Məhkəmə qərarları › İş №2(103)-6616/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6616/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6616/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-823/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdən İddiaçındə “Sürücü” vəzifəsində işləyən Cavabdeh oğlu, xx.xx.2021-ci il tarixdə Cəmiyyətə məxsus **-JV-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əmək funksiyalarını yerinə yetirərkən Beyləqan rayonu ərazisində avtomobildə nasazlıq yaranmış və nəticədə avtomobilin mühərriki sıradan çıxmışdır.

2. Cavabdeh xx.xx.2021-ci il tarixli "xxxx" MMC-ə ərizə ilə müraciət edərək, İddiaçı MMC-ə məxsus olan **-JV-*** markalı yük avtomobilinin mühərrikinin sıradan çıxmasına görə dəymiş 5000 manat ziyanla razı olduğunu, tam ödəməyə maddi imkanı olmadığını, aylıq əmək haqqından 300 manat tutulmasını xahiş etmişdir. Həmin zərərin ödənilməsi məqsədilə cavabdehin ərizəsi əsasında onun əmək haqqından 1.778,34 manat tutulmuşdur.

3. İş materiallarında olan, 59 saylı, xx.xx.2021-c il tarixli əmrdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh oğluna qarşı “işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, işçi tərəfindən İşəgötürənə vurulmuş 3.221,66 manat məbləğində maddi ziyanın Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-də “Sürücü”vəzifəsində işə qəbul olunmuş və müxtəlif hüquqi və ya fiziki şəxslərlə Cəmiyyət arasında bağlanan “Daşıma” müqavilələrinə əsasən, Cəmiyyətin mülkiyyətində və ya istifadəsində olan yük nəqliyyat vasitələri ilə yüklərin daşınmasını həyata keçirmək məqsədilə sürücü olaraq çalışmışdır. (Əsas: xx.xx.2021-ci il tarixli ərizə qoşmaya 3 saylı əlavə, əmək müqaviləsi – qoşmaya 4 saylı əlavə, vəzifə təlimatı – qoşmaya 5 saylı əlavə) Eyni zamanda cavabdehlə Cəmiyyət arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. (qoşmaya 6 saylı əlavə). İşin faktiki halı belə baş vermişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixdə Cəmiyyətə məxsus **-JV-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əmək funksiyalarını yerinə yetirərkən Beyləqan rayonu ərazisində avtomobildə nasazlıq aşkarlamışdır. Təlimata uyun olaraq aşkarlanan nasazlıq barədə Cəmiyyətdə “baş dispetçer” vəzifəsində çalışan Namiq Alıyevə məlumat vermişdir. Namiq Alıyev cavabdehə nəqliyyat vasitəsini qəti olaraq idarə etməməyi, olduğu yerdə mühərriki söndürərək saxlamaq barədə göstəriş vermişdir. Lakin cavabdeh bir müddət gözlədikdən sonra nəqliyyat vasitəsinin mühərrikini işə salaraq hərəkətə başlamışdır. Bundan sonra avtomobilin mühərriki sıradan çıxmışdır. Nəticədə Cəmiyyətə 5000 manat zərər dəymişdir. Hadisə barədə cavabdeh xx.xx.2021-ci il tarixdə izahat vermişdir. (qoşmaya 7 saylı əlavə) İzahatında vurduğu zərəri etiraf etmişdir. Eyni zamanda dəymiş zərərin məbləği ilə da razılaşmış (qoşmaya 8 saylı əlavə) və onun hissə-hissə ödənilməsini xahiş etmişdir. Lakin sonra işçi heç bir xəbər vermədən işə gəlməmişdir. xx.xx.2021-ci il tarixdə cavabdehə Cəmiyyət tərəfindən rəsmi məktub göndərilərək işə çıxmamasının səbəbləri barədə məlumat verilməsi tələb edilmişdir. (qoşmaya 9 saylı əlavə ) Həmin tələbimiz də yerinə yetirilmədiyi üçün xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. (qoşmaya 10 saylı əlavə) Göstərilənləri nəzərə alaraq bildirmək istəyirik ki, xidməti vəzifələrini yerinə yetirən zaman cavabdeh tərəfindən İddiaçı MMC-yə 5000 manat miqdarında maddi ziyan dəymişdir. Həmin zərərin ödənilməsi məqsədilə cavabdehin ərizəsi əsasında __ ay müddətində onun əmək haqqından 1.778.34 manat tutulmuşdur. Hazırda cavabdehin İddiaçı MMC-yə 3.221.66 manat borcu qalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən həmin ziyanın əvəzi tam həcmdə ödənilməlidir. Qeyd edilən məbləğdə ziyan vurulması cavabdehin yazdığı izahatla təsdiq olunur.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(002)-823/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Əhmədova) İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı “işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi zərərin əvəzinin ödənilməsi” iddia tələbinin təmin edilməməsi, ödənilmiş 2,30 (iki manat 30 qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mülki iş üzrə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Başqa sözlə, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübut etmək öhdəliyini daşıyır.

8. Həmçinin birinci instansiya məhkəməsinin qeyd etmişdir ki, iddiaçı avtomobilə vurulmuş ziyanın müəyyən eidlməsi ilə bağlı yeganə sübut qismində cavabdehin yazdığı izahat ərizəsinə istinad etmiş, cavabdehin təqsirli hərəkətləri nəticəsində avtomobilin hansı hissələrinin və hansı dərəcədə zədələnməsi barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Əmək Məcəlləsinin 191.1, 191.2,, 192.1, 192.2, 194.1, 199, 200.1, 202 və 205-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 214.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. a) Apelyasiya şikayətinin dəlilləri:

11. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

12. İddiaçı MMC-nin apelyasiya şikayətində göstərilmişdir ki, xidməti vəzifələrini yerinə yetirən zaman cavabdeh tərəfindən İddiaçı MMC-yə 5000 manat miqdarında maddi ziyan dəymiş, zərərin ödənilməsi məqsədilə cavabdehin ərizəsi əsasında onun əmək haqqından 1.778.34 manat tutulmuş, 3.221.66 manat borcu qalmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından iş üzrə qətnamə əsassızdır və ləğv olunmalıdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə izahat vermiş, izahatında vurduğu zərəri etiraf etmiş, dəymiş zərərin məbləği ilə da razılaşmış və onun hissə-hissə ödənilməsini xahiş etmişdir. Lakin sonra işçi heç bir xəbər vermədən işə gəlməmişdir. Qəza baş verən zaman cavabdehin öz iradəsi ilə vurduğu ziyanı aşkar surətdə qəbul etdiyini, ziyanın məbləğini və ziyanı ödəməyi öhdəsinə götürdüyü halda əlavə olaraq qüsur aktı və s rəsmləşdirmələrin aparılmasına hansı səbəbdən ehtiyac olduğunu məhkəmə əsaslandıra bilməmişdir. Digər tərəfdən cavabdeh öz izahatı ilə ödəyəcəyini öhdəsinə götürdüyü ziyan məbləğinin bir qisminin ödənilməsi və buvaxtadək tərəfindən həmin ödənişin mübahisələndirilməməsi bir daha ziyanın yarandığını və onun cavabdeh tərəfindən törədildiyini sübut edir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

14. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh oğlu məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Qətnamədən İddiaçı MMC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları təsbit edilir.

20. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya pəkməli olduğu xərclər, əmlakından məhrum olrnası və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

28. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

29. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

30. Maddə 192.1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

31. Maddə 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

32. Maddə 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

33. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;

34. Maddə 200.1-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

35. Maddə 202. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.

36. Maddə 205. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

45. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyiş

48. Məhkəmə kollegiyası İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobil cavabdehin faktiki sahibliyində olmuş, avtomobildə yaranmış nasazlıq nəticəsində avtomobilin mühərriki sıradan çıxmışdır. İddiaçı avtomobilə vurulmuş ziyanın müəyyən eidlməsi ilə bağlı yeganə sübut qismində cavabdehin yazdığı izahat ərizəsinə istinad etmiş, cavabdehin təqsirli hərəkətləri nəticəsində avtomobilin hansı hissələrinin və hansı dərəcədə zədələnməsi barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

50. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin sübut qismində istinad etdiyi cavabdehin izahat ərizəsi ilə bağlı qeyd etmişdir ki, cavabeh qeyd edilən ərizənin işdən çıxmamaq üçün məcburiyyət altında qalaraq yazdığını ifadə etmişdir. Həmçinin, məhkəmə hesab etmişdir ki, qeyd edilən ərizə o halda vurulmuş ziyanın məbləğinin müəyyən eidlməsi üçün sübut qismində çıxış edə bilərdi ki, bu hal tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən eidlmiş olardı və qarşılıqlı razılaşma indiki halda da aşkar olardı.

51. Bundan əlavə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmlaka vurulmuş ziyanın məbləği məhz bu sahədə xüsusi biliyi olan şəxslər-müətəxəssislər tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilməli olduğu halda, iddiaçı tərəfindən belə bir araşdırmanın aparılmasına dair heç bir sübut (qüsur aktı və ya digər sənəd) məhkəməyə təqdim edilməmişdir. Həmin ərizədə qeyd edilən vurulmuş ziyanın məbləğinin 5000 manat olmasının nəyin nəticəsi olaraq (hansı araşdırmanın nəticəsi olaraq ziyanın məbləği qismində müəyyən edildiyi) müəyyən edildiyi qeyd edilməmiş, habelə bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də indiki halda tərəflər arasında vurulmuş ziyanın məbləği ilə bağlı belə bir qarşılıqlı razılaşmanın olması halı müəyyən edilmədiyindən, qeyd edilən ərizə (hər hansı araşdırmanın nəticəsinə əsaslanmadığından) vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün mötəbər sübut qismində çıxış edə bilməz. İddiaçı tərəfindən isə qeyd edilən halla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

52. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, araşdırma zamanı təyin edilmiş müvafiq ekspertizanın keçirilməsi üçün zəruri olan tədqiqat nümunələri (qüsur aktı) təqdim edilmədiyindən, iş üçün əhəmiyyət kəsb edən həmin halların müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizanın keçirilməsi mümkün olmamış, baş vermiş hadisə nəticəsində avtomobilin hansı hissəsinin və hansı dərəcədə zədələnməsinin və ziyanın məbləğinin müəyyən edilməsi mümkün olmamışdır. Halbuki qeyd edilən halla dair sübut təqdim etmək və həmin halları sübut etmək vəzifəsi məhz iddiaçı tərəfin üzərinə düşür.İddiaçı tərəf isə qeyd edilən halla (avtomobilin hansı hissəsinin və hansı dərəcədə zədələnməsi) bağlı heç bir sənədin (qüsur aktı və digər) olmadığını bildirmişdir.

53. Bu halda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki mülki iş üzrə vurulmuş ziyanın məbləğinin yalnız xüsusi bilik əsasında mütəxəssis (ekspert) rəyi əsasında müəyyən eidlməsi mümkün olduğundan, iddiaçı tərəfindən isə müvafiq ekspertizanın keçririlməsi üçün zərrui olan sənədlərin (qüsur aktı və digər) təqdim eidlmədiyindən, habelə hazırda da həmin sənədlərin iddiaçı tərəfindən təqidm edilməsinin qeyr-mümkün olduğundan, hazırki mülki iş üzrə MPM-nin 97.5-ci maddəsinin tələbinin tətbiq eidlməsi üçün əsas vardır. Başqa sözlə, iddiaçı tərəfindən vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün (habelə bununla bağlı müvafiq ekspertizanın keçirilməsi üçün) zəruri olan heç bir sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir. Halbuki, bu iddiaçının vəzifəsi olmuşdur.

54. Ona görə də, birinci instansiya məhkəməsi qeyd eidlən halları əsas götürərək, hesab etmişdir ki, iddiaçı tərəfindən qüsur aktı və ya avtomobilin hansı hissəsinin, hansı dərəcədə zədələnməsinə dair hər hansı sənəd təqdim edilmədiyindən, iddiaçıya məhz 5000 manat məbləğdə ziyan vurulması və qalıq məbləğin 3.221.66 manat ziyan məbləği olması halının müəyyən edilməsi mümkün olmadığından, iddia tələbi təmin edilməməlidir.

55. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.

56. İddiaçı MMC-nin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh xx.xx.2021-ci il tarixdə izahat vermiş, izahatında vurduğu zərəri etiraf etmiş, dəymiş zərərin məbləği ilə razılaşmış və onun hissə-hissə ödənilməsini xahiş etmişdir. Qəza baş verən zaman cavabdehin öz iradəsi ilə vurduğu ziyanı aşkar surətdə qəbul etdiyi, ziyanın məbləğini və ziyanı ödəməyi öhdəsinə götürdüyü halda əlavə olaraq qüsur aktı və s rəsmləşdirmələrin aparılmasına hansı səbəbdən ehtiyac olduğunu məhkəmə əsaslandıra bilməmişdir. Digər tərəfdən cavabdeh öz izahatı ilə ödəyəcəyini öhdəsinə götürdüyü ziyan məbləğinin bir qisminin ödənilməsi və buvaxtadək tərəfindən həmin ödənişin mübahisələndirilməməsi bir daha ziyanın yarandığını və onun cavabdeh tərəfindən törədildiyini sübut edir.

57. Məhkəmə kollegiyası cavabdehin apelyasiya yuxarıda qeyd olunan dəlillərini qiymətləndirərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, cavabdehin xx.xx.2021-ci il tarixdə izahat verərək, izahatında vurduğu zərəri etiraf etməsi, dəymiş zərərin məbləği ilə razılaşması və onun hissə-hissə ödənilməsini xahiş etməsi, hazırki mülki iş üzrə cavabdeh kimi qoyulmuş Cavabdeh oğlundan 3.221,66 manat maddi zərərin tutulması üçün əsas hesab edilə bilməz.

58. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.

59. İddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

60. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.

61. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

62. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.

63. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

64. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

65. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

66. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, hazırda İddiaçı MMC-nin mübahisələndirdiyi pul məbləği beş min manatdan az, yəni 3.221,66 (üç min iki yüz iyirmi bir manat altmış altı qəpik) manat təşkil edir.

67. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-823/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar