Məhkəmə qərarları › İş №2(103)-6609/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6609/2023

26.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6609/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(005)-2007/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 30 iyul 2022-ci il tarixli, B-162-AAE-22 nömrəli avtomobil alqı-satqısı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli “Changan F70” markalı, buraxılış ili 2022 olan (VİN: LSCBBZ2G4NG702862, boz metalik) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi və avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin avtomobili qəbul edərək dəyərini müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə görə, avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 62290 manat müəyyən edilmiş və alıcı 4690 manat ilkin ödəniş edərək, qalıq borc kimi 57600 manat məbləğini 30 sentyabr 2022 tarixindən etibarən 36 ay müddətində, ayda 1600 manat olaraq ödəməsi razılaşdırılmış, o cümlədən alıcının avtomobilin borcunu 12 ay müddətinədək bağladığı təqdirdə avtomobilin qiymətinin tərəflərin razılığı ilə ƏDV daxil 54250 manat müəyyən ediləcəyi nəzərdə tutulmuşdur.

2. Müqavilənin 5.1-ci bəndindən görünür ki, istehsalçının verdiyi zəmanət şərtlərinə uyğun olaraq avtomobilin mühərrik, sürətlər qutusu, elektron sükan mexanizmi, ABS sistemi (elektron əyləc sistemi daxil), audio və multimediya sistemi, kondisioner və klimat sistemi, led və ksenon işıqlandırma sistemi, start-stop düyməsi, mərkəzi qapanma və kessy sistemi, amotizatorlar, stupitsalar və qranatlarına 5 il və ya 150000 km, katalizator sistemi və oksigen sensor, yanacaq nasosu, starter, dinamo və bütün naqillərinə 3 il və ya 65000 km, adı hallogen işıqlar, lampalar, hava və salon filteri, yanacaq filteri, təkərlər, alışdırıcı şamlar, dayaq dirsəklər, akkumulyator və əyləclərə isə yalnız 3 ay zəmanət verilmişdir. 5.2-ci bəndə görə, zəmanətin qüvvədə olmasının digər şərti avtomobilin istismara dair təlimatda və servis kitabçasında qeyd olunan bütün mütəmadi müayinələrdən və texniki xidmətdən vaxtında keçməsidir. Servis kitabçasında aparılmış müvafiq qeydlər, avtomobilin İstismara dair təlimatda və servis kitabçasında qeyd olunan bütün mütəmadi müayinə və texniki xidmətdən keçirilməsinin təsdiqi kimi çıxış edir.

3. İddiaçınə aid Changan Servis tərəfindən tərtib edilən təmir aktının surətindən görünür ki, buraxış ili 2022, yürüşü 9226 km olan “Changan F70” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 sentyabr 2022-ci il tarixində servisə giriş etmiş, həmin avtomobildə dəyişdirilməli olan ehtiyat hissələrinin və görülməli işlərin cəmi dəyərinin 6961 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmin aktda, həmçinin göstərilmişdir ki, avtomobildə yüksək təzyiq nasosu dəyişdirilməlidir və yanacaq sistemi tam təmizlənməlidir. Digər e/h-ləri və işlər ehtiyac yaranarsa, yerinə yetirilməlidir. Təmir zamanı əlavə hissələrin və işlərin çıxması ehtimalı var. Farsunka – (2480 x 4) = 9920 manat (sifariş) + xidmət haqqı - 100 manat, Yanacaq reykası (datçiklər ilə tam) - 2550 manat + xidmət haqqı - 80 manat. Göstərilən qiymətlərə ƏDV daxildir.

4. Nəqliyyat vasitəsinin texniki müayinə edilməsinə dair 09 sentyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, “Azərbaycan Avtomobil Evi“ MMC-də keyfiyyətə nəzarət meneceri vəzifəsində işləyən X10, servis məsləhətçisi vəzifəsində işləyən X6 və çilingir vəzifəsində işləyən X7 “Changan F70” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirib hazırki aktı imzalamaqla nəqliyyat vasitəsinin mühərrikində qüsurun yaranması səbəbinin istifadə edilmiş yanacağın tərkibinə suyun qarışdırılması olmasını təsdiq etmişlər.

5. İddiaçı MMC-nin 10 fevral 2023-cü il tarixili pretenziya məktubundan görünür ki, “Changan F70” markalı, buraxılış ili 2022 olan nəqliyyat vasitəsinin təmir edilməsi məqsədi ilə təmir xərcləri qismində 6961 manat məbləğində pul vəsaitinin ödənilməsi Cavabdeh tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir.

6. 23 yanvar 2023-cü il tarixli, BA23-00080.001 nömrəli SGS analitik hesabatından görünür ki, “Changan F70” markalı, **-PD-*** dövlət qeydiyyat nömrəli avtomobildən götürülən nümunələrin Laboratoriya sınağı keçirilmişdir.

7. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 26 dekabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, həmin məktubda alıcı, avtomobilin yanacaq nasosunda texniki qüsurun 3 il müddətində baş verməsi ilə əlaqədar olaraq, dəymiş zərərin satıcı şirkət tərəfindən ödənilməli olduğunu vurğulamış və ödənilməyən aylar üzrə ödənişləri ödəmək şərti ilə avtomobilin özünə geri qaytarılmasını xahiş etmişdir.

8. Antiinhisar və İstehlakçı Bazarına Nəzarət Dövlət Xidmətinin məsləhətçisi Elgün Əlliyev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* saylı protokolun surətindən görünür ki, Cavabdeh müraciəti əsasında İddiaçı MMC-nin istehlakçı hüquqlarını məhdudlaşdırdığı müəyyən edildiyindən şirkət barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6961 manat məbləğində dəymiş zərərin əvəzinin və 89,61 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 7050,61 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMCnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 30 iyul 2022-ci il tarixli, B162-AAE-22 nömrəli avtomobil alqı-satqısı üzrə müqavilə imzalanmışdır. Sözügedən müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən təhvil-təslim aktına əsasən “Changan F70” markalı (Pick Up) nəqliyyat vasitəsi satıcı/iddiaçı tərəfindən alıcının/cavabdehin istifadəsinə təhvil verilmişdir. Tərəflər arasında imzalanmış 30 iyul 2022-ci il tarixli, B-162- AAE-22 nömrəli müqavilənin şərtlərinə əsasən, cavabdeh tərəfindən 5574 manat məbləğində ilkin ödəniş həyata keçirilmiş, qalan 57600 manat məbləğində vəsaitin isə 30 avqust 2022-ci il tarixindən etibarən 36 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC-yə məxsus servisdə “Changan F70” markalı nəqliyyat vasitəsinin yağının dəyişdirilməsi zamanı müəyyən edilmişdir ki, həmin avtomobilin yanacaq nasosu, eyni zamanda yanacaq sisteminə aid olan, ümumi dəyəri 6961 manat təşkil edən ehtiyyat hissələri tam şəkildə sıradan çıxmışdır. Avtonəqliyyat vasitəsinə texniki xidmət göstərən mütəxəssislər tərəfindən bildirilmişdir ki, yuxarıda qeyd olunan məbləğdə detalların sıradan çıxmasının əsas səbəbi istifadə olunmuş yanacağın tərkibinə su qarışdırılması olmuşdur. İstifadə edilmiş yanacağa su qarışdırılması faktının təsdiq edilməsi məqsədi ilə iddiaçı tərəfindən “SGS” sertifikatlaşdırma və inspeksiya şirkətinə müraciət edilmiş və müvafiq ekspertizanın keçirilməsi təşkil olunmuşdur. Həmin ekspertizanın nəticəsi də istifadə olunmuş yanacağın tərkibində su mövcud olması faktını təsdiq etmişdir. “Changan F70” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir edilməsi barədə tərtib edilmiş “Təmir Aktı”na əsasən, dəymiş zərər 6961 manat məbləğində qiymətləndirilmişdir. İddiaçınin mülkiyyətində olan nəqliyyat vasitəsinə cavabdehin istifadəsində olduğu zaman zərər dəymişdir (yanacaq sisteminə aid ehtiyyat hissələri sıradan çıxmışdır) və hesab edirlər ki, dəymiş zərərin əvəzi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilmiş, pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən sözügedən müraciətlərə məhəl qoyulmamış və dəymiş zərərin əvəzinin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir.

11. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı MMC ilə bağladığı 30 iyul 2022-ci il tarixli, B162-AAE-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən, ümumi dəyəri (ƏDV daxil) 63179 Azərbaycan manatı məbləğində müəyyənləşdirilmiş Changan UNİ K markalı, 2022-ci il buraxılışlı (VİN LS4ASE2A8NA 706850, qarametalik) PickUP markalı avtomobilin satış dəyərindən ilkin olaraq 5574 manat ödəməklə, qalan 57600 manatı isə 30 avqust 2022-ci il tarixindən etibarən 36 ay müddətində hər ay 1600 manat ödəmək şərti ilə satın almışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən qalan borcu 12 ay müddətinədək ödədiyi təqdirdə avtomobilin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə (ƏDV daxil) olmaqla 52927 manat məbləğində müəyyən ediləcəyi də şərtləndirilmişdir. Müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, “avtomobil (həmçinin onun əlavə avadanlığı), xüsusilə də onun əsas xüsusiyyətləri haqqında bütün lazımi və asanlıqla əldə edilməsi mümkün olan məlumatlar, satıcının zəmanət öhdəliklərinin şərtləri və s. avtomobili sənədlərində öz əksini tapmışdır. Müqavilədə göstərilmişdir ki, alıcı hazırkı müqaviləni imzalamaqla təsdiq edir ki, o, hazırkı müqaviləni imzalamazdan əvvəl avtomobil haqqında bütün lazımi məlumatlarla satıcının səlahiyyətli nümayəndəsinin şifahi izah etməsi, alıcının avtomobil haqqında reklam məhsulları ilə tanış olması, avtomobilin tələblərinə cavab verdiyi normativ sənədlərin müddəaları ilə alıcının tanış olması və sairə kimi üsullardan istifadə etməklə tanış olmuşdur. Alıcı həmçinin bildirir və təsdiq edir ki, o, avtomobili şüurlu və müstəqil şəkildə seçmişdir”. Changan UNİ K markalı avtomobilin satın alınmasından bir müddət sonra İddiaçı MMC-yə məxsus servisdə avtomobilin yağının dəyişdirilməsi zamanı müəyyən edilmişdir ki, həmin avtomobilin yanacaq nasosu, eyni zamanda yanacaq sisteminə aid olan ümumi dəyəri 8300 manat təşkil edən ehtiyat hissələri tam sıradan çıxmışdır. Yuxarıda göstərilən məbləğdə olan detalların sıradan çıxmasının səbəbinin avtonəqliyyat vasitəsinə texniki xidmət göstərən mütəxəssislər yanacaq sisteminə Azərbaycan Respublikasında satılan dizel yanacağı vasitəsi ilə əlaqələndirərək, bunun ölkəmizdə satılan dizel yanacağının bu avtomobillər üçün uyğun olmaması ilə əsaslandırmışlar. Həmin avtomobilin ölkəmizdə satılan dizel yanacağı ilə işləməsinin qeyd olunan nəticələrə səbəb olması həmin avtomobili alarkən ona nə yazılı, nə də ki şifahi şəkildə bildirilməmişdir. Bu halı əvvəlcədən bildiyi halda sözsüz ki, həmin avtomobili almazdı. İddiaçı müəssisə tərəfindən bu halın ona bildirilməsi, bunu bilə-bilə həmin avtomobili alması ağlabatan mühakimə ilə də uzlaşmır. Digər tərəfdən İddiaçı MMC şirkəti ilə bağladığı 30 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Changan UNİ K markalı avtomobilə satıcı şirkət tərəfindən zəmanət verilmişdir. Həmin zəmanətlə əldə etdiyi avtomobilə 5 il müddətində hər hansı texniki qüsur nəticəsində dəymiş zərərin satıcı şirkət tərəfindən qarşılanması müəyyən olunmuşdur. Sözügedən halın baş verməsi halında satıcı şirkət tərəfindən qeyd olunan hərəkətin icra edilməsinin şərti olaraq, zəmanət müddətində avtomobilə yalnız İddiaçı MMC-yə məxsus servisdə xidmət göstərilməli olduğu da razılaşdırılmışdır. Həmin şərtə daim riayət etmiş, avtomobilə texniki xidməti yalnız, iddiaçı müəssisənin müəyyən etdiyi servisdə həyata keçirmişdir. 2022-ci ilin sentyabr ayında zəmanət tələbinə uyğun olaraq, şirkətin servisinə yaxınlaşmış və avtomobilin yağının dəyişdirilməsini həyata keçirmişdir. Bundan 1 həftə sonra, yəni 2022-ci ilin sentyabr ayında yanacaq nasosunda problem yarandığını görüb yenidən servisə müraciət etmişdir. Sözügedən müraciətinə cavab olaraq avtomobilin yanacaq sisteminə su düşdüyü və bu səbəbdən yanacaq nasosunun sıradan çıxdığı bildirilmişdir və avtomobilə dəymiş zərərin 8300 manat məbləğində təmir oluna biləcəyi qeyd olunmuşdur. Zəmanət tələblərinə uyğun olaraq, dəymiş zərərin (8300 manat) qarşılanmalı olması ilə bağlı İddiaçı MMC tərəfindən müsbət cavab verilməmişdir. Müqavilə şərtlərinə əsasən zəmanət müddəti ərzində Changan UNİ K markalı avtomobilin yanacaq nasosunda texniki qüsurun 3 il müddətində baş verməsi ilə əlaqədar olaraq, dəymiş zərər satıcı şirkət - İddiaçı MMC tərəfindən ödənilməli olmuşdur. Həmçinin, 08 sentyabr 2022-ci il tarixdən etibarən Changan UNİ K markalı avtomobil satıcının ünvanında saxlanılmışdır. Göstərilən tarixdən avtomobildən istifadə etməməsi ilə əlaqədar əldə edə biləcəyi gəlirdən məhrum olmaqla yanaşı, eyni zamanda əlavə gediş-gəliş xərcləri də yaranmışdır. Yuxarıda göstərilənlərlə yanaşı, iddiaçı müəssisənin aidiyyatı məsul şəxsləri ilə əlaqə saxlayaraq yuxarıda sözügedən məsələ ilə əlaqədar mübahisəyə məhkəmə qaydasında baxılıb yekun qiymət verilənədək avtomobilin aylıq ödənişlərini ödəməsi şərti ilə ona qaytarılmasını dəfələrlə xahiş etsə də, bu xahişi hazırkı vaxtadək müsbət cavablandırılmamışdır. Yuxarıda göstərilən tarixdən iddiaçı müəssisə ilə arasında bağlanmış 30 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsində göstərilən şərtlərlə satın aldığı avtomobilin ödənilməyən aylar üzrə dəyərini ödəməsi şərti ilə qaytarılmaması qanunla, eləcə də yuxarıda sözügedən müqavilə ilə nəzərdə tutulan hüquqlarını kobud şəkildə pozduğundan iddiaçı müəssisəyə ünvanladığı 26 dekabr 2022-ci il tarixli məktubda avtonəqliyyat vasitəsinin ödənilməyən aylar üzrə ödənişlərini həyata keçirməsi şərti ilə qaytarılmasını xahiş etmişdir. Lakin iddiaçı sözügedən məktubda göstərilən xahişini icra etməmiş, əksinə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda sadalanan xüsusatlarla yanaşı, onun pozulmuş istehlakçı hüquqlarının bərpa olunmasına dair ərizə ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunmuş və sözügedən xidmət tərəfindən İddiaçı MMC-nin istehlakçı hüquqlarını pozduğu aşkarlandığından iddiaçı müəssisə barəsində 30 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında protokol” əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar həqiqəti əks etdirmir və sözügedən bu hallar ona qarşı irəli sürülən iddia tələbinin təmin edilməsinə əsas ola bilməz. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e- 2(005)-2007/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Qətnamə onunla əsaslandırılmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi kimi cavabdehin “Changan F70” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yanacağa su qatılmaqla sürdüyünü və zərərin məhz onun (cavabdehin) bu əməli nəticəsində yarandığını sübuta yetirməlidir. Həmçinin, məhkəmə hesab etmişdir ki, iddiaçı, hazırkı məhkəmə baxışının predmetini təşkil edən iddia tələblərini irəli sürməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı, cavabdehin “Changan F70” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yanacağa su qatılmaqla sürdüyünü və zərərin məhz cavabdehin bu əməli nəticəsində yarandığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə nəzərə almışdır ki, iş materiallarına əlavə edilmiş texniki müayinə aktı və laboratoriya hesabatında nəqliyyat vasitəsində yaranan qüsur yanacağın tərkibində suyun olması ilə əlaqələndirilsə də, bu hal fərqli qənaətə gəlmək üçün əsas vermir. Çünki əvvəla, həmin sənədlər iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Digər tərəfdən isə, həmin sənədlər nəqliyyat vasitəsində ortaya çıxan qüsurun yanacağın tərkibində suyun olması səbəbindən yarandığını göstərsə belə, bu hərəkətin məhz cavabdeh tərəfindən edildiyini təsdiq etmir. Başqa ifadə ilə, zərərin mövcudluğu sübut olunsa belə, həmin zərərin məhz cavabdehin hüquqa zidd təqsirli hərəkəti nəticəsində meydana gəlməsi sübut edilmir. Həmçinin məntiqli deyildir ki, cavabdeh müqavilə müddətinin sonunda öz mülkiyyətinə keçəcək nəqliyyat vasitəsinin yanacağına su qatmaqla ona bilərəkdən zərər vurmuş olsun. Bundan başqa, ölkə ərazisində yanacağın xüsusi yanacaqdoldurma məntəqələrindən əldə edildiyi hamıya bəlli haldır və əgər həmin yanacaq Satıcı tərəfindən ölkə bazarına çıxarılan nəqliyyat vasitələri üçün uyğun deyilsə, bunun məsuliyyət və riskini alıcılar deyil, satıcı özü daşımalıdır. Belə yanaşma bu cür münasibətdə daha zəif mövqedə olmaqla qorunmalı olan istehlakçıların (alıcıların) hüquqlarının müdafiəsi baxımından daha məqsədəuyğun olmaqla yanaşı, həm də daha ədalətlidir. Digər tərəfdən, yuxarıda da göstərildiyi kimi tərəflər arasındakı müqaviləyə əsasən “Changan F70” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yanacaq nasosuna 3 il və ya 65000 km istehsalçı zəmanətinin verilmiş olduğu işin mübahisəsiz halıdır. Cavabdehin həmin zəmanətin qüvvədə olmasının digər şərtlərini (müqavilənin 5.2-ci bəndinin tələblərini) pozması da irəli sürülməmiş, belə bir halın mövcudluğu müəyyən edilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1, 581.2, 582.2, 624.1, 1096.1-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 571.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Hazırkı halda da satıcı nəqliyyat vasitəsini tam saz vəziyyətdə alıcının istifadəsinə verməklə müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etmiş, lakin avtomobil alıcının istifadəsində olan zaman zədələnmişdir. Beləliklə, əşyanın təsadüfən zədələnməsi riski alıcıya keçmişdir. Lakin, məhkəmə tərəfindən sözügedən qanunvericilik norması nəzərə alınmamışdır. Eyni zamanda, qətnamədə qeyd edilmişdir ki, alıcı tərəfindən nəqliyyat vasitəsinə bilərəkdən zərər vurulması məntiqli deyildir. Lakin hesab edirik ki, nəqliyyat vasitəsinə vurulan zərərin bilərəkdən olub-olmamasından asılı olmayaraq, avtomobil alıcıya təhvil verildikdən sonra olan zədələnmələrə görə alıcı məsuliyyət daşımalıdır. Eyni zamanda, qətnamədə Mülki Məcəllənin 624.1 və 581-ci maddələrinə, o cümlədən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun müddəalarına istinad edilmiş və qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə satılmış nəqliyyat vasitəsində qarantiya müddətində qüsur ortaya çıxmış, iddiaçı tərəfindən isə cavabdehin qarantiya üzrə tələbi yerinə yetirilməmişdir bu hal isə istehlakçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə iclaslarında da dəfələrlə qeyd edildiyi və iş materiallarından, o cümlədən tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin müddəalarından göründüyü kimi, nəqliyyat vasitəsində istifadə edilən yanacağa suyun qatılması, yəni standartlara uyğun olmayan yanacaqdan istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsinə hər hansı bir zərər vurulması zəmanət öhdəliyinin qüvvəsini itirməsinə səbəb olan hallardandır. Tərəflər arasında imzalanmış müqavilənin 5.4.1-ci bəndinin Vİ yarımbəndinə əsasən, “Changan” tərəfindən müəyyən edilməmiş yanacaqdan istifadə zəmanət öhdəliyinin qüvvəsini itirməsinə səbəb olur. Sözügedən müqavilənin 4.1.4-cü bəndinə əsasən, avtomobilin istismarı zamanı istehsalçı zavod tərəfindən müəyyən edilmiş istismar qaydalarına riayət edilməlidir. Sözügedən məsələ ilə bağlı iddiaçı tərəfindən dəfələrlə məhkəməyə və cavabdehə məlumat verilmiş, lakin sözügedən hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda, qətnamədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsləhətçisi Elgün Əliyev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokola istinad edilmiş və Cavabdeh müraciəti əsasında İddiaçı MMC-nin istehlakçı hüquqlarını məhdudlaşdırdığı müəyyən edildiyindən şirkət barəsində inzibati xəta haqqında protokolun tərtib edildiyi qeyd edilmişdir. Lakin, buna baxmayaraq, məhkəmə tərəfindən həmin işin nəticəsi və məhkəmənin gəldiyi yekun qərara istinad edilməmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 3(007)-1200/2023 nömrəli qərarına əsasən İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilmiş, tərtib olunmuş protokol ləğv edilmişdir. Bu hal isə bir daha sübut edir ki, İddiaçı MMC tərəfindən istehlakçının hüquqlarını məhdudlaşdıran hər hansı bir hərəkətə yol verilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərarı məhkəmə iclası zamanı məhkəməyə təqdim edilmiş, lakin sözügedən hal nəzərə alınmamış, qətnamədə həmin qərara istinad edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, ona uyğun izahat vermişdir.

19. Cavabdehin nümayəndəsi apellasiya şikayəti ilə razı olmadığını bildirərək təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7.1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 aprel 2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. ... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı bütövlükdə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

26. İşdən görünür ki, iddiaçının iddia tələbinin əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Belə ki, iddiaçı cavabdehin “Changan F70” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yanacağa su qatılmaqla sürdüyünü və zərərin məhz onun (cavabdehin) bu əməli nəticəsində yarandığını irəli sürür. İddiaçı apellyasiya şikayətində isə Mülki Məcəllənin 571.1-ci maddəsinə istinad etmişdir. Belə ki həmin maddəyə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir.

27. Tərəflər arasında bağlanmış 30 iyul 2022-ci il tarixli, B-162-AAE-22 nömrəli avtomobil alqı-satqısı üzrə müqavilədən görünür ki, “Changan F 70” markalı avtomobilin dəyəri tam ödənilənədək alıcı Cavabdeh istifadəsinə, dəyəri tam ödənildikdən sonra isə mülkiyyətinə verilməsi razılaşdırılmışdır.

28. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

29. Məcəllənin 571.1-ci maddəsində isə təsbit olunmuşdur ki, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir.

30. Kollegiya 567-ci maddəyə istinadən, qeyd edir ki, iddiaçının istinad etdiyi 571.1ci maddədəki satıcının əşyanı alıcıya verməsi anlayışı satıcı tərəfindən əşyanın həm faktiki verilməsini, həm də əşyaya dair mülkiyyət hüquqlarının verilməsini nəzərdə tutur. Bu həm də həmin normanın məntiqindən irəli gəlir ki, əgər əşya tam mülkiyyət hüququ ilə əldə edilmişdirsə və satıcı tərəfindən lazımi keyfiyyətli əşya verilmişdirsə, müqavilə icra edildikdən sonrakı təsadüfi məhv olma və zədələnmə riski əşyanın yeni mülkiyyətçisinin üzərində qalmalıdır.

31. Mülki Məcəllənin 152.10-cu maddəsi də ümumi norma olaraq əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşməsini təsbit etmişdir.

32. Hazırkı müqavilə ilə isə müqavilə predmeti avtomobil alıcının mülkiyyətinə yox, istifadəsinə verildiyindən, müqavilə tərəfi kimi cavabdehin avtomobildə qüsur aşkar olunduğu vaxt həmin avtomobilə dair mülkiyyət hüquqları mövcud olmadığından iddiaçının Mülki Məcəllənin 571.1-ci maddəsinə istinad etməsi əsassızdır.

33. Qeyd olunanlara əsasən, mübahisə predmeti olan avtomobil iddiaçının öz mülkiyyətində olduğundan hazırkı mübahisəyə məhz elə iddiaçının iddia ərizəsində də göstərdiyi delikt münasibətləri baxımından qiymət verilə bilər.

34. Məhkəmə kollegiyası deliktlə bağlı hazırkı mübahisəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 aprel 2021-ci il tarixli Qərarında əks etdirilmiş mövqe baxımından qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün zərəri olan şərtlər mövcud deyildir.

35. Belə ki, ilkin şərt olaraq törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması nəzərdə tutulur və məhz bundan sonra zərərin vurulması və səbəbli əlaqə araşdırılır.

36. Birinci instansiya məhkəməsi isə işin bu hallarını araşdıraraq düzgün olaraq qeyd etmişdir ki, cavabdehin “Changan F70” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yanacağa su qatılmaqla sürdüyünü və zərərin məhz cavabdehin bu əməli nəticəsində yarandığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

37. İş materiallarına əlavə edilmiş texniki müayinə aktı və laboratoriya hesabatında nəqliyyat vasitəsində yaranan qüsur yanacağın tərkibində suyun olması ilə əlaqələndirilsə də, bu hal fərqli qənaətə gəlmək üçün əsas vermir. Çünki əvvəla, həmin sənədlər iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Digər tərəfdən isə, həmin sənədlər nəqliyyat vasitəsində ortaya çıxan qüsurun yanacağın tərkibində suyun olması səbəbindən yarandığını göstərsə belə, bu hərəkətin məhz cavabdeh tərəfindən edildiyini təsdiq etmir. Yəni, zərərin mövcudluğu sübut olunsa belə, həmin zərərin məhz cavabdehin hüquqa zidd təqsirli hərəkəti nəticəsində meydana gəlməsi sübut edilmir.

38. Həmçinin cavabdehin müqavilə müddətinin sonunda öz mülkiyyətinə keçəcək nəqliyyat vasitəsinin yanacağına su qatmaqla ona bilərəkdən zərər vruması da ağlabatan deyildir.

39. Birinci instansiya məhkəməsinin qeyd olunan hüquqi mövqeyini təkzib edən hər hansı dəlil və ya sübut apellyasiya şikayətində də göstərilməmişdir.

40. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(005)- 2007/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(005)- 2007/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar