Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-662/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə bağlı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(009)-48/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 120000 (yüz iyirmi min) manat borcun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh ona müraciət edərək Bakı şəhəri, Səbail rayonu,13-cü Badamdar yolu, 16 saylı evin, 1 saylı mənzili müəssisə evi olduğundan həmin mənzili özəlləşdirərək satmaq istədiyini bildirmişdir. O, demişdir ki, əgər həmin mənzili gələcəkdə satarsa razılaşsalar, o, həmin mənzili alacaqdır. Aralarındakı razılaşmaya əsasən 15 sentyabr 2018-ci il tarixində iki şahidin yanında Cavabdeh 120000 (yüz iyirmi min) manat pul vermişdir. Həmin vaxt Cavabdeh ona pulun alınmasına dair qəbz vermiş və ondan götürdüyü pulu 2019-cu ilin avqust ayında qaytaracağına söz vermişdir. Həmçinin, götürmüş olduğu pulun zəmanəti kimi istifadəsində olan mənzilin sənədlərini ona vermişdir. Təqribən 2019-cu ilin əvvəllərində pulunu istədikdə o, bildirmişdir ki, baş etibarnamə versin, mənzili özəlləşdirdikdən sonra qiymətdə razılaşarlar. Onlar razılaşmış və Cavabdeh 03 may 2019cu il tarixində iki il müddətinə etibarnamə vermişdir. İddiaçı mənzili özəlləşdirməyə verərkən məlum olmuşdur ki, Cavabdeh ona vermiş etibarnaməni 27.06.2019-cu il tarixdə ləğv etdirib. Beləliklə Cavabdeh ondan borc adı ilə etibarından istifadə edərək 120 000 (yüz iyirmi min) manat pulunu ələ keçirmişdir. Sonradan İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə verərək Cavabdeh 120 000 (yüz iyirmi min) manat əsas borcun və Mərkəzi Bankın müəyyən etdiyi illik 9,25 faiz dərəcəsinə uyğun olaraq 13500 (on üç min beş yüz) manat faiz, ümumilikdə 133500 (yüz otuz üç min beş yüz) manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(009)- 2634/2019 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 120000 (yüz iyirmi min) manat əsas borc və Mərkəzi Bankın müəyyən etdiyi illik 9,25 faiz dərəcəsinə uyğun olaraq 13500 (on üç min beş yüz) manat faiz borcu, ümumilikdə 133500 (yüz otuz üç min beş yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh məhkəmənin qeyd edilən qiyabi qətnaməsinin ləğvinə dair şikayət verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(009)- 1686/2020 saylı qərardadı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(009)-2634/2019 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın əsasının dəyişdirilməsi barədə ərizə verərək Cavabdeh 133500 (bir yüz otuz üç min beş yüz) manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsasının dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" qərarında Konstitusiya Məhkəməsi iddianın predmeti, obyekti və əsası barədə geniş izah verilmişdir. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən “Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir”. Hazırki mülki iş üzrə İddiaçı Cavabdeh 133500 (bir yüz otuz üç min beş yüz) manat tələbi iddianın predmetini təşkil edir. İlkin iddia üzrə iddianın əsasını iddiaçının cavabdehə verdiyi borc məbləği və həmin borc məbləğinin verilməsini sübut edən cavabdeh tərəfindən təqdim edilən müvafiq qəbz təşkil etmişdir. İddianın dəyişdirilməsi ilə bağlı hazırki ərizə ilə iddiaçı iddianın əsasının dəyişdirilməsini məhkəmədən xahiş edir. Belə ki, məhkəmə araşdırması zamanı sübut edilmişdir ki, cavabdehin yaşadığı mənzilə dair heç bir hüquq müəyyənedici sənədi olmamışdır. Həmin mənzilə dair rəsmi sənəd, yalnız mənzilin cavabdehin babasının istifadəsində verilməsi