Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-665/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: sahiblik hüququ, sahibliyə yaradılan maneələrin aradan qaldırılması, müqavilənin etibarlılığı, qətnamənin digər şəxsin maraqlarına toxunması, ekspert rəyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “mənzilə istifadə və sahiblik hüququnun tanınması, sahiblik və istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qiyabi qətnaməsindən maraqlı şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanmış, müqaviləyə görə adı çəkilən MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Ş.M.Xiyabani küçəsində inşa etdiyi yaşayış binasının 2-ci girişinin sonuncu mərtəbəsində yerləşən 85,8 m2 sahəsi olan 2 otaqdan ibarət 233 A saylı mənzilinin İddiaçı təhvil verilməsi və mənzilin ümumi dəyərinin 42 900 manat məbləğində müəyyən olunaraq ödənilməsi razılaşdırılmışdır.
2. Cavabdeh MTK-nın həmin tarixli maliyyə arayışına görə sözügedən mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MTK-ya pretenziya məktubu ünvanlamış, məktubda, xx.xx.2013-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşən binada 233 A saylı mənzili 42 900 manat müqabilində mülkiyyətinə əldə etdiyini, 2013-cü ildən bəri özünün və nümayəndələrinin vaxtaşırı mənzilə baş çəkdiklərini, lakin sonuncu dəfə mənzilə baş çəkərkən mənzilin zibilxanaya çevrildiyini və bütün qonşuların ora zibil tökdüklərini müşahidə etdiyini, bununla bağlı narazılığını bildirdikdə, rəsmi məlumat almaq istəyirsə yazılı sorğu göndərməli olduğunun deyildiyini bildirmiş, mənzilə dair istifadə və sahiblik hüquqlarının tanınmasını, həmin yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarına yaranan maneə və məhdudiyyətlərin aradan qaldırılmasını və mənzilin ona geri təhvil verilməsini xahiş etmişdir.
4. Cavabdeh MTK ilə X3 arasında xx.xx.2009-cu il tarixdə “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK, Bakı şəhəri, Yasamal rayonu, Ş.M.Xiyabani küçəsində inşa etdiyi yaşayış binasının qeyriyaşayış sahəsindən (mansard) 85,8 m2 sahəsi olan 233 M saylı mansardın Qaryağdı Əzizova verilməsi, mansardın ümumi dəyərinin 26 000 manat məbləğində müəyyən olunaraq ödənilməsi razılaşdırılmışdır.
5. Cavabdeh MTK-nın xx.xx.2009-cu il tarixli maliyyə arayışına görə sözügedən mansardın dəyəri Qaryağdı Əzizov tərəfindən tam ödənilmişdir.
6. Cavabdeh MTK-nın kommendantı T. Alışov tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.M.Xiyabani küçəsində inşa olunan yüksəkmərtəbəli yaşayış binasının texniki mərtəbəsində yerləşən, xx.xx.2013-cü il tarixli müqavilə ilə İddiaçı verilmiş 233 A saylı mənzillə, xx.xx.2009-cu il tarixli müqavilə ilə X2 verilmiş 233 M saylı mənzil eyni sahədir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı (iddiaçı) "Yeni Yasamal” MTK-ya (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşən binadakı 233 A saylı mənzilə dair istifadə və sahiblik hüquqlarının tanınması, həmin yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarına yaranan maneə və məhdudiyyətlərin aradan qaldırılması və mənzilin ona geri təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, habelə 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşən cavabdehə aid binada 233 A saylı mənzili 42 900 manat müqabilində mülkiyyətinə əldə etmiş, eyni tarixli maliyyə arayışında mənzilin dəyərini tam ödədiyi göstərilmişdir. Mənzili əldə etdikdən sonra 2013cü ildən bəri özü və nümayəndələri vaxtaşırı mənzilə baş çəkmişlər. Lakin sonuncu dəfə mənzilə baş çəkərkən mənzilin zibilxanaya çevrildiyini və bütün qonşuların ora zibil tökdüklərini müşahidə etmişdir. Bununla bağlı öz narazılığını bildirdikdə, kommendant cavabdehin hüquqşünası Samir müəllimlə danışmalı olduğunu demiş, hüquqşünas telefon vasitəsilə ona bildirmişdir ki, mənzil ona məxsus deyil və rəsmi məlumat almaq istəyirsə yazılı sorğu göndərsin. İllər öncə əldə etdiyi mənzilə dair orijinal sənədləri təqdim etməsinə baxmayaraq, maneə aradan qaldırılmamışdır. Cavabdehə yazılı şəkildə müraciət etmiş, lakin pretenziya məktubuna cavab verilməyərək mənzilə daxil olmasına da imkan verilməmişdir. Hazırda mənzilə daxil ola, istifadə və sahiblik hüquqlarını həyata keçirə bilmir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında həmçinin bildirmişdir ki, mənzilin ümumi sahəsi 85,8 kv.m.-dir, 2 otaqlıdır. MTK-dan ona bildirmişlər ki, mənzil 1 ilə hazır olub təhvil veriləcək, lakin 2014-cü ildən hazırkı dövrədək nə mənzilini qəbul edə bilir, nə də ora daxil ola bilir. Mənzilin yerləşdiyi ünvana gedəndə komendant bildirir ki, mənzil ona deyil, başqa adama məxsusdur. Özü bir neçə dəfə həmin mənzilə getmiş, lakin onu ora buraxmamışlar.
10. Cavabdeh məhkəmə iclasının vaxtı (yeri) barədə məlumatlandırılmış, lakin nümayəndəsini məhkəməyə göndərməmişdir.
11. Mübahisəsi gedən mənzili yerində müayinə edən məhkəmə müəyyən etmişdir ki, mənzil binanın 2-ci blokunun 17-ci mərtəbəsində yerləşir, mansarddır, təmirsizdir, qapısı açıqdır, lakin giriş qapısına qədər tullantılarla dolu olduğundan içərisinə girmək mümkün deyildir.
12. Birinci instansiya məhkəməsi iddiaçının yazılı razılıq ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxmış və 14 mart 2023-cü il tarixli qətnamə ilə iddia tələblərinin təmin olunmasını qət etmişdir.
13. Gəldiyi nəticəni məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386-cı, 427.1-ci, 442ci, 443.1-ci, 445.2.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına istinadla belə əsaslandırmışdır ki, iddiaçının pay haqqını tam verdiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanusuz olmuşdur.
14. Qətnamədən işdə iştirak etməyən, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğunu irəli sürən (maraqlı şəxs) X3 apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini mübahisə predmeti olan mənzilə dair MTK ilə arasında xx.xx.2009-cu il tarixdə müqavilə bağlandığı, mənzilin dəyəri kimi müəyyənləşdirilən 26 000 manatı ödədiyi, mənzili iddiaçıdan daha əvvəl əldə etdiyi arqumentləri ilə əsaslandırmaqla, qətnamənin əsassız və qanununsuz olmasını irəli sürmüşdür.
15. Birinci instansiya məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərardadı ilə X3 qətnamənin hüquq və vəzifələrinə toxunduğu şəxs kimi tanınaraq onun apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinə etiraz
16. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etirazda göstərilmişdir ki, Qaryağdı Əzizovun istinad etdiyi müqavilə köhnə tarixlə yeni bağlanmışdır və bu hal, həmin müqaviləyə vurulan möhürün 2009-cu ildə mövcud olmaması ilə müəyyən olunur. Belə ki, onunla bağlanmış müqavilədəki möhürdə Cavabdeh yazılıb, Qaryağdı Əzizovun müqaviləsindəki möhürdə isə “Yeni” Yasamal yazılıb. Həmin yazılarda qoyulan “dırnaq” işarələri də fərqlidir, onunla bağlanan müqavilədə müvafiq işarə kirill əlifbasına xas olan formada («» kimi), Qaryağdı Əzizovun müqaviləsində isə hazırda istifadə olunan “azlat” şriftinə xas formada (“” kimi) qoyulub. Bu o deməkdir ki, mənzilə onun hüququ əslində daha əvvəl yaranıb və buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
Apellyasiya baxışı, verilən izahatlar
17. Qaryağdı Əzizovun məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, izahatında göstərmişdir ki, mübahisəli mənzilə dair MTK ilə müvəkkili arasında xx.xx.2009-cu il tarixdə müqavilə bağlanmış, lakin mənzil ona təhvil verilməmişdir.
18. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinə etirazının məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, mənzilə dair ilkin olaraq onunla müqavilə bağlandığını, mənzilin sonradan başqa şəxsə satılmasının qanunsuz olduğunu bildirmişdir.
19. İşə baxılmasının vaxtı (yeri) barədə dəfələrlə məlumatlandırılmış Cavabdeh MTK nümayəndəsini məhkəməyə göndərməmiş, lakin həmin MTK-nın hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən sədri Cahangir Alışov məhkəməyə ünvanladığı məktubda (həmin məktub cəzaçəkmə müəssisəsinin müşaiyət məktubu ilə yox, poçt vasitəsilə daxil olmuşdur), mənzilin Qaryağdı Əzizova satıldığını, İddiaçılə müqavilənin başqa bir şəxsin verdiyi tikinti materiallarının dəyərinin ödənilməsi üçün girov məqsədilə bağlandığını bildirmişdir.
20. Apellyasiya baxışı zamanı iddiaçının irəli sürdüyü arqumentin, yəni maraqlı şəxsin istinad etdiyi müqavilənin yeni bağlandığı, lakin tarixinin keçmiş tarix kimi göstərildiyi arqumentinin yoxlanılması üçün Dövlət Vergi Xidmətinə sorğu verilmiş, Cavabdeh MTK-nın möhür dəyişdirilməsi ilə bağlı müraciət edib-etməməsi, habelə hesablaşma hesabının hansı bank(lar)da olması barədə məlumat verilməsi, həmçinin 2009-2013-cü illərdə istifadə etdiyi möhür eskizlərinin əks olunduğu müxtəlif nümunələrin (müqavilələr, maliyyə arayışları, aktlar və s.) məhkəməyə göndərilməsi xahiş olunmuşdur.
21. Dövlət Vergi Xidmətindən ünvanlanan cavab məktubuna Cavabdeh MTK-nın 2009-2013-cü illərdə mövcud möhürünü əks etdirən sənəd surətləri əlavə olunmuş, həmçinin bildirilmişdir ki, hüquqi şəxsin qeydiyyat qovluğunda MTK-nın möhürünün dəyişdirilməsi barədə məlumat müəyyən olunmamışdır.
22. Sözügedən sənəd surətləri işin digər materialları ilə müqayisəli təhlil edilərkən müəyyən olunmuşdur ki, Qaryağdı Əzizovun istinad etdiyi müqaviləyə və maliyyə arayışına vurulmuş möhür eskizi ilə MTK-ya aid 2007-ci və 2011-ci il tarixli sənədlərə vurulmuş möhür eskizi biri-birindən fərqlənir.
23. Eyni zamanda, MTK-nın hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sədri X4 Əzizovun istinad etdiyi müqavilədə və maliyyə arayışında olan, habelə onun cəzaçəkmə müəssisəsindən məhkəməyə göndərdiyi məktubdakı imzasının həqiqiliyinə də şübhə yaranmışdır.
24. Bu səbəblə məhkəmə kollegiyası iş üzrə kompleks məhkəmə xətşünaslıq və sənədlərin məhkəmə-texniki eskpertizaları təyin etmiş, ekspertlər qarşısında aşağıdakı sualları, habelə məsələlərin həllini qoymuşdur:
- Cavabdeh MTK ilə X3 arasında xx.xx.2009-cu il tarixdə bağlandığı irəli sürülən “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədəki və həmin müqavilə üzrə verilmiş maliyyə arayışındakı, eləcə də cəzaçəkmə müəssisəsindən məhkəməyə göndərilən məktubdakı “C.H.Alışov” sözlərinin qarşısında olan imzalar Cahangir Alışov tərəfindən tərəfindən icra edilmişdirmi?.
- Cavabdeh MTK ilə X3 arasında xx.xx.2009-cu il tarixdə bağlandığı irəli sürülən “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədəki və həmin müqavilə üzrə verilmiş maliyyə arayışındakı, eləcə də cəzaçəkmə müəssisəsindən məhkəməyə göndərilən məktubdakı “C.H.Alışov” sözlərinin qarşısında olan imzalar eyni şəxs tərəfindən icra edilmişdirmi?.
- Cavabdeh MTK ilə X3 arasında xx.xx.2009-cu il tarixdə bağlandığı irəli sürülən “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədəki və həmin müqavilə üzrə verilmiş maliyyə arayışındakı, eləcə də cəzaçəkmə müəssisəsindən məhkəməyə göndərilən məktubdakı “C.H.Alışov” sözlərinin qarşısında olan imzalarda qəsdən dəyişdirilməklə icra olunma əlamətləri vardırmı?
- Cavabdeh MTK ilə X3 arasında xx.xx.2009-cu il tarixdə bağlandığı irəli sürülən “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədəki və həmin müqavilə üzrə verilmiş maliyyə arayışındakı, eləcə də cəzaçəkmə müəssisəsindən məhkəməyə göndərilən məktubdakı “C.H.Alışov” sözlərinin qarşısında olan imzalar imza sahibinin həqiqi imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdurmu?
- Cavabdeh MTK ilə X3 arasında xx.xx.2009-cu il tarixdə bağlandığı irəli sürülən “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədəki və həmin müqavilə üzrə verilmiş maliyyə arayışındakı möhür hansı üsulla (basma, skaner və ya kserokopiya) vurulmuşdur?.
- Cavabdeh MTK ilə X3 arasında xx.xx.2009-cu il tarixdə bağlandığı irəli sürülən “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədəki və həmin müqavilə üzrə verilmiş maliyyə arayışındakı möhürlə, Dövlət Vergi Xidmətindən ünvanlanan cavab məktubuna əlavə edilmiş sənəd surətlərində əks olunmuş möhür identikdirmi?. Əgər identik deyildirsə, həmin möhür eskizləri arasında hansı fərqlər vardır?
25. Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, “ekspertizaya təqdim edilmiş Cavabdeh MTK ilə X3 arasında xx.xx.2009cu il tarixdə bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədəki və həmin müqavilə üzrə verilmiş maliyyə arayışındakı, eləcə də cəzaçəkmə müəssisəsindən məhkəməyə göndərilən məktubdakı “C.H.Alışov” sözlərinin qarşısında olan imzalar Cahangir Alışov tərəfindən icra edilmişdir. Cavabdeh MTK ilə X3 arasında xx.xx.2009-cu il tarixdə bağlanmiş “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədəki və həmin müqavilə üzrə verilmiş maliyyə arayışındakı möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdur”.
26. Cavabdeh MTK ilə X3 arasında xx.xx.2009-cu il tarixdə bağlandığı irəli sürülən “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədəki və həmin müqavilə üzrə verilmiş maliyyə arayışındakı möhürlə, Dövlət Vergi Xidmətindən ünvanlanan cavab məktubuna əlavə edilmiş sənəd surətlərində əks olunmuş möhür identikdirmi?. Əgər identik deyildirsə, həmin möhür eskizləri arasında hansı fərqlər vardır?” sualına ekspert tərəfindən cavab verilməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
27. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Maddə 29.1. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
29. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
36. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.
37. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
38. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
39. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
40. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
41. 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).
42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
44. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
45. Maddə 435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır.
46. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
47. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
48. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
49. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
50. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli Qərarı
51. ...Pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır... Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı
52. “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
59. Maddə 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar.
60. Maddə 97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur.
61. Maddə 97.4-1. İşdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
62. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
63. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
64. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
65. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
66. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
67. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
68. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə.
Apellyasiya baxışının həddi
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. ...Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
70. İşin hallarından (§ 1-6) aydın olur ki, Cavabdeh MTK ilə ayrı-ayrılıqda həm iddiaçı, həm də maraqlı şəxs Qaryağdı Əzizov arasında eyni mənzilə dair eyni məzmunlu müqavilələr imzalanmış və onların hər ikisinin mənzilin dəyərini tam ödədiklərinə dair müvafiq arayışlar verilmişdir.
71. MTK ilə Qaryağdı Əzizov arasında bağlandığı bildirilən müqavilə tarix etibarilə daha əvvəl tərtib edilmiş, lakin mənzil hazırkı dövrədək heç kəsə təhvil verilməmiş, iddiaçı mənzilə dair daha əvvəl iddia irəli sürmüşdür.
72. Qeyd olunmalıdır ki, həm iddiaçı, həm də Qaryağdı Əzizovla bağlanmış müqavilələr podrat müqaviləsi kimi qiymətləndirilməlidir.
73. Mülki hüquq münasibətlərində fərdi müəyyən əşya ilə bağlı bir neçə razılaşmanın olması istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil.
74. Bununla yanaşı, apellyasiya baxışı zamanı Qaryağdı Əzizovun istinad etdiyi müqavilənin sonradan köhnə tarixlə tərtib olunduğuna dair əsaslı şübhələr yaranmış, həm həmin şübhələr, həm də mənzilə dair iddianın ilk olaraq məhz iddiaçı tərəfindən irəli sürülməsi, məhkəmə kollegiyasında MTK-nın mənzillə bağlı öhdəliyinin daha əvvəl məhz iddiaçının xeyrinə əmələ gəldiyi qənaətini formalaşdırmışdır.
75. Belə ki, Dövlət Vergi Xidmətinin verdiyi məlumata əsasən 2009-2013-cü illərdə MTK-nın möhür eskizi Cavabdeh şəklində olmuş, iddiaçı ilə bağlanmış müqaviləyə (o cümlədən maliyyə arayışına) məhz həmin eskizli möhür vurulmuş, Qaryağdı Əzizovun müqaviləsinə (o cümlədən maliyyə arayışına) isə “Yeni” Yasamal” eskizli möhür vurulmuşdur.
76. 2009-cu ildə ölkədə işlədilən yazı üslubunda “dırnaq” işarəsinin kirill əlifbasına xas olan formada («» kimi) yazıldığını, Qaryağdı Əzizovun müqaviləsində isə həmin işarənin hazırda istifadə olunan “azlat” şriftinə xas formada (“” kimi) qoyuduğunu və möhür eskizinin 2009-2013-cü illərdə mövcud olmayan eskiz olduğunu, habelə 2009cu ildən 2023-cü ilin iyul ayına qədər Qaryağdı Əzizovun mənzillə bağlı ümumiyyətlə heç bir tələb irəli sürmədiyini nəzərə alan kollegiya hesab edir ki, onun müqaviləsinin köhnə tarixlə tərtib olunduğu arqumenti inandırıcıdır və bu ehtimal, mənzilə dair daha əvvəl tələb irəli sürən iddiaçının xeyrinə şərh olunmalıdır.
77. Başqa sözlə kollegiyanın qənaətinə görə, MTK-nın mənzillə bağlı öhdəliyi daha əvvəl iddiaçının xeyrinə əmələ gəlmişdir, beləliklə də üstünlük məhz ona aiddir.
78. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Qaryağdı Əzizovun apellyasiya şikayəti əsaslı hesab oluna bilməz.
79. Kollegiya onu da qeyd edir ki, hazırkı apellyasiya icraatı qətnamənin hüquq və vəzifələrinə toxunduğunu iddia edən şəxsin şikayəti əsasında başlanmış olsa da, birinci instansiya məhkəməsinin qətnaməsi onun hüquqlarının pozulması ilə nəticələnmədiyindən Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinin tətbiqinə zərurət mövcud deyildir; çünkü həmin prosessual hüquq normasına görə, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
80. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
81. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-841/2023 saylı iş üzrə 14 mart 2023-cü il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. X1 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov