Məhkəmə qərarları › İş №2(103)-6621/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6621/2021

22.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6621/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı aktın ləğv edilməsi, borcun silinməsi və borca görə tutulan pulun geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(001)-306/2021 saylı qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2149,50 manat dəymiş ziyanın əvəzinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə təbii qazın alqı-satqısı barədə müqavilə bağlanaraq, ona məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1802AZ**********91 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı İBnin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz sayğacına müdaxilə etmək yolu ilə qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Cavabdehin sayğacdan kənar qanunsuz qoşulma etməklə təbii qazı talaması ilə əlaqədar İddiaçı İB-yə 2376 manat dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2376 manat pul məbləğinin könüllü olaraq ödənilməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 29.07.2020-ci il tarixdə Cavabdeh İddiaçı İB-yə qarşı aktın ləğv edilməsi, cərimə borcunun silinməsi və borca görə tutulan pulun geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.09.2018-ci il tarixli, ******* nömrəi aktın ləğv edilməsi, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2376 manat məbləğində borcun silinməsi və borca görə tutulan 244 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evinə yeni tipli kartla işləyən qaz sayğacı quraşdırılmışdır. İddiaçı İB-nin mühəndisləri tərəfindən 10.07.2018-ci il tarixdə qaz sayğacı yenisi ilə əvəz edilərək, köhnə qaz sayğacının dövlət yoxlamasına göndəriləcəyi bildirilmişdir. 21.09.2018-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək sayğacın çıxış plastmas borusunun deşilmiş olduğu qeyd edilmişdir. Qaz sayğacının göstəricisinə uyğun olaraq ödənişləri vaxtı-vaxtında edilmiş, yeni sayğac quraşdırılarkən və sayğaca dəfələrlə baxış keçirilməsinə baxmayaraq borcun olması barədə ona heç bir məlumat verilməmişdir. Qaz sayğacına onun tərəfindən hər hansı bir kənar müdaxilə olunmadığından borc əsassız yazılmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(001)- 306/2021 saylı qətnaməsi ilə ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, işdə cavabdehin təbii qazdan qeyriqanuni istifadə etməsinə dair kifayət qədər sübutlar olmasına baxmayaraq, ilk iddianı təmin etməmiş, qarşı tərəfin əsassız iddiasını təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı İB-nin nümayəndəsi izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(001)- 306/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 18.07.2018-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qaz paylayıcı İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X3ndə yerləşən fərdi yaşayış evinə dair müqavilə bağlanmış və həmin mənzilə “Smart G-4 İtron” markalı 1802AZ**********91 nömrəli qaz sayğacı quraşdırılmışdır. Abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh tərtib olunan aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 2018-ci il üçün qalıq və aktlar üzrə 2376 manat təşkil edir. 21.09.2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair aktdan görünür ki, qeyd olunan tarixə 11.880 m3 qaz sərfiyyatı hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21.09.2018-ci il tarixli ******* №-li aktdan görünür ki, sayğacın çıxış plastmas borusunda deşik aşkar olunmuşdur. 05.11.2020-ci il tarixli, 9/3970 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X3 bina 918 ünvanının (abonent kodu-**********80004) qaz sərfiyyatı üzrə borcu akt əsasında 2376 manat təşkil edir. Lakin smart sayğacın göstəricisinə əsasən Cavabdeh tərəfindən 226,48 manat ödəniş edilmiş və ödənilməli olan borc məbləği 2149,52 manat təşkil edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün qaz sayğacı isə istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). İşin halları ilə müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X3 bina 918 (abonent kodu-**********80004) ünvanında qaz saygacına baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunda deşik aşkar olunmuş və buna uyğun olaraq aktlar tərtib edilmişdir. Göründüyü kimi cavabdehin mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı rədd etməkdə və qarşılıqlı iddianı təmin etməkdə haqlı olmuş, işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(001)- 306/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar