Məhkəmə qərarları › İş №2(103)-6634/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6634/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6634/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-526/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 22-A-1-0- 1523-14 saylı kredit müqaviləsi ilə bank tərəfindən borcluya illik 18 faizlə 24 ay müddətinə 32950 ABŞ Dolları kredit verilmişdir.

2. xx.xx.2022-ci il tarixli İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinə 1087,29 ABŞ Dolları məbləğində borcu vardır.

3. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli, KBD-10098 saylı xəbərdarlıqdan görünür ki, Cavabdeh banka olan borcunu 5 gün müddətinə icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Yelo Bank» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1087.29 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə cəmi 1087.29 ABŞ dolları və 38.48 manat ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (indiki İddiaçı) illik 18 faizlə 24 ay müddətinə 32950 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il noyabrın 15-dək Cavabdeh banka 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1087.29 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə cəmi 1087.29 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 526/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1087.29 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 1087.29 ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq və 38.48 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. (hakim X3)

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Borcalan onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 427.3-cü. 428.4-cü, 442-ci, 443.1-ci, 448.1-ci, 448.2-ci, 449.1-ci, 739.2-ci maddələrinə, Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü, 284-5-ci, 284-6-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, borclunun şəxsi məlumatına dair çıxarışdanda göründüyü kimi cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmiş, bununla da müqavilənin şərtlərini pozmadan tam şəkildə icra etmişdir. Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş SF 22688 saylı, xx.xx.2023-cü il tarixli borclunun şəxsi məlumatına dair çıxarışda yuxarıda göstərilən götürdüyü kredit üzrə kreditin statusu qrafasında tam ödənilmiş, faizlərin gecikdirildiyi günlər qrafasında isə 0 göstərilmişdir. Göründüyü kimi burada da heç faiz hesablanmasından söhbət gedə bilməz. Məhkəmə iddiaçının verdiyi izahatı və təqdim etdiyi sübut və dəlilləri birgə əlaqəli şəkildə yolxlamamış və hüquqi cəhətdən düzgün qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi məhkəmənin yeri və vaxtı barədə məlumat vermədiyindən iddia ərizəsinə etirazının əsası olan borclunun şəxsi məlumatına dair çıxarışı məhkəməyə təqdim etməyə şərait yaradılmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyindən həmin qətnamə qanunsuz, əsasız və qərəzlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İşdə iştirak edən şəxslərə apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Lakin şikayətlə bağlı hər hansı sənəd, etiraz, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır.

Tətbiq edilən maddi və prosessual hüquq normaları

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş olunduğundan, habelə mübahisənin predmeti bölünməz olduğundan qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.

18. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı ASC ("xxxx" İKB ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 22-A-1-0-1523-14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 18% dərəcəsi ilə 32950 ABŞ Dolları məbləğində kredit verilmişdir. Cavabdeh İddiaçı ASC-dən kredit müqaviləsi üzrə müəyyən edilmiş kredit məbləğini qəbul etmiş və həmin kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin kredit verilən puldan əsas məbləği ödədiyini, lakin banka faiz borcunun qaldığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir.

19. Bununla bağlı məhkəmə kollegiyası iş materiallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, birinci inistansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi arayışlar üzrə nəticəyə gəlmiş, lakin iş üzrə gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətləri və işin hazırki halda müəyyən edilmiş halları ilə uyğun olmamışdır.

20. Belə ki, iş materiallraına əlavə edilmiş Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş SF 22688 saylı, xx.xx.2023-cü il tarixli borclunun şəxsi məlumatına dair çıxarışdan göründüyü kimi, cavabdeh tərəfindən bankdan 32950 ABŞ dolları məbləğində kredit götürülmüş, lakin kredit üzrə kreditin statusu qrafasında tam ödənilmiş qed edilmiş, o cümlədən faizlərin gecikdirildiyi günlər qrafasında isə 0 göstərilmişdir. Bu isə cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunun müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödədiyini, bununla da müqavilənin şərtlərini pozmadığını təsdiq etmiş olur. Bununla da yaranmamış öhdəliyin pozulması və ya lazımi qaydada icra olunmaması halı isə ola bilməz. Bu da öz növbəsində həmin əsasla cavabehdən iddia edilən faiz məbləğinin tutulmasının tələb edilməsini istisna edir və iddianın əsassız olmasına dəlalət edir. Yəni belə olan halda cavabdehin iddiaçı qarşısında öhdəliyin lazımi qaydada icra edilməməsi halı müəyyən edilməməklə, hər hansı faiz məbləğinin hesablanması və cavabdehdən tutulması əsaslı hesab edilə bilməz.

21. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianın əsaslı olması qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməməlidir.

22. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti 1087.29 ABŞ dolları təşkil etdiyindən, yəni məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-526/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə faiz borcunun” tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar