Məhkəmə qərarları › İş №2(103)-6635/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6635/2023

27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6635/2023 27.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1137/2023 saylı, 18 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 tərəfindən idarə olunmuş “MG” markalı 99-KD116 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olan “VAZ-21015” markalı, 90BP415 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.

2. Cavabdeh2 tərəfindən idarə olunmuş “MG” markalı 99-KD116 dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır.

3. xx.xx.2022-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarla baş vermiş yol-nəqliyyat hadisəsi faktı əsasında Cavabdeh2 barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanmasının rədd edilməsi, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Ağsu RPŞ-nin DYPB-nə göndərilməsi, qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon prokuroru və maraqlı tərəflərə göndərilməsi, toplanmış material saxlanılması üçün Ağsu RPŞ-nin dəftərxanasına verilməsi qərara alınmışdır.

4. İddiaçıunun mülkiyyətində olan “VAZ-21015” markalı, 90BP415 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı:  "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli akta görə avtomobilin təmiri üçün cəmi 6923 manat vəsait hesablanmışdır;  "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, avtomobilin hazırki vəziyyətdə ümumi qiyməti təxminən 2595 manat müəyyən olunmuşdur;  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyun 2023-cü il tarixli, 9/2118 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olumamış və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 5110 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş ziyana görə 6.923 manatın cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir.

6. Tələbdə göstərir ki, 02 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Ağsu- Kürdəmir-İmişli avtomobil yolunun 25-ci kilometrliyində Kürdəmir rayon sakini Cavabdeh2 idarə etdiyi “MG” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun sol kənarına çıxaraq yoldan 18 metr kənarda dayanmış, iddiaçıya məxsus “VAZ-21015” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə Cavabdeh2 xəsarət alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Nəticədə iddiaçıya 6.923 manat məbləğində ziyan dəysə də, bu günə kimi cavabdehlərin imtina səbəbindən həmin 6.923 manat ala bilməmiş, açıq-aşkar imtina edirlər.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1137/2023 saylı, 18 avqust 2023cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 5000 (beş min) manat, Cavabdeh2 isə 110 (bir yüz on) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi; iddia tələbinin qalan hissədə rədd edilməsi; iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 AZN-nin 13,50 AZN-ni İddiaçı, 36,50 AZN-i isə cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmış və Cavabdeh2 tərəfindən idarə olunmuş “MG” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olan “VAZ-21015” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində sığorta hadisəsi baş verdiyindən və həmin yol-nəqliyyat hadisəsində iddiaçı zərərçəkən hesab olunduğundan, onun sığorta hadisəsi ilə bağlı sığorta ödənişi almaq hüququ yaranmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh təşkilat tərəfindən iddiaçıya 2595 manat sığorta ödənişini ödəməyə təklif olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, sığorta şirkəti tərəfindən hesablanan sığorta ödənişi ilə razı deyil, ona məxus avtomobilə dəymiş ziyan 6923 manat təşkil edir və iddiaçı vurulmuş ziyanın əvəzi kimi həmin məbləğin ödənilməsini tələb edir. Baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. İddiaçı avtomobilinə dəymiş zərərə görə 6923 manat pulu tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, 2008-ci il buraxılışlı, “VAZ-21015” markalı, 90BP415 dövlət qeydiyyat nişanlı avtomobilə 5110 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Belə olan halda, iddiaçının avtomobilinə vurulmuş zərərə görə 6923 manat pul tələb etməsi əsassızdır. Avtomobilin 2008-ci il buraxılışlı olmasını nəzərə alaraq vurulmuş zərərin məbləği dəyişilməli hissələrin qiymətinə köhnəlmə faizi nəzərə alınmaqla müəyyənləşdirilmiş 5110 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. "xxxx" MMC tərəfindən verilmiş rəydə göstərilmiş məbləğ (2595 manat) yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş avtomobilin hazırki vəziyyəti nəzərə alınmaqla həmin avtomobilin bərpa olunması üçün kifayət deyildir. Həmçinin, qəzaya səbəb olan avtomobil “MG” markalı, 99- KD-116 dövlət qeydiyyat nişanlı avtomobil sahibinin mülki məsuliyyəti sığorta şirkətində 5000 (beş min) manatadək məbləğə sığortalanmışdır. “İcbari sığortalar haqqında” Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə iddiaçıya məxsus avtomobilə dəymiş ziyan məbləğinin 5110 manat həddində olmasını və belə olan halda sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyini (həmçinin qanunla nəzərdə tutulmuş 5000 manat məbləğində ödənilməli olan limitin) nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 5000 manat, geriyə qalan məbləğ (110 manat) isə Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi digər hissədə rədd edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək iddia tələbinin qismən, yəni 2595 (iki min beş yüz doxsan beş) manat hissəsində təmin olunması, qalan hissədə isə rədd edilməsi, eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun və ekspertiza xərcinin iddiaçıdan apellyatorun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 925.3-cü maddəsinə görə, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Qanunun istinad olunan normasına görə, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İddiaçı müstəqil ekspert tərəfindən aparılan qiymətləndirmənin nəticəsi ilə razılaşmadığından, istinad olunan maddi hüquq normalarının tələblərini gözləmədən avtomobilə dəymiş zərərin müəyyənləşdirilməsi üçün öz təşəbbüsü ilə "xxxx" MMC-yə müraciət edərək qiymətləndirmə aparmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2118 nömrəli ekspert rəyi isə iddiaçının təqdim etdiyi qüsur aktına əsaslanmışdır. Bununla da, iddiaçı sadalanan maddi hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunan faktlar birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmış, lakin məhkəmə həmin hallara hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmdən birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissədə ləğv edilərək iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.2. Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Maddə 4.1. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Maddə 15. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Maddə 54. Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Maddə 56.1 və 56.1.2. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin sığorta şirkətinə münasibətdə təmin edildiyi 2405 manat hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiştələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia mübahisələndirilən hissədə də haqlı sayılırdı.

23. Sığorta hadisəsinin baş verməsi və bununla da sığortalanmış avtomobilə zərər dəyməsi işin mübahisəsiz halıdır. Baxılan mübahisə və verilmiş apellyasiya şikayəti məhz vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir.

24. Hazırda cavabdehin mübahisələndirdiyi hissə tələbin təmin edilən 2405 manat məbləğin tutulması hissəsidir. Belə ki, cavabdeh Şirkətin apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də məzmunundan göründüyü kimi, 2595 manatın tutulmasını qəbul edir. Deməli, məhkəmə həmin, yəni mübahisələndirilən hissədə iddianın və qətnamənin əsaslılığını yoxlayır.

25. “İcbari sığortalar haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbininəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədəməlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.

26. Cavabdeh Şirkət sığorta hadisəsi barədə məlumatlandırılmadığını da mübahisələndirmir. Ancaq iddiaçının təqdim etdiyi qüsur aktlarındakı və ekspertiza rəyindəki məbləği şişirdilmiş hesab edir və məhkəmənin də icbari sığortaya dair maddi hüquq normalarını pozduğunu və həmin normalardakı xüsusiyyətləri nəzərə almamaqla səhv nəticəyə gəldiyini düşünür.

27. Göründüyü kimi, sığortaçı iddiaçını günahlandırır, ancaq özünün “İcbari sığortalar haqqında” Qanunun yuxarıda qeyd olunan imperativ normalarına, eləcə də həmin Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan vəzifələrinə riayət etməməsinə haqq qazandırır yaxud da bu vəzifələrini unudur. Ona görə də sığorta şirkəti bu vəzifələrini yerinə yetirmədiyindən iddiaçının dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaması əsassız və qanunsuz olmamışdır. Buna görə də əgər sığortaçı əmlaka dəymiş zərərin düzgün qiymətləndirilməməsini iddiaçının şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilmirsə, o, iddiaçının təqdim etdiyi qiymətləndirmənin nəticələrini qəbul etməlidir.

28. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin gəldiyi qənaətdə müəyyən edilən məbləğ şişirdilmiş hesab edilə bilməz. Çünki, iddiaçı və cavabdeh Şirkət özlərinin təqdim etdiyi rəylərdə qeyd olunan məbləğin tutulmasını xahiş etsə də məhkəmə bu rəyləri deyil Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəydə müəyyən edilən məbləği əsas göturmuşdür. Demək ki, haqlı olaraq hazırki bazar qiymətlərini də nəzərə alaraq təqdim edilmiş rəylər əsasında hazırki mübahisənin ədalətli həlli üçün ağlabatan məbləğin cavabdehdən tutulmasını qət edib. Çünki, dəymiş zərər avtomobil üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış servis müəssisələrinin rəyləri də nəzərə alınmaqla Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilərək qiymətləndirilmişdir. Məhkəmə də əmtəəşünaslıq ekspertizasının müəyyən etdiyi məbləği əsas götürmüşdür.

29. Ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyi məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir, məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyi ilə razılaşmaya bilər. Lakin işə birinci instansiya məhkəməsində baxılan zaman keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə vurulmuş zərərin məbləği hissəsində məhkəmə tərkibinin razılaşmaması üçün də əsaslar yoxdur və rəydə göstərilənlər sübut kimi mötəbər hesab edilməlidir. Çünki, zərərin miqdarı ilə bağlı hallar ekspert tərəfindən yoxlanılmış və yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa dəyəri ekspert rəyindəki 5110 manat müəyyən edilmişdir. Buna görə də, həmin rəy mötəbər sübut kimi qəbul edilməlidir.

30. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1137/2023 saylı, 18 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1137/2023 saylı, 18 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar