Məhkəmə qərarları › İş №2(103)-6611/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6611/2023

24.10.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6611/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-841/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərardadından qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X4 tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın binasında 233 A saylı mənzilə dair istifadə və sahiblik hüquqlarının tanınması, həmin yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarına yaranan maneə və məhdudiyyətlərin aradan qaldırılması və mənzilin ona geri təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-841/2023 nömrəli, xx.xx.2023cü il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş binanın 233A saylı mənzilinə İddiaçı istifadə və sahiblik hüququ tanınmaqla, həmin yaşayış sahəsinə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneə və məhdudiyyətlərin aradan qaldırılması, həmin mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması qət olunmuşdur. Həmin qətnamədən maraqlarına toxunan şəxs qismində X4 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-841/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır (qətnamənin X1 maraqlarına toxunmaması, habelə apellyasiya şikayətinin qanunla müəyyən edilmiş formasına və məzmununa uyğun tərtib olunmaması əsasları ilə). Bundan sonra, X1 nümayəndəsi (vəkili) Nümayəndə tərəifndən həmin qərardaddan şikayət verilmiş, eyni zamanda şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə təqdim olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-841/2023 saylı qərardadı buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, şikayət qaytarılmışdır. X4 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004-841/2023 saylı qərardadının ləğv olunmasını və prosessual müddətin bərpa edilməsini xahiş etmiş, şikayət təmin olunmamış, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X1 təqdim etdiyi 14 avqust 2009-cu il tarixli “Yaşayış binasının mənzil tikintisi haqqında” müqavilənin, eyni tarixli maliyyət arayışının və Cavabdeh MTK-nın 05 sentyabr 2023-cü il tarixli arayışının surətlərindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının, sahəsi 85,8 m2 olan 233M saylı mansardının MTK tərəfindən X2 verilməsi razılaşdırılmışdır və həmin sahə ilə İddiaçı 21 yanvar 2013-cü il tarixli müqavilə ilə verilməsi nəzərdə tutulmuş 233A saylı mənzil eyni sahədir. X4 qətnamədən verdiyi şikayətin qaytarılması barədə qərardadı mübahisələndirərkən onun təqdim etdiyi sənədlərə düzgün qiymət verilməməsini, qətnamənin onun hüquq və vəzifələrinə toxunması halının obyektiv araşdırılmamasını göstərmişdir. Birinci instansiya məhkəməsi isə qərardadan verilmiş şikayətə baxmaqdan imtina edərək, buraxılmış prosessual müddəti bərpa etməmişdir. MPM-in 133.2 və 133.3-cü maddələrinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən, buraxılmış prosessual müddətin üzrlü olmasını təsdiq edən sübutların təqdim olunmamasını qeyd etmişdir. Maraqlı şəxs X1 vəkili Nümayəndə şikayətində qeyd etmişdir ki, qərardad elektron kabinetə rəsmi qaydada 27 iyul 2023-cü il tarixində yerləşdirilmiş, lakin, səhhətində yaranan problemlə əlaqədar olaraq vaxtında şikayəti verə bilməmiş və 10 gün müddəti ötürmüşdür. Həmçinin 38 saylı vəkil bürosunun xx.xx.2023-cü il tarixli 2 nömrəli əmrindən də göründüyü kimi 22 iyul 2023-cü il tarixindən 22 avqust 2023-cü il tarixinə qədər məzuniyyətdə olmuşdur. Məzuniyyət ərəfəsində səhhətində yaranmış problemlə əlaqədar olaraq müalicə alınmasından ötrü xarici ölkələrdə olmuşdur. İşdə olan sübutlardan (təyyarə bileti, məzuniyyət barədə əmr və s.) görünür ki, iddiaçının vəkili Nümayəndə 22 iyul - 22 avqust 2023-cü il tarixlərində məzuniyyətə çıxmış, 23 iyul 2023-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. Bununla yanaşı, işdən görünür ki, apellyasiya şikayətinin qaytarılması barədə Yasamal Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərardadı ümumiyyətlə maraqlı şəxs X2 göndərilməmişdir (təqdim olunmamışdır). Göründüyü kimi, maraqlı şəxsin hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yox, yol verilmiş qüsurları ən tez zamanda aradan qaldırmaqla, hüquq və vəzifələrinə toxunan məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. MPM-in 398.0 və 398.0.3-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri, həmçinin hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə konstitusion təminatın olmasını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-841/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərardadı ləğv olunmalı, buraxılmış prosessual müddət üzrlü sayılaraq bərpa olunmalı, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-841/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərardadından maraqlı şəxs X4 tərəfindən verilmiş şikayət təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-841/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X1 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 841/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət üzrlü sayılaraq bərpa edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 841/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün) yerinə yetirilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar