Məhkəmə qərarları › İş №2(103)-6643/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6643/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6643/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-615/2020 nömrəli qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 9765.98 ABŞ dolları məbləğində kredit borcu, 8229.54 ABŞ dolları məbləğində faiz borcu və 6481.79 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24477 ABŞ dolları 31 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2013-cü il tarixli 01L000005386 saylı X1nə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. X1 üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxx 2015-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 001R**********S saylı, xx.xx.2016-cı il tarixli 001R**********SA saylı, xx.xx.2016-cı il tarixli 001R**********SB saylı, xx.xx.2017-ci il tarixli 001R**********SC saylı, xx.xx.2017-ci il tarixli 001R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 10234.02 ABŞ Dolları ödəmiş, onun 9765.98 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 443 gün üçün hesablanmış faiz borcu 8229.54 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2019-eu il tarixə 443 gün üçün hesablanmış cərimə 6481.79 ABŞ Dolları təşkil edir. X1nin 3.1.2-ei bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və laizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. X1 üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən X1ndən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətli müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-615/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli 001R********** saylı kredit müqaviləsi üzrə 9.615,97 ABŞ dolları əsas borc, 8.229,54 ABŞ dolları faiz borcu, 960 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18.805,51 ABŞ dolları məbləğində borc qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat pul Cavabdeh1 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı QSC apelyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-615/2020 nömrəli qətnaməsinin qismən iddia tələbinin zaminlərə münasibətdə təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə də təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-615/2020 nömrəli qətnaməsinin əsassız və qanunsuz olduğundan ləğv edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, zaminlərin öhdəliklərin qüvvədə olma müddəti məhkəmə tərəfindən nəzərə alınmamış və AR MM-nin 477.0.4-cü maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr üzrə müddət xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixinə kimi müəyyən edilmişdir. Belə ki, zaminlik müqavilələrinin giriş hissəsində birbaşa qeyd edilmişdir ki, "xx.xx.2013-cii il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 01L000005386 saylı X1 (bundan sonra "X1) və bu X1nin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bağlamışlar: Kredit Xətti məbləği: 30000 (otuz min) ABŞ dollar; X2: 120 ay." İddiaçı tərəfindən zaminlərə qarşı tələb həmin müddət çərçivəsində olmuşdur, yəni artıq xx.xx.2019-cu il tarixində iddiaçı tərəfindən bütün cavabdehlərə qarşı məhkəmə müstəvisində iddia tələbi irəli sürülmüş və həmin iş də məhkəmənin icraatına qəbul edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən AR MM-nin 477.0.4-cü maddəsinə istinad edilsə də, həmin maddənin birinci cümləsi nəzərə alınmamış, düzgün təhlil və tətbiq edilməmişdir. Belə ki, sözügedən maddənin 1-ci cümləsinin məzmununa görə, "zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir". İddiaçı ilə cavabdehlər-zaminlər arasında bağlanmış müvafiq müqavilələrdə müddət müəyyən edilmiş və İddiaçı tərəfindən irəli sürülən tələb isə həmin müddətlər daxilində olmuşdur. İstinad olunan maddənin 2-ci cümləsindəki 1 illik iddia müddətin tətbiq edilməsi “tərəflər arasında bağlanmış müqavilələrdə belə müddət təyin edilmədiyi" hallara şamil olunur. Lakin, hazırkı mübahisə predmetini təşkil edən məsələ bu halı ehtiva etmir. Çünki zaminlik müqavilələrində həmin müqavilələrin qüvvədə olma müddəti dəqiq göstərilmişdir. Belə ki, zaminlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 30000 ABŞ dolları daxil olmaqla həmin çərçivədə 120 ay müddətinə, yəni 2023-cü ilin dekabr ayına kimi öhdəlik götürmüşlər. Hətta hesab etsək ki, zaminlərə qarşı tələb iddia müddəti ötürülməklə irəli sürülmüşdür (halbuki, iddiaçı bununla razı deyil və hüquqi əsasları yuxarıda qeyd etmişdir), Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı maddi və prosessual hüquq pozuntusuna yol verilmişdir. Hesab edir ki, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilən zaman AR MM-nin 375.2-ci maddəsinin pozuntusuna yol verilmişdir. Belə ki, cavabdehlər iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə məhkəməyə təqdim etməmişdirlər. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, Nizami rayon Məhkəməsinin qəbul etdiyi qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə yeni qətnamə qət edilməlidir. Bildirir ki, 001R********** saylı kredit razılaşması üzrə aylıq faiz dərəcəsi 1.9167% olmaqla, 24 ay müddətinə 20 000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Tərəfindən kredit borcu üzrə aparılan ödənişlərin cavabdeh tərəfindən hansı qaydada borcdan silinməsi və yaranmış borcun hesablanması qaydası onlara məlum deyil. Məhkəmə qətnaməsində qeyd olunur ki, iddiaçı tərəfindən cavabdehlərdən xx xxxx 2015-ci il tarixli 001R********** nömrəli Kredit müqaviləsi üzrə 9765.98 ABŞ dolları məbləğində əsas borc, 8229.54 ABŞ dolları məbləğində faiz borcu tələb edilsə də, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, sözügedən kredit üzrə Cavabdeh1 iddiaçı banka 9.615,97 ABŞ dolları məbləğində əsas borc, 8.373,45 ABŞ dolları məbləğində faiz borcunun olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə ekspert rəyini mötəbər sübut növündə qəbul edərək borclulardan rəylə müəyyən edilmiş məbləğlərdə əsas və faiz borcunun tutulmasını məqsədə müvafiq hesab edir.Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, ekspertiza rəyi ilə faiz borcu qismində 8.373,45 ABŞ dolları borc müəyyən edilsə də, cavabdehdən faiz borcu qismində iddia tələbi həcmində - 8229.54 ABŞ dolları borc tutulmalıdır. Lakin faiz borcu qismində - 8229.54 ABŞ dolları borc tutulmasından razı deyil və hesab edir ki, iş keçirilmiş mühasibatlıq ekspertizası zamanı onun ödədiyi borc məbləğlərinin əsassız olaraq əsas borcdan deyil, faiz borcundan çıxılması nəzərə almamış və məhkəmə tərəfindən bu məsələyə qiymət verilməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, tərəfindən bankdan götürülmüş kredit pulun müqabilində bugünədək xeyli miqdarda pul ödənilsə də həmin məbləğləri faiz və dəbbə puluna yönəltməklə əsas borcu çoxaltmaqla saxtakarlığa yol vermiş və onlara yenidən borc hesablamışdır. Bank tərəfindən bu saxtakarlıqlara məhkəmə diqqət yetirməmiş. İddiaçı bank ona təklif edərək dəfələrlə kredit müqaviləsində dəyişiklik etmiş və nəticədə faiz borcunu çoxaltmağa nail olmuşdur. Bu isə onun ödəmə qabiliyyətini çətinləşdirmiş və daha artıq faiz borcunun hesablanması ilə nəticələnmişdir. Məhkəmə tərəfindən 960 ABŞ dolları cərimə borcunun məndən tutulması tam əsassız və qanunsuzdur. Bundan başqa məhkəmə işə baxarkən xx.xx.2020-ci il tarixdə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar etmədən işə onun və ya nümayəndəsinin iştirakı olmadan baxılmışdır. Məhkəmənin istinad etdiyi eksper rəyi ilə razı deyil və hesab edir ki, təkrar mühasibatlıq ekspertizası keçirilməlidir. İş üzrə tərəflərməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 01L000005386 nömrəli X1ndən görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 30 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 001R********** nömrəli kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 illik 1.9167 faiz dərəcəsi ilə, 24 ay müddətinə 20 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli 001R**********S saylı, xx.xx.2016-cı il tarixli 001R**********SA saylı, xx.xx.2016-cı il tarixli 001R**********SB saylı, xx.xx.2017-ci il tarixli 001R**********SC saylı, xx.xx.2017-ci il tarixli 001R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 01S000009952 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh4 həmin tarixli X1ndən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 01S000009957 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 həmin tarixli X1ndən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 01S000009951 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 həmin tarixli X1ndən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı QSC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; İddiaçı QSC-nin xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 9765.98 ABŞ dolları əsas, 8229.54 ABŞ dolları faiz, 6481.79 ABŞ dolları cərimə olmaqla, cəmi 24477.31 ABŞ doları məbləğində borcu vardır. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 2809 nömrəli rəyindən görünür ki, Cavabdeh1 xx xxxx 2015-ci il tarixli 001R********** nömrəli kredit müqaviləsi üzrə İddiaçı QSC-yə olan borcu əsas borc üzrə 9.615,97 ABŞ dolları, faiz borcu üzrə 8.373,45 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli X1nə əsasən, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 30 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh1 illik 1.9167 faiz dərəcəsi ilə, 24 ay müddətinə 20 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsinişərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödə-nilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun cavabdehlərdən müştərək qaydada, yəni borcalan Cavabdeh1 ilə yanaşı, zaminlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı QSC ASC ilə Cavabdeh4 və Cavabdeh3 arasında zaminlik müqavilələri xx xxxxxx 2013-cü il tarixdə, Cavabdeh2 ilə zaminlik müqaviləsi isə xx xxxxxx 2013-cü il bağlanmışdır. Zaminliklə təmin olunan öhdəlik, yəni İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi xx xxxx 2015ci il tarixdə 24 ay müddətinə bağlanmışdır. Öhdəliyin icrası müddəti xx xxxx 2017-ci il tarixdə başa çatmışdır. İddiaçı QSC-nin iddia ərizəsi isə xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı zaminliklə təmin edilmiş öhdəliyin icrası müddətinin başa çatmasından 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanunverici isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsini nəzərdə tutmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, yaranmış borc cavabdehlərdən müştərək qaydada deyil, Cavabdeh1 tutulmalıdır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsində müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərdən xx xxxx 2015-ci il tarixli 001R********** nömrəli Kredit müqaviləsi üzrə 9765.98 ABŞ dolları məbləğində əsas borc, 8229.54 ABŞ dolları məbləğində faiz borcu tələb edilsə də, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən, sözügedən kredit üzrə Cavabdeh1 iddiaçı banka 9.615,97 ABŞ dolları məbləğində əsas borc, 8.373,45 ABŞ dolları məbləğində faiz borcunun olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə ekspert rəyini mötəbər sübut növündə qəbul edərək borclulardan rəylə müəyyən edilmiş məbləğlərdə əsas və faiz borcunun tutulmasını məqsədə müvafiq hesab edir. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, ekspertiza rəyi ilə faiz borcu qismində 8.373,45 ABŞ dolları borc müəyyən edilsə də, cavabdehdən faiz borcu qismində iddia tələbi həcmində - 8229.54 ABŞ dolları borc tutulmalıdır. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq, hesab edir ki, 6481.79 ABŞ dolları miqdarında cərimə (dəbbə pulu) 9615.97 ABŞ dolları miqdarında əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli 001R********** saylı kredit müqaviləsi üzrə 9.615,97 ABŞ dolları əsas borc, 8.229,54 ABŞ dolları faiz borcu, 960 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18.805,51 ABŞ dolları məbləğində borc qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-615/2020 nömrəli qətnaməsi İddiaçı QSC və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar