Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-664/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “sığorta ödənişinin və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)- 228/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1979 manat sığorta ödənişinin, 130 manat dəbbə pulunun, 1000 manat mənəvi zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3139 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 mart 2020-ci ildə mülkiyyətində olan ** OA *** dövlət nömrə nişanlı avtomaşınla Bakı Mehdiabad istiqamətində hərəkətdə olarkən Zəngəzur şadlıq sarayının yanında arxadan MERSEDES BENZ C 280 MARKALİ, ** FC *** dövlət nömrə nişanlı avtomobil onun maşınını vurduğundan maşını ondan qabaqda hərəkətdə olan avtomaşınla toqquşmuş, nəticədə maşınının arxa və qabaq tərəfləri əzilmişdir. Qəza nəticəsində avtomaşınına 1979 (bir min doqquz yüz yetmiş doqquz) manat ziyan dəymişdir. Qəza törədən avtomobil Meqa sığorta şirkətində sığortalandığından vurulmuş zərəri həmin sığorta şirkəti ödəməli idi. Lakin cavabdeh sığorta şirkətlərinə xas olan adətlərə uyğun olaraq süründürməçiliyə yol verərək zərərin bir hissəsini, yəni cəmi 514 manata dair hissəsini ödəməyə razılıq verdi. Cavabdeh zərəri dəqiqləşdirmək niyyətində olmadığından avtomaşına vizual baxış keçirməklə kifayətləndi. Təbiidir ki, bu onu qane edə bilməzdi. Arxa və qabaq buferləri çıxarmadan əzilmiş hissələri müəyyən etmək mümkün deyildi. Mübahisənin məhkəmədən kənar sülh yolu ilə həll edilməsi üçün göstərdiyi səylər nəticə vermədi. Məcburiyyət qarşısında qalıb avtomaşını İNTER CONTİNNENTAL avtomobillərə texniki xidmət stansiyasında təmir etdirməli olmuşdur. Avtomaşına texniki baxış keçirildikdən sonra məlum oldu ki, “qabaq bufer, qabaq bufer yan kronşteyn, qabaq fara alt kronşteyn, qabaq fara su vuran, qabaq fara su vuran krışka, qabaq fara protivtuman, qabaq fara su vuran oçki, arxa bufer, arxa bufer kronştryn (şveller), qabaq panel, arxa panel” sıradan çıxıb və yenisi ilə əvəz edilməlidir. Avtomobili istismara yararlı vəziyyətə gətirmək üçün boya kompyüter və boya materialına ehtiyac var və eyni zamanda xidmət haqqı ödənilməlidir. Nəticədə vurulmuş zərərin aradan qaldırılması üçün 1979 AZN pul vəsaiti lazımdır. Göstərilən məbləği ödəməklə avtomobilini təmir etdirib. Sığorta ödənişi 25 mart 2020-ci ildə ödənilməli olduğu halda bu günə qədər sığorta ödənişini etməmişdir. Yəni faktiki olaraq məhkəməyə müraciət edənə qədər ödənişi 66 gün gecikdirmişdir. Geçikdirilən hər gün üçün 0,1% dəbbə pulu ödənilməli olduğunu nəzərə alınsa hesablama aşağıdakı qaydada aparılmalıdır. 1979*0,1%=1,97 manat *66=130 manat yəni iddia ərizəsi verilən günədək dəbbə pulu 130 manat təşkil edir. Hadisənin koronavirus dövründə baş verdiyidən güman etmək olardı ki, cavabdeh qanunlara əməl edərək süründürməçilikdən çəkinəcək. Təəssüf ki, belə olmadı. İşin məhkəmədənkənar sülh yolu ilə həll edilməsi üçün göstərdiyi səylər nəticə vermədi. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində mənəvi iztirab keçirərək baş verənlə təəsüflənmiş, istirahət hüququ pozulmuş, insan həyatı üçün təhlükəli bir dövrdə haqsızlığa məruz qalmışdır. Hesab edir ki, xüsusi ilə koronovirus dövründə baş verənlər qəbuledilməzdir. Buna görə də vurulan mənəvi zərəri 1000 manat qiymətləndirir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-228/2021 saylı, 29 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, "xxxx" ASC-dən 1220 (bir min iki yüz iyirmi) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, məhkəmə-avtotexniki-əmtəəşünaslıq ekspertiza keçirilməsi, müvafiq ekspertizanın AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunması, ekspertiza tərəflərindən təqdim olunan hadisə yerinin foto şəkilləri əsasında həyata keçirilməsi və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə-avtotexniki-əmtəəşünaslıq ekspertizasının AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunmasını xahiş etmişlər, iddiaçı da buna heç bir etiraz etməmişdir. Praktikada məhkəmələrin analoji mübahisələr zamanı ekspertiza keçirilməsini AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsinin şahidi olsalar da, Nərimanov rayon Məhkəməsi məhkəmə-avtotexniki-əmtəəşünaslıq ekspertizasının keçirilməsini "xxxx" MMC-yə həvalə etmişdir. Analoji qərardaddan şikayət edərək zərər dəyən avtomobillə bağlı məhkəmə-avtotexniki-əmtəəşünaslıq ekspertizasının keçirilməsinin AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunmasını və ekspertizanın avtomobilin yol-nəqliyyat hadisəsindən sonra qəzalı vəziyyətini əks etdirən şəkillər əsasında aparılmasını xahiş etsələr də bu xahişləri məhkəmə tərəfindən rədd edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir, kollegiya tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş edilsə də apellyasiya şikayətinin məzmunundan göründüyü kimi qətnamə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilmiş, iddiaçı isə qətnaməni – iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə - «"xxxx" ASC-dən 1220 (bir min iki yüz iyirmi) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması» hissəsində yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan X1 Texniki Xidmət Stansiyasının qüsur aktından görünür ki, İddiaçı məxsus, Subaru Forester markalı **-OA-*** dövlət qeydiyyat nişanlı 2014-cü il buraxılışlı avtomobilin tam bərpası və istismara yararlı vəziyyətə gətirilməsi üçün təmir xərcləri cəmi 1979 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanlanmış məktubunda görünür ki, mütəxəssisləri tərəfindən zərərçəkmiş avtomobilə dəymiş zərərin qiymətləndirilməsi aparılmış və qiymətləndirmə nəticəsində avtomobilə dəymiş zərər məbləği 514,00 manat müəyyən edilmişdir. Hesablanmış sığorta ödənişini pul şəklində ödəyə və ya avtomobilinizi təmirə yönəldə bilərlər. Müəyyən edilmiş zərər məbləği ilə İddiaçı razı olmadığı halda, "xxxx" ASC İddiaçı yazılı razılığı ilə dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazırdır. Birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə məhkəmə-avtotexnikiəmtəəşünaslıq ekspertizası təyin edilməklə ekspetizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, Subaru Forester markalı **-OA-*** dövlət qeydiyyat nişanlı 2014-cü il buraxılışlı avtomobilə 17 mart 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı 1220 manat ziyan dəymişdir. Birinci instansiya məhkəməsi də həmin rəyi əsas götürərək, iddia tələbini qismən - 1220 manat hissəsində təmin etmişdir. Cavabdeh isə apellyasiya şikayətində eləcə də apellyasiya baxışı zamanı iddiaçının avtomobilinə təyin edilmiş təmir bərpa xərcləri ilə razılaşmayaraq, foto-şəkillər təqdim etməklə, dəymiş ziyanın daha az olmasını bildirmiş, həmçinin ekspertizanın "xxxx" MMCyə həvalə edilməsini əsassız hesab edərək, yenidən ekspertiza təyin edilməklə ekspertizanın aparılmasının AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qəza nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyanın aradan qaldırılması üçün tələb edilən təmir bərpa xərclərinin dəyəri təqdim edilmiş müxtəlif rəylərlə bir-birinə uyğun olmayan məbləğlər hesablanmışdır. Həmçinin əvvəlki apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin izahatında göstərdiyi kimi iddiaçıya məxsus avtomobil təmir edilmişdir. Bununla da müəyyən edilir ki, qəza vaxtı dəymiş ziyanın müəyyən edilməsi üçün ekspert rəyində köhnəlmə faizi də nəzərə alınmalı idi, lakin həmin hal nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən apellyasiya baxışı zamanı hazırki mübahisənin obyektiv həlli üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmaqla ekspert qarşısında “Subaru Forestor” markalı ** OA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 17.03.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın aradan qaldırılması üçün təmir bərpa işlərinin (köhnəlmə faizi nəzərə alınmaqla) dəyərinin müəyyən edilməsi barədə sual qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 9/9495 nömrəli, 21 fevral 2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “İnter Continental” Avtomobillərə Texniki Xidmət Stansiyasının 04 may 2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Subaru Forestor” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1607 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Həmin Məcəllənin 922.1. maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2. maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi cavabdeh apellyasiya şikayətində qəza nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyanın aradan qaldırılması üçün tələb edilən təmir bərpa xərclərinin dəyərinin düzgün müəyyən edilməməsini qeyd etsə də, dəymiş ziyanın birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmiş məbləğdən daha az olması barədə mötəbər sübutlar təqdim etməmişdir. Apellyasiya baxışı zamanı isə cavabdehin dəlillərinə qiymət verilməsi, eləcə də hazırki mübahisənin obyektiv həlli üçün qəza vaxtı dəymiş ziyanın müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın rəyi ilə avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1607 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh mübahisələndirmiş, iddiaçı tərəf isə cavabdehdən tutulmalı olan məbləğlə razılaşaraq birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi cavabdehdən tutulmalı olan məbləği dəyişdirilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya baxışı zamanı həyata keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən tutularaq dövlət nəfinə tutulmalı, eləcə də apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-228/2021 saylı 29 aprel 2021ci il tarixli qətnaməsi mübahisələdirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı həyata keçirilmiş ekpertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət nəfinə keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-664/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-664/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver