Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6641/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment artırılması tələbinə dair mülki iş üzrə Açar sözlər: qarşılıqlı iddia ərizəsinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment artırılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2023-ci il tarixli, 2(003)-2710/2023 nömrəli qərardadından cavabdehin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 senyabr 2016-cı il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 manat sabit pul məbləğinin və iddiaçının Bakı şəhəri 8 saylı mediasiya təşkilatına ödədiyi 55 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh İddiaçı qarşı atalığın mübahisələndirilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla faktiki nikahdan doğulması iddia edilən 10 sentyabr 2016-cı il təvəllüdlü Cəfərova (Kazımova) Zeynəb Əkbər qızının bioloji atasının olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2023-ci il tarixli, 2(003)- 2710/2023 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina olunmuşdur.
4. Qərardadın əsaslarına görə, qarşılıqlı tələbin ilk iddia ərizəsi üzrə olan aliment miqdarının artırılması barədə ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyindən, qarşılıqlılı iddia ərizəsinin ilk iddia arasında qarşılıqlı əlaqə olmadığından, qarşılıqlı iddia ərizəsində olan iddia tələbləri bir-biri ilə əlaqədar olmadığından qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır.
5. Cavabdeh qərardaddan şikayət verərək qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir.
6. Şikayətin dəlillərinə görə, iddia tələbinə qarşı qarşılıqlı iddia ərizəsi ilə cavabdeh İddiaçı qarşı “İddiaçı Bürcəli qızının mənimlə faktiki nikahdan doğulmasını iddia etdiyi 10 sentyabr 2016-cı il təvəllüdlü Cəfərova (Kazımova) Zeynıəb Əkbər qızının bioloji atasının olmadığım barədə” qarşılıqlı iddia ərizəmlə ilk iddia ərizəsi ilə birlikdə baxılması nəticəsində onun iddia tələbinin təmin edilməsi ilk İddiaçı “alimentin artırılması” barədə iddiasının təmin edilməsi əsası aradan qalxır. Yəni məhkəmə araşdırması nəticəsində onun uşağın atası olmadığı müəyyən edilsə alimentin artırılması tələbi aradan qalxmış olur,
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 sentyabr 2023-ci il tarixli, 2(003)- 2710/2023 nömrəli qərardadı ilə şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir; Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir; 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir; 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir; Maddə.156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Göründüyü kimi, Mülki Prosessual Məcəllədə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsinin dəqiq şərtləri göstərilmişdir. Bu şərtlərdən hər hansı biri mövcud olduğu təqdirdə, eyni zamanda qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina olunması üçün digər əsaslar olmadıqda qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, baxıla bilər.
10. Hazırkı halda cavabdeh MPM-in 156.1.3-cü maddəsindəki dispozitiv şərtin mövcudluğuna, yəni qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olmasına və onlara birlikdə baxılmasının mübahisəyə daha tez və düzgün baxmaqla nəticələnəcəyinə istinad edir.
11. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin hazırkı məzmunda qarşılıqlı iddia ərizəsi baxılan iş üzrə mübahisənin daha tez və düzgün baxılması ilə nəticələnməyəcək.
12. İşdən göründüyü kimi, cavabdehdən iddiaçının xeyrinə birgə nikahlarından doğulan uşağın saxlanması üçün artıq aliment tutulmuşdur. Hazırkı iddianın predmetini isə artıq tutulmuş alimentin artırılması təşkil edir. Cavabdehin birgə nikahdan doğulmuş uşağın atalığını mübahisələndirməsi mahiyyət etibarı ilə baxılması daha uzun müddət çəkəcək mübahisədir və bu mübahisəyə baxılması üçün xüsusi olaraq qısaldılmış müddət müəyyən edilmiş alimentin artırılması ilə bağlı mübahisə ilə birlikdə baxılması yolverilməzdir.
13. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı tələbin ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməsi halı da mövcud deyildir, ilkin tələb pul vəsaitinin tutulması ilə bağlıdır. Bu halda iddiaçı atalığı mübahisələndirilməsi barədə iddia ərizəsi ilə müstəqil olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
14. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2023-ci il tarixli, 2(003)- 2710/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2023-ci il tarixli, 2(003)- 2710/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev