Məhkəmə qərarları › İş №2(103)-6631/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6631/2021

07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6631/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdeh Səhiyyə Nazirliyi “Cavabdeh1” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3084/2021 saylı 07.05.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Cavabdeh1” publik hüquqi şəxsinə və “xxxx” MMC-nə qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda iddia təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh “xxxx” MMC-nin mülkiyyətində olan ** AA *** dövlət qeydiyyat nişanlı QAZ 31029 markalı və ** JE *** dövlət qeydiyyat nişanlı “Mercedes 311CDİ” markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması, satılması və özgəninkiləşdirilməsinin cavabdeh “xxxx” MMC-nə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərardadı ilə (hakim L.Rəhimli, iş № 2(011)-3084/2021) ərizə təmin edilməmişdir. İddiaçı sözügedən qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, yekun məhkəmə aktı qəbul edilənə qədər məhkəmənin qeyd etdiyi icra mərhələsində hərracda satılmaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi artıq başqasının mülkiyyətində olacaq, cavabdeh onu öz gəninkiləşdirəcək. Həmçinin məhkəmə qeyd edir ki, nəqliyyat vasitələrinin cavabdehin mülkiyyətində olması iş materialları ilə müəyyən edilmir. Halbuki iddianın təmin tədbiri ərizəsinə BDYPİ-nin 16.04.2021-ci il tarixli məktubu əlavə edilmiş və həmin məktubdan da görünür ki, qeyd olunan avtomobillər cavabdehin mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında şikayəti qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 07 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinə dair ərizənin təmin edilməməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Konstitusiya Məhkəməsinin Plenumuunn 14 mart 2018-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır... Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısa da və işi qabaqcadan mahiyyəti üzrə həll etməsə də, hazırkı iş üzrə iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna mütənasib deyil və bu tədbirin görülməsi digər tərəflərin qanuni mənafelərinə zərər vurulması ilə nəticələnə bilər. Birinci instansiya məhkəməsinin qənaətinə görə üzərinə həbs qoyulması xahiş edilən avtomobillərin satılmasının və yaxud digər formada özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi hazırkı iş üzrə çıxarılacaq yekun qərarın icrasına hər hansı şəkildə maneə yaratmayacağından ərizə təmin olunmamalıdır. Həmçinin, iddianın təmin ediləcəyi təqdirdə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi zamanı qətnamənin icrası mərhələsində cavabdehlərə məxsus daşınar və ya daşınmaz əmlakların üzərinə məcburi icra tədbiri qismində həbs qoyula bilər. Ərizə həm də ona görə təmin oluna bilməz ki, üzərinə həbs qoyulması xahiş olunan avtomobillərin məhz cavabdeh “xxxx” MMC-nin mülkiyyətində olması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq şikayətin əsassız olduğu qənaətinə gəlir və hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 07 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar