Məhkəmə qərarları › İş №2(103)-6625/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6625/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6625/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(001)-800/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ASC-nin xeyrinə əsas borca görə 2518,55 ABŞ dolları, kreditin bitmə tarixinə hesablanan faiz borcuna görə 673,17 ABŞ dolları, cərimə borcuna görə 3811,61 ABŞ dolları olmaqla, cəmi 7003,33 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07.08.2014-cü il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh3 ASC tərəfindən 24 ay müddətinə illik 32 % olmaqla 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanan 01.11.2017-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 7682,7 ABŞ dolları təşkil edir və müddəti 01.11.2020-ci il tarixə təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(001)- 800/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 07.08.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən əsas borca görə 2518,55 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, dövlət rüsumuna görə 30 manat ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manatın dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin faiz və cərimə məbləğinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin borcu milli valyutada olduğundan borcunun yalnız restruktruzasiya olması mümkün olmuşdur, lakin güzəştli kredit müqaviləsinin bağlanması üçün müəyyən olunmuş müddət sona çatsa da Cavabdeh3 bununla bağlı Banka müraciət etməmişdir. Cavabdehin müraciəti olmadan nə bankın, nə də məhkəmənin cavabdehin faiz və cərimə borclarını silməyə səlahiyyəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişlər. Odur ki, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakılar müəyyən edilmişdir. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış 07.08.2014-cü il tarixli ********* saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 24 ay müddətinə qaytarmaq illik 32 % ödəmək şərti ilə şəxsi istehlak məqsədilə 6350 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndindən müəyyən olunur ki, gecikdirilən borc məbləğinə cərimə kimi illik 64 % dərəcəsilə, aylıq isə 5,33 % dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İddiaçı ASC-nin 07.08.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh3 08.09.2014- cü il tarixdən 07.08.2016cı il tarixədək olan dövr ərzində əsas borca görə 6350 ABŞ dolları, faiz borcuna görə 2331,83 ABŞ dolları olmaqla cəmi 8681,83 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. 07.08.2014-cü il tarixli 1/46/70812390 saylı kassa məxaric orderindən müəyyən olunur ki, Cavabdeh3 07.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 4973,96 manat ödənilmişdir. Borcverən İddiaçı ASC, borcalan Cavabdeh3 və zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 07.08.2014-cü il tarixli 430004221/ZM saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zaminlər 07.08.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə borcalanın borcverən qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış 07.08.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə 12.03.2015-ci il tarixli 1 saylı əlavə sazişdən müəyyən olunur ki, tərəflər 07.08.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. Əlavə sazişin 1-ci bəndinə əsasən müqaviləyə əsasən borcverənin borcalana verdiyi kreditin qalıq məbləği 5094 ABŞ dolları təşkil edir, kreditin müddəti 26 ay təyin edilir. Əlavə saziş üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh3 10.04.2015-ci il tarixdən 12.05.2017-ci il tarixədək olan dövr ərzində əsas borca görə 5094 ABŞ dolları, faiz borcuna görə 2028,72 ABŞ dolları olmaqla cəmi 7122,72 ABŞ dolları borcu hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən İddiaçı ASC, borcalan Cavabdeh3, zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 07.08.2014-cü il tarixli 430004221/ZM saylı zaminlik müqaviləsi üzrə 12.03.2015-ci il tarixli 1 saylı əlavə sazişdən müəyyən olunur ki, tərəflər 07.08.2014-cü il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. Əlavə sazişin 1-ci bəndinə əsasən müqaviləyə əsasən borcverənin borcalana verdiyi kreditin qalıq məbləği 5094 ABŞ dolları təşkil edir, kreditin müddəti 26 ay təyin edilir. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış 07.08.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə 01.11.2017-ci il tarixli 2 saylı əlavə sazişdən müəyyən olunur ki, tərəflər 07.08.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. Əlavə sazişin 1.1-ci bəndinə əsasən borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 7682,7 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4000,93 ABŞ dolları əsas borc, 2394,32 ABŞ dolları faiz borcu və 1287,45 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 01.11.2020-ci il tarixədək təşkil edir. Əlavə saziş üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh3 01.12.2017-ci il tarixdən 01.11.2020-ci il tarixədək olan dövr ərzində əsas borca görə 4000,93 ABŞ dolları, faiz borcuna görə 646,6 ABŞ dolları olmaqla cəmi 4647,53 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən İddiaçı ASC, borcalan Cavabdeh3, zamin Cavabdeh2 arasında bağlanmış 07.08.2014-cü il tarixli 430004221/ZM saylı zaminlik müqaviləsi üzrə 01.11.2017-ci il tarixli 2 saylı əlavə sazişdən müəyyən olunur ki, tərəflər 07.08.2014-cü il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. Əlavə sazişin 1-ci bəndinə əsasən müqaviləyə əsasən borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 7682,7 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4000,93 ABŞ dolları əsas borc, 2394,32 ABŞ dolları faiz borcu və 1287,45 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 01.11.2020-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 20 % dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Əlavə sazişin 2.2-ci bəndinə əsasən zamin bu əlavə sazişi imzalamaqla 07.08.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi həmin müqaviləyə edilmiş əlavələr o cümlədən 02 saylı 01.11.2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. Borcverən DəmirBank ASC, borcalan Cavabdeh3, zamin Cavabdeh1 arasında bağlanmış 07.08.2014-cü il tarixli 430004221/ZM saylı zaminlik müqaviləsi üzrə 01.11.2017-ci il tarixli 2 saylı əlavə sazişdən müəyyən olunur ki, tərəflər 07.08.2014-cü il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. Əlavə sazişin 1ci bəndinə əsasən müqaviləyə əsasən borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 7682,7 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4000,93 ABŞ dolları əsas borc, 2394,32 ABŞ dolları faiz borcu və 1287,45 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 01.11.2020-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 20 % dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Əlavə sazişin 2.2-ci bəndinə əsasən zamin bu əlavə sazişi imzalamaqla 07.08.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi həmin müqaviləyə edilmiş əlavələr o cümlədən 02 saylı 01.11.2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. ASC-nin borcalan Cavabdeh3, zaminlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 13.07.2017-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana və zaminlərə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun ödənilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin 10.03.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 07.08.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh3 05.03.2020-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə əsas borca görə 2518,55 ABŞ dolları, faiz borcuna görə 673,17 ABŞ dolları, cəriməyə görə 3811,61 ABŞ dolları olmaqla, cəmi 7003,33 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.03.2021-ci il tarixli 9/5756 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları 07.08.2014-cü il tarixli ********* saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 Dəmirbank ASC-yə əsas borcu 2518,55 ABŞ dolları, faiz borcu 673,17 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının 12.04.2021-ci il tarixli problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışından müəyyən olunur ki, Cavabdeh3 LPO İddiaçı ASC-yə əsas kredit borcu 4281,54 manat (2518,55 ABŞ dolları) təşkil edir. Beləliklə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanan 07.08.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşdüyündən Fərmanın qüvvəyə mindiyi tarixə borcalanın borcverənə olan 2518,55 ABŞ dolları əsas borcunun restrukturizasiya edilməsi nəzərdə tutulsa da, borcverən borcalanla, istinad olunan Fərmanın tələblərinə əsasən, güzəştli kredit müqaviləsinin bağlanması üçün heç bir tədbir görməmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işin müəyyən edilmiş hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, iddiaçının cavabdehlərdən əsas borca görə 2518,55 ABŞ dolları tələbini əsaslı hesab edərək, həmin məbləğdə əsas borcun tutulması qənaətinə gəlmişdir. İddia tələbinin faiz, cərimə hissəsinə münasibətdə iddianı rədd edən məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi» Qaydalarının tələblərini nəzərə almaqla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını təklif etmək hüququ birbaşa kredit təşkilatlarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Faiz, cərimə tələbi ilə bağlı vaxtında öz hüquqlarından istifadə edib cavabdehlərlə güzəştli kredit müqaviləsi bağlamayan iddiaçının hazırda cavabdehlərə qarşı faiz, cərimə tələbi irəli sürməsi hüquqdan suistifadə olduğundan iddia tələbləri bu hissədə təmin edilə bilməz. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin Fərmanının təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi və həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, Fərmanın əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə hissəsində təmin edilməməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğrudur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir və əsassızdır, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(001)- 800/2021 saylı iş üzrə qətnaməsi mübahisələndirilən – iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar