Məhkəmə qərarları › İş №2(103)-6634/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6634/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6634/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tuyulması) QƏTNAMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1790/2022 saylı, 09 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:

1. Borcverən İddiaçı ASC (bundan sonra - iddiaçı və ya Bank) ilə borcalan Cavabdeh (bundan sonra - cavabdeh) arasında bağlanmış 24-Y-1-0-1418-19 saylı, 28 avqust 2019cu il tarixli kredit müqaviləsinə əsasən, bank Cavabdeha şəxsi istehlak məqsədi üçün illik 18 % dərəcəsi ilə 36 ay müddətinə 15.000 (on beş min) manat məbləğində krеdit vеrməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada krеdit və krеdit üzrə hеsablanacaq faizləri borc vеrənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. Borcverən İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 24-Y-1-0-1418-19 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 5.457,96 manat məbləğində əsas, 420,02 məbləğində faiz borcu, 230,71 manat cərimə borcu, ümumilikdə 6.108,69 AZN məbləğində borcu yaranmışdır.

3. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən İddiaçı ASC-yə 2500 manat məbləğində pul ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 28 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 5.457,96 AZN əsas borc, 420,02 AZN faiz borcu, 115,36 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 5.993,34 AZN və 79,93 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh oğlu ilə İddiaçı ASC arasında bağlanmış 28 avqust 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı ASC iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh 28 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 15.000 AZN kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il martın 04-dək Cavabdeh banka 28 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 5.457,96 AZN əsas, 420,02 AZN faiz, 230,71 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 6.108,69 AZN borcu vardır. Cavabdeh 28 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 230,71 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 115,36 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1790/2022 saylı, 09 iyun 2022ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova), iddianın qismən təmin edilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 24-Y-1-0-1418-19 nömrəli kredit müqaviləsinin ləğv edilərək, Cavabdeh 3.427,98 (üç min dörd yüz iyirmi yeddi manat doxsan səkkiz qəpik) manat əsas borcun və ödənilmiş 79.93 (yetmiş doqquz manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.

8. Birinci instansiya məhkəməsi eyni zamanda müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, 24-Y-1-0- 1418-19 saylı müqavilə üzrə hesablanmış 115,36 manat məbləğində cərimə əsas borc məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 50 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 385.1, 386.1, 442, 445, 448.1, 462.1,, 463.1, 465.2, 467, 739.1, 739.2 və 741-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 88, 217 və 218-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri: a) Apelyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir.

12. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

13. Cavabdehın apelyasiya şikayətində göstərilmişdir ki, tərəfindən iddiaçı bankın xeyrinə 2500 manat ödənilmişdir. Məhkəmə qətnaməsində müəyyən edilən 50 manat cərimə borcu və 2500 manat, əsas borcdan çıxıldıqdan sonra onun banka 3.277,98 manat borcu qalır. Hesablamaya əsasən əsas borc (5.457,96+420.02) 5.827,98 manat olmaqla həmin mələğdən cərimə borcu 50 manat (5827.xx-xx-2500) cıxıldıqda cəmi 3.277 manat iddiaçı banka borcu qalır. Lakin məhkəmə qətnaməsinin nəticə hissəsində ondan iddiacı bankın xeyrinə 3.427.98 manat əsas borcun qalması göstərilmişdir. Məhkəmə hazırkı qətnamədə hesablamaya görə iddiaçı banka olan borcu artıq hesablamaqla vəziyyətini ağırlaşdırmışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək, təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri:

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Hazırki iş üzrə apelyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

25. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

26. Maddə 445.2.1. “Öhdəliyin оnun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” bоrclunun icranı gecikdirməsi sayılır.

27. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

30. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

31. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

32. Maddə 462.1. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

33. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

34. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər.

35. Maddə 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

36. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

37. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

38. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

44. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. İşin mübahisələndirilməyən halına görə iddiaçı bBorcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 24-Y-1-0-1418-19 saylı, 28 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bank Cavabdeha şəxsi istehlak məqsədi üçün illik 18 % dərəcəsi ilə 36 ay müddətinə 15.000 (on beş min) manat məbləğində krеdit vеrməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada krеdit və krеdit üzrə hеsablanacaq faizləri borc vеrənə qaytarmağı öhdəsinə götürmüş, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün onun iddiamıya xx.xx.2022-ci il tarixinə 5.457,96 manat məbləğində əsas, 420,02 məbləğində faiz borcu, 230,71 manat cərimə borcu, ümumilikdə 6.108,69 AZN məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən İddiaçı ASC-yə 2500 manat məbləğində pul ödəniş edilmişdir.

49. Mübahisəyə baxan birinci instansiya məhkəməsi işin materiallarını mülki qanunvericiliyin tələblərinə uyğun qiymətləndirib belə nəticəyə gəlmişdir ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 24-Y-1-0-1418-19 saylı, 28 avqust 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilərək, iddia tələbində göstərilmiş 5.457,96 AZN əsas borc, 420.02 AZN faiz borcu, məhkəmənin müəyyən etdiyi 50 AZN cərimə borcundan (cəmi 5.927, 98 manat) cavabdeh tərəfindən ödənilmiş 2500 manat çıxıldıqdan sonra qalıq (5.927,98 - 2500) 3.427,98 manat məbləğində əsas borc və ödənilmiş 79,93 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

50. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apelyasiya şikayəti vermiş və şikayətində onun iddiaçı banka 3.277 manat borcunun qaldığını, lakin məhkəmə qətnaməsinin nəticə hissəsində ondan iddiacı bankın xeyrinə 3.427,98 manat əsas borcun tutulmasını əsassız hesab etmişdir.

51. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 24-Y-1-0-1418-19 saylı, 28 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 5.457,96 AZN əsas, 420,02 AZN faiz, məhkəmənin müəyyən etdiyi 50 AZN cərimə borcundan (cəmi 5.927, 98 manat), cavabdeh tərəfindən ödənilmiş 2500 manat çıxıldıqdan sonra qalıq (5.927,98-2500) 3.427,98 manat məbləğində əsas borc tutulmuşdur.

52. Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən 24-Y-1-0- 1418-19 saylı, 28 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə ondan 3.277 manat əsas borc əvəzinə 3.427,98 manat əsas borcun tutulduğunu, yəni ondan əsas borcun 150,98 (3.427,98-3.277=150,98) manat artıq tutulduğunu qeyd etsə də, bu halı təsdiq edən rəsmi sübutlar apelyasiya baxışı zamanıda cavabdeh tərəfdən təqdim edilməmişdir.

53. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (MPM 77.1) Eyni zamanda məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıdır. (MPM 14.2)

54. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.

55. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmədiyindən, məhkəmə kollegiyası həmin dəlillərə əlavə münasibət bildirməyi zəruri hesab etmir.

56. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

57. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

58. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

59. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

60. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, hazırda mülki iş üzrə Cavabdehın mübahisələndirdiyi pul məbləği beş min manatdan az, yəni 150,98 ((3.427,98- 3.277=150,98) bir yüz əlli manat, doxsan səkkiz qəpik) manat təşkil edir.

61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1790/2022 saylı, 09 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar