Məhkəmə qərarları › İş №2(103)-6631/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6631/2022

10.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6631/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdeh "xxxx" ASC nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 48 saylı Notariat ofisinə, Cavabdeh3, Abşeron rayon 2 saylı Notariat ofisinə, "xxxx" ASC-yə qarşı "vurulmuş maddi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2837/2022 saylı işi üzrə 25 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdehlərin qanunsuz əməlləri nəticəsində vurulmuş olan 200000 manat məbləğində maddi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2837/2022 saylı işi üzrə 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı ilə Cavabdeh3 arasında 10 mart 2000-ci il tarixdə rəsmi nikah bağlanmış, daha sonra nikahları Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli qərarı ilə pozulmuşdur. Bununla yanaşı, işdə olan sübutlara görə Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evi tərəflərin birgə nikahı dövründə əldə edilmiş və iş üzrə cavabdehin, yəni iddiaçının sabiq əri Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmış, sonradan isə götürülmüş kreditlərə görə "Bank Avrasiya” ASC və "Bank Standart” QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı həmin daşınmaz əmlakın qeyd edilən banklar qarşısında ipoteka ilə yüklü edilməsi ilə bağlı müvafiq əqdləri mübahisələndirərək, əmlakın girovdan (ipotekadan) azad olunmasını və birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsini tələb etmiş, lakin tələbləri təmin edilməmişdir. Hazırda iddiaçı ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinin onun məlumatı olmadan iradəsinin ziddinə olaraq saxta sənədlərdən (razılıq ərizəsindən) istifadə edilməklə "Bank Avrasiya” ASC və "Bank Standart” QSC qarşısında ipoteka ilə yüklü edilməsi səbəbindən mülkiyyətindən mərhum olduğunu və nəticədə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona 200000 manat məbləğində maddi zərərə məruz qaldığını iddia edərək hazırkı iddia tələbini irəli sürmüş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə istinad edərək həmin məbləğin cavabdehlərdən onun xeyrinə tutulmasını istəmişdir. İddiaçının da istinad etdiyi Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması.Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir.Çünki iddiaçının cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ümumiyyətlə sübuta yetirilmir. Belə ki, iddiaçı ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinin onun məlumatı olmadan iradəsinin ziddinə olaraq saxta sənədlərdən (razılıq ərizəsindən) istifadə edilməklə yüklü edilməsi səbəbindən mülkiyyətindən mərhum olduğunu və nəticədə maddi zərərə məruz qaldığını iddia etsə də, bu hallar iş materialları ilə müəyyən olunmur. Əksinə iş materiallarından aydın olur ki, onun (iddiaçının) həmin əmlakın bölünərək 2/3 hissədə pay (mülkiyyət) hüququnun tanınması barədə iddiası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməmişdir. Bütün bunlar iddiaçının iddia tələbinin, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığını göstərir. Ən azından ona görə ki, iddiaçının həmin iddiası (mübahisəli əmlakın bölünərək 2/3 hissədə pay (mülkiyyət) hüququnun tanınması iddiası) mübahisəli əmlakın cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ipoteka ilə yüklü edilməsi səbəbindən deyil, məhz iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməmişdir. Məhkəmənin qənaətinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evi birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünmədiyi halda, iddiaçının həmin əmlakın yüklü edilməsi səbəbindən 200000 manat məbləğində zərərə məruz qalması da mümkün deyildir və işin qeyd edilən faktiki halları iddia tələbinin əsassız olduğunu göstərir. Bundan əlavə iş materiallarında olan məhkəmə qətnamələri ilə iddiaçının və oğlu - X3 həmin bağ evi üzərində istifadə hüquqlarının tanındığı və onların oraya köçürülmələrinin qət olunduğu müəyyən olunmuşdur. Məhkəmə iclaslarında iştirak edən proses iştirakçılarının izahatları ilə də həmin qətnamələrinin icra edilərək iddiaçının və X3 həmin bağ evinə köçürüldükləri, hazırda da orada yaşadıqları, bağ evinin hələ də Cavabdeh3 mülkiyyətində olduğu və ona tutma yönəldilmədiyi müəyyən edilmişdir. Başqa sözlə, indiki halda iddiaçının həmin bağ evi üzərində olan istifadə hüququnun pozulması da müəyyən olunmur .

3. Cavabdeh "Əmanətlərin Sığortalanması Fondu” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, oxşar və eyni məzmunlu iddia ərizələri ilə iddiaçı dəfələrlə məhkəmələrdə ayrı-ayrı vaxtlarda iddia qaldıraraq Cavabdeh3 gah "Bank Avrasiya” ilə gah da QSC "Bank Standard”la bağladığı ipoteka müqavilələrini mübahisələndirmiş, onların etibarsız sayılmasını, ləğv edilməsini tələb etmişdir. Lakin məhkəmələr yekunda iddiaçının iddiasını iddia müddətinin keçməsi ilə, iddiaçının subyektiv hüquqlarının olmaması səbəbi ilə təmin etməmiş və iddianı rədd etmişdir;-Cavabdeh Bakı şəhəri 48 saylı Notariat ofisinin notariusu X6 məhkəməyə iddiaya yazılı etiraz-mülahizə ünvanlayaraq bildirmişdir ki , iddiaçının da bildiyi kimi, iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş iddia müddətini heç bir üzürlü səbəb olmadan buraxmışdır. Belə ki, iddiaçı ilə onun keçmiş əri Cavabdeh3 arasındakı nikah 04 sentyabr 2013-cü ildə pozulmuşdur. Lakin iddiaçı isə əmlakın bölgüsü ilə bağlı iddianı 5 il keçdikdən sonra vermişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Ailə Məcəlləsinin birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü üzrə müəyyənləşdirilmiş 3 illik iddia müddətini buraxdığını sübut edir; Cavabdeh ünvan 1 ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh3 və "Bank Avrasiya” ASC-yə qarşı dəfələrlə bağlanmış ipoteka müqavilələrini mübahisələndirmiş, ləğv edilmələrini, etibarsız sayılmalarını tələb etsə də, məhkəmələr tərəfindən iddia müddətinin buraxılması və ya iddiaçının subyektiv hüququnun olmaması səbəbindən iddiaları təmin edilməmişdir. Cavabdeh3 ilə 23 aprel 2014-cü il və 06 yanvar 2015-ci il tarixlərində Sonrakı ipoteka müqavilələri bağlanan zaman tərəfindən heç bir qanun pozuntusuna yol verilmədiyi üçün Abşeron rayon 2 saylı Notariat ofisi cavabdehlər sırasından çıxarılmalı və iddia təmin edilməməlidir (səh.171,188,193).

4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki: AZ-İ seriyalı 179157 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin ilə, Cavabdeh3 ilə İddiaçı arasında olan nikah 11 may 2013cü il tarixdə ləğv edilmişdir; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışına əsasən, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi (0.1612 ha) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsusdur; - 06 iyul 2012-ci il tarixdə İddiaçı adından Abşeron rayonu Notariat kontoruna ünvanlanmaqla notarial qaydada təsdiq olunmuş ərizəsi ilə, o, əri Cavabdeh3 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən ümumi sahəsi 293,24 kv.metr olan, 7 otaqdan ibarət bağ evini "Bank Avrasiya” ASC-yə ipotekaya qoyulmasına etiraz etməmişdir. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürmüşdür ki, o, heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir; - 22 aprel 2014-cü il tarixdə ipoteka saxlayan "Bank Standard” Kommersiya Bankı ilə borcalan "Doğru Həllər” Məhdud Məsuliyyətli Cəmiyyəti və ipotekaya qoyan Cavabdeh3 arasında bağlanmış 1xx/xx/3031/13 saylı sonrakı ipoteka müqaviləsinin surətindən əsasən, 25 dekabr 2013-cü il tarixli kredit müqaviləsi və ona 1 Saylı Əlavə ilə borcalana ayrılmış kreditin təminatı qismində ipotekaya qoyan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 293.24 kv.m ümumi, 219.62 kv.m yaşayış, 73.62 kv.m yardımçı sahədən ibarət 7 otaqlı bağ evini ipoteka ilə yüklü etmişdir; - 18 mart 2016-cı il tarixdə ipoteka saxlayan "Bank Standard” Kommersiya Bankı ilə borcalan "Doğru Həllər” Məhdud Məsuliyyətli Cəmiyyəti və ipotekaya qoyan Cavabdeh3 arasında bağlanmış "06 yanvar 2015-ci il tarixli, 1xx/xx/3031/13- 1xx/xx/3502/14 saylı sonrakı ipoteka müqaviləsinə Əlavə” ilə, ipoteka saxlayanla borcalan arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli 1xx/xx/3502/14 saylı kredit müqaviləsinə müvafiq olaraq ipoteka saxlayan borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 25 dekabr 2022-ci il tarixədək illik 15 faiz ödəməsi şərtilə 1912300,00 ABŞ dolları və 25 dekabr 2014-cü il tarixli 170/023502/14 saylı kredit müqaviləsinə müvafiq olaraq 16 mart 2016-cı il tarixli 01 saylı Əlavə Sazişə əsasən 63000 ABŞ dolları məbləğində kredit verir və borcun təminatı qismində ipotekaya qoyan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 293.24 kv.m ümumi, 219.62 kv.m yaşayış, 73.62 kv.m yardımçı sahədən ibarət 7 otaqlı bağ evini ipoteka ilə yüklü edir; - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3564/2018 saylı 06 noyabr 2018-ci il tarixli, qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, ləğv prosesində olan QSC "Bank Standard” Kommersiya Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Abşeron rayon 2 saylı Notariat kontoruna qarşı "birgə nikah dövründə əldə edilmiş bağ evinə dair ipoteka müqaviləsinin etibarsız hesab olunması və bağ evində payların müəyyən olunması” tələbinə dair iddiası Abşeron Rayon Məhkəməsinin 2(012)-2744/2018 saylı 09 iyul 2018-ci il tarixli, qətnaməsi ilə təmin edilmiş, lakin həmin qətnamədən ləğv prosesində olan QSC "Bank Standard” Kommersiya Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2744/2018 saylı 09 iyul 2018-ci il tarixli, qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir. Sözügedən qətnamədə qeyd edilmişdir ki, “...işin tədqiq olunan faktiki hallarından görünür ki, mübahisəli əmlak tərəflərin birgə nikahı dövründə əldə edilmiş və iş üzrə cavabdehin, iddiaçının sabiq əri Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Tərəflərin nikahına xitam verildikdən sonra Cavabdeh3 həmin bağ evini QSC “Bank Standard” KB ilə "xxxx" MMC arasında bağlanmış ******* ABŞ dolları məbləğində 25 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqavilə bağlanan zaman Cavabdeh3 rəsmi sənədlərə əsasən subay olmuşdur. İddiaçının hüququ isə daşınmaz əmlaka birgə hüququ olan şəxs kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Başqa sözlə, qeyd edilən ipoteka müqaviləsi bağlanan zaman ipoteka qoyanın həmin ipoteka predmeti barəsində tam səlahiyyətli olub-olmaması barədə bankın məlumatı ola bilməzdi. Məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka saxlayan bank hazırki halda mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılan ipoteka hüququnu vicdanlı əldə edəndir və bu hüquq pozulmamalıdır”; - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2310/2021 saylı 10 sentyabr 2021-ci il tarixli, qətnaməsi ilə İddiaçı Cavabdeh3 qarşı "mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı 20 noyabr 2019- cu il tarixli, qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı 20 noyabr 2019-cu il tarixli, qətnaməsi qismən, İddiaçı Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə istifadə hüquqlarının tanınaraq həmin bağ evinə köçürülməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş və İddiaçı Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivindəki 0.1612 ha torpaq sahəsində yerləşən bağ evinə (reyestrdən çıxarış MA 0217161) istifadə hüquqlarının tanınaraq həmin bağ evinə köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir; - Sumqayıt Apellyasiya Məhkəməsinin 06 noyabr 2(105)-3564/2018 saylı 2018-ci il tarixli, qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2506/2019 saylı 08 aprel 2019-cu il tarixli, qərarı ilə dəyişdirilmədən saxlanılmışdır; - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1816/2022 saylı 05 aprel 2022-ci il tarixli, qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-47/2021 saylı 30 aprel 2021 -ci il tarixli, və 2(009)-47/2021 saylı 20 avqust 2021-ci il tarixli, Əlavə qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, “işin hallarından göründüyü kimi, tərəflərin nikahına xitam verildikdən sonra Cavabdeh3 həmin bağ evini QSC «Bank Standard» KB ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqavilə bağlanan zamanı Cavabdeh3 rəsmi sənədlərə əsasən subay olmuş, iddiaçının daşınmaz əmlaka birgə mülkiyyət hüququ isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda bank ipoteka müqaviləsini bağlayarkən reyestrdəki qeydin qeyri-dəqiq olmasını bilməmiş və bilə də bilməzdi. İpoteka saxlayan bank hazırkı halda mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılan ipoteka hüququnu vicdanlı əldə edəndir və bu hüquq pozulmamalıdır. ”;- Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-47/2021 saylı 30 aprel 2021-ci il tarixli, qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və "Bank Avrasiya” ASC-yə qarşı "müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə "Bank Avrasiya” ASC arasında bağlanmış 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinin girovdan azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, lakin iddia təmin edilməmişdir;- Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)-177/2022 saylı 27 may 2022-ci il tarixli, qərarı ilə, İddiaçı məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X1 "cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 04 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Həmin qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X1 "cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 04 iyul 2021-ci il tarixli qərarı "cinayət işinin başlanmasının hissəvi rədd edilməsinə” dair hissədə ləğv edilmiş və material yenidən araşdırılması üçün ibtidai araşdırma orqanına gödərilmişdir. Sözügedən qərarda qeyd edilmişdir ki, “istintaq orqanı tərəfindən Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin əməlində Cinayət Məcəlləsinin 308, 314 və 320-ci maddələrinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməmiş, ümumiyyətlə bu istiqamətdə araşdırılma aparılmamışdır” (iş.səh. 7, 8, 13,17,15, 52, 69, 81, 96, 108, 111, 152 ) .

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)- 2837/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bundan əlavə, göstərilən Plenum Qərarında qeyd olunur ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış layda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Şikayət olunan məhkəmə qətnaməsində qeyd edilmişdir ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən ümumi sahəsi 293,24 kv. metr olan 7 otaqdan ibarət bağ evinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi hüquqi rejimi müəyyən edilmədiyindən və bu əmlak üzərində ona məxsus payın müəyyən edilmədiyi səbəbindən onun həmin əmlakın yüklü edilməsinə görə zərərə məruz qalmağı mümkün deyildir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında formalaşdırdığı mövqeyə əsasən Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarını pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin 2(105)- 2310/2021 saylı ümumi qaydaları kimi də qəbul edilə bilər. Hansı ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, qətnaməsi ilə onun Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivindəki 0.1612 ha torpaq sahəsində yerləşən bağ evinə (reyestrdən çıxarış MA 0217161) istifadə hüquqlarının tanınaraq həmin bağ evinə köçürülməyi qərara alınmışdır . Göründüyü kimi, onun mübahisəli əmlaka istifadə hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada tanındığından, eyni zamanda hal-hazırda həmin əmlakdan istifadə edərək yaşadığından bu əmlak üzərində payının müəyyən edilib- edilməməsindən asılı olmayaraq vurulmuş zərərin əvəzini tələb etmə hüququ vardır. Beləliklə, cavabdehlərin qanunsuz əməlləri nəticəsində hüquqlarına və qanunla qorunan mənafelərinə xələl gəlmişdir. Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivindəki 0.1612 ha torpaq sahəsində yerləşən bağ evi onun yeganə yaşayış yeridir.Bundan əlavə məhkəmə qətnaməsində qeyd edilmişdir ki, tərəfindən mübahisəli əmlakın bölünərək 2/3 hissədə pay (mülkiyyət) hüququnun tanınması barədə verilmiş iddia Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ipoteka ilə yüklü edilməsi səbəbindən deyil, iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməmişdir. Bununla bağlı sual yaranır: Əgər tərəfindən sözügedən əmlak üzərində pay hüququnun tanınması tələbi üçün iddia müddəti ötürülmüşdürsə və həmin əmlak üzərində pay hüququna sahib deyildisə, nə üçün "xxxx" və "xxxx" tərəfindən həmin əmlak ipotekaya ilə yüklü edilən zaman onun razılıq ərizəsi tələb edilmişdir? Göründüyü kimi, cavabdehlər Bakı şəhəri 48 saylı Notariat ofisi və Abşeron rayon 2 saylı Notariat ofisi tərəfindən saxta ərizə tərtib edilməsi, həmçinin Bank Avrasiya tərəfindən əmlakın həmin saxta ərizə əsasında ipoteka ilə yüklü edilməsi və Bank Standart tərəfindən 30 gün etibarlılıq müddəti keçdikdən sonra həmin arayış əsasında əmlaka dair sonrakı ipotaka müqaviləsi bağlanması nəticəsində hüquqları kobud şəkildə pozulmuşdur. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır.Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir.Sözügedən mübahisəli əmlaka istifadə hüququ vardır və hüquqlarının cavabdehlər tərəfindən qanunsuz olaraq pozulması nəticəsində ona zərər dəymişdir Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.İş materilarında da olduğu kimi mübahisəli mənzilin ipotekaya qoyulmasına razılıq verilməsinə dair ərizənin onun tərəfindən tərtib edilməməsi, habelə həmin ərizədə olan imzanın ona məxsus olmaması ekspertizia rəyi ilə sübut olunsa da məhkəmə bu hissəyə hüquqi qiymət verməmiş, hüquqlarının həmin saxta sənədlər nəticəsində pozulmuş olması faktına etinasız yanaşmışdır.

Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Cavabdeh "xxxx" ASC nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının razılıq ərizəsinin olduğunu, lakin bu ərizənin ona məxsus olmadığını bildirdiyini, birinci intansiya məhkəməsinin qüvvədə saxlanılmasını xahiş etdiyini bildirmişdir.

7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı, cavabdehlər Bakı şəhəri 48 saylı Notariat ofisi, Cavabdeh3, Abşeron rayon 2 saylı Notariat ofisinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.

10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.”

11. Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 210ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.”

13. Məcəllənin 376 və 554.3-cü maddələrinə müvafiq “Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir;” “Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.”

14. Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinin tələblərinə görə : Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 15.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən: “ Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmaüç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” 320.2-ci maddəyə əsasən: “ Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

16. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: “ 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. ...”

17. Azərbaycan Respublikası Konstitusiyasının Təqsirsizlik prezumpsiyası adlanan 63 - c ü m a d d ə s i n ə g ö r ə : “ İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.” 18.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, " Mülki Məcəllnin 21, 1096; "İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya"nın 41; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 19.Qeyd edilməlidir ki, hər bir cavabdehə qarşı yönələn tələbin nədən ibarət olması, qanunsuz əməllərin mövcudluğu və bu əməllər nəticəsində zərərin dəyməsi iddiada təsnif edilməmiş və sübuta yetirilmir. Mülki icraat qaydasında isə tələbin əsası digər məhkəmə qərarı ilə müddətin ötürülməsi ilə bağlı istisna edildiyindən, əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. 20.İddiada ehtimal edilən sənədlərin saxtalaşdırılması nəticəsində zərərəin dəyməsi nəzərdə tutulmuşdursa da, bu əməllərin təfsiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci dispozitiv şərtlərinə müvafiq cinayət təqibi icraatı qaydasında sübuta yetirilməli və təqsirsizlik prezumpziyasına uyğun bu barədə qanuni qüvvəsini almış hökm olmalıdır. İş materiallarında cinayət təqibi qaydasında icraatların aparılması barədə sənədlər təqdim edilsədə təqsiri müəyyən edən yekun qərar təqdim edilməmişdir. 21.İş üzrə fərqli və başqa işlərdən olan ziddiyyətli ekspert rəyləri təqdim edilsədə onların qiymətləndirilməsi üzrə cavabdehlərin qanunazidd əməllərini müəyyən edən qanuni qüvvəsini məhkəmə qərarı da təqdim edilməmişdir. 22.Mülki Prosessual Məcəllənin müddəalarına əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 23.Təqdim edilən ekspert rəyləri digər icraatların tədqiqat predmetləri və həmin işlər üzrə sübut növü olduğundan, habelə onlara müvafiq qiymət verildiyindən (verilməli olduğundan) hazırki icraat çərçivəsində onların şübhələrdən kənar sübut növü kimi yenidən qiymətləndirilməsi iddianın mahiyyətinə müvafiq müstəvidə prosessual mümkünsüzlük müəyyən edir. 24.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. 25.Göstərilənlərə əsasən və MPM-in 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2837/2022 saylı işi üzrə 25 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar