Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6620/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X3 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2(006)-2245/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı ilə Cavabdeh arasında 41 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 3M-76 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı 10.000 manat borc almışdır. İddiaçı ilə Cavabdeh arasında 41 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 3M-132 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı 15.000 manat borc almışdır. İddiaçı ilə Cavabdeh arasında 54 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 3M-205 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı 11.000 manat borc almışdır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsini tələb etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Hazırda iddiaçı onunla cavabdeh arasında bağlanmış borc müqavilələri üzrə pulun tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 36.000 manat və 198 manat dövlət rüsumunun, cəmi 36.198 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 3 dəfəyə 36000 manat borc pul almış, müqavilələr yazılı formada bağlanmaqla, Bakı şəhəri 41 və 54 saylı notariat ofislərində 15 fevral 2023-cü il tarixdə (10.000 manat), 14 mart 2023-cü il tarixdə (15.000) manat və 15 aprel 2023-cü il tarixdə (11.000) manat notariat qaydasında təsdiq edilmişdir. Cavabdeh götürdüyü pul vəsaitini elə 2023-cü ildə qaytaracağına dair öhdəlik götürməsinə baxmayaraq bu günə kimi vədinə əməl etməmişdir. Dəfələrlə xatırlatmağına baxmayaraq pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina edir. Artıq onu aldatması, müqavilə şərtlərinə riayət etməməsi və mövcud qanunvericiliyin tələblərini pozması şübhə doğurmur. Belə vəziyyətdə pul tələb edilməlidir. Bundan başqa cavabdehə rəsmi olaraq pretenziya məktubu göndərərək müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini və 36.000 manat məbləğində borcun qaytarılmasını xahiş etmişdir, lakin qarşı tərəf bu günədək mübahisəyə münasibət bildirməmişdir. Bundan əlavə hazırda mübahisələndirilən müqavilələr üzrə 198 manat dövlət rüsumu ödəməlidir ki, bu hesabla ona 36.198 manat borcu yaranmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək bu günə kimi müxtəlif bəhanələrlə onun pulunu qaytarmamış, hər dəfə yaxın vaxtlarda qaytaracağını vəd etsə də, sözünə əməl etməmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2(006)- 2245/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 36.000 (otuz altı min) manat və dövlət rüsumu üçün ödənilmiş 198 (yüz doxsan səkkiz) manat, ümumilikdə 36.198 (otuz altı min yüz doxsan səkkiz) manat məbləğində pul vəsaitin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbi onunla cavabdeh arasında bağlanmış borc müqavilələri üzrə pulun tutulmasından ibarət olmuş, cavabdeh isə həmin müqavilələr üzrə borcunu tam şəkildə ödəməsini bildirmişdir. İddiaçı tələbini onunla cavabdeh arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş borc müqavilələri ilə əsaslandırmış, lakin cavabdeh öz dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfin vəsatətinə əsasən şahid qismində dindirilmiş şəxslər hər nə qədər də Cavabdeh tərəfindən pulun ödənilməsini bildirsələr, şahid ifadələri ziddiyyətli olmuş, işin faktiki hallarına, habelə bir şahidin bildirdiyi hal digər şahidin bildirdiyi halla eynilik təşkil etməmişdir. Cavabdeh sanki İddiaçı olan borcunu qaytarmasının şahidi olan Şahid2 Gülnara borcu ödəməsi üçün pulu özünün verdiyini bildirmiş, cavabdeh isə pulu ödəmək üçün bankdan borc götürməsini qeyd etmişdir. Şahid3 konkret olaraq hər hansı faktın şahidi olmamış, yalnız Gülnardan İddiaçıa borcu olmasına və həmin borcu ödəməsinə dair məlumatlı olduğunu bildirmişdir. Şahid3 nə götürülmüş borcun məbləği, nə də qaytarılan pul vəsaitinin məbləğini dəqiq bildirə bilməmişdir. Eyni də Şahid1 sanki İddiaçı Cavabdeh tərəfindən borcun qaytarılmasına şahid olmasını bildirsə də, eynilə ifadəsində Gülnarın yenə borcunun olmasını, qalan məbləği isə Günayın iştirakı ilə ödənilməsini qeyd etmişdir. Ümumiyyətlə şahid ifadələri tam dolğun olmamış və iş üzrə hər hansı mötəbər sübutla təsbit olunmur. Cavabdehin sanki İddiaçı olan borcunu ödəmək üçün bankdan kredit götürməsinə dair təqdim etdiyi sənədlər onun yalnız bu və ya digər kreditor qarşısında borcunun olmasını müəyyən etməyə imkan verir. Cavabdehin bankla kredit münasibətlərinə daxil olmaqla götürmüş olduğu borcu məhz İddiaçı olan borcunu ödəməsini təsdiq edə biləcək əsas ya İddiaçı etirafı, ya pulun ödənilməsini təsdiq edən qəbz və ya tərəflər arasında məlumatlandırılma qaydasında aparılmış səs və ya video yazı ola bilərdi ki, qeyd edilən sübutların heç biri mövcud deyildir. Beləliklə iddiaçının maddi hüquq normasının dispozisiya şərtləri ilə uyğunluq təşkil edən və mötəbər sübutlara əsaslanan tələbləri cavabdehin heç bir əsaslı dəlili ilə təkzib edilmədiyindən iddia təmin edilməlidir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şahid ifadələri və təqdim edilmiş səs yazıları ilə müəyyən edilir ki, tələb edilən borc ödənilmişdir. Göründüyü kimi borc alan tərəfindən öhdəlik icra edildiyindən iddia rədd edilməlidir. Məhkəmə sübutları prosessual qanunvericiliyin tələbləri baxımından tam, hərtərəfli və qərəzsiz araşdırılmamışdır. Bununla da yuxarıda göstərilən qanuni tələblər pozulmuşdur. Məhkəmə borcun qaytarılması ilə bağlı şahid ifadələrini düzgün araşdırmamış, işin faktiki haları ilə əlaqələndirmədən sübut əhəmiyyəti daşıyan dəlilləri düzgün qiymətləndirməmişdir. Həmçinin səs yazılarını sübut kimi sadalasa da, həmin səs yazılarına qiymət verməmişdir. İddianın təmin edilməsi ilə bağlı nəticə şahid ifadələri və səs yazıları ilə birlikdə qiymətləndirildikdə iddianın əsassız olduğu müəyyən edilir Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 104.2. Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. 104.3. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri 41 və 54 saylı notariat ofislərində 15 fevral 2023-cü il tarixdə (10.000 manat), 14 mart 2023-cü il tarixdə (15.000) manat və 15 aprel 2023-cü il tarixdə (11.000) manat notariat qaydasında təsdiq edilməklə Cavabdeh iddiaçıdan 36.000 manat borc pul almışdır. Hazırda cavabdeh pulun iddiaçıya ödənilməsini bildirir və bu dəlilini şahid ifadələrinə və səs yazılarına istinad etməklə əsaslandırır. Birinci intstansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Gülnar xanımı tanıyır, bir yerdə işləmişlər, iş yoldaşı olmuşlar. Sabir doktoru da şəxsən yox, Gülnar xanımın vasitəçiliyi ilə tanımışdır. Onlar, yəni iş yoldaşları nahar vaxtlarında görüşəndə Gülnar görüşməyə gəlmirdi, pul ödəməyə gedirdi. Yadındadır ki, 2023-cü ilin aprel ayında pulu ödəməyə getmişdi. O, Gülnarın hansı məbləğdə borcu olmasını bilmir və nə qədər ödədiyini də deyə bilmir. Sadəcə, Gülnarın məhz Sabirdən pul götürdüyünü bilir. O, dərman şirkətində işləyir və şirkətdə belə hamı bilirdi ki, Sabir doktor borc pul verir. 2016-cı ildən bu sistemdə işləyir. Birinci intstansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gülnar xanımı tanıyır. Sabir doktoru şəxsən tanımasa da, Gülnar xanımdan eşitmişdir. Bilirdi ki, Gülnarın borcu var, sıxıntıdadır. Bir gün işdə olan zaman Gülnar ağlamağa başladı və dedi ki, həmin doktor ona zəng edərək, pulu tələb etmişdir. Gülnar isə ona demişdir ki, ödəyə bilmir. İddiaçı da ona əxlaqsız təklif edib. Bu hadisə təxminən 2023-cü ilin 10-11 sentyabr tarixdə olmuşdur. Onun da Günaya yazığı gəlmiş, baldızından pul alaraq, Gülnara köməklik etmiş, yəni borc vermişdir. Çünki baldızı maşın almaq üçün pul yığırdı və baldızında 10.000 manat məbləğində pul var idi. Həmçinin özünün də pulu var idi, həmin pulun üstünə əlavə etdi. Sentyabrın 17-də 28 May ərazisində Səməd Vurğun parkının yaxınlığında əlbəəl doktora borcu verdiyini görmüş, amma heç bir kağız imzalatmamışdır. Sonradan bankdan pul götürüb onun borcunu da qaytarmışdır. Gülnarın Sabir bəydən borcu nəyə görə aldığını bilmir. Gülnar xanımın həmin ilin iyul ayında hansısa banka borcu olmamışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gülnarı çoxdan tanıyır. Gülnar ona demişdir ki, borcu var. Borcu olduğu şəxs həkim- cərrahdır. Sabir müəllimi tanıyır. Tibbi Universitetində onun müəllimi olub, mühazirə demişdir. Ümumiyyətlə Sabir bir çox adama demişdir ki, kim faizə pul istəsə, o verə bilər. Gülnarın Sabirə borcu var idi. Əvvəlcə zəng edib, borcun qaytarılması üçün vaxt istəmişlər. Sabir bəy razılaşdı. Gülnar gedib "xxxx" ASC-dən kredit götürdü və 2023-cü ilin iyul ayının 2-3 tarixində ADNSU-nun arxasında yerləşən parkda 12.000 manat borcu qaytarmışdır. Hətta həmin vaxt Sabir sənədi də imzalamışdır, amma Gülnar həmin sənədi Sabirə vermişdir ki, daha borcu ödədiyi üçün həmin sənəd də ona lazım deyil. Bundan əlavə yenə borcu var idi. Onu da sentyabr ayında Günayla qaytarmışlar. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi şahid ifadələrinə düzgün qiymət vermişdir. Belə ki, şahid ifadələrində Cavabdeh tərəfindən pulun ödənilməsini bildirsələr də, bu ifadələri ziddiyyətli olmuş, işi faktiki hallarına, habelə bir şahidin bildirdiyi hal digər şahidin bildirdiyi halla eynilik təşkil etməmişdir. Belə ki, Şahid3 ifadəsində Gülnarın hansı məbləğdə borclu olmasını və nə qədər ödədiyini deyə bilmədiyini qeyd etmişdir. Şahid2 ifadəsində S.Vurğun parkının yanında əlbəəl doktora borc verdiyini görmüş, amma heç bir kağız imzalamamışdır. Şahid1 da ifadəsində Cavabdeh tərəfindən parkda 12000 manat borcun qaytarılmasına şahidi olmuş, hətta həmin vaxt Sabir sənədi də imzalamışdır. Amma Gülnar həmin sənədi Sabirə vermişdir ki, daha borcu ödədiyi üçün həmin sənədin də ona lazım olmadığını bildirmişdir. Kollegiya şahid ifadələrinə qiymət verərək onların ifadələrinin ziddiyətli olmaqla bir-birini tamamlamadığı, hadisələrin ardıcılığını göstərə bilmədikləri və işin digər sübutları ilə uzlaşmadığı üçün sübut növü kimi qiymətləndirilə bilməz. Həmçinin Məhkəmə Kollegiyası qeyd edir ki, şahid ifadələri digər sübutlarla (yazılı sənədlər, ödəniş qaimələri, bank köçürmələri, ekspert rəyi və s.) müqayisə edilməli və bütövlükdə qiymətləndirilməsi üçün cavabdeh isə bununla bağlı apellyasiya şikayətinə hər hansı sübut (qəbz) əlavə etməmişdir. Halbuki onun belə bir sübutunun olması halında onu şikayətinə əlavə etməsi labüd idi. Bu isə cavabdehin belə bir sübutunun olmadığı üçün apellyasiya şikayətinin bu dəlili də əsassız olması və təmin edilə bilməməsi üçün əsasdır. Belə ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi cavabdeh apellyasiya şikayətində - tələb edilən borcun ödənilməsini bildirməklə tələb edilən borcu qəbul etmiş, lakin həmin vəsaitin qaytarılması barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Kollegiya tərəfdən işdə olan səs yazıları dinlənilmiş və həmin səs yazılarında cavabdehin götürülmüş borcun qaytarılmasına dair hər hansı qeyd olmamışdır. Hətta kollegiyanın iclasında da cavabdeh özü də həmin səs yazılarında da iddiaçının etirafının olmamasını qeyd etmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qəanətə gəlmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ümumilikdə 36.000 manat borc tutularaq iddiaçı X2 ödənilməlidir. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki cavabdehin dəlillərini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2(006)- 2245/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.