumiyyətlə iddiaya cavab verməli olan şəxs deyil. Bu halın mövcudluğu da iddianın məhz bu əsasla rədd edilməsini şərtləndirir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
27. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-2502/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.