barədə order olmuşdur. Cavabdehin valideynləri vəfat etdikdən sonra Müdafiə Nazirliyindən cavabdehə bildirilmişdir ki, kompensasiya kimi ona 5000 (beş min) manat pul veriləcək və onun həmin mənzildən istifadə hüququna xitam veriləcəkdir. Əgər cavabdeh bu təkliflə razılaşmasa həmin mənzil məhkəmə qaydasında cavabdehdən alınacaqdır. Belə ki, cavabdehin həmin mənzil üzərində hər hansı hüququnun olması dövlət tərəfindən tanınmırdı. Cavabdeh və iddiaçı iddianın obyektini təşkil edən mənzil üzərində cavabdehin hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı razılaşma əldə edirlər. Qeyd edilən razılaşmanın şərtlərinə əsasən iddiaçı mənzili Müdafiə Nazirliyinin balansından çıxarmalı (mənzilin xidməti mənzillər siyahısından çıxarılması) və həmin mənzil üzərində cavabdehin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını təmin etməli, cavabdeh isə iddiaçının bu xidmətlərinin qarşılığı olaraq həmin mənzildə cavabdeh və onun ailəsi ilə birgə yaşamağı, yaxud Badamdar qəsəbəsində yerləşən iddianın obyektini təşkil edən mənzili iddiaçıya məxsus olan Əhmədli qəsəbəsindəki iki otaqlı mənzil ilə dəyişdirilməsini tərəflər öz öhdələrinə götürürlər. İddianın faktiki əsası məhkəmə araşdırması zamanı tam şəkildə sübut edilmişdir. Belə ki, 15 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında (iclas protokolunun 3-cü səhifəsi) cavabdeh bildirmişdir ki, "razılaşmaya görə əmlaka dair sənədləşmə Marina xanımın adına ediləndən sonra mən Əhmədli qəsəbəsində yerləşən onların iki otaqlı mənzilinə qeydiyyata düşəcəkdim”. 27 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında (məhkəmə iclas protokolunun 1-ci səhifəsi) cavabdeh bildirmişdir ki, “razılaşmaya əsasən iki variant mövcud idi: 1) sənədləşmə bitəndən sonra Badamdar qəsəbəsində yerləşən sənədləşmiş evin yanında Marina xanım həyat yoldaşı ilə ev tikib mənimlə birlikdə yaşayacaq, 2) Badamdar qəsəbəsində yerləşən evə səndlər Marina xanımın adına keçirilir, Əhmədli qəsəbəsində yerləşən iki otaqlı ev isə olur mənim mülküm”. 06 noyabr 2020-ci il tarixli məhkəmə iclasında (məhkəmə iclas protokolunun 1-ci və 2-ci səhifələri) cavabdeh bildirmişdir ki, “evi Müdafiə Nazirliyinin balansından çıxarıb mənim adıma sərəncam verilməsini Marina xanım edib". "Əmim rəhmətə gedəndən sonra Müdafiə Nazirliyinin mənzil idarəsinə evin səndləşməsi ilə bağlı gedəndə mənə bildirdilər ki, mənə ya 5000 manat kompensasiya verəcəklər mən evdən çıxacağam, ya da məhkəmə yolu ilə məni həmin evdən çıxaracaqlar. Çünki həmin evdə qalmağıma heç bir hüququm yox idi". Nəhayət 16 noyabr 2011-ci il tarixli məhkəmə iclasında (məhkəmə iclas protokolunun 1-ci səhifəsi) cavabdeh aşağıdakı formada razılığa gəldiklərini bildirmişdir: “sənədləşmə işlərinin düzəlməsində Marina xanımgil bizə kömək etsin. Sənədləşmə işi yekunlaşandan sonra mənim evimin yerləşdiyi sahədə ev tikib birgə yaşayaq. Həmçinin razılaşdıq ki, sənədləşmə işləri yekunlaşandan sonra mənim evimi satıb mənə ev alaq, qalan məbləği isə Marina xanıımgil götürsün və ya bu evin əvəzinə mənə onların Əhmədli qəsəbəsində olan evini versinlər bu evi isə Marina xanımgil götürsün yəni öz aramızda evləri dəyişək. Razılaşmaya əsasən Marina xanım və onun ailəsi onlara düşən öhdəliyi yerinə yetiriblər sənədləşməni reallaşdırıblar mən isə yox." Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - Mülki Məcəllə) 405.1-ci maddəsinin tələblərinə əsasən “tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır". Göründüyü kimi, tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilə üzrə mühüm şərtlər barədə razılıq əldə edilmiş və beləliklə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı (müqavilə üzrə icraçı) iddianın obyektini təşkil edən Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən mənzili cavabdehin adına rəsmiləşdirməyi, cavabdeh isə icraçının xidmətlərinin qarşılığını ödəməyi öhdəsinə götürmüşdür. İcraçının xidmətləri tərəflər arasında 120000 (bir yüz iyirmi min) manat məbləğində qiymətləndirilmişdir. Lakin tərəflər cavabdehin həmin məbləği ödəmək qabiliyyətinin olmamasını nəzərə alaraq, həmin məbləğin əvəzinə Badamdar qəsəbəsindəki mənzil üzərində birgə mülkiyyət hüququnu qeydə aldırmağı, yaxud tərəflərə məxsus olan tərəfindən 01 sentyabr 2018-ci il tarixdə verilmiş qəbz icraçının xidmətlərinin dəyərinin 120000 manat olması barədə tərəflərin razılığa gəlməsini sübut edir. Tərəflərin razılaşmasına əsasən iddiaçının göstərdiyi xidmətlərin dəyəri 120000 manat həcmində müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim edilən qəbz məhz həmin razılığın təsdiqini ifadə etməkdədir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(009)- 662/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın faktiki əsası birinci instansiyasında məhkəmə araşdırması zamanı tam şəkildə sübut edilmişdir. Belə ki, 15 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında (iclas protokolunun 3-cü səhifəsi) cavabdeh bildirmişdir ki, “razılaşmaya görə əmlaka dair sənədləşmə Marina xanımın adına ediləndən sonra mən Əhmədli qəsəbəsində yerləşən onların iki otaqlı mənzilinə qeydiyyata düşəcəkdim". 27 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında (məhkəmə iclas protokolunun 1-ci səhifəsi) cavabdeh bildirmişdir ki, “razılaşmaya əsasən iki variant mövcud idi: 1) sənədləşmə bitəndən sonra Badamdar qəsəbəsində yerləşən sənədləşmiş evin yanında Marina xanın həyat yoldaşı ilə ev tikib mənimlə birlikdə yaşayacaq, 2) Badadar qəsəbəsində yerləşən evə səndlər Marina xaımın adına keçirilir, Əhmədli qəsəbəsində yerləşən iki otaqlı ev isə olur mənim mülküm". 06 noyabr 2020-ci il tarixli məhkəmə iclasında (məhkəmə iclas protokolunun 1-ci və 2- ci səhifələri) cavabdeh bildirmişdir ki, “evi Müdafiə Nazirliyinin balansından çıxarıb mənim adıma sərəncam verilməsini Marina xanım edib". “Əmim rəhmətə gedəndən sonra Müdafiə Nazirliyinin mənzil idarəsinə evin səndləşməsi ilə bağlı gedəndə mənə bildirdilər ki, mənə ya 5000 manat kompensasiya verəcəklər mən evdən çıxacağam, ya da məhkəmə yolu ilə məni həmin evdən çıxaracaqlar. Çünki həmin evdə qalmağıma heç bir hüququm yox idi". Nəhayət 16 noyabr 2011- ci il tarixli məhkəmə iclasında (məhkəmə iclas protokolunun 1-ci səhifəsi) cavabdeh aşağıdakı formada razılığa gəldiklərini bildirmişdir: “sənədləşmə işlərinin düzəlməsində Marina xanımgil bizə kömək etsin. Sənədləşmə işi yekunlaşandan sonra mənim evimin yerləşdiyi sahədə ev tikib birgə yaşayaq. Həmçinin razşlaşdıq ki, sənədləşmə işləri yekunlaşandan sonra mənim evimi satıb mənə ev alaq, qalan məbləği isə Marina xamımgil götürsün və ya bu evin əvəzinə mənə onların Əhmədli qəsəbəsində olan evini versinlər bu evi isə Mairnə xanımgil götürsün yəni öz aramızda evləri dəyişək. Razılaşmaya əsasən Marina xanım və onun ailəsi onlara düşən öhdəliyi yerinə yetiriblər sənədləlşməni realladırıblar mən isə yox". Tərəflərin razılaşmasına əsasən iddiaçının göstərdiyi xidmətlərin dəyəri 120000 manat həcmində müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim edilən qəbz məhz həmin razılığın təsdiqini ifadə etməkdədir. Apellyasiya baxışı zamanı iddiaçı və onun vəkili hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin vəkili şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh 120000 (yüz iyirmi min) manat əsas borc və Mərkəzi Bankın müəyyən etdiyi illik 9,25 faiz dərəcəsinə uyğun olaraq 13 500 (on üç min beş yüz) manat faiz, ümumilikdə 133500 (yüz otuz üç min beş yüz) manat pulun ona qaytarılması iddiası ilə müraciətindən sonra məhkəmə baxışı zamanı iddiasının predmetinə toxunmayaraq onun əsasını dəyişərək cavabdehin ona həmin məbləğdə pulu borc kimi deyil, göstərilən xidmətlərin qarşılığı olaraq tərəflərin razılaşmasına uyğun olaraq ödəniş kimi tutulmasını iddia etmişdir, ilkin olaraq verilən iddia üzrə iddianın əsasını iddiaçının cavabdehə verdiyi borc məbləği və həmin borc məbləğinin verilməsini sübut edən cavabdeh tərəfindən təqdim edilən müvafiq qəbz təşkil etmişdir. Başqa sözlə, iddiaçı məhkəmə baxışının gedişatında iddianın əsasını dəyişdirdiyindən və göstərilən xidmətlərin qarşılığı olaraq tərəflərin razılaşmasına uyğun olaraq ödəniş tələb etdiyindən faktiki olaraq iş materiallarında olan 01.09.2018-ci il tarixli qeyd edilmiş qəbz sübut əhəmiyyətini itirmişdir. Tərəflər arasında mübahisəli mənzilin özəlləşdirilməsi və bununla bağlı sonrakı proseslərlə bağlı müəyyən razılaşmaların olmasına dair tərəflərin izahatlarının doğruluğu belə cavabdehin iddiaçının qarşısında pulla ifadə olunan mülki məsuliyyət daşımasına hüquqi əsas vermir. Başqa sözlə, tərəflər arasında iddiada göstərilən məzmunda olan razılaşmanın mövcudluğu tanındığı təqdirdə belə, bu razılaşma üzrə yaranan öhdəliklərin yerinə yetirilməməsi nəticəsində, yəni onun şərtləri pozulduğu halda şərtləri pozan şəxsdən pul məbləğinin tutulması ilə bağlı şərt olması müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığına əsaslanmaqla təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE ********) CavabdehN tərəfindən imzalanmış 01.09.2018-ci il tarixli qəbzdən görünür ki, o, iki nəfər şahid - N.V. Maqaldadze və F.Q.Hacıyevin iştirakı ilə iltizam vermişdir ondan ötrü ki, o, İddiaçı və X4 120000 manat məbləğində borc almış və Mülki Məcəllənin maddələrinə müvafiq olaraq borcunu 2019-cu ilin avqustunda qaytarmağı öhdəsinə götürür, göstərilən müddətdə borcunu qaytarmadıqda qanunla nəzərdə tutulan məsuliyyəti daşıyacağaqdır. Borcun təminatı kimi girov qismində onun adına olan mənzilin sənədlərini qoyur, borcverənlər həmin sənəd əsasında öz mülahizələri ilə əmlakı üzərində sərəncam vermək hüququnu əldə edirlər. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 07.12.2018-ci il tarixli 290 saylı sərəncamından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılması və ünvan 1 ünvanında yerləşən mənzilə dair vətəndaş Cavabdeh ilə daimi icarə müqaviləsinin bağlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, 16 saylı evin 1 saylı mənzili 17.10.2019-cu il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evin 100 saylı mənzili 17.07.2014-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatsıçı, polis leytenantı Yasəf Rüstəmov tərəfindən qəbul edilmiş 09.07.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 23.06.2019cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, 13-cü Badamdar yolu, ev 16 ünvanında qeydiyyatda olan və yaşayan vətəndaş Cavabdeh Səbail RPİ-nin 8-ci PB-yə həmin tarixdə ünvan 3 ünvanında yerləşən 4 A saylı mənzildə Marina Pavlovna tərəfindən döyülməsi barədə ərizə ilə müraciət etmişdir. Həmçinin, 23.07.2019-cu il tarixdə saat təxminən 17:06 radələrində ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan vətəndaş İddiaçı DİN-nin 102 xidmətinə zəng edərək, yaşadığı mənzildə Cavabdeh tərəfindən döyülməsi barədə məlumat vermişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və vətəndaş Cavabdeh və İddiaçı Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti icra edilməsi üçün Səbail RPİ-nin 8-ci PB-nin aidiyyəti əməkdaşına həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil İstismar hissəsinin 3 saylı MİS-nin 02.08.2018-ci il tarixli 314 saylı arayışından görünür ki, 1990-cı il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi 16 saylı evin 1 saylı mənzilində qeydiyyatdadır. Babası, 1926-cı il təvəllüdlü X8 1953-cü ildən bu ünvanda qeydiyyatda olmuş, 30.05.2008-ci ildə vəfat etmişdir. Nənəsi 1924-cü il təvəllüdlü X5 1965-ci ildən bu ünvanda qeydiyyatda olmuş, 26.10.2009-cu ildə vəfat etmişdir. Anası 1957-ci il təvəllüdlü X6 1973-cü ildən bu ünvanda qeydiyyatda olmuş, 20.11.2017-ci ildə vəfat etmişdir. Dayısı, 1952-ci il təvəllüdlü X7 1980-cı ildən bu ünvanda qeydiyyatda olmuş, 24.06.2010-cu ildən bu evin sahibi olmuş, 26.02.2018-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatsıçı, polis leytenantı Yasəf Rüstəmov tərəfindən qəbul edilmiş 09.07.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında əksini tapmış Cavabdeh izahatından görünür ki, 23.07.2019-cu il tarixdə yaxın tanışı olan və ünvan 6 ünvanında yerləşən 4a saylı mənzildə yaşayan İddiaçı evinə getmiş, orada olan zaman həmin şəxs ona 120000 manat pul alması barədə qeydlər olan yazılı kağızı imzalamasını tələb etmiş, bu zaman həmin kağızı cırmış və oradan uzaqlaşmaq istədikdə İddiaçı əli ilə ona çoxsaylı zərbələr vuraraq döyməyə başlamışdır. Sözügedən qərarda əksini tapmış İddiaçı izahatından görünür ki, keçmiş rəfiqəsi Elmira Quliyevanın vəfat etməsindən sonra həmin şəxsin oğlu Cavabdeh onun ailəsinə sığınmış, bundan sonra Viktorun bütün xərclərini öz üzərinə götürmüşdür. Yetkinlik yaşına çatdıqdan sonra Viktor Badamdar yolunda yerləşən evin təmir-tikinti işləri, həmçinin sənədləşməsində ondan pul köməkliyi göstərməsini xahiş etmiş və gələcəkdə evin satılması halında əldə olunan puldan ona olan öhdəliyini qaytaracığını, yaxud da evi ona verəcəyini vəd etmişdir. bundan sonra həmin işləri və xərclərin ödənilməsi üçün təxminən 12000 manat məbləğində pul sərf etmiş və Cavabdeh öz aralarında tərtib olunmuş müqavilə kağızını imzası ilə təsdiq etmişdir. Bir neçə gün əvvəl həmin müqavilə kağızına əlavələr olunması haqqında razılaşma əldə edilmiş, buna görə də 23.06.2019-cu il tarixdə Cavabdeh evə dəvət etmişdir. Həmin tarixdə Viktor onun yaşadığı evə gəlmiş, əvvəlcə sakit davranış sərgiləmiş və kağız müqaviləni gətirib birlikdə əlavələr edən zaman həmin şəxs kağız vərəqlərini qəflətən cırmağa, bir hissəsini ağzına alıb çeynəməyə başlamışdır. Bu zaman Viktorun niyyətini, yəni öhdəlik götürdüyü pula dair maddi sübutu yox etmə arzusunda olduğunu başa düşmüş və buna əngəl olmağa çalışmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbində istinad etdiyi halların sübuta yetirilməməsi səbəbindən iddia ərizəsini əsassız hesab edərək onu təmin etməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Bu səbəbdən iddianın təmin edilməməsi barədə qətnamə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(009)- 48/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-662/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-662/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver