Məhkəmə qərarları › İş №2(103)-6619/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6619/2023

01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6619/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X6 və X7 cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X20ı və X1rşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6619/2023 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X12 və X10 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X6 və X7 cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X20ı və X1rşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2513/2023 saylı 08 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X20ı və X1rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X22” tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X20ı və X17 Birliyinə 169.981 manat “qaytarılmış məbləğ” və ondan Teleradio İB-nin xeyrinə tutulmalı olan 120.892 manat arasındakı fərqi təşkil edən 49.088 manat pulun və məhkəmə xərcinin əvəzi olan 237 manat olmaqla, ümumilikdə 49.325 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X19 X11 rəisi vəzifəsində işləyərkən filialın baş mühasibi X6 və mühasib X8 ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 saylı, 07 aprel 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 313 və 314.1 maddələri ilə nəzərdə tutulan cinayət törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2011-ci il tarixli hökmü ilə 1(101)- 168/11 saylı cinayət işi üzrə mulki iddia təmin edilərək "İddiaçı, Məhəbbət İbadova və Şəlalə İbrahimovadan 359.303,2 (üç yüz əlli doqquz min üç yüz üç manat iki qəpik) və 2.250 (iki min iki yüz əlli) manat İddiaçı və Məhəbbət İbadovadan müştərək qaydada Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X20 və X17 birliyinin xeyrinə tutulması" hökm edilmişdir. Hökmə əsasən 28 noyabr 2011-ci il tarixli icra vərəqəsi vermişdir. Mülki iddianın onun öhdəsinə düşən hissəsinin təmin edilməsi üçün o, zərərçəkmiş şəxs qismində tanınmış Birliyə mənzil təklif etmişdir. Həmin mənzil “Azərekspertiza” Birliyi tərəfindən orta bazar qiyməti 175.000 manat, likvid qiyməti 150.000 manat qiymətləndirilmişdir. Cinayət işi materiallarına əsasən qardaşı Tahir Əliyev xx.xx.2011-ci il tarixli ərizə ilə müraciət edərək xx.xx.2011-ci tarixli etibarnamə əsasında sözügedən mənzilə aid alğı-satqı müqaviləsini, maliyyə arayışını və 169.981 manat pulun kassa mədaxil orderinin qəbzini cavabdeh Birliyin direktoruna təqdim etmişdir. Bundan sonra Birliyin baş direktoru Əflatun Şərifov daşınmaz əmlakın qəbul edilməsi barədə apellyasiya məhkəməsinə xx.xx.2011-ci il tarixli arayış təqdim etmişdir. Lakin bundan sonra mənzilin Teleradio İB-nin mənafeyinə necə realizasiya edilməsi (balansa götürülməsi, satılması və s.) haqqında 28 noyabr 2011-ci il tarixli icra sənədinin onun icrasına nəzarət edən Bakı Ağır Cinayətlər Məhkəməsinə rəsmi məlumat verilməmiş, Birliyin baş direktoru qərəzli mövqe tutaraq iddiaçıya qarşı qanunsuz icra hərəkətlərini davam etdirmişdir. Belə ki, Birliyin direktorunun xx.xx.2015-ci il tarixli məktubu əsasında Binəqədi rayon İcra şöbəsinin icra məmuru Tural Süleymanov tərəfindən 28 noyabr 2011ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərar qəbul edilmişdir. Bundan başqa iddiaçının izahatı əsasında icra şöbəsi tərəfindən verilən sorğuya cavab olaraq cavabdeh Birlik xx.xx.2015-ci il tarixli məktubunda “Ali Məhkəmənin Cinayət Kollegiyasının 1(102)-140/12 saylı, xx.xx.2012-ci il Qərarına əsasən İddiaçı tərəfindən xx.xx.2011-ci il tarixdə 150.000 manat dəyərində əmlak Teleradio İB-nə təqdim edilmişdir” məzmunda cavab vermişdir. Göstərilənlərlə yanaşı o, 28 noyabr 2011-ci il tarix icra vərəqinə izah verilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə isə 1(101)-168/11 saylı, 21 iyul 2015-ci tarixli məktubunda “müştərək” sözünün izahı verərək hökmlə təmin edilən mülki iddianın cavabdehlər arasında tam bərabər bölünməsinin nəzərdə tutulmasını qeyd etmişdir. Bundan sonra Binəqədi rayon icra şöbəsinin xx/xx-10374-9 saylı, xx.xx.2015-ci tarixli qərarı ilə 28 noyabr 2011-ci il tarixli icra vərəqəsi ona aid olan hissədə icra edildiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə geri qaytarılmışdır. Belə olan halda, icra sənədinə əsasən tərəflərin hər birindən 119.767,73 manat olmaqla cəmi 359.303,2 manat; ondan və Məhəbbət İbadovadan ayrılıqda 1125 manat olmaqla cəmi 2.250 tutulmalıdır. Dolayısı ilə o, icra sənədinə əsasən ondan tutulmalı olan məbləğ 119.767,73+1125=120.892,73 manat təşkil edir. O, öhdəsinə düşən həmin borcun təminatı olaraq orta bazar qiyməti 175.000 manat, likvid qiyməti 150.000 manat olan əmlakı cinayət işi üzrə zərərçəkmiş, hazırda isə icra sənədi üzrə tələbkar olan Birliyə təhvil vermişdir. Lakin təhvil verilmiş əmlakın dəyəri ilə ondan icra sənədi üzrə tutulmalı olan borc məbləğinin fərqi ona geri qaytarılmamışdır. İcra sənədi üzrə digər borclular X6 və X7 tərəfindən borcdan hansı məbləğdə pul vəsaitinin ödənilməsinin müəyyən edilməsi məqsədilə tərəfindən Yasamal rayon icra şöbəsinə sorğu vermiş və onlar tərəfindən hazıradək hər hansı məbləğdə pul vəsaitinin ödənilmədiyini aşkar etmişdir. Eyni zamanda onun tərəfindən Birliyə təhvil verilmiş mənzilin realizasiyasının müəyyən edilməsi məqsədilə sorğu verilmiş, ona ünvanlanmış xx.xx.2022ci il tarixli cavab məktubunda isə qeyd edilmişdir ki, həmin mənzil Birliyin hesabına qəbul edilmiş, “X22” tərəfindən verilən xx.xx.2015-ci il tarixli arayışa əsasən mənzil üçün ödənilmiş məbləğ Birliyə geri qaytarılmışdır. Beləliklə həmin cavabdan belə nəticə gəlinir ki, mənzil Birlik tərəfindən “X22”na satılmışdır. Göstərilənlərlə yanaşı iddia ərizəsində qeyd edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-168/11 saylı cinayət işi materiallarında olan kassa mədaxil orderinə əsasən onun tərəfindən mənzilə görə 169.981 manat pul vəsaiti ödənilmişdir. Bundan isə belə nəticəyə gəlinir ki, cavabdeh Birliyin ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilən “X22” tərəfindən ona qaytarılmış məbləğ 169.981 manat təşkil edir. AR Mülki Məcəlləsinin tələblərinə əsasən əmlakı saxlayan kreditorun tələbləri girovla təmin edilmiş tələblərin ödənilməsi üçün nəzərdə tutulan həcmdə və qaydada əmlakın dəyərindən ödənilir. Yuxarıda sadalanan işin hallarına əsasən “X22” tərəfindən mənzilə görə Birliyə qaytarılmış məbləğlə (yəni 169.981 manat) ondan Birliyin xeyrinə tutulmalı olan 120.892,73 manat arasındakı fərq 49.088 manat təşkil edir. Odur ki, həmin məbləğin cavabdeh tərəfindən ona qaytarılmasını tələb edir. Tələblə bağlı məhkəməyə qədər pretenziya qaydasında xx.xx.2023-cü il tarixli bildiriş cavabdehə göndərilmiş, xx.xx.2023- cü il tarixli cavab məktubu ilə pul vəsaitinin geri qaytarılmasından imtina edilmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2513/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia rədd edilmişdir.

4. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-cü maddəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 119-cu maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. iddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 168/11 saylı, xx.xx.2011-ci il tarixli hökmünə əsasən müəyyən edilir ki, İddiaçı, Məhəbbət İbadova və Şəlalə İbrahimova AR CM-nin 179.3.1, 179.3.2, 313 və 314.1-ci maddələri ilə təqsirli bilinmişlər. Belə ki, hökmlə müəyyən edilmişdir ki, İddiaçı X5 Mərkəzi Radio-X11 rəisi vəzifəsində işləyərkən bir neçə cinayətin törədilməsi, yəni mütəmadi olaraq özgə əmlakını talamaq məqsədilə filialın baş mühasibi Məhəbbət İbadova və mühaisibi Şəlalə İbrahimovadan ibarət mütəşəkkil dəstə təşkil etməklə, 2004-cü ilin avqust ayından 2009cu ilin avqust ayınadək olan dövrdə, öz qulluq mənafeyindən istifadə edərək etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və israf etməklə talamış, vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə biləbilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmiş, işə laqeyid münasibət göstərib xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib X5 Mərkəzi Radio-X11 qanunla qorunan maraqlarına mühüm zərər vurmuş, külli miqdarda əmlakını, yəni 612746,32 manat pul vəsaitini talamışdır. Həmçinin hökmlə iş üzrə verilmiş mülki iddia təmin edilərək İddiaçı, Məhəbbət İbadova və Şəlalə İbrahimovadan 359.303,2 (üç yüz əlli doqquz min üç yüz üç manat, iki qəpik) manat və 2.250 (iki min iki yüz əlli) manat İddiaçı və Məhəbbət İbadovadan müştərək qaydada, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio- Televiziya Yayım və X17 Birliyinin xeyrinə tutulması, İddiaçı və Məhəbbət İbadovanın bank hesablarına qanunsuz köçürülən pullara görə, sığorta haqqı kimi köçürdükləri 116.934,8 (yüz on altı min doqquz yüz otuz dörd manat, səkkiz qəpik) manat pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan alınaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-Televiziya Yayım və X17 Birliyinə ödənilməsi qərara alınmışdır.

23. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-491/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərarına əsasən müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 saylı, xx.xx.2011-ci il tarixli hökmü İddiaçı aid hissədə dəyişdirilmiş, İddiaçı, X6, X2 müştərək qaydada 209.303,2 manat, İddiaçı və X3 müştərək qaydada 2.250 manat Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio- Televiziya Yayım və X17 Birliyinin xeyrinə tutulması qərara alınmışdır. Həmin qərarın məzmunun həmçinin müəyyən edilir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə 150.000 manat dəyərində əmlakını Birliyə vurulmuş zərərin əvəzində təqdim etmişdir.

24. AR ƏN Pentensiyar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 1 saylı binada, 14- cü mərtəbədə, sağ tərəfdə yerləşən 3 otaqlı mənzilin özəlləşdirilməsi, satılması, girov qoyulması və digər hərəkətlərin edilməsi, həmçinin onun adından müvafiq sənədləri imzalaması və ərizə verməsi üçün səlahiyyətlərini qardaşı X16 etibar etmişdir.

25. “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 53-Ə saylı ekspert rəyinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 1 saylı binada, 14-cü mərtəbədə, sağ tərəfdə yerləşən 3 otaqlı mənzilin xx.xx.2011-ci il tarixə olan təxmini bazar qiyməti 175.00 manat, likvid dəyəri isə 150.000 manat məbləğində müəyyən edilmişdir.

26. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 saylı, xx.xx.2015-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, məhkəmə tərəfindən İddiaçı 1(101)-168/11 saylı, xx.xx.2011-ci il tarixli məhkəmə hökmündə mülki iddianın, yəni 359.303,2 manat və 2.250 manat məbləğində pulun İddiaçı və İbadova Məhəbbətdən müştərək qaydada Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X20ı və X17 Birliyinin hesabına tutulması hissədə “müştərək qaydada” tutulması dedikdə göstərilən məbləğin borclular arasında tam bərabər bölünməsinin nəzərdə tutulduğu bildirilmişdir.

27. AR ƏN Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2015-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi İddiaçı münasibətdə icra edildiyi üçün məhkəməyə geri qaytarılmışdır.

28. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-168/2011 nömrəli, xx.xx.2011-ci il tarixli hökmü üzrə verilmiş xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən xx.xx.2013-ci il tarixdə başlanılmış icraat zamanı könüllü icra üçün müəyyən edilmiş müddətdə tələb borclular X6 və X7 tərəfindən yerinə yetirilməmişdir. Daha sonra məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 1 (103)-491/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmiş və İddiaçı, X3 və X2 müştərək qaydada 209.303,2 manat, həmçinin İddiaçı və X3 müştərək qaydada 2.250 manat tələbkar Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-Televiziya Yayım və X17 Birliyinin xeyrinə tutulmalıdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin 1 (103)- 491/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı üzrə icra sənədi icraata daxil olmamışdır.

29. İşin hallarından da müəyyən edildiyi kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 saylı, 07 aprel 2011-ci il tarixli icra sənədinə əsasən hazırki iş üzrə iş üzrə iddiaçı və digər şəxslər tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X20ı və X17 Birliyinə müştərək qaydada ödənilən maddi ziyanın iddiaçının payına düşən 120.892,73 manata münasibətdə 169.981 manat dəyərində mənzil təqdim edildiyindən, iddiaçının hesabına görə artıq ödənilmiş 49.088 manat pulun iddiaçıya qaytarılması tələb olunur. Cavabdeh isə icra sənədinin tam icra edilmədiyini, buna görə də “artıq ödənilmiş məbləğ”-in olmadığını və bununla bağlı iddiaçıya hər hansı bir ziyan vurulmadığını bildirərək iddianın əsassız olduğu qənaətindədir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə aktına əsasən bir neçə cavabdehdən müştərək qaydada tutulan pul məbləğinin icrası zamanı “müştərək qaydada” tutulma anlayışı borcun borclular arasında bərabər şəkildə bölünərək icra edilməsi mənasını daşımır. Qeyd olunan halda məhkəmə belə (borcun borclular arasında bərabər şəkildə bölünməsi) qənaətə gələrsə bunu məhkəmə aktında xüsusi olaraq qeyd etməli, bu halın zərurəti sonradan məlum olduqda isə bununla bağlı məhkəmə aktına (hazırkı halda hökmə) izah verilməli idi. Məhkəmənin belə bir qərarı olmadığı halda isə öhdəliyin icrası qərar tam icra olunana qədər cavabdehlərin birindən, bir neçəsindən və ya hamısından tələb edilə bilər. Buna baxmayaraq, hazırkı halda iddiaçı icra sənədi üzrə borcu qismən icra edərək ona aid hissəsini icra etdiyini bildirir.

31. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsində iddiaçının və ya iddiaçıların tələbi üzrə cavabdehlərin müştərək məsuliyyəti nəzərdə tutulduğu halda iddiaçı və ya iddiaçılar qətnamə ilə müəyyən edilmiş və icra edilməli olan öhdəliyin icrasını qətnamə tam icra olunana qədər cavabdehlərin birindən, bir neçəsindən və ya hamısından tələb etməyə haqlıdırlar. Birgə iştirakçıların olduğu işlərdə və ya icra müxtəlif yerlərdə yerinə yetirilməlidirsə, məhkəmə tələbkarın xahişi ilə bir neçə icra vərəqəsi verə bilər. Onlardan hər birində tutulmalı olan məbləğ və ya konkret əşyalar göstərilməlidir. Əgər borclular müştərək (birgə) məsuliyyət daşıyırlarsa, hər biri icra vərəqəsində xüsusi qeyd edilir. Əgər borclular müştərək (birgə) məsuliyyət daşıyırsa və məhkəmə qətnaməsində müştərək qaydada məsuliyyət daşıyan bu borcluların barəsində bir icra vərəqəsi verilməsi nəzərdə tutulmuş və verilmişdirsə, onda tərəflərin müraciəti əsasında işə baxan hakim, MPM-in 231.1-ci maddəsi qaydasında icraatın üsulu və ya qaydasının dəyişdirilməsi, hər bir borclu barədə ayrı icra vərəqəsi verilməsi barədə qərardad qəbul edə bilər. Bu icra vərəqələri üzrə icra şöbələrinin birində (icra vərəqəsini vermiş məhkəmənin yerləşdiyi ərazinin icra şöbəsində) ümumi icraat qaldırılmalıdır. Belə icra icraatına nəzarət isə icra xidmətinin rəhbəri tərəfindən həyata keçirilməli və ya bu nəzarəti öz müavinlərindən birinə və ya da yerli icra qurumunun rəhbərinə (böyük icra məmuruna) həvalə etməlidir.

32. Hazırki iş üzrə iddiaçının istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 saylı, 07 aprel 2011-ci il tarixli icra sənədi üzrə borcun iddiaçı tərəfindən icra edilməli olan hissəsi müəyyən edilməmişdir.

33. Həmçinin, kollegiya, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, icra sənədi üzrə borcun iddiaçı tərəfindən icra edilməli olan hissəsinin müəyyən edilməsinə dair məhkəmə aktı mövcud olmadığından, iddiaçının istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 saylı, xx.xx.2015-ci il tarixli məktubu, eyni zamanda Binəqədi rayon İcra Şöbəsi tərəfindən icra sənədinə xitam verilməsini təsdiq edən məktubu məcburi hüquqi qüvvəyə malik olan sənəd və ya mötəbər sübut kimi qəbul edilmir.

34. Kollegiyası qeyd edir ki, icra sənədinə əsasən bir neçə cavabdehdən müştərək qaydada tutulan pul məbləğinin icrası zamanı “müştərək qaydada” tutulma anlayışı borcun borclular arasında bərabər şəkildə bölünərək icra edilməsi mənasını daşımır. Qeyd olunan halda məhkəmə belə (borcun borclular arasında bərabər şəkildə bölünməsi) qənaətə gələrsə bunu məhkəmə aktında xüsusi olaraq qeyd etməli, bu halın zərurəti sonradan məlum olduqda isə bununla bağlı məhkəmə aktına (hazırkı halda hökmə) izah verilməli idi. Məhkəmənin belə bir qərarı olmadığı halda isə öhdəliyin icrası qərar tam icra olunana qədər cavabdehlərin birindən, bir neçəsindən və ya hamısından tələb edilə bilər.

35. Bununla yanaşı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

36. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

38. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

40. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

41. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2513/2023 saylı iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar