Məhkəmə qərarları › İş №2(103)-6642/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6642/2024

24.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6642/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mülki məsuliyyətin həddi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2b ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3238/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı mülkiyyətində olan və idarə etdiyi «Mercedes-Benz E220 CDİ» markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində toqquşmuşdur. Hadisədə təqsirli şəxs avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh olmuşdur. xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin əməlində inzibati xətanın tərkibi olduğundan, cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir.

2. 2001-ci il buraxılışlı «Mercedes-Benz E220 CDİ» markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci üzrə tərtib edilmiş qüsur aktı əlavə edilmişdir.

3. 13.08.2024-cü il tarixli 9/5720 nömrəli ekspert rəyinə əsasən, 2001-ci il buraxılışlı «Mercedes-Benz E220 CDİ» markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən dövrdə 3175 manat müəyyən edilmişdir.

4. “Chevrolet Cruze” markalı **-FN-*** dövlət qeydiyya nişanlı avtomobilin hadisə baş verən tarixdə icrabi sığortası olmamışdır.

5. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı dəymiş zərərin qarşılığı olaraq İddiaçı Nümayəndə 900 manat pul almışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə mürcaiət edərək, təqsirli hərəkəti nəticəsində vurulmuş 3175 manat maddi zərərin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı 77-FN485 dövlət qeydiyyat nişanlı avtomobillə onun mülkiyyətində olan və idarə etdiyi «Mercedes-Benz E220 CDİ» markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində toqquşmuşdur. Hadisə nəticəsində avtomobilinə 3175 manat maddi zərər vurulmuşdur. Hadisədə təqsirli şəxs avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh olmuşdur. xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin əməlində inzibati xətanın tərkibi olduğundan, cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. Cavabdeh tərəfin avtomobilinin icrabi sığortası olmadığından ona sığorta şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilməmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3238/2024 saylı 25 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki cavabdeh tərəfin avtomobilinin icbari sığortası olmadığından iddiaçı tərəfə sığorta şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilməmişdir. Nəticə etibarilə, iddiaçıya cavabdehin təqsirli hərəkətləri nəticəsində 3175 manat zərər dəymişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1108.1, 1108.2 və 1108.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-ci lil tarixli 2(004)-3238/2024 saylı qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin maddi ziyan hissəsində yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası barədə ona rəsmi qaydada məlumat verilməyib. Məhkəmə iclasını onun iştirakı olmadan keçirib qətnamə qəbul etmişdir, bununla da Azərbaycan Respublikası MPM-nin 1.3, 9.3, 135.3-cü maddələrini kobudcasına pozmuşdur. Bundan başqa qətnamədə qeyd olunub ki, avtomobillər toqquşub, halbuki hadisə zamanı, o, iddiaçının avtomobilini ön sol tərəfdən vuraraq qəza törətmişdir. Bu fakt hadisə yerinə gələn DYP əməkdaşları tərəfindən tərtib etmiş protokol və fotoşəkillərlə təsdiq edilir. Həmçnin, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərkən texniki ekspertiza da təyin etməli idi. Səbəbi-əmtəəşünaslıq ekspertizası “G-ENERGY SERVİCE” servis xidməti tərəfindən tərtib edilmiş akta əsaslanır. Nə məhkəmə, nə ekspertiza mərkəzi, bu akta diqqət yetirməyiblər. Belə ki, həmin aktda avtomobilin ön hissəsində dəyişilən 17 (on yeddi) ümumi dəyəri 3175 (beş min bir yüz altmış dörd) manat təşkil edən detallar qeyd edilib. Şəhər mərkəzində sürət həddi 60 km/s olan halda bu detallara ziyan dəyməsi şübhə yaradır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, xx.xx.2024-cü ildə hadisə baş vermişdir. Hadisə baş verən gün dərhal qarşı tərəflə əlaqə saxladı, görüşdülər. Ondan bir gün öncə isə onun maşınının sığorta müddətinin vaxtı bitmişdir. Maşına dəymiş ziyan 800- 900 manat idi, iş materiallarında fotoşəkillər də vardır. Razılaşdı və ona 900 manat pul ödədi, bununla bağlı qəbz imzalandı, həmin vaxt yanlarında tanış adamlar da var idi. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. O, keçirilmiş ekspert rəyi ilə razılaşmadı, etiraz etdi, ona görə də o, yenidən ekspertiza keçirilməsini xahiş etdi. Onun 2000 manat verməyə maddi imkanı yoxdur. Oğlu hal-hazırda tələbədir. O, maksimum qarşı tərəfə 600 manat pul ödəyə bilər.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, 600 manat dəmirçiyə vermiş, 250 manatı qabaq hissəyə vermişdi. Maşının çox hissələri demək olar ki, dəyişilmişdir. 900 manatın 600 manatını dəmirçiyə, 250 manatını qabaq hissəyə, 50 manatı isə ustaya vermişdir. Maşında görülməli işlər çoxdur. Maşın pis gündədir. 900 manat ona verilmişdir. Qarşı tərəf 2000 manat ödəsə razılaşar.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin maddi ziyan hissəsində yeni qətnamə çıxarılması xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

20.Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 24.1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 25.1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 26.1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

27.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 28.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 29.Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsitərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (372.2-ci maddə).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. 31.Kollegiya ilk öncə qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər cavabdehin faktiki yaşadığı və müraciət etdiyi apelyasiya şikayətində qeyd etdiyi ünvana göndərilmişdir. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir. 32.Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. 33.Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 34.Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. 35.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 36.İş materiallarından göründüyü kimi, “Chevrolet Cruze” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və idarə edən Cavabdehdur. O, mülki hüquq məsuliyyətinin yaranmasına səbəb olmuş qanunsuz hərəkətlərə yol verməklə AR İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tərtib edilmiş ekspert rəyinə əsasən 2001-ci il buraxılışlı «Mercedes-Benz E220 CDİ» markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 3175 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində etdiyi «Mercedes-Benz E220 CDİ» markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi-iddiaçıya sığorta ödənişi verilməmişdir. 37.İşə baxan birinci instansiya məhkəməsi tərəfindən də qanunvericiliyin yuxarıda qeyd olunan normalara uyğun olaraq, hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirli olması müəyyən edilmişdir. Bununla belə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında daşıdığı mülki məsuliyyət həddinin, yəni iddiaçıya dəymiş zərərin məbləğinin müəyyən edilməsi barədə gəldiyi qənaət ilə razılaşmır.

38. Belə ki, yuxarıda sadalanan maddələrdən müəyyən edildiyi kimi zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir.

39. Əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində hüququ pozulmuş şəxs pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin (real zərər) ödənilməsini tələb etmək hüququna malikdir. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 40.Göründüyü kimi, «Mercedes-Benz E220 CDİ» markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəlki vəziyyətini bərpa etmək üçün iddiaçının iddia ərizəsində göstərdiyi məbləğdə xərc çəkməli olduğu ağlabatandır və cavabdeh bu məbləğin daha az olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla belə nəzərə alınmalıdır ki, cavabdeh iddiaçıya dəymiş zərərdən 900 manat məbləğində ödəniş etmiş, belə olan halda da onun iddiaçının qarşısında törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə daşıdığı mülki məsuliyyət həddi azalmışdır. 41.Birinci instansiya məhkəməsi isə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş «Mercedes-Benz E220 CDİ» markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün cavabdehin zərər olaraq ödəməli olduğu məbləği iddiaçının doğruluğunu mübahisə etmədiyi xx.xx.2024-cü il tarixli qəbzə hər hansı münasibət bildirmədən, işdə olan bütün sübutları nəzərə almadan müəyyən etmişdir. 42.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, göstərilən məsələnin həlli ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, baş vermiş hadisə nəticəsində mülkiyyətçiyə dəymiş maddi zərər 2.275 manat məbləğində müəyyən edilməlidir. 43.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 44.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 45.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3238/2024 saylı 25 sentyabr 2024-cü il tarixli qətnaməsi qismən – dəymiş maddi zərər olaraq 900 manat məbləğində pulun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 36 manatı Cavabdeh, 14 manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar