Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6609/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2252/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh 07 dekabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar.
2. Onların birgə nikahından 27 sentyabr 2018-ci il təvəllüdlü X4 doğulmuşdur.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1209/2020 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaq anasının yanında saxlanılmış və Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək həmin məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1209/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək (artırılaraq) X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavavdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahından doğulmuş uşaq hal-hazırda dörd yaşındadır və onun xərcləri günü-gündən artır. İddiaçının aylıq gəliri uşağın saxlanılmasına kifayət etmir və o, uşaqların ehtiyaclarını ödəməkdə çətinlik çəkir.
6. 28.03.2022-ci il tarixdə cavabdeh tərəfindən verilmiş iddiaya qarşı etiraz Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur.
7. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda cavabdehin əmək haqqı dəyişməz olaraq qalır, onun başqa yerdən gəliri yoxdur, ayda cəmi 100 manat məvacibindən başqa heç bir gəlir mənbəyi yoxdur.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1209/2020 saylı qətnaməsi ilə (hakim N.Nəbizadə) iddia ərizəsi təmin edilmişdir.
9. Məhkəmə uşağın maraqlarını əsas götürərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 1209/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
10. Məhkəmə öz mövqeyini AR Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75.4, 76.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasına, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, Binəqədi rayon Məhkəməsinin 2(001)-2252/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alimentin miqdarı məhkəmə tərəfindən artırılarkən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmalıdır. Bildirmək istəyir ki, hər ikisi əmək qabiliyyətsiz olmaqla ata və anası onun himayəsində olmaqla onunla birgə yaşayırlar. Eyni zamanda anası 2-ci qrup əlildir. Eyni zamanda, iddia ərizəsinə etirazda da qeyd etdiyi kimi, aldığı əmək haqqının 70%-nə kimi Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1209/2020 saylı qətnaməsi ilə təmin edilən alimentə tutulduğundan əmək qabiliyyətsiz valideynlərinin saxlanması üçün maaşından qalan cuzi məbləğdən istifadə edir. Məhkəmə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsində nəzərdə tutulmuş tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halları nəzərə almadan yanlış nəticəyə gəlmişdir ki, bu da məhkəmənin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsini işin halları baxımından düzgün təfsir etmədiyini göstərir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
15. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
20. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
21. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
22. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
23. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarı
24. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.
25. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
26. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
AR Mülki Prosessual Məcəlləsi
27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Birinci instansiya məhkəməsində toplanmış sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh 07 dekabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahından 27 sentyabr 2018-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1209/2020 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaq anasının yanında saxlanılmış və Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir.
32. Birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 193 manat sabit pul məbləğində müəyyən edilməlidir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün və əsaslı hesab edir.
34. Kollegiya hesab edir ki, iddiaçının onun yanında qalan uşağın saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş, həmin tələbi isə uşağın böyüməsi, tələbatlarının artması, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən 2022-ci il üçün yaşayış minimumun artırılması ilə əlaqədar əsaslı olmuşdur.
35. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar onun uşağını saxlamaq öhdəliyindən azad etmir.
36. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas deyildir.
37. Kollegiya həmçinin qeyd edir ki, alimentin artırılması xahiş edilən məbləğin bir il üçün ödənilməli hissəsi 5000 manatdan az olduğundan, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2252/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.