Məhkəmə qərarları › İş №2(103)-6630/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6630/2021

14.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6630/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3445/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya məhkəməsi 28.10.2019-cu il tarixli, 2(103)-13229/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən 28.01.2015-ci il təvəllüdlü X2 və 20.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 20.02.2019-cu il tarixli 2(011)-2840/2019 saylı qətnaməsi ilə cavabdehdən 28.01.2015-ci il təvəllüdlü X2 və 20.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 28.10.2019cu il tarixli, 2(103)-13229/2019 saylı qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə Cavabdeh 28.01.2015-ci il təvəllüdlü X2 və 20.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilərək, alimentin məbləği hər uşağa görə 125 manat iki uşağa görə cəmi 250 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda həmin məbləğ uşaqların tələbatının ödənilməsinə kifayət etmir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3445/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 28.10.2019-cu il tarixli, 2(103)-13229/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 28.01.2015-ci il təvəllüdlü X2 və 20.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 135 (bir yüz otuz beş) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və iddiasının tam təmin olunmasını xahiş edən iddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, hal-hazırda iki övladı 28.01.2015-ci il təvəllüdlü X4 və 20.02.2017-ci il təvəllüdlü X3 bu məbləğlə ehtiyaclarını qarşılaya bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq bildirdi ki, böyük uşağın nitqində problemlər var, loqoped yanına qoymaq üçün maddi vəsaitə ehtiyac var, hazırki vəziyyətdə həmin ehtiyacları qarşılamağa maddi imkanı çatmır. Cavabdehlə məhkəmədən kənar danışıqları olsa da razılığa gələ bilməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, cavabdeh Qəbələdə oteldə işləyir, faktiki əmək haqqı 400 manat olsa da, rəsmi olaraq 250 manat alır. Hesab edir ki, hazırki vəziyyətdə apellyasiya şikayətinin təmin edilərək alimentin artırılmasına zərurət yoxdur. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. İş materiallarında olan Bakı Apellyasiya məhkəməsinin 28.10.2019-cu il tarixli, 2(103)- 13229/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.08.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin olunması, İddiaçı ilə Cavabdeh arasında 12.09.2014-cü il tarixdə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 28.01.2015-ci il təvəllüdlü X4 və 20.02.2017-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılmaları, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qıtnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə Cavabdeh 28.01.2015-ci il təvəllüdlü X2 və 20.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilərək, alimentin məbləği hər uşağa görə 125 manat, iki uşağa görə cəmi 250 manat sabit pul məbləğində müəyyən edilmişdir. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh “Atilla Fitness.Hamam.Spa” istirahət kompleksində 01.04.2019-cu il tarixdən bağladığı əmək müqaviləsinə əsasən çalışır və aylıq əmək haqqı 250 AZN təşkil edir. Bundan başqa cavabdeh apellyasiya şikayətində isə aylıq qazancının 320 manat olmasını qeyd etmişdir. Həmçinin himayəsində yaşlı ata və anası eləcə də bacıları var. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Kollegiya qeyd edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı Apellyasiya Məhkəməsinin 28.10.2019-cu il tarixli, 2(103)-13229/2019 saylı qətnaməsi ilə onun xeyrinə cavabdehdən hər uşağa 125 manat aliment tutulmuş, hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün artırılaraq 175 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhəməsinin cavabdehin maddi vəziyyətinin yaxşılaşması ilə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübutun təqdim olunmamasına istinad etməsi düzgün olmamışdır, belə ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin məbləğinə və bununla bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Uşağın iddiaçının himayəsində olmasını, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının məhz iddiaçı tərəfindən çəkildiyini nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətli deyildir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilərək, Bakı Apellyasiya Məhkəməsinin 28.10.2019-cu il tarixli, 2(103)-13229/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmaqla, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavadehdən hər ay hər uşağa görə sabit pul məbləğində 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində alimentin alınaraq iddiaçıya verilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3445/2021 saylı, 22 aprel 2021-ci il tarixli alimentin məbləğinin müəyyən edilmiş hissəsində dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin 28.10.2019-cu il tarixli, 2(103)-13229/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh 28.01.2015-ci il təvəllüdlü X2 və 20.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar