Məhkəmə qərarları › İş №2(103)-665/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-665/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-665/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq kollegiya M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)- 77/2020 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 10R000008946 saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh2 oğlundan, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 21945,73 ABŞ dolları əsas, 4985,45 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28931 (iyirmi səkkiz min doqquz yüz otuz bir) ABŞ dolları, 18 (on səkkiz) sent məbləğində ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaitinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsumu, 21 (iyirmi) manat xidmət haqqının tutularaq İddiaçı-nin hesabına köçürülməsi, tələbin Cavabdeh2 oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzilinə yönəldilərək açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait İddiaçı-nin hesabına ödənilməsi, ipoteka predmeti olan, Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzilin ilkin satış qiymətinin 140000 (yüz qırx min) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh2 qaytarılmasın, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh2 oğlundan, Cavabdeh1 və Cavabdeh3 İddiaçı-nin xeyrinə müştərək qaydada tutulması qət edilmişdir. Bakı şəhəri Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək,qətnaməni qismən - “ipoteka predmeti olan mənzilə tutma yönədildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılmasının təmin edilməməsi” hissəsində ləğv edərək, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə ipoteka predmeti olan mənzilin satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılmasının təmin edilməməsi hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib verməyəcəyi məlum olmayan hüquqi faktlar üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz. Məhkəmənin gəldiyi nəticə ilə aşağıda qeyd olunanlara görə razı deyilik. Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Cavabdeh mülkiyyətində olan əmlakı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür.Hesab edirik ki, göstərilən müddəaların tələbləri baxımından cavabdehin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən öz növbəsində Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, əlavə məlikəmə-mühasibatlıq və əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilməklə, müqavilə üzrə əsas və faiz borcların yenidən hesablanması, mənzilin real bazar qiyməti müəyyənləşdirilməklə, iş üzrə əlavə sübutlar əsasında yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsas və faiz borcunu hesablayarkən düzgün nəticəyə gəlməmiş, bu səbəbdən qətnamənin həmin hissəsindən narazılıq var və yuxarı məhkəmə tərəfindən bu məsələnin təkrarən araşdırlması zəruridir.Bundan başqa qətnamə əmlakın ilkin satış qiyməti hissəsində mübahisələndirilməlidir. “İpoteka haqqında” AR Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin maddədə həmçinin qeyd olunur ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin satış qiymətinin müəyyənləşdirilməsi ilə bağlı bir dəfə qiymətləndirmə ekspertizası keçirilmişdir. Belə ki, "xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 140 000 manat müəyyən edilmişdir.Lakin, qiymətləndirmə aparılarkən ekspert tərəfindən düzgün yanaşılmamış, bu hal məhkəmə tərəfindən açıq-aşkar görünməsinə baxmayaraq, əlavə və təkrar ekspertiza təyin edilmədən, ilkin ekspert rəyi sübut kimi qiymətləndirilmişdir.Belə ki, ipoteka predmeti olan mənzilin dəyəri, ekspert rəyində göstərilən qiymətdən qat-qat yüksəkdir. Bu və digər əssları gətirərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini ayrıayrılıqda müzakirə edib, kollegiyanın əvvəlki iclasında iştirak edərək şikayətlərini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayətini qəbul etməyərək rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsi X2 və iddiaçının nümayəndəsi X1 izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ipoteka predmeti olan, Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzilin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 184000(yüz səksən dörd min) manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı-nin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). İşin hallarından görünür ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əməl gəlmə əsaslarından biridir. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 10L000003899 saylı Kredit xətti müqaviləsinin surətindən görünür ki, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit alana 5000 00 ABŞ dolları məbləğində uzun müddətli kredit xəttini açır. Kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay müddətinə xx xxxxxx 2022-ci il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 10R********** saylı Kredit razılaşmasından görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 60000 ABŞ dolları məbləğində krediti 1,75% olmaqla 36 ay müddətinə vermişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 10R000008946S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2012-ci il tarixli 10L000000495 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixdə bağlanmış 10R********** Kredit razılaşması üzrə götürdüyü kreditin qalan hissəsini və hesablanmış faizləri bu razılaşmaya əlavə olunan xx xxxxxx 2012-ci il tarixli Ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 10R000008946SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2012-ci il tarixli 10L000003899 Kredit Razılaşmasının ayrılmaz hissəsi olan xx.xx.2015-ci il tarixli Ödəniş Planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq dəyişdirilir. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 10S000008332 saylı Zaminlik Müqaviləsindən görünür ki, Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı ASC qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan “xxxx” ASC ilə X3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 10S000008290 saylı Zaminlik Müqaviləsindən görünür ki, Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı ASC qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 10M000001013 saylı İpoteka müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 2.1-ci bəndinə görə ipoteka predmeti Bakı şəhəri, Nərimanov rayonu, 1911-cj məhəllə, İsmayıl Hhidayətzadə küçəsində yerləşən 7A nömrəli evin 9-cu mərtəbəsində yerləşən, 131.0 kv.m ümumi, 89,3 kv.m yaşayış sahəsindən, 41,7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 105 nömrəli mənzildir. İş materiallarında olan maliyyə Arayışından görünür ki, Cavabdeh3 xx.xx.2017- ci il tarixli kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixə əsas borcu 22505,05 ABŞ dolları, faiz borcu 5839,01 ABŞ dolları, cərimə borcu 23.022,15 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzil İddiaçı-nin xeyrinə 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir (qeydiyyat tarixi xx.xx.2012, qeydiyyat nömrəsi **********). İş materiallarında olan İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, xx.xx.2017- ci il tarixdə Cavabdeh2 göndərilmişdir. İş materiallarında olan İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında Ərizədən görünür ki, ipoteka predmetinə dair bildiriş xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İşdə olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli LP-045/20 nömrəli Rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzili bazar dəyərinə uyğun qiymətləndirilmiş və mənzilin bazar dəyəri 140000 müəyyn edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli Ekspert rəyindən görünür ki, Cavabdeh3 Cəmaləddin oğlunun xx.xx.2017-ci il tarixinə İddiaçıyə olan borcu əsas borc üzrə 21945,73 ABŞ dolları, faiz borcu üzrə 4985,45 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı həmin maddəyə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh3 Cəmaləddin oğluna vermişdir. Lakin, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc üzrə ödənişləri vaxtı-vaxtında aparmamışdır. Eyni zamanda zaminlər Cavabdeh1 və Cavabdeh2 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Həmin Məcəllənin 427.3 maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, Cavabdeh3 Cəmaləddin kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 məxsus ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzilə tutma yönəldikdə və açıq hərracdan satıldıqdan sonra onun mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi hissəsində iddia tələbi haqlı olaraq təmin edilməmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır; İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun mənzildən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci və 2-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 38.2.2-ci maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzilin xx.xx.2020-ci il tarixə ilkin satış qiymətini “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli LP-045/20 nömrəli qiymətləndirmə rəyində göstərilən qiymətə uyğun 140000 manat göstərmişdir. Apellyator-cavabdeh Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsini ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirdiyindən, işə apellyasiya qaydasında baxılarkən ipoteka predmeti olan, mənzilin hazırkı real bazar və likvid dəyərini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır və rəyin verilməsi “xxxx” MMC-nə həvalə edilmişdir. “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli MB 14/0357 №-li ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzilin likvid dəyərinin 184000 manat müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzilin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, mənzilin ilkin satış qiymətinin 184000 manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh3 Cəmaləddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzilin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, mənzilin ilkin satış qiyməti 184000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar