Məhkəmə qərarları › İş №2(103)-6626/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6626/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6626/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Baxşıyev Akif Barat oğlu və qeyrilərinə qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: icarə və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarış, texniki pasportun və hüquqi nəticələrinin ləğv edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh Azərbaycan Respublikası İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh4 QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1749/2023 saylı iş üzrə 02 may 2023cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri 6 saylı DNK-da təsdiq edilmiş xx.xx.2014- cü il tarixli müqavilədən görünür ki, İbrahimov Növruzəli Kazım oğlu Bakı "xxxx" ASCnin adından çıxarış edərək, xx.xx.2004-cü il tarixli Texniki Pasporta əsasən ASC-nin istifadəsində olan Xətai rayonu, Zığ şosesinin sağındakı 46814,3 kv.m. torpaq sahəsi üzərində yerləşən ASC-yə məxsus Xammal bazasındakı bina və qurğuları İddiaçı satmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Baxşıyev Akif Barat oğlu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, Cavabdeh4 QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134C (Bakı şəhəri, Xətai rayonu. Əhmədli yaşayış sahəsi. Zığ şossesi 5/1) ünvanında yerləşən 202 kv.m əmlak kompleksi barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh Baxşıyev Akif Barat oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 64/96 saylı icarə müqaviləsinin və xx.xx.2014-cü il tarixli 5363 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh Baxşıyev Akif Barat oğlunun adına verilmiş xx.xx.2014-cü il tarixli. Seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, 11/369 saylı, xx.xx.2014-cü il tarixli texniki pasportun və qeyd olunan sənədlər əsasında əldə olunmuş bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 134C (Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Zığ şossesi 5/1) ünvanında yerləşən qeyri-yaşayış tikililər "xxxx" ASC tərəfindən əvəzi ödənilməklə özəlləşdirmə qaydasında əldə edilmiş, həmin əsasla tikililərin yerləşdiyi 4,68 ha torpaq sahəsi də müddətsiz ASC-nin istifadəsində saxlanılmışdır. Adıçəkilən mövcud tikililərin və torpaq sahəsinin ölçüləri, həcmləri və yerləşmə vəziyyəti rəsmi sənədlərlə təsdiq olunmaqla, özəlləşmə zamanı "xxxx" ASC-nə xx.xx.2004-cü il tarixli texmiki pasportunda mövcud cizgilərlə tərtib olunmuşdur. xx.xx.2004-cü il tarixdə 6 saylı notariat kontorunda "xxxx" ASC ilə iddiaçı Zayidov Sübhan Əflan oğlu arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış alqı-satqı müqaviləsinə əsasən ASC-nin həmin ünvanda yerləşən mövcud tikililərə və torpaq sahəsinə malik olduğu hüququ, qanuni əsaslara iddiaçıya keçmişdir. ƏMDK ilə Baxşıyev Akif Barat oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 64/96 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134C ünvanında yerləşən 202 kv.m əmlak kompleksi sonuncuya icarəyə verilmişdir. Daha sonra ƏMDK ilə Baxşıyev Akif Barat oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5363 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinə əsasən həmin əmlak sonuncuya satılmışdır. Akif Baxşıyevin əmlak kompleksi üzərində hüquqları xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən çıxarışda əmlak kompleksinin yerləşdiyi və istifadəsində olan torpaq sahəsinin 0,02368 ha olduğu qeyd edilsə də, xx.xx.2014-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi həmin ünvanda yerləşən 47322,1 kv.m torpaq sahəsini Əmlak Kompleksinin istifadəsində olan torpaq sahəsi kimi Akif Baxşıyevə satmış və bu barədə onların arasında göstərilən tarixdə 5068 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Halbuki, daşınmaz əmlakın dövlət reyestrində olan rəsmi məlumatlara əsasən həmin vaxt əmlak kompleksinin istifadəsində 47322,1 kv.m deyil, cəmi 0, 02368 kv.m torpaq sahəsi olmuşdur. Beləliklə cavabdeh ƏMDK 202 kv.m əmlak kompleksi adı altında A.Baxşıyevə əslində 202 kv.m deyil, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus olan 1035,6 kv.m tikililəri və həmin tikililərin yerləşdiyi 47322,1 kv.m torpaq sahəsini satmışdır. Qeyd edilən xx.xx.2014-cü il tarixli 5363 saylı müqavilədə alqı-satqı predmeti olan əmlakın və onun ətrafında mövcud torpaq sahəsi ilə bağlı heç bir razılaşma qeyd edilmədiyinə baxmayaraq, DƏDRX Bakı Ərazi İdarəsi sonuncunun adına əmlak kompleksi kimi müəssisə adı altında etdiyi texniki pasportda alqı-satqı predmeti olan 202 kv.m tikili ilə yanaşı həm də həmin tkilinin yerləşdiyi ərazi boyu nə qədər torpaq sahəsi və tikili varsa, həmin əmlaka aid edtmiş və Akif Baxşıyevin istifadəsinə verilmiş sahə qismində qeyd edərək, cizgisini çəkmişdir. Həmçinin texniki pasportda əmlakın təsnifatında alqı-satqı predmeti olan 202 kv.m olan əmlakın həcmindən kənara çıxaraq iddiaçıya məxsus 1.03356 kv.m tikinti sahəsini və 6.0497 kv.m torpaq sahəsini də A. Baxşıyevə aid edib, onun istfadəsinə verildiyi kimi qeyd edilmişdir. Daha sonra cavabdeh tərəfindən adıçəkilən 202 kv.m tikiliyə Akif Baxşıyevin mülkiyyət hüququnu və 002368 ha (236, 8 kv.m) istifadə hüququ dövlət qeydiyyatına almış və bu barədə onun adına xx.xx.2014-cü il tarixli seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən ünvanda "xxxx" ASC-yə məxsus olmaqla onun tərəfindən qanuni əsaslarla əldə edilmiş tikililərdən başqa tikili (əmlak kompleksi) və istifadəsində olan torpaq sahəsindən əlavə torpaq sahəsi mövcud deyildir. Cavabdeh ƏMDK tərəfindən digər cavabdeh A.Baxşıyeva satılmış 202 kv.m qetri-yaşayış sahəsi və istifadəsinə verildiyi qeyd olunmuş 1035,6 kv.m digər tikililərin və 46.049,7 kv.m açıq torpaq sahəsi tərəfindən alqı-satqı yolu ilə əldə edilimiş tikililərlə və həmin tikililərin yerləşdiyi, qanuni və faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bununla da cavabdehləriıı qanunsuz hərəkətləri nəticəsində əmlakdan istifadə və qeydiyyata alınması hüququ məhdudlaşdırılmışdır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1749/2023 saylı iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) İddiaçı cavabdehlər Baxşıyev Akif Barat oğlu, Azərbaycan Respublikası Əmlak Mosəslələri Dövlət Xidməti, "xxxx" QSC-yə qarşı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134C (Bakı şəhəri, Xətai rayonu. Əhmədli yaşayış sahəsi. Zığ şossesi 5/1) ünvanında yerləşən 202 kv.m əmlak kompleksi barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh Baxşıyev Akif Barat oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 64/96 saylı icarə müqaviləsinin və xx.xx.2014-cü il tarixli 5363 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh Baxşıyev Akif Barat oğlunun adına verilmiş xx.xx.2014-cü il tarixli. Seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, 11/369 saylı, xx.xx.2014-cü il tarixli texniki pasportun və qeyd olunan sənədlər əsasında əldə olunmuş bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi barədə iddianın rədd edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnaməni ləğv etməklə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Bakı "xxxx" ASC torpaq sahəsinin sərəncamvericisi olmasa da, torpaq sahəsi üzərində yerləşən və torpaq sahəsi ilə birlikdə vahid daşınmaz obyekt və vahid əşya olan bina və qurğuların – mürəkkəb əmlak şəklindəki tikililərin sərəncamvericisi hüququ olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 135.9-135.10-cu maddələrinə əsasən, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. İşin hallarından görünür ki, Bakı "xxxx" ASC-nin əmlakı mürəkkəb əmlak formasında – müxtəlif təyinatlı, lakin vahid kompleks təşkil edən bir neçə bina və qurğulardan ibarət olmuşdur. Göründüyü kimi, mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Bu, o deməkdir ki, Bakı "xxxx" ASC ilə mənim aramda 2004-cü ildə bağlanmış əqd tikililərin tərkib hissəsi olan torpağa da şamil oluna bilər və şamil də olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 243.1-243.3-cu maddələrinə əsasən, başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. Göründüyü kimi, Bakı "xxxx" ASC-nin torpaq sahəsi ilə bağlı istifadə hüquqları olmuşdur. Mən Bakı "xxxx" ASCdən tikililəri alqı-satqı yolu ilə əldə edərkən torpaqdan istifadə hüquqları da Mülki Məcəllənin 243.1-243.3-cu maddələrinə əsasən ona keçmişdir. İşin hallarından görünür ki, Bakı "xxxx" ASC-nin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları olmuşdur. Bu hüquq həmin torpaq sahəsindəki tikililərin və mürəkkəb əmlak kompleksinin özəlləşdirilməsi ilə bağlı yaranmışdır. Bakı "xxxx" ASC öz təsərrüfat məqsədləri üçün mülkiyyətində olan tikililərini mənə satmış, alqı-satqı ilə həm tikililər və həm də tikililərin yerləşdiyi torpaq sahəsi mənim istifadəmə keçmişdir. Mənimlə Bakı "xxxx" ASC arasındakı müqavilə notariat qaydasında bağlanmışdır. Həmin müqavilə qüvvədədir və indiyə kimi hər hansı hüquqi və fiziki şəxs, hər hansı orqan, eləcə də Əmlak Məsələləri Dövlət Komitəsi/Xidməti tərəfindən mübahisələndirilməmişdir. xx.xx.2004-cü il tarixdə 6 saylı notariat kontorunda "xxxx" ASC ilə mənim aramda alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış alqı-satqı müqaviləsinə əsasən ASC-nin həmin ünvanda yerləşən mövcud tikililərə və torpaq sahəsinə malik olduğu hüququ, qanuni əsaslara ona keçmişdir. 11 noyabr 2004-cü il tarixli alqı-saqı müqavilə (iş materiallarına əlavə edilib) notariat orqanında təsdiq olunarkən Satıcının sərəncam vermə hüququ aşağıdakı sənədlərlə müəyyən edilmişdir. "xxxx" ASC-nin ümumi iclasının xx.xx.2003-cü il tarixli protokolu, AR Prezidenti yanında Qiymətli Kağızlar üzrə DK-nin 10/2-118 nömrəli, xx.xx.2004-cü il tarixli arayışı, AR Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 0102-A1-1313 nömrəli, Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə, AR Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölfə şöbəsinin xx.xx.2002-ci il tarixli “Kommersiya Təşkilatlarının Dövlət Reyestri”ndən Çıxarış, Əmlakın İnventarlaşdırılması Bürosundan verilmiş xx.xx.2004-cü il tarixli Texniki Pasport Beləliklə mənim (sahiblik və istifadə hüququnun) yaranma əsası 11 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi təşkil edir. Alqı-satdıqdan sonra Azərbaycan Respublikası Mülki Məcəllənin 135.9-135.10-cu maddələrinə əsasən, .9.531˝ Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.˝ Bakı "xxxx" ASC torpaq sahəsinin sərəncamvericisi olmasa da, torpaq sahəsi üzərində yerləşən və torpaq sahəsi ilə birlikdə vahid daşınmaz obyekt və vahid əşya olan bina və qurğuların – mürəkkəb əmlak şəklindəki tikililərin sərəncamvericisi hüququ olmuşdur. İşin hallarından görünür ki, Bakı "xxxx" ASC-in əmlakı mürəkkəb əmlak formasında – müxtəlif təyinatlı, lakin vahid kompleks təşkil edən bir neçə bina və qurğulardan ibarət olmuşdur. Göründüyü kimi, normanın məzmununa görə, mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Bu, o deməkdir ki, Bakı "xxxx" ASC ilə mənim aramda 2004-cü ildə bağlanmış əqd tikililərin tərkib hissəsi olan torpağa da şamil oluna bilər və şamil də olunmalıdır. Tikililər üzərində hüquqlarımı ƏMDK-nin maneçilikləri üzündən qeydiyyata aldıra bilməmişdir. Hesab edir ki, İ instansiya məhkəməsinin iş üzrə qətnaməsi maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilməsi həmin qətnamənin ləğvinə əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

11. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı və iş üzrə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

12. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

13. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir

14. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Qətnamə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən mübahisələndirilərək ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edildiyindən, hazırki halda qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1749/2023 saylı iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Dövlət Şirkətinin tabeliyində “Bakı Üzlük Materialları Kombinatı” icarə müəssisəsi “Mərməri’ QSC-yə çevrilərkən Xətai rayonu, Zığ şosesi ünvanında yerləşən "xxxx" "Mərmər QSC-nin özəlləşdirilən əmlakının tərkibinə daxil olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2014-cü il tarixli 20 nömrəli əmri ilə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi ünvanında yerləşən “Xammal bazası" İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin sərəncamına qəbul edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 5363 nömrəli alqı-satqı müqaviləsinə əsasən Xətai rayonu, Nobel prospekti, 134 C ünvanında yerləşən 202,0 kv.m əmlak kompleksi Cavabdeh2 satmışdır. Sözügedən əmlak kompleksinin yerləşdiyi 47322,1 kv.m torpaq sahəsi də xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsinə əsasən əmlak kompleksi və onun yerləşdiyi torpaq sahəsi Cavabdeh2 tərəfindən Alışov Ramil Veysəl oğluna satılmışdır. xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak kompleksi və onun yerləşdiyi torpaq sahəsi Aİışov Ramil Veysəl oğlu tərəfindən "xxxx" MTK-ya satılmışdır. Əmlak hazırda "xxxx" QSCnin mülkiyyətindədir. xx.xx.2004-cü il tarixdə tərtib edilmiş texniki pasportun etibarsız sayılması barədə İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosunun Ü-10 nömrəli xx.xx.2006-cı il tarixli əmri və əmrin verilməsinə əsas olmuş sənədlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcud deyildir. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 134C ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2014-cü il tarixli 5363 nömrəli İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixində Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir. Sözügedən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 47322,1 kv.m torpaq sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2014-cü il tarixli 5068 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən (vahid əmlak olmaqla) xx.xx.2014-cü il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. 6 saylı Dövlət Notariat Kontorunun 4Ə-645 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2014-cü il tarixində Alışov Ramil Veysəl oğlunun adına qeydiyyatdan keçmişdir. 6 saylı Dövlət Notariat Kontorunun 4Ə-47 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2015-ci il tarixində “Bağçasaray" MTK-nın adına qeydiyyatdan keçmişdir və hazırda "xxxx" QSC-nin mülkiyyətindədir. Həmçinin xx.xx.2004-cü il tarixində tərtib edilmiş texniki pasportun (etibarsız sayılması barədə İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosunun Ü-10 nömrəli xx.xx.2006-cı il tarixli əmri və əmrin verilməsinə əsas olmuş sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarında aşkar edilməmişdir.

25. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 6 saylı DNK-da təsdiq edilmiş xx.xx.2014- cü il tarixli müqavilədən görünür ki, İbrahimov Növruzəli Kazım oğlu Bakı "xxxx" ASCnin adından çıxarış edərək, xx.xx.2004-cü il tarixli Texniki Pasporta əsasən ASC-nin istifadəsində olan Xətai rayonu, Zığ şosesinin sağındakı 46814,3 kv.m. torpaq sahəsi üzərində yerləşən ASC-yə məxsus Xammal bazasındakı bina və qurğuları İddiaçı satmışdır.

26. Kollegiya ilkin olaraq qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)... Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

28. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134C (Bakı şəhəri, Xətai rayonu. Əhmədli yaşayış sahəsi. Zığ şossesi 5/1) ünvanında yerləşən 202 kv.m əmlak kompleksi barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh Baxşıyev Akif Barat oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 64/96 saylı icarə müqaviləsinin və xx.xx.2014cü il tarixli 5363 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi üçün gətirdiyi dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, birinci instansiya məhkəməsi iddianı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134C (Bakı şəhəri, Xətai rayonu. Əhmədli yaşayış sahəsi. Zığ şossesi 5/1) ünvanında yerləşən 202 kv.m əmlak kompleksi barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh Baxşıyev Akif Barat oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 64/96 saylı icarə müqaviləsinin və xx.xx.2014cü il tarixli 5363 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edərək təmin etməməkdə haqlı olmuşdur..

30. Bundan başqa, kollegiya qeyd edir ki, icarə və alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia rədd edildiyinə görə, Baxşıyev Akif Barat oğlunun adına verilmiş xx.xx.2014-cü il tarixli. Seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, 11/369 saylı, xx.xx.2014-cü il tarixli texniki pasportun və qeyd olunan sənədlər əsasında əldə olunmuş bütün hüquqi nəticələrin ləğv edilməsinə dair iddia tələblərini əsassız hesab edərək rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

31. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə haqlı olaraq hesab etmişdir ki, ilk iddia tələbi əsassızdır və təmin edilmə bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyatorlar tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onların özünə aid edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1749/2023 saylı iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar