Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-661/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tanışı olan Cavabdeh xx xxxx 2015-ci il tarixdə 95 000 ABŞ dolları məbləğində borc verdiyini, adı çəkilən şəxsin xx xxxxxx 2016-cı il tarixdə yazılı qəbz verərək həmin məbləğin 60 000 ABŞ dolları hissəsini xx.xx.2016-cı il tarixinədək, qalan 35 000 ABŞ dolları hissəsini həmin ilin may ayının sonunadək qaytaracağını öhdəsinə götürdüyünü, lakin öhdəliyini yerinə yetirə bilmədiyini, daha sonra xx xxxxx 2016-cı il tarixdə Cavabdeh verdiyi 145 000 ABŞ dolları məbləğində borca dair aralarında xx xxx 2016-cı il tarixdə “borcun etirafı haqqında” müqavilə bağlandığını, Cavabdeh aldığı həmin borcun 55 450 ABŞ dolları hissəsini qaytarsa da, qalan 89 450 ABŞ dolları hissəsini qaytarmadığını, eyni zamanda öz avtomobilini Cavabdeh 15 000 manata nisyə satdığını və cavabdehin bu borcunu da ödəmədiyini irəli sürmüş, buna görə də cavabdehdən 184 450 ABŞ dolları və 15 000 manat məbləğində borcun, həmçinin 31 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, əslində iddiaçıdan hər hansı məbləğdə borc almadığı, onunla işbirliyi quraraq özünə məxsus torpaq sahələrinin abadlaşdırılıb tikinti işləri aparıldıqdan sonra gəlir əldə etmək məqsədilə satışa çıxarmaq barədə razılaşdıqları, torpaq sahələrini onun, pul vəsaitini isə iddiaçının qoyduğu, həmin torpaq sahələri üzərində hüquqları xx.xx.2015-ci il tarixli etibarnamə əsasında iddiaçıya verdiyi, xx.xx.2015-ci il tarixdə barəsində cinayət işi başlanaraq həbsə alındıqdan sonra iddiaçı ilə aralarında xx.xx.2015-ci il tarixdə qarşılıqlı razılıq tərtib olunmaqla iddiaçıya 40 000 ABŞ dolları məbləğində borcunun qaldığının müəyyən edildiyi, daha sonra iddiaçının onu xx.xx.2016-cı il tarixdə 145 000 ABŞ dolları borcunun olması barədə borcun etirafı müqaviləsi bağlamağa məcbur etdiyi, xx.xx.2016-cı il tarixdə yenidən aralarında müqavilə bağlandığı və torpaqların 125 000 manata qiymətləndirilərək tikinti aparıldıqdan sonra satışdan torpağın dəyərinin və iddiaçının çəkdiyi xərclərin çıxılmaqla qalan məbləğin bölüşdürülməsi barədə razılıq əldə etdikləri, xx.xx.2016-cı il tarixdə bu razılığın yenidən dəqiqləşdirildiyi, beləliklə də aralarında hər hansı borc qalığının qalmadığı, iddiaçının hər iki torpaq sahəsini öz adına sənədləşdirdiyi və dəyərini ona ödəmədiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iddianın qismən təmin edilməsi, Hüseynov Tərlan Kərim oğlundan Mahmudov Maqsud Soltan oğlunun xeyrinə 145 000 ABŞ dollarının tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən apellyator şikayətini müdafiə edərək onun təmin olunmasını istəmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu və cavabdehin borcun əvəzi kimi verdiyi torpaq sahələrinin “Dostluq Parkı”nın ərazisinə düşməklə sonradan geri alındığını bildirərək qanuni qərar çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu arqument isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarında Cavabdeh məhkəmə iclaslarının yeri-vaxtı barəsində məlumatlandırılmasına dair heç bir sübut mövcud deyildir və belə görünür ki, məhkəmə, iclasın yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmaqla ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2.2-ci və 387.2.4-cü maddələrinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmçinin qeyd olunmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi də nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, “...Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddiasını qismən təmin edib Cavabdeh onun xeyrinə 145 000 ABŞ dolları tutarkən həmin borcun notariatda təsdiq olunmuş müqavilə ilə rəsmiləşdirilməsini əsas göstərmişdir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi ödənilməmiş borcun məbləğini müəyyən edərkən cavabdehin bütün dəlillərini nəzərə alıb onlara müvafiq hüquqi qiymət vermədiyindən qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, tərəflər arasında 145 000 ABŞ dollarına dair yaranmış borc münasibəti notariatda təsdiq olunmuş müqavilə ilə rəsmiləşdirilməklə həmin müqavilənin həqiqiliyi onun iştirakçıları tərəfindən mübahisələndirilmir. Cavabdeh tərəfindən mübahisələndirilən məsələ ondan tutulan borcun məbləği ilə bağlıdır. Cavabdehə görə o, həmin borcu iddiaçının adına hər birinin ölçüsü 1200 kv.metr olan iki torpaq sahəsinə dair etibarnamə verməklə əvəzləşdirilmiş, qalıq borcun cəmi məbləği 40 000 ABŞ dolları təşkil etmişdir. İşin 82-83-cü səhifələrində olan 23 və xx xxxxxx 2016-cı il tarixli Dövlət Reyestrindən çıxarışlardan görünür ki, həqiqətən də, iddiaçının həyat yoldaşı S.H.Mahmudova Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32-də yerləşən hər birinin ölçüsü 0,12 ha olan iki torpaq sahəsinin mülkiyyətçisidir. Məhkəməyə təqdim olunmuş çıxarışlar sənədin kserosurəti olsa da, məhkəmə kollegiyası cavabdehin bununla əlaqədar irəli sürdüyü dəlillərin yoxlanılmasını təmin etməli, bu məqsədlə iddiaçının həmin çıxarışlara münasibətini aydınlaşdırmalı, həmin çıxarışların verilməsi üçün əsas olmuş sənədləri tələb edib qiymətləndirməli idi. Qalıq borcun məbləğinin 40 000 ABŞ dolları təşkil etməsinə dair cavabdehin dəlili də, işdən göründüyü kimi yoxlanılmamış, bu məqsədlə müvafiq araşdırma aparılmamış, iddiaçının həmin dəlilə münasibəti öyrənilməmişdir”. Kassasiya instansiyasının mövqeyini də əsas götürməklə məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, xx xxx 2016-cı il tarixdə tərəflər arasında borcun etirafı müqaviləsi bağlanaraq Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq olunmuş, müqaviləyə görə Cavabdeh xx.xx.2016-cı il tarixdə İddiaçı 145 000 (yüz qırx beş min) ABŞ dolları məbləğində borc aldığını etiraf etməklə həmin məbləği xx.xx.2016-cı il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının özünün bildirməsinə görə Cavabdeh həmin borc məbləğindən xx.xx.2016-cı il tarixdə 6650 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə isə 48 800 ABŞ dolları olmaqla ümumilikdə 55 450 ABŞ dollarını qaytarmış və onun 89 550 ABŞ dolları borcu qalmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi bu hal, iş materiallarına surəti əlavə edilmiş və tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə adlandırılan sənəddə də əksini tapmışdır. İşin hallarından aydın olur ki, iddiaçı məhz həmin qalıq 89 550 ABŞ dolları borcu, həmçinin xx.xx.2015-ci il tarixdə cavabdehə borc olaraq verdiyini iddia etdiyi 95 000 ABŞ dollarını və eləcə də avtomobilini cavabdehə nisyə satmasından yarandığını bildirdiyi 15 000 manat borcu cavabdehdən tələb etməkdədir; cavabdehin bildirməsinə görə isə əslində iddiaçıdan hər hansı məbləğdə borc almamış, onunla işbirliyi quraraq özünə məxsus torpaq sahələrinin abadlaşdırılıb tikinti işləri aparıldıqdan sonra gəlir əldə etmək məqsədilə satışa çıxarmaq barədə razılaşmış, sonradan həbsə alındıqdığından iddiaçı ilə aralarında xx.xx.2015-ci il tarixdə qarşılıqlı razılıq tərtib olunmaqla iddiaçıya 40 000 ABŞ dolları məbləğində borcunun qaldığı müəyyən edilmiş, xx.xx.2016-cı il tarixdə iddiaçı onu 145 000 ABŞ dolları borcunun olması barədə borcun etirafı müqaviləsi bağlamağa məcbur etmiş, bu borcdan 50 000 ABŞ dolları ödəmiş, qalıq borcun əvəzində isə 125 000 manata qiymətləndirilmiş iki ədəd torpaq sahəsini iddiaçıya vermişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Kollegiya hesab edir ki, iş materiallarında iddiaçının istinad etdiyi müxtəlif əlyazıları və müqavilə adlandırılan sənədlər mövcud olsa da, onlar tərəflərin xx.xx.2016-cı il tarixli notarial müqavilədən əvvəlki dövrə aid münasibətlərini əks etdirdiklərindən, məhz xx.xx.2016-cı il tarixli müqavilə cavabdehin iddiaçıya olan ümumi borcunun rəsmiləşdirildiyi mötəbər sübut kimi qəbul edilməlidir. Başqa sözlə, iddiaçı xx.xx.2015-ci il tarixdə də cavabdehə 95 000 ABŞ dolları borc verdiyini, həmçinin avtomobilini cavabdehə nisyə satmasından onun 15 000 manat borcunun yarandığını bildirsə də, kollegiyanın qənaətinə görə həmin məbləğlərin məhz 145 000 ABŞ dollarının tərkibinə daxil olduğu qənaətinə gəlmək daha ağlabatandır; xüsusilə ona görə ki, bir şəxsin, ona kifayət qədər yüksək məbləğdə borclu olan və borcunu ödəyə bilməyən şəxsə yenidən 145 000 ABŞ dolları borc verdiyini qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Bu kontekstdə kollegiyanın qənaətinə görə iddiaçının iddia tələbinin əsası kimi məhz xx.xx.2016-cı il tarixli müqavilə nəzərdən keçirilə bilər və bu müqavilə üzrə cavabdehin öz öhdəliyini yerinə yetirib-yetirmədiyi aydınlaşdırılmalıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, həmin müqavilə üzrə cavabdehin ona ümumilikdə 55 450 ABŞ dollarını qaytardığını və 89 550 ABŞ dolları borcu qaldığını, cavabdeh isə 90 000 ABŞ dolları borcunun qaldığını, lakin bu qalıq borcu iddiaçıya verdiyi torpaq sahələri ilə əvəzləşdirdiklərini və nəticədə iddiaçıya 40 000 ABŞ dolları borcu qaldığını bildirmişlər. Təkrar apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, həqiqətən də Bakı şəhəri, Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən və hər birinin ölçüsü 0,12 ha olan iki torpaq sahəsi ilə bağlı tərəflər arasında birlikdə iş görmək barədə razılaşmalar olmuş, Cavabdeh tərəfindən Mahmud Maqsudova torpaq sahələrinə dair etibarnamələr verilmiş, həmin torpaq sahələri sonradan (xx.xx.2016-cı və xx.xx.2016-cı il tarixlərdə) Mahmud Maqsudovun həyat yoldaşı Səhər Maqsudovanın adına mülkiyyət hüququ üzrə qeydə alınmış, lakin torpaq sahələri “Dostluq” parkının ərazisində yerləşdiyinə görə Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarları ilə onların ilkin hüquqi qeydiyyata alınmasına dair sənədlər ləğv edilmişdir. Kollegiyanın qənaətinə görə, nə qədər ki, torpaq sahələrinin ilkin hüquqi qeydiyyata alınması məhkəmə qərarları əsasında qanunsuz hesab edilmişdir, bu hal Səhər Mahmudovanın adına verilmiş çıxarışların da mübahisəli olduğuna dəlalət edir və belə olan halda xx.xx.2016-cı il tarixli müqavilə üzrə cavabdehin borclu qaldığını etiraf etdiyi 90 000 ABŞ dollarının həmin torpaq sahələri ilə əvəzləşdirilmiş olması nəticəsinə gəlmək mümkün deyildir. Çünkü torpaq sahələrinə dair ilkin hüquqi sənədlərin ləğv olunması nəticəsində onlar ilkin hüquqi vəziyyətinə, yəni dövlət (bələdiyyə) mülkiyyətinə qayıdacaq və Səhər Mahmudova bu sahələr üzərindəki mülkiyyət hüququndan məhrum olacaqdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, xx.xx.2016-cı il tarixli müqavilə üzrə cavabdehdən 89 550 ABŞ dolları borc məbləği tutulmalı (cavabdeh həmin müqavilə üzrə 90 000 ABŞ dolları borcunun qaldığını etiraf etsə də, iddiaçı bu məbləğin 89 550 ABŞ dolları olduğunu bildirdiyi üçün), iddia tələbləri qalan hissələrdə təmin olunmamalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri məsələsinə də münasibət bildirərək qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi rüsum məbləği cavabdehdən onun xeyrinə tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə cavabdehə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6774/2018 saylı iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 89 550 (səksən doqquz min beş yüz əlli) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) borc məbləği, habelə dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat 40 qəpik) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Şeyda Məhərrəmova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-661/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-661/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver