Məhkəmə qərarları › İş №2(103)-6630/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6630/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6630/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "pul tələbi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə Xətai Rayon Məhkəməsinin 2(011)-5855/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-227/0024 saylı qətnaməsinə əsasən borclu olduğu 137 000 manat pul məbləği, onun ailəlik dövrünü əhatə etdiyi üçün keçmiş arvadı Əhmədova (Zeynalova) Nərminə Yaşar qızı ilə, müştərək borc kimi hesab edilərək, borclu olduğu 137 000 manat pul məbləğinin ½ hissəsinin, yəni 68 500 manat pul məbləğinin cavabdeh Əhmədova (Zeynalova) Nərminə Yaşar qızından tutulub ona qaytarılması, Bakı şəhəri 14 saylı notarius ofisində cavabdeh Əhmədova (Zeynalova) Nərminə Yaşar qızı qardaşı X6 verdiyi 20 000 manat borc pul məbləğindən, qalıq məbləğ olan 18 000 manat onun ailəlik dövrünü əhatə etdiyi üçün bərabər payla yəni, 9000 manat pul məbləğinin cavabdeh Əhmədova (Zeynalova) Nərminə Yaşar qızından tutulub ona qaytarılması, iddiaçı tərəfindən ödənilmiş (68 500 manata görə) 295.50 manat pul məbləği olan dövlət rüsumunun və (9000 manata görə) 110 manat dövlət rüsumunun, cəmi 405.50 pul məbləği olan dövlət rüsumun cavabdeh Əhmədova (Zeynalova) Nərminə Yaşar qızından tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Xətai Rayon Məhkəməsinin 2(011)-5855/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Sahibə Hacıyeva) ilə iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və borclu olduğu 137 000-manat puldan, 15 000+55 000=70 000 (yetmiş min) manat pul məbləğinin ½ hissəsini, yəni 35 000 (otuz beş min) manat pul məbləğinin, cavabdehdən tutulub ona qaytarılması, Bakı şəhəri 14-saylı Notarusda, Cavabdeh 17.09 2018-ci il tarixdə, qardaşı X6 verdiyi, 20000 (İyirmi min) manat borc pul məbləğindən qalıq məbləğ olan, 18 000-manat pul məbləğinin ½ hissəsini yəni, 9000 (doqquz min) manat pul məbləğinin cavabdehdən tutulub ona qaytarılması, tərəfindən ödənilmiş 35000 (otuz beş min)-manata görə-195(yüz doxsan beş) manat pul məbləği olan Dövlət rüsumunun və 9000 (doqquz min) manata görə-110 (yüz on) manat, cəmi = 305 (üç yüz beş)- manat rüsumun, cavabdehdən tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, əlavə olaraq da bildirdi ki, onun atasına borcunun olmasına dair qüvvədə olan qətnamənin olmasına baxmayaraq, rayon məhkəməsi bunu nəzərə almamış, bu hala düzgün qiymət verməmişdir.

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda cavabdeh qeyd etdi ki, bu tamamilə cəfəng bir iddiadır, onun iddiaçının atası ilə aralarında olan nə borc münasibətlərindən, nə də pul alınmasından məlumatı olmayıb, təbii ki, bu uydurma bir müqavilə olmuşdur, o özü də həmin qətnaməni mübahisələndirmədi ki, həmin məsələnin ona aidiyyatı yoxdur, həmçinin də o, nikah dövründə öz qardaşına və ərinə borc pul verərərkən bunu notarial qaydada vermişdir, ən azından iddiaçının atası da pul borc versəydi onu notarial qaydada rəsmiləşdirə bilərdi. Eyni qaydada o da, qardaşı və başqa yaxını ilə bir kağıza müəyyən məbləğdə borc pul verilməsini yazıb, sabah qarşı tərəfdən pul tələb edə bilər. Bu isə tamamilə absurddur. Qardaşının borcuna gəldikdə isə cavabdeh bildirdi ki, qardaşı ondan aldığı borcu hələ iddiaçı ilə nikahda olduqları vaxt qaytarmış, həmin vəsaiti onlar bilikdə mənzilin təmirinə məsrəf etmişlər. Rayon məhkəməsinin gəldiyi qənaət tam əsaslıdır, iddiaçının tələbləri uydurmadır, qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

7. Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X11 xx.xx.2008-cı il tarixində 1850 nömrəli akt qeydi ilə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir.

8. 31.03.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X12 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini X1. Daşınmaz əmlakın alqı-satqı qiyməti 195 000 manat müəyyən edilmişdir.

9. 22.04.2012-ci il tarixli bağışlama müqaviləsindən (mənzil) görünür ki, X14 ünvan 2 ünvanında yerləşən 35 nömrəli mənzili İddiaçı bağışlamışdır.

10. xx.xx.2018-ci il tarixli yazılı borc müqaviləsindən görünür ki, X2 Elnur Vaqif oğluna 20 000 manat məbləğində borc pul vermiş, İddiaçı isə həmin məbləği hissə-hissə yaxud xx.xx.2021-ci il tarixinə kimi birdəfəlik qaytarmağı öhdəsinə götürmüşdür.

11. xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə aktdan görünür ki, xx.xx.2018-ci ildə İddiaçı Unibankdan ipoteka kreditinə girib mənzil götürmək üçün atası X14 20 000 manat pul vermişdir. Bu pul X15 ünvan 3 ünvanında yaşadığı evdə həyat yoldaşı Cavabdeh iştirakı ilə verilibdir. Həmin akt İddiaçı, Əntiqə İbrahimova və İddiaçı tərəfindən imzalanmışdır.

12. xx.xx.2019-cu il tarixli yazılı borc müqaviləsindən görünür ki, X2 Elnur Vaqif oğluna 15 000 manat məbləğində pulu borc vermiş, İddiaçı isə 15 000 manat borc pulu dekabr 2021-ci ilə kimi qaytarmağı öhdəsinə götürmüşdür.

13. xx.xx.2019-cu il tarixli yazılı borc müqaviləsinə aktdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı ray, Hövsan qəs, Kondisioner b/y bağlar massivindən, 1501 saylı 5 sot torpaq sahəsini və 1502 sylı ikimərtəbəli bağ evini 96 000 manata almışdır. Bu puldan 46 000 manat nağd və 50 000 manat bankdan kredit götürməklə vermişdir. Nağd verilən 46 000 manatdan 15 000 manatını atası Vaqifdən borc götürərək vermişdir. Həqiqətən də xx.xx.2019-cu il tarixə Elnurun atası Vaqifdən 15 000 manat borc pul aldığını Vaqif Əhmədov, İddiaçı, Əntiqə İbrahimova və Elçin Əhmədov aktı imzalamaqla təsdiq etmişlər.

14. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2146 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 50 000 manat məbləğində kredit verilmiş və xx.xx.2021- ci il tarixə Cavabdeh kredit üzrə öhdəliyi olmamışdır.

15. Müxtəlif tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh adına olan kredit müqaviləsi üzrə müvafiq ödənişlər həyata keçirilmişdir.

16. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, UB-YSM-2022/516 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 60 000 manat məbləğində kredit verilmişdir.

17. xx.xx.2020-ci il tarixli yazılı borc müqaviləsindən görünür ki, Vaqif Əhmədov xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi hissə-hissə 55 000 manat borc pul vermiş, İddiaçı isə aldığı 55 000 manat borc pulu dekabr 2021-ci il tarixə kimi qaytarmağı öz öhdəsinə götürmüşdür.

18. xx.xx.2020-ci il tarixli yazılı borc müqaviləsinə aktdan görünür ki, xx.xx.2019-cu tarixdə İddiaçı Bakı şəhəri Suraxanı ray, Hövsan qəsəbəsi, Kondisioner b/y bağlar massivində 1501 saylı torpağı və 1502 saylı ikimərtəbəli bağ evini 96 000 manata almışdır. Bu pulun 50 000 manatını Bank Respublikanın Nəsimi filialından 2 illik kredit götürməklə verilmişdir. Hər ay 2522 manat ödəməklə 2 il müddətinə bank faizi ilə birlikdə 60506 manat pul ödənilmişdir. Banka hər ay 2522 manat kreditin ödənilməsinə görə Elnur atası Vaqifdən hissə-hissə 55 000 manat borc alaraq terminallar vasitəsi ilə ödənilmiş, ödənilmiş pul qəbzlərini də atasına təqdim etmişdir. Elnuru atasından hissə-hissə 55 000 manat pul almasını Vaqif Əhmədov, İddiaçı, Əntiqə İbrahimova, Elçin Əhmədov öz imzaları ilə təsdiq etmişlər.

19. xx.xx.2020-ci il tarixli yazılı borc müqaviləsində görünür ki, X14 xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi hissə-hissə 30 000 + 17 000= 47 000 manat borc pul vermiş, İddiaçı isə xx.xx.2020-ci il tarixindən 2021-ci ilin dekabr ayına kimi ödəməyə öhdəsinə götürmüşdür.

20. xx.xx.2020-ci il tarixli yazılı borc müqaviləsinə aktdan görünür ki, xx.xx.2019-cu ildə İddiaçı Hövsan qəsəbəsi, Kondisioner bağlar massivində 1501 və 1502 saylı 10 sot torpaq sahəsində 2 mərtəbəli bağ evi aldılar. Bu bağ evinin təmirinə xx.xx.2020-ci ildə başlamışdır. Bağın təmirində pultla qapısı açılan 2 maşınlıq qaraj, kərpicdən manqal, 12 tonluq yeraltı içməli su hovuzu, pultla açılan giriş darvazası, şirin su xətti, istixana, mərmərdən mətbəx mebeli tökülmüşdür və bəzi əlavə işlər tikilmişdir və bərpa edilmişdir. Bağın təmirinə görə Elnur Vaqifdən hissə-hissə 30 000 + 17 000 = 47 000 manat borc pul almışdır. Aktın düzgünlüyünü Vaqif Əhmədov, İddiaçı, Əntiqə İbrahimova və Elçin Əhmədov imzaları ilə təsdiq etmişdir.

21. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5973/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” barədə iddiası təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 1850 saylı aktla qeydə alınmış nikahın pozulması, xx.xx.2011ci il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X16 anaları Cavabdeh himayəsində saxlanılması, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur.

22. İddiaçı Xətai Rayon Məhkəməsinin qətnaməsinin hər uşağa görə 300 manat olmaqla cəmi 600 manat alimentin iddiaçıdan alınıb Cavabdeh ödənilməsi hissəsində dəyişdirərək, alimentin miqdarının hər uşağa hər ay 175 manat olmaqla, cəmi 350 manat müəyyənləşdirərək iddiaçıdan alınaraq Cavabdeh ödənilməsini barədə apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1812/2022 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmişdir.

23. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh adına ünvan 4 ünvanı 46 saylı NK-mn 4ə-389 reyestr nömrəli, 26 09.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2018-cı il tarixdə; Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0.0500 ha torpaq sahəsi 12 saylı NK-nın 4Ə- 1514 reyestr nömrəli, xx.xx.2019-cıı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, "Kondisioner" b/y, 1502 saylı bağ evi 12 saylı NK-nın 4ə-1515 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayonu, 2949-cu məhəllə, Xudu Məmmədov küçəsi, ev 1D mənzil 62 (Yeni qaydada Xətai rayonu,Ramiz Quluyev küçəsi, 69 M12, m-2) üzərində Cavabdeh adına xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri. Suraxanı rayonu Hövsan qəsəbəsi, 1502, "Kondisioner" b/y-nın üzərində Cavabdeh adına xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

26. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(010)-991/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi və Bakı şəhəri, Hövsan qəsəbəsi, “Kondisioner" b/y, 1502 saylı bağ evinin Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, Cavabdeh X17 ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, “HYUNDAİ ACCENT” markalı 90- FK-230 dövlət qeydiyyat nişanlı avtomobilin alqı- satqı müqaviləsinə əsasən ödənilmiş 10 000 manat Cavabdeh tutularaq X8 ödənilməsi, “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili birgə nikah dövründə əldə edilmiş maşın hesab edilməklə, Cavabdeh ½ hissədə İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına rəsmiləşdirilən Lexus ES350" markalı, 99HH660 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “KİA Picanto" markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzərində 1/2 hissəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı, 1/2 hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi qət olunmuşdur.

27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhər Xətai rayonu, General Şixlinski küçəsi, ev 36, 35 nömrəli mənzilin üzərində X9 adına xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

28. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-399/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai Rayonu, Xudu Məmədov küçəsi ev 1D, məzil 62 (yeni qaydada ünvan 5 ünvanında yerləşən mənzilin alınması üçün ilkin olaraq ödənilmiş 15 000 (on beş min) manatdan 1875 (min səkkiz yüz yetmiş beş) manatı, 14 905.57 (on dörd min doqquz yüz beş manat əlli yeddi qəpik) manat aylıq ipoteka ödənişinin 1863 (min səkkiz yüz altmış üç) manatı İddiaçı payı hesab edilmişdir.

29. Adıçəkilən qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3335/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-399/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi Bakı şəhəri, Xətai Rayonu, Xudu Məmədov küçəsi ev 1D, mənzil 62 (yeni qaydada ünvan 5 ünvanında yerləşən mənzilin alınması üçün ilkin olaraq ödənilmiş 15 000 (on beş min) manatdan 1875 (min səkkiz yüz yetmiş beş) manatın, 14 905.57 (on dörd min doqquz yüz beş manat əlli yeddi qəpik) manat aylıq ipoteka ödənişinin 1863 (min səkkiz yüz altmış üç) manatının İddiaçı payı hesab edilsin” hissəsində ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai Rayonu, Xudu Məmədov küçəsi ev 1D, mənzil 62 (yeni qaydada ünvan 5 ünvanında yerləşən mənzilin alınması üçün ilkin ödənilmiş 15 000 (on beş min) manatın yarısı, yəni 7500 (yeddi min beş yüz) manat, ipoteka krediti üzrə ödənilmiş 14 905.57 (on dörd min doqquz yüz beş manat əlli yeddi qəpik) manatın yarısı, yəni 7452,785(yeddi min dörd yüz əlli iki manat, yetmiş doqquz qəpik) manat, cəmi 14952,785(on dörd min doqquz yüz əlli iki manat, yetmiş doqquz qəpik ) manatın üzərində İddiaçı payı tanınsın və həmin məbləğ Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

30. 17.09.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh (borcverən) X6 (borcalana) 20 000 manat məbləğində pulu borc vermişdir.

31. Həmin müqavilənin 2-ci bəndindən görünür ki, borcalan krediti xx.xx.2025-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür.

32. Birinci instansiya məhkəmə iclasında şahid kimi dindirilmiş X14 məhkəmə iclasında verdiyi ifadəsində, eyni zamanda təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, borcun yaranma səbəbləri barədə bildirmək istəyir ki, 25 Sentyabr 2018-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 1- otaq 2-otağa düzəlmiş mənzilin alınması üçün, alınan borc pul məbləği 20 000 manat təşkil edir. Yazılı borc müqaviləsi və onun aktı 15 Sentyabr 2018-ci ildə bağlanmışdır. Belə ki, xx.xx.2018-ci ildə borc pul alınmış və mənzilin çıxarışından da görünür ki, xx.xx.2018- ci il tarixdə mənzil alınmışdır. Məqsəd isə ipoteka yolu ilə alınan bu mənzilin 15000 manat ilkin ödənişini etmək və mənzildə cari təmir edib kirayə vermək idi. Özü öz aylıq 463 manat kredit pulunu ödəsin. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, Kondisoner b/y bağ massivində 10-sot Torpaq sahəsində yerləşən 2- mərtəbəli Bağ evinin, alınması üçün alınan borc pul məbləği 15 000 manat təşkil edir. Yazılı borc müqaviləsi və onun aktı xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə borc müqaviləsi bağlanmışdır və bağın çıxarışından da görünür ki, xx.xx.2019-cu il tarixdə bağ evi alınmışdır. Məqsəd Hövsanda aldıqları 1502saylı Bağ evinə, 46000 manat nağd şəkildə və 50000 manat Bank Respublikadan 2 illik kredit götürməklə, cəmi 96000 manat pul verilməli idi. Bu 46000 manat nağd ödənişdən, 31000 manat ailənin özündə var idi. çatmayan 15 000 manat pulu ondan borc kimi götürdülər. Qeyd etdiyi kimi, xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu. Hövsan qəsəbəsində, Kondisoner b/y bağ massivində, 10-sot Torpaq sahəsində yerləşən 2- mərtəbəli Bağ evinin, alınması üçün, AR Bank Respublikanın Nəsimi filialından 2 illik 50 000 manat kredit götürmüşdülər. Bu kreditin Bankın xx.xx.2019-cu il tarixli, 19006- S100578/764796 saylı cədvəlinə əsasən, xx.xx.2019-cu il tarixdən başlayaraq aylar üzrə ödənişi, 2522-manat təşkil edirdi. Cəmi bank faizi ilə birlikdə, 2 illik ödəniş 60506-manat təşkil edirdi. Aylıq ödəniş olan 2522-manat pul məbləğinin xx.xx.2019-cu il tarixdən— xx.xx.2020-ci il tarixə kimi, yəni 3-ayını ödədikdən sonra Pandemiya dövrü olduğuna görə, ölkədə karantin elan olundu, iş olmadığına görə krediti ödəyə bilmədilər və məcbur qalıb ondan aylıq ödəniş üçün borc pul istədilər. Yazılı borc müqaviləsi və onun aktı xx.xx.2020ci il tarixdə bağlanmışdır. Ona görə ki, iki ilin yəni 24 ayın 3 ayını Elnur özü ödəmişdir, yerdə qalan 21-ayının pulunu hesabladılar və iddiaçı ilə 55000 manata borc müqaviləsi bağladı. Ondan alınan borc pul məbləği 55 000 manat təşkil edir. Məqsəd isə bankdan götürülmüş 50 000 manat kreditin, aylıq 2522 manat ödənişi ilk öncə, yəni ilk 3 ayı ailə tərəfindən ödənildikdən sonra, 2020-ci ilin yanvar ayından ölkədə pandemiya başladı, karantin elan olundu, maqazinlər bağlandı, iş olmadı. Aylıq 2522 manat kredit pulunu ödəyə bilmədiklərinə görə, məcbur olub ondan borc pul almalı oldular. 2020-ci ilin fevral ayından 2021-ci ilin noyabr ayına kimi, bu ailə hissə-hissə ondan cəmi 55 000- manat borc pul aldılar. xx.xx.2019-cu il tarixdə alınmış, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində, Kondisoner b/y bağ massivində, 10-sot Torpaq sahəsində yerləşən iki mərtəbəli bağ evinin əsaslı təmiri üçün, alınan borc pul məbləği 47 000 manat təşkil edir. Yazılı borc müqaviləsi və onun aktı xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Məqsəd Hövsanda yerləşən bağ evini satmaq qərarına gəldilər, ona görə ki, borclarını qaytarsınlar, həm də evlərində bir az pul qalsın. Bağın yaxşı qiymətə satılması üçün bağı təmir etmək qərarına gəldilər. Mart 2020-ci il tarixdə bağda təmir işinə başladılar. Bağın ümumi smeta dəyəri 61500 manat təşkil edirdi.Bağa cəmi məişət avadanlıqları ilə birlikdə 54600 manat pul xərcləndi. Bağ evinin təmirinə görə də, ondan borc alındı 47000 manat. Bağda təmir gedə-gedə inam üçün şəkilləri çəkilirdi 22 noyabr 2020-ci il tarixdə çünki pul onun tərəfindən verilirdi. Bağın təmirindən sonrakı şəkillərini çəkərək, satılması üçün internetdə elan verildi. Bağa 150 000 manata müştəri çıxdı. 1000 manat da beh alındı. Amma İddiaçı həyat yoldaşı Nərminə xanım Əhmədova alqı-satqı müqaviləsinə imza atmayacağını bildirmişdi. Verilən borclar İddiaçı ailəlik dövründə olubdur və arvadı Cavabdeh iştirakı ilə verilibdir. Qanunvericiliyə görə ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024- cü il 12 mart tarixli Qərarına əsasən nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Beləliklə, cəmi ondna alınan borc pullar 20 000 + 15 000 + 55 000 + 47 000 = 137 000 manat təşkil edir. Bu borcun həqiqətən verildiyi Xətai Rayon Məhkəməsinin 19 Aprel 2024-cü il tarixli 2(011)- 227/2024-saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, bu ailə boşandıqdan sonra nikah dövründə əldə olunan daşınar və daşınmaz əmlakların bir hissəsi Suraxanı rayonu, Hövsan bağlar massivində yerləşən, 2-mərləbəli bağ evi, Lexsus ES-350 maşını, KİA Picanto maşını və Hondai Accent maşınları, Suraxanı Rayon Məhkəməsinin 06 İyul 2022-ci il tarixli, 991/2022-saylı qətnaməsinə əsasən bərabər paylarla bölünmüşdür.

33. Birinci instansiya məhkəmə iclasında şahid kimi dindirilmiş X18 məhkəmə iclasında verdiyi ifadəsində, eyni zamanda təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, 2018-ci ildən İddiaçı ilə bir yerdə işləyir.Onlar telefon biznesi ilə məşğul olurlar. 2018-ci ildə ofisləri ünvan 7 ünvanında yerləşən “Azercell” mağazasında yerləşirdi və telefon biznesi ilə məşğul olurdular. 2022-ci ildən Fizuli küçəsi 71 ünvanında yerləşən “Armood-Telekom” ofisində telefon biznesi ilə məşğul olurlar və hal-hazırda bu ofisdə işləyirlər. Elnur mağazanın meneceri işləyirdi və halhazırda da işləyir. Aldıqları malların hamısını Elnur çox vaxt topdan paylayırdı. Pərakəndə satışla mağazada işləyən başqa yoldaşlar, o cümlədən o, da məşğul olur. Bildirmək istəyir ki, 2019-cu ilin oktyabr ayında, Elnur özünə Hövsanda bağ evi aldı. Elnurla söhbət ərəfəsində bilmişdir ki, o bağ evini 96000 manata alıbdır, Bank Respublikadan arvadının adına 2 illik kredit götürüblər, valideyinləri ona köməklik ediblər. Bildirmək istəyir ki, 2019- cu ilin dekabr ayından ölkəmizdə koronovirus epidemiyası güclü şəkildə yayılmağa başladığına görə ölkədə karantin elan olundu. Al-ver olmadı, mağaza bir müddət bağlı qaldı. Bu ərəfələrdə, yəni 2020-ci ilin fevral ayından sonra Elnurun atası Vaqif müəllim teztez onların mağazasına gəlirdi, o, görmüşdür ki, Elnura pul verir. O, Elnur, Fərid, Sirac, Rövşən və Vətən müharibəsində şəhid olan dostları Vüsal bu telefon biznesini bir yaratmışlar və bu günki gündə 4-nəfər bu işlə məşğul olub öz ailələrini dolandırırlar. O, doğurdan da 2020-ci ildə Bülbül prospektində yerləşən Aptek (çöl)-dən və Səməd Vurğun küçəsində yerləşən Fresko Marketdə yerləşən terminallardan, Elnurun arvadı Nərminənin hesab nömrəsinə 2522-manat aylıq ödənişlər etmişdir. Neçə ay ödəniş etmişəm dəqiq yadında deyil, ən azı 7-dəfə deyə bilərəm ki, ödəmişdir. Birdə məhkəməyə bildirmək istəyir ki, Elnurun vaxtı olmadığına görə bu adı çəkilən aylıq 2522 manat ödənişi, tək o, ödəmirdi, onunla işləyən Fərid və müharibədə şəhid olan Vüsal da ödəyirdi. Vüsal Xırdalanda yaşayırdı, bilir ki, oda Elnurun xahişi ilə kreditin aylıq ödənişindən ödəmişdir.

34. Birinci instansiya məhkəmə iclasında şahid kimi dindirilmiş X19 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, iddia tələbində qeyd edilib ki, guya onun borcu var. Halbuki, 20 000 manat məbləğində borc məbləği onun tərəfindən ödənilmişdir. Hazırda onun borcu yoxdur. Tələb müqavilə bağlanandan sonra 3 ili əhatə edir. Öz tərəfindən bildirə bilər ki, Xudu Məmmədov küçəsində yerləşən mənzilin 75 faizi ona aiddir, o, öz 75 faiz hissəsini tələb edəcəkdir. Hazırda iş Ali Məhkəmədədir. Ali Məhkəmənin qərarından sonra bəlli olacaq. Bütün sənədlər də onun imzası da olmuşdur.

35. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-227/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı 137 000 manat borc məbləği və 427 manat dövlət rüsumunun tutularaq X10 ödənilməsi qət edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsi: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

41. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

42. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

46. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

49. Hazırkı iddia ərizəsində iddiaçı bağ evinin təmiri ilə bağlı, eləcə də ailəsinin yaxşı yaşaması üçün, daşınmaz əmlak alınması ilə bağlı atasından götürdüyü borca görə 70 min manat cavabdehdən tələb edir.

50. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-227/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli borc müqavilələri əsasında X3 İddiaçı borc kimi verilmiş ümumilikdə 137 000 manat ( 20 000+15 000+55 000+47 000=137 000) məbləğində pul vəsaiti İddiaçı tutulmuşdur.

51. Adıçəkilən qətnamədən işdə iştirak edən şəxslər tərəfindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.

52. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının 3.14-cü bəndində qeyd edilmişdir ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun.

53. Həmin Qərarın 3.15-ci bəndində qeyd edilmişdir ki, qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Göründüyü kimi hazırkı mübahisədə sübutetmə yükü birbaşa borc müqaviləsinin iştirakçısı olmuş iddiaçının üzərinə düşür. Lakin iddiaçı həqiqətən də borc müqavilələri üzrə aldığı pul vəsaitinin nə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisoner b/y bağ massivində 10 sot torpaq sahəsində yerləşən ikimərtəbəli bağ evinin alınması, nə bağ evinin alınması üçün götürülmüş kredit borcunun bağlanması, nə də ki, bağ evinin əsaslı təmirinə çəkilməsini təsdiq edə biləcək sübutları təqdim edə bilməmişdir.

54. Rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq Kollegiya qeyd edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner b/y bağ massivində 10 sot torpaq sahəsində yerləşən ikimərtəbəli bağ evinin təmirinə çəkilmiş xərcin yarısı, həmçinin ona görə cavabdehdən tutula bilməz ki, iddiaçı edilmiş yaxşılaşdırmadan məhrum qalmamışdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(010)-991/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Hövsan qəsəbəsi, “Kondisioner" b/y, 1502 saylı bağ evinin Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünmüşdür. Göründüyü kimi birgə nikah dövründə əldə edilmiş əmlak edilmiş yaxşılaşdırmalarla birlikdə paylara bölünmüşdür.

55. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının 6.39-cu bəndində qeyd edilmişdir ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.

56. Həmin Qərarın 6.40-cı bəndində qeyd edilmişdir ki, ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

57. Qərarın 6.41-ci bəndində qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəllənin 500.1-ci maddəsi).

58. Kollegiya iddia tələblərinin “Bakı şəhəri 14 saylı notarius ofisində cavabdeh Əhmədova (Zeynalova) Nərminə Yaşar qızı qardaşı X6 verdiyi 20 000 manat borc pul məbləğindən, qalıq məbləğ olan 18 000 manat onun ailəlik dövrünü əhatə etdiyi üçün bərabər payla yəni, 9000 manat pul məbləğinin cavabdeh Əhmədova (Zeynalova) Nərminə Yaşar qızından tutulub ona qaytarılması” hissəsinin təmin edilməməsi barədə də rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kredit müqaviləsi onun iştirakçıları üçün öhdəlik yaradır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında sözügedən kredit müqaviləsi üzrə qalıq borcun Nəriman Zeynalov tərəfindən ona ödənildiyini, həmin vəsaitin isə birgə mənzilin təmirinə xəclədiyini bildirmişdir. Bu halı məhkəmə iclasında şahid kimi dindirilmiş X19 da təsdiq etmişdir. Odur ki, həmin kredit müqaviləsi üzrə borc nikah dövründə qaytarıldığı və ailənin məsrəflərinə xəcləndiyi müəyyən olunduğundan, iddia tələbi bu hissədə də təmin edilə bilməz.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

60. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

61. Göstərilən Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

62. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

63. Beləliklə, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı biri digərini tamamlayan, təkzibedilməzlikə bağlı tələblərə cavab verən əsaslı və şübhədənkənar sübutlar təqdim edilmədiyindən Kollegiya hesab edir ki, rayon məhkəməsi iddia tələbini təmin etməyərək iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti təmin edilə bilməz.

64. MPM-in 385.2-ci maddəsi də tələb edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

65. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

66. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

67. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-5855/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar