Məhkəmə qərarları › İş №2(103)-6648/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6648/2020

13.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6648/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 2629/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin miqdarının hər ay hər uşaq üçün 170 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli 2(008)-2134/2010 saylı qətnaməsi ilə cavabdehlə olan nikahları pozulmuş, həmin məhkəmənin xx xxxx 2012-ci il tarixli 2(008)-1934/2012 saylı qətnaməsi ilə birgə nikahlarından doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2004cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2012-ci il tarixdən etibarən Cavabdeh hər ay hər uşağa görə 87 manat olmaqla ümumilikdə 174 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin məbləğdə alimentlə sağlam uşaq böyütmək, onun bütün tələbatını ödəmək mümkün deyildir. Hal-hazırda həmin məbləğ övladlarının normal və sağlam təminatı üçün kifayət etmir. Odur ki, alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 170 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 2629/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, buna görə də öz hüquqlarını müdafiə edə bilməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən diqqətəlayiq hallar nəzərə alınmamışdır. Belə ki, o, ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan xx xxxxxxxx 2015-ci il təvəllüdlü oğlu var. Eyni zamanda yaşlı atası və anası da onunla birgə yaşayır. Onların zəruri gündəlik tələbatları onun tərəfindən qarşılanır. Özü isə günəmuzd fəhlə işləyərək ailəsini dolandırır. Mövcud pandemiya ilə əlaqədar iş yerləri bağlandığından hal-hazırda maddi vəziyyəti olduqca aşağıdır. O, övladlarının maddi təminatını ödəməkdən yayınmır. Bu günədək də qət edilən alimentin məbləğini vaxtlı-vaxtında ödəmişdir. Sadəcə hazırki ailə vəziyyətini, himayəsində yaşlı ata-anasının olmasını nəzərə alaraq alimentin məbləğinin artırılmamasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)-2629/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli 2(008)-2134/2010 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, həmin məhkəmənin xx xxxx 2012-ci il tarixli 2(008)-1934/2012 saylı qətnaməsi ilə Cavabdeh xx xxxxxx 2012-ci ildən başlayaraq hər ay hər uşaq üçün 87 manat, cəmi 174 manat alimentin tutulub xx xxxxxx 2003-cü il təvəllüdlü X1 və xx xxxxxxxx 2004-cü il tarixində anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin qəbul edilməsindən 8 ildən çox vaxt keçməsini, ötən dövrdə respublikamızda yaşayış minimumunun artmasını və uşaqların yetkinlik yaşına çatmaq üzrə olduqlarını nəzərə alaraq, hər ay 87 manat miqdarında aliment hazırda uşaqların maddi təminatı üçün yetərli deyil. Cavabdehin heç bir yerdə işləməməsi, sabit qazanca malik olmaması, eyni zamanda yeni nikaha daxil olması, yaşlı ata və anasının onun himayəsində olması halları onu hazırkı iş üzrə iddiaçı ilə birgə nikahlarından doğulmuş uşaqlarının saxlanılmasında, getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, 2020-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 170 manat müəyyən edilməsi əsas götürülərək əsas diqqət yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə, onların maddi cəhətdən yüksək təmin olunmasına yönəlməli olduğundan, xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə apelyasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, o, məhkəmə hazırlıq iclasında iştirak etmiş, növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, ödəmənin azldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 2629/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar