Məhkəmə qərarları › İş №2(103)-6653/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6653/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6653/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(001)-2641/2023 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X5 qarşı (3-cü şəxs qismində Şahin Telekom MMC cəlb edilməklə) ipoteka predmetinə tutmanın yönəldilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(001)-2641/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh X7 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, apellyasiya şikayəti üçün 242,5 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “X8” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə görə iddia qiyməti 100.000 manatdan 1000.000 manatadək olduqda dövlət rüsumu 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi təşkil edir. Həmin Qanununun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 485 manat dövlət rüsumu ödənilmişdir ki, həmin məbləğin 50 faizi 242,5 manat təşkil edir. Cavabdeh tərəfindən isə dövlət rüsumunun ödənilməsinin sübutu kimi apellyasiya şikayətinə 2 ədəd mədaxil qəbzi əlavə edilmişdir. ********** nömərli birinci qəbzə əsasən xx.xx.2023-cü il tarixdə Nümayəndə2 tərəfindən 47,50 manat rüsum ödənildiyi müəyyən edildiyi halda, ********** nömrəli ikinci qəbzə əsasən xx.xx.2023cü il tarixdə X2 tərəfindən 202,50 manat dövlət rüsumunun ödənildiyi müəyyən olunur. Lakin ikinci ********** nömrəli qəbzdən göründüyü kimi 202,50 manat məbləğində dövlət rüsumu qətnamənin çıxarıldığı xx.xx.2023-cü il tarixdən 4 ay əvvəl-xx.xx.2023-cü il tarixdə ödənilmiş, həmçinin rüsumu ödəyən şəxs kimi X2 göstərilmişdir. Kollegiya hesab edir ki, qeyd olunan qəbzin hazırki işə aiddiyyatı müəyyən edilmir. Buna görə də kollegiya hesab edir ki, ikinci ********** nömrəli mədaxil qəbzi üzrə ödənilən dövlət rüsumunun hazırkı işə aidiyyəti müəyyən edilmədiyindən, dövlət rüsumu 47,50 manat həcmində ödənildiyindən, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(001)-2641/2023 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(001)-2641/2023 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, hüquqdan sui-istifadə hallarına yol verilmədən, ağlabatan müddətdə yenidən apellyasiya şikayəti ilə müraciət oluna bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar