Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6649/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1451/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 sentyabr 2020-ci il tarixə 9351,65 manat məbləğində əsas, 994,07 manat məbləğində faiz, 1337,38 manat məbləğində cərimə olmaqla, ümumilikdə 11683,1 manat məbləğində borcun, eləcə də iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1451/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 ərizə ilə müraciət edərək iddiaçı ilə razılıq əldə olunduğundan apellyasiya şikayətindən imtina etdiyini, ərizənin qəbul edilməsini, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi M.Hüseynova ərizənin qəbul edilməsini, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası iddiaçının fikirlərini dinləyib, ərizəni mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1451/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində yazılı formada ondan imtina edə bilər. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1451/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1451/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayətindən imtina qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6649/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6649/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver