Məhkəmə qərarları › İş №2(103)-6622/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6622/2022

14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6622/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, cavabeh Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Murad Mehrəliyevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 8.000 manat tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, 8.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında cavabdeh və onun vəkili apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının cavabdehə 12.000 manat pul verdiyi işin mübahisə doğurmayan halıdır. Belə ki, iddiaçı cavabdehə 12.000 manat pul verdiyini bildirir. O, bunu iddia ərizəsində qeyd edib. Cavabdeh də etiraf edir ki, iddiaçıdan 12.000 manat pul alıb. O, bunu pul mübahisəsi ilə bağlı polis orqanında aparılan araşdırma zamanı verdiyi izahatda (iş v. 7) və imzaladığı iltizamda (iş v. 16) qeyd edib. Mübahisə doğuran hallar aşağıdakılardır: 1) pulun qaytarılması; 2) pulun hansı məqsədlə verilməsi; 3) pulun hansı tarixdə verilməsi. Həmin hallar barədə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. 1-ci hal barədə: İddiaçı bildirir ki, cavabdeh 12.000 manat puldan 4.000 manat qaytarıb, 8.000 manat qalıb. Cavabadeh isə bildirir ki, 12.000 manat pulu tam qaytarıb. Alınmış pulun tam qaytarıldığını sübut etmə yükü pul alanın üzərinə düşür. 4.000 manatın qaytarıldığını iddiaçı etiraf etdiyinə görə cavabdeh bunu sübut etmə yükündən azaddır. Qalan 8.000 manat pulun qaytarıldığını təsdiq edən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməyib. Ona görə də hesab olunur ki, 8.000 manat qaytarılmayıb. 2-ci hal barədə: İddiaçı pulu hansı məqsədlə verdiyini iddia ərizəsində qeyd etməyib. İddiaçı polis orqanında pul mübahisəsi ilə bağlı aparılan araşdırma zamanı verdiyi izahatda bildirib ki, pulu cavabdehə övladının (daxili işlər orqanlarında xidmətdən xaric olunmuş övladının) əvvəlki işinə bərpa olunmasına köməklik etməsi məqsədilə verib (iş v. 7). İddiaçı bunu hazırkı iş üzrə apellyasiya icraatı zamanı da bildirib. Cavabdeh isə buna etiraz edir, pulu iddiaçıdan özünün ehtiyacları üçün borc aldığını bildirir. O, bunu həm polis orqanında aparılan araşdırma zamanı (iş v. 7), həm də hazırkı iş üzrə apellyasiya icraatı zamanı bildirib. Tərəflərin heç biri istinad etdiyi halı təsdiq edən sübutları məhkəməyə təqdim etməyib. İddiaçının istinad etdiyi hal mülki-hüquqi məsuliyyət ilə yanaşı, cinayət-hüquqi məsuliyyət də yarada bilər, ona görə də həmin hal mötəbər sübutlar olmadan müəyyən edilə bilməz. Belə vəziyyətdə cavabdehin istinad etdiyi hal, yəni pulun borc verildiyi sübut olunmuş sayılır. Çünki pulun verilməsi faktı var, cavabdeh pulu borc aldığını bildirir, iddaçı isə pulun borc olmadığını təsdiq edən sübut təqdim edə bilmir. 3-cü hal barədə: Bu halın müəyyən edilməsinin müqaviləsinin forması üçün əhəmiyyəti var. Belə ki, borc müqaviləsinin predmeti 3.000 manatdan çoxdur. Qanunvericiliyə görə, borc müqaviləsinin predmeti 3.000 manat çoxdursa, o, yazılı formada bağlanmalıdır (Mülki Məcəllə, maddə 740.2). Bu qayda xx.xx.2016-cı il tarxli Qanunla Mülki Məcəlləyə daxil edilib. İddiaçı pulu 2013-cü ildə verdiyini bildirir. Cavabdeh isə pulu 2016-cı ildə aldığını bildirir. Borcun məhz xx.xx.2016-cı ildən sonra verildiyini təsdiq edən sübut yoxdur. Ona görə də hesab olunur ki, borc bu tarixə qədər verilib. Tərəflərin arasında borc müqaviləsi şifahi formada bağlanıb, sonradan cavabdeh birtərəfli qaydada borcunun olduğunu yazılı formada etiraf edib. Ona görə hesab olunur ki, borc müqaviləsi bağlandığı zaman formasına görə qaunvericiliyin göstərişinə uyğun olub. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar