Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-664/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Fərrux Qasımov və Pərviz Hüseynovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı “pul tələbi barədə” iddiasına dair dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-3069/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflər qeyri-rəsmi ər-arvad münasibətində olublar. 2.Mübahisə Yasamal rayonu, A.Abbasov küçəsi, ev № 12-də yerləşən 1 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil xüsusi mülkiyyət hüququ əsasında cavabdehdə məxsusdur, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 164.200.000 manata (köhnə miqyasda) cavabdehin adına əldə edilib (iş v. 55). 3.Bundan əvvəl mənzilə dair məhkəmə mübahisəsi olub, tərəflər bir-birlərinə qarşı iddia qaldırıblar. Cavabdeh1 iddiasında tələb olunub ki, əks tərəf mənzildən çıxarılsın və həmin tərəfin mənzildən qeyri-qanuni istifadə etməsinə görə pul tutulsun. İddiaçı iddiasında isə tələb olunub ki, mənzil tərəflərin ümumi paylı mülkiyyəti hesab olunsun, İddiaçı payı 3/5 hissə, əks tərəfin payı 2/5 hissə müəyyən edilsin. 4.Birinci instansiya məhkəməsi Cavabdeh1 iddiasını qismən təmin edib, əks tərəfin mənzildən çıxarılmasını və onun mənzildən qeyri-qanuni istifadə etməsinə görə xx.xx.2022-ci ildən başlayaraq mənzil boşaldılanadək hər ay 300 manat tutulmasını qət edib, İddiaçı iddiasını isə rədd edib. 5.İddiaçı apellyasiya şikayəti verib. Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-266/2024 nömrəli qətnaməsi ilə rədd olunub, birinci instansiya məhkəməsinin gəldiyi nəticə dəyişdirilmədən saxlanılıb, lakin qətnamənin nəticə hissəsində həm də qeyd olunub ki, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla mənzilin alınmasına görə ödənilən məbləği əsassız varlanma qaydalarına uyğun olaraq yeni iddia qaldırmaqla tələb etmək hüququnun olması İddiaçı izah olunsun. 6.Bu qətnamə qəbul edildikdən 5 ay sonra – xx.xx.2024-cü ildə hazırkı iddia verilib. Birinci instansiya məhkəməsində icraat 7.İddia ərizəsində tələb olunub ki, 115.000 manat pul əsassız varlanma qaydalarına uyğun olaraq cavabdehdən tutularaq iddiaçıya verilsin. Tələb olununla əsaslandırılıb ki, alqısatqı müqaviləsini alıcı kimi cavabdeh imzalasa da, mənzilin qiymətini satıcının nümayəndəsinə şəxsən iddiaçı öz vəsaiti ilə ödəyib. 8.Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırılıb ki, cavabdehin əsassız varlanması müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsində icraat 9.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsində qeyd edilənlərə əhəmiyyət verməyib. 10.Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.İddiaçı 115.000 manat pulu Cavabdeh1 mənzilin bazar dəyəri kimi tələb edir. Bundan əvvəl İddiaçı mənzilin yalnız 3/5 hissəsinə iddia edirdi, lakin Bakı Apellyasiya Məhkəməsi ona izah edib ki, daha artığına “hüququ” var, yəni mənzilin bütün dəyərini əks tərəfdən tələb edə bilər. 12.Belə ki, İddiaçı “mənzilin ümumi paylı mülkiyyət sayılması və payların müəyyən edilməsi barədə” əvvəlki iddiasında mənzilin 3/5 hissəsinə payının tanınmasnı tələb edib, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-266/2024 nömrəli qətnaməsinin nəticə hissəsində İddiaçı izah olunub ki, onun mənzilin bütün dəyərini əsassız varlanma qaydaların uyğun olaraq tələb etmək “hüququ” var. 13.Bundan başqa, həmin qətnamənin nəticəsi hissəsində izah olunub ki, İddiaçı göstərilən “hüququnu” qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq həyata keçirə bilər. Belə ki, qanuna görə, əsassız varlanma obyektini qaytarmaq hüququnun həyata keçirilməsi müddəti 2 ildir. Mənzilin qiyməti 19 il əvvəl ödənilib, bu hesabla İddiaçı “hüququnu” həyata keçirmək üçün müddəti ötürüb. Lakin Bakı Apellyasiya Məhkəməsi hesab edib ki, İddiaçı müddəti ötürməyib, hətta onun üçün bu müddətin axımı başlamayıb, müddətin axımı gələcəkdə - İddiaçı onun “hüququnu” izah edən qətnamə qanuni qüvvəyə mindikdən sonra başlayacaq. 14.Qətnamə qanuni qüvvəyə mindikdən sonra İddiaçı yuxarı instansiya məhkəməsinin izahına əsaslanaraq iddia versə də, aşağı instansiya məhkəməsi onun iddiasını təmin etməyib. Aşağı instansiya məhkəməsi ona əsaslanıb ki, əsassız varlanma mövcud deyil. Bu, düzgün mövqedir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 15.Müqavilədə “alıcı” kimi Cavabdeh1 göstərilib, müqaviləni “alıcı” kimi də o, imzalayıb, o cümlədən müqavilənin 5-ci bəndində qeyd olunub ki, alıcı mənzilin qiymətinin nağd şəkildə satıcıya ödədi. İddianın əsası kimi İddiaçı istinad etdiyi halın (mənzilin qiymətinin onun tərəfindən ödənilməsinin) mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur, bu səbəbdən də həmin halın həqiqi olub-olmadığının araşdırılmasına zərurət yoxdur. Mənzilin qiymətini satıcıya (kreditora) ödəmək alıcı (borclu) Cavabdeh1 öhdəliyidir. Əgər həqiqətən mənzilin qiyməti İddiaçı tərəfindən ödənilibsə, onun bu hərəkəti öhdəliyin üçüncü şəxs tərəfindən icrası sayılır (Mülki Məcəllə, maddə 431). Üçüncü şəxsin hərəkəti nəticəsində alıcının (borclunun) əsassız varlanıb-varlanmadığı üçüncü şəxsin hərəkətinin motivindən asılıdır. İddiaçı özünün məhkəməyə verdiyi məlumatdan görünür ki, o, mənzilin qiymətini Cavabdeh1 olan sevgisini təsdiq etmək üçün ödəyib. Belə ki, İddiaçı daha əvvəl irəli sürdüyü “mənzilin ümumi paylı mülkiyyət hesab olunması və payların müəyyən edilməsi barədə” iddiada qeyd edib ki, uzun illər fərdi sahibkarlıqla məşğul olduğuna görə həmişə maliyyə imkanları yaxşı olub, başqa qadınla nikahda olduğuna görə Cavabdeh1 ilə nikahını qeydə aldıra bilməyib, Cavabdeh1 olan inamı, etibarı, sevgisi və möhkəm bağlılığının təsdiqi kimi faktiki nikah dövründə öz vəsaiti ilə əldə etdiyi bütün daşınmaz əmlakları Cavabdeh1 adına rəsmiləşdirib. 16.Sevginin təsdiqi üçün ödənmiş pul 19 il keçdikdən sonra, yəni sevgi hissi itdikdən sonra əsassız varlanma obyekti kimi əks tərəfdən – onkoloji xəstəlikdən əziyyət çəkən qadından geri tələb oluna bilməz, çünki bu, AR Mülki Məcəlləsinin 1091-ci maddəsində müəyyən olunmuş əsassız varlanma anlayışına ziddir. Bu maddədə əsassız varlanmanın həm də sonralar aradan qalxmış əsasa söykəndiyi qeyd olunsa da, “sonralar aradan qalxmış əsas” deyiləndə sonralar itmiş sevgi hissi nəzərdə tutulmur. 17.Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 18.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-3069/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-664/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-664/2025
17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver