Məhkəmə qərarları › İş №2(103)-6621/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6621/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6621/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh və Cavabdeh İddiaçı ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, borcun depozit hesabında olan vəsaitdən silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı depozit hesabında olan məbləğin ödənilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1232/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış bank hesabı (depozit) müqaviləsinə əsasən Cavabdeh 20000 manat məbləğində vəsaiti illik 10% olmaqla, bank əmanəti olaraq 1 il müddətinə banka depozitə qoymuşdur.

2. Daha sonra xx.xx.2019-cu il tarixdə tərəflər arasında 100.LN.1104.010819.00001 saylı kredit müqaviləsi bağlanmış, kreditora illik 12% ödəmək şərtilə Cavabdeh əmanət müddətinin sonunadək (xx.xx.2020-ci il) 10000 manat məbləğində istehlak krediti ayrılmışdır.

3. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tərəflər arasında xx.xx.2019-cu il tarixli 100.CL.010819.00001/a saylı saxlanc müqaviləsi bağlanmış, İddiaçı ASC-də ******************** nömrəli hesabda saxlanılan 20000 manat pul vəsaiti (depozit) girov qoyulmuşdur.

4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir.

5. Cavabdeh İddiaçı ASC-də əmək haqqı hesabı olmuş, bank müflis elan olunan tarixdə onun əmək haqqı hesabında 999.65 manat vəsaiti olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

6. İlk iddia üzrə İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 12692,10 manat - bundan 9279,87 manat əsas, 807,73 manat faiz borcu, 2069,15 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 535,35 manat faiz borcu və iş üzrə ödənilmiş 128,47 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 11 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 12692,10 manat təşkil edir. Bundan 9279,87 manat əsas, 807,73 manat faiz borcu, 2069,15 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 535,35 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 7.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********300 saylı, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı depozit hesabında olan məbləğin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 100.LN.1104.010819.00001 kredit müqaviləsi üzrə 9279,87 manat əsas borcun depozit hesabda olan 20386,70 manat vəsaitdən silinməsi, qalıq 11106,83 manatın və blok qoyulmuş 999,65 manatın, ümumilikdə 12106,48 manatın, ödənilmiş 127 manat dövlət rüsumunun Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2010-cu il tarixdən etibarən İddiaçı ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. İddiaçı ASC ilə onun arasında xx.xx.2019cu il tarixdə bağlanmış bank hesabı (depozit) müqaviləsinə əsasən o, 20000 manat məbləğində vəsaiti illik 10% olmaqla sığortalı əmanət olaraq 1 il müddətinə banka yerləşdirmişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə tərəflər arasında 100.LN.1104.010819.00001 saylı kredit müqaviləsi bağlanmış, kreditora illik 12% ödəmək şərt ilə ona əmanət müddətinin sonunadək (xx.xx.2020-ci il) 10000 manat məbləğində istehlak krediti ayrılmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tərəflər arasında xx.xx.2019-cu il tarixli 100.CL.010819.00001/a saylı saxlanc müqaviləsi bağlanmış, İddiaçı ASC-də ******************** nömrəli hesabda saxlanılan 20000 manat pul vəsaiti (depozit) girov qoyulmuşdur. 2020-ci ilin aprel ayında əmək məzuniyyətinə çıxmış, işəgötürən tərəfindən ona məzuniyyət pulu və işlədiyi iş günlərinə uyğun olaraq əmək haqqı ödənilmişdir. Məzuniyyətdə olduğu dövrdə əmək haqqı karta mədaxil edilmiş məzuniyyət və əmək haqqı məbləğinin bir hissəsini məxaric edib xərcləmişdir. Mərkəzi Bankın xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı ASC-yə müvəqqəti inzibatçı təyin edilmiş, həmin inzibatçı tərəfindən ona faktiki olaraq ona ödənilmiş və onun əmək haqqı kartı hesabında olan 999.65 manat məbləğində vəsait qanunvericiliyin tələbinə zidd olaraq bloklanmışdır. xx.xx.2020-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmiş və daha sonra sığorta hadisəsi baş verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, məzuniyyətdə olduğu dövrdə faktiki olaraq ona ödənilmiş və kart hesabında olan əmək haqqının blokdan azad edilməsini, vəsaitin ona verilməsinin təmin edilməsini, eyni zamanda depozit hesabda olan məbləğdən kredit üzrə 9280 manat əsas borcun silinərək qalıq vəsaitin ona ödənilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9279,87 manat əsas borc depozit hesabda olan 20386,70 manat (faizlər daxil) vəsaitdən silinməli, qalıq 11106,70 manat və 999,65 manat əmək haqqı, ümumilikdə 12106,35 manat ona ödənilməlidir. İddiaçı ASC ilə arasında xx.xx.2019-cu il tarixdə bağlanmış bank hesabı (depozit) müqaviləsinə əsasən Bank tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır. Bank xx.xx.2007-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olaraq Fonda sığorta haqqı ödəyir. Sığorta hadisəsi baş verdikdə Fond Əmanətçiyə kompensasiyanın ödənilməsi vaxtı və yeri barədə məlumat verir. Həmin müqavilənin 3-cü bəndinin tələblərinə əsasən kompensasiyanın verilməsi ilə bağlı Fonda ərizə verildiyi tarixdən 90 gün müddətində Fond tərəfindən Əmanətçiyə kompensasiya ödənilməlidir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1232/2022 saylı qətnaməsi ilə (hakim K.Əmirxanova) ilkin iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqavilə üzrə 9279,87 manat məbləğində əsas borc və 93,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, ilkin iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış bank hesabı (depozit) müqaviləsinə əsasən Cavabdeh 20000 manat məbləğində vəsaiti illik 10% olmaqla bank əmanəti olaraq 1 il müddətinə banka yerləşdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Cavabdeh əmanət qoyulmuş pula münasibətdə təminatsız kreditor olması səbəbindən onun həmin əmanətlə bağlı tələbləri “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinə əsasən 7-ci növbədə icra edilir. Bu səbəbdən qarşılıqlı iddia tələbi “xx.xx.2019-cu il tarixli 100.LN.1104.010819.00001 kredit müqaviləsi üzrə 9279,87 manat əsas borcun depozit hesabda olan 20386,70 manat vəsaitdən silinməsi, qalıq 11106,83 manatın geri qaytarılması” hissəsində təmin edilə bilməz.

12. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinin “blok qoyulmuş 999,65 manat əmək haqqının verilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh ödənilməsini tələb etdiyi əmək haqqının verilməsi qanunla müflis elan olunmuş bankın aktivləri üzrə kreditor tələblərinin növbəliyinə əsasən 4-cü növbədə müəyyən edilmişdir. Belə ki qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində ona 2020-ci ilin aprel ayı üçün verilmiş əmək haqqının bloklandığını bildirmişdir. Bank isə növbəti ay, 2020-ci ilin may ayı tarixində müflis elan olunmuşdur. Göründüyü kimi, tələb edilən əmək haqqı bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli olan haqdır və növbəliliyə əsasən tələb edildiyi halda 4-cü növbədə icra edilməlidir.

13. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 385, 386, 421, 442, 445, 448, 739, 741, 300, 301, 446-cı maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

14. Qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1232/2022 nömrəli 25 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, bankın kredit tələbini, öhdəliklər və müqavilə münasibətləri ilə bağlı qanunvericiliyin tələblərini əsas götürərək, qarşılıqlı iddia üzrə dəlillərə və təqdim edilmiş sübutlara (əmək haqqı hesabından çıxarış) əhəmiyyət verməmiş, kifayət qədər əsaslandırılmamış qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh fiziki şəxs olaraq banka əmanət yerləşdirmiş, sığorta hadisəsi baş verdiyi tarixədək, yəni xx.xx.2020-ci ilədək həmin bankda çalışmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli depozit müqaviləsinin 3.8-ci bəndinin tələbindən də görünür ki, Fond sığorta hadisəsi baş verdikdə Əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi hədindən çox olmamaq şərtilə kompensasiya ödəyir. Fond əmanət üzrə faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə Əmanətçiyə ödəyir. Bundan başqa, bank hesabı (depozit) müqaviləsinin 3.7-ci bəndində bank qarşısında öhdəliklərin təminatı olan əmanətlərin qorunan əmanətlərə aid edilmədiyi göstərilsə də, qanunvericiliyin bu tələbi xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. Bu səbəbdən tərəflər arasında bağlanmış müqavilə üzrə qeyd edilən tələb qüvvədən düşmüş qanuna istinad edildiyindən etibarsızdır. Çoxlayev X3 Sığortalanması Fondunun sığortalı əmanətlər üçün müəyyən etdiyi faiz dərəcəsinə uyğun olaraq əmanət yerləşdirmişdir. Yerləşdirilmiş əmanətə görə İddiaçı ASC tərəfindən Fonda təqvim və sığorta haqqı ödənilmişdir. X1 Himayəçilik Şurasının 03 nömrəli protokol qərarı ilə təsdiq edilmiş “İştirakçı banklar tərəfindən X2 təqvim haqlarının ödənilməsi və hesabatların təqdim edilməsi” Qaydalarına əsasən təqvim haqqı yalnız qorunan əmanətçilərin hesablarındakı vəsaitə uyğun hesablanır və ödənilir. Məhkəmə, Cavabdeh qorunan əmanətçi olmasını, əmanətin yerləşdirildiyi bank tərəfindən fonda sığorta və təqvim haqqının ödənildiyini araşdırmamış, mülahizələr əsasında yekun qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə Cavabdeh əmanət qoyulmuş pula münasibətdə təminatsız kreditor olması səbəbindən onun əmanətlə bağlı tələbinin “Banklar haqqında” Qanunun 82-ci maddəsinə əsasən 7-ci növbədə icra edilməli olduğunu qeyd etmişdir. Halbuki, fond əmanətin verilməsindən ümumiyyətlə imtina etmiş, Cavabdeh təminatsız kreditor olmasını qəbul etməmiş, növbəliyə salınması ilə bağlı heç bir addım atmamışdır. Belə olduğu halda məhkəmənin mövqeyi tamamilə əsassızdır. Bundan başqa, Cavabdeh ödənilmiş əmək haqqının qanunsuz olaraq bloklaşdırılması ilə bağlı dəlillərə, əmək haqqı hesabından çıxarışa məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

18. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, ilkin iddia üzrə İddiaçı ASC məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

25. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun:

26. 72.1.3-cü maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;

27. 73.1-ci maddəsinə əsasən bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq:

28. 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun;

29. 73.1.2. bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin.

30. 73.2-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə minənədək bağlanmış müqavilə və əqdləri ləğv edən və ya təxirə salan hər hansı normativ hüquqi akt və ya sərəncam ödəniş sistemləri vasitəsi ilə həyata keçirilmiş klirinqin nəticələrini ləğv edə bilməz.

AR Mülki Prosessual Məcəlləsi

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməklə, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.

35. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin hazırkı apellyasiya baxışının predmeti olan qarşılıqlı iddianın təmin edilməyən “xx.xx.2019cu il tarixli 100.LN.1104.010819.00001 kredit müqaviləsi üzrə 9279,87 manat əsas borcun depozit hesabda olan 20386,70 manat vəsaitdən silinməsi, qalıq 11106,83 manatın qarşılıqlı iddiaçıya ödənilməsi”nə dair hissəsi məhkəmənin qərardadı ilə ləğv edilərək həmin hissədə iş üzrə icrata xitam verilmişdir.

36. Qarşılıqlı iddia tələbinin 999.65 manat bloklanmış vəsaitin qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

37. İş materiallarında olan bank hesabından çıxarış məlumatlarından müəyyən edilir ki, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı ASC-də olan əmək haqqı hesabına xx.xx.2020-ci ildə 580.55 manat, xx.xx.2020-ci ildə 570.23 manat, xx.xx.2020-ci ildə isə 195.27 manat məbləğində əmək haqqı üzrə ödənişlər olmuş, həmin məbləğin bir hissəsi qarşılıqlı iddiaçı tərəfindən əmək haqqı kartından istifadə etməklə şəxsi məqsədləri üçün xərclənmiş, xx.xx.2020-ci il tarixə həmin hesabda 999.65 manat vəsait qalmışdır. Qaşrılıqlı iddiaçı bu məbləğin ləğvedici tərəfindən xx.xx.2020-ci il tarixdən bloklandığını, nəticədə həmin vəsaitdən istifadə edə bilmədiyini bildirmişdir.

38. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı həmin hissədə rədd edərkən ona əsaslanmışdır ki, “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1.5-ci maddəsinə əsasən bu məbləğ əmək haqqı olaraq növbəlilik qaydasında 4-cü növbədə ödənilməli olan kreditor tələbidir.

39. Kollegiya məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır və qeyd edir ki, ilk növbədə həmin tələbin banka qarşı kreditor tələbləri mülki məhkəmə icraatı qaydasında deyil, bankın ləğvetmə proseduru çərçivəsində inzibati məhkəmə icraatı qaydasında həll edilir.

40. Lakin kollegiya hesab edir ki, qarşılıqlı iddianın əmək haqqının 999.65 manat bloklanmış hissəsinin tələb edilməsi 4-cü növbədə icra edilməli olan kreditor tələbi kimi qiymətləndirilə bilməzdi.

41. Belə ki, “Banklar Haqqında” Qanunun 82.1.5-ci maddəsinin dispozisiya şərtinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür və bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri bu qaydaya uyğun olaraq 4-cü növbədə ödənilir.

42. Bu maddənin dispozisiya şərtindən göründüyü kimi, burada söhbət əmək haqqının verilməsi haqqında tələblərdən gedir. Hazırkı halda isə müəyyən edilir ki, qarşılıqlı iddiaçının əmək haqqı bankın müflis elan edilməsindən bir neçə gün əvvəl onun əmək haqqı hesabına köçürülməklə ona verilmişdir və qarşılıqlı iddiaçı bu məbləğin bir hissəsindən istifadə etmişdir. Başqa sözlə, qaşılıqlı iddiaçıya ödənilmiş həmin məbləğ “Banklar Haqqında” Qanunun 73.1.1-ci maddəsinə əsasən gerigötürülməz hesablaşma üzrə ödəniş tapşırığı əsasında ödənilmiş məbləğ olmuşdur.

43. Həmin maddənin dispozisiya şərtlərindən göründüyü kimi, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur.

44. Maddənin məzmunundan göründüyü kimi, qanunverici həmin halların mövcud olduğu təqdirdə ödəniş tapşırığının qüvvədə olmasını müflis elan edilmiş banklara qarşı tələblərin irəli sürülməsinin xüsusi qaydalarını müəyyən edən həmin Qanunun 72-ci maddəsinin müddəalarından asılı etmir.

45. Hazırkı işin hallarına qanunvericiliyin göstərilən normalarının tələbləri əsasında qiymət verərkən bu nəticəyə gəlmək olur ki, bankın ləğv edilməsi haqqında qərar qəbul edilməsinə baxmayaraq, qarşılıqlı iddiaçıya əmək haqqı olaraq ödənilmiş vəsait gerigötürülməz hesablaşma üzrə ödəniş tapşırığı olaraq hüquqi qüvvədə qalmışdır və bu ödəniş tapşırığı üçüncü tərəf, o cümlədən bankın ləğvedicisi olan ƏSF üçün məcburi olmuşdur. Buna baxmayaraq, ƏSF həmin məbləğin qarşılıqlı iddiaçı tərəfindən istifadəsini bloklamışdır.

46. Göstərilənlər onu deməyə əsas verir ki, qarşılıqlı iddiaçıya ödənilmiş olan əmək haqqının həmin iddia üzrə cavabdeh olan İddiaçı ASC-nin ləğvedicisi ƏSF tərəfindən bloklanması qanunvericliyin tələblərinə zidd olmuşdur.

47. Bu səbəbdən kollegiya apellyasiya şikayətinin dəlillərini həmin hissədə əsaslı hesab edir və bu qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi bloklanmış əmək haqqının qaytarılması hissəsində əsaslı olmuşdur.

48. Lakin işə baxmış birinci instansiya məhkəməsi yuxarıda şərh edilən halları nəzərə almadan, qarşılıqlı iddianı həmin hissədə təmin etməmişdir. Bununla da, məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

49. Göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və qarşılıqlı iddia tələbi bloklanmış 999.65 manat vəsaitin verilməsi hissəsində təmin edilməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1232/2022 saylı qətnaməsi qismən, qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. 999,65 (doqquz yüz doxsan doqquz manat altmış beş qəpik) manat pul vəsaiti, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 27 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 14 manatı, ümumilikdə 1.040,65 manat İddiaçı ASC-dən Cavabdeh xeyrinə tutulsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata qarşılıqlı iddianın xx.xx.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqaviləsi üzrə 9279,87 manat əsas borcun depozit hesabında olan 20386,70 manat vəsaitdən silinməsi, qalıq 11106,83 manatın Cavabdeh ödənilməsi hissəsində xitam verilməsi nəzərə alınsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar