Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6654/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: (kredit müqaviləsi üzrə borc tələbi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı LPO "xxxx" KB QSC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(005)-1652/2023 saylı qətnaməsindən iddiaçı LPO "xxxx" KB QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1."xxxx" KB QSC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 1xx/xx/119615/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 529 manat məbləğində kredit verilmişdir. 2.Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyin şərtlərini pozduğu üçün, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı LPO "xxxx" KB QSC Cavabdeh pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/119615/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 252,53 manat məbləğində əsas borc, 186,26 manat məbləğində faiz borcu, 272,05 manat məbləğində cərimə borcu, 95,72 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 806,56 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun LPO "xxxx" KB QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" KB QSC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 1xx/xx/119615/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 529 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 252,53 manat məbləğində əsas borc, 186,26 manat məbləğində faiz borcu, 272,05 manat məbləğində cərimə borcu, 95,72 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 806,56 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilməmişdir. 5.Cavabdeh dəftərxana vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iddia tələbinə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 22 iyun 2023-cü il tarixli, 2(005)-1652/2023 saylı qətnaməsiilə (sədrlik edən-Ramin Quliyev) iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 7.xx.xx.2014-cü il tarixli, 1xx/xx/119615/14 kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB QSC tərəfindən Cavabdeh 24 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək 529 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faiz ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. 8.xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2014-cü il tarixli 1xx/xx/119615/14 saylı kredit müqaviləsinə əsasən LPO "xxxx" KB QSC-yə xx.xx.2023-cü il tarixə 252,53 manat məbləğində əsas borc, 186,26 manat məbləğində faiz borcu, 272,05 manat məbləğində cərimə borcu, 95,72 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 806,56 manat məbləğində borcu yaranmışdır. 9.Bank tərəfindən Cavabdeh göndərilmiş bildirişdən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və 3 gün müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. 10.Məhkəmə müəyyən etmişdir ki, iddiaçı LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 25% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 529 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuş, bununla da, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. 11.Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, bank tərəfindən öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixə kimi müəyyən edilmişdir. İddiaçı LPO "xxxx" KBQSC xx.xx.2014-cü il tarixli 1xx/xx/119615/14 saylı müqavilə üzrə məhkəməyə öhdəliyin icrası müddətindən 3 (üç) ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmiş, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. 12.Məhkəmə hesab etmişdir ki, iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 (üç) illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. 13.Beləliklə məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. 14.Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rusumu iddiaçıya aid edilməlidir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.1, 375.2, 373.2, 377.2, 378;“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4, 217.3, 217.4, 216-220, 227 və 233-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən iddiaçı LPO "xxxx" KB QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(005)-1652/2023 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən 07 iyul 2014-cü il tarixli 1xx/xx/119615/14 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də 07 iyul 2014-cü il tarixli 1xx/xx/119615/14 saylı kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Həmçinin 07 iyul 2014-cü il tarixli 1xx/xx/119615/14 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanaraq, 07 iyul 2016-cı il tarixi kreditin ödənilməli olduğu son tarixdir. Məhkəmə iş materiallarında həmin hissəyə istinad edərək iddia müddətinin 3 il olmasını göstərərək, iddia müddətinin tətbiq olunmasını qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1ci maddəsində isə qeyd edilmişdir ki, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Lakin cavabdeh ilə bağlanılan 07 iyul 2014-cü il tarixli 1xx/xx/119615/14 saylı kredit müqaviləsinin 10.1-ci bəndində qeyd edilmişdir ki, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasından sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yətirməsinə qədər qüvvədədir. Yəni, qanunvericiliyin bu tələbindən aydın olur ki, tərəflər arasında bağlanmış müqavilədə iddia müddətləri və onların hesablanması qaydası ilə bağlı başqa hal nəzərdə tutulmadığı təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddəsi tətbiq edilir. Hətta bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında da qeyd edilmişdir. Belə ki, qeyd edilən qərarın nəticə hissəsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır” cümləsi qeyd edilmişdir. Bu qərardan da aydın görünür ki, Konstitusiya Məhkəməsi tərəflərin qanunvericiliklə onlara tanınmış müqavilə azadlıqlarına böyük əhəmiyyət verir. Hazırki iş üzrə məhkəmə, tərəfin öz sərbəst iradəsi ilə bağlanmış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması da qanuni deyildir. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Belə olan halda artıq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsinin tələbləri hazırki mübahisəyə tətbiq edilərək, məhkəmənin qətnaməsi ləğv olunmalıdır. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2019cu il tarixli 2(005)-3374/2019 nömrəli qərardadı ilə cavabdehin kredit borcunun Azərbaycan Respublikasının Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar baxılmamış saxlamışdır. Belə ki, Mülki Prosessual Məcəlləsində iddia ərizəsinin baxılmamış saxlama əsasları qeyd edilmişdir. xx.xx.2019cu il tarixli 2(005)-3374/2019 saylı qərardadının baxılmamış saxlanma səbəbi 13 əsasın heç birinə aid deyil. Məhkəmə iddia ərizəsini baxılamamış saxlamamalı, iş üzrə qətnamə çıxarmalı idi. Məlumdur ki, İcra mərhələsində olan işlər də fərmanın təsir dairəsi aid edilirdi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO "xxxx" KB QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 20.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 22.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 24.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 25.Maddə 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 26.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 27.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 28.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 29.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 30.Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 31.Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 32.Maddə 373.2.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 33.Maddə 377.1.İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 34.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 36.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 38.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib apellyasiya şikayətinin dəlillərinin və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(005)-1652/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 40.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 25% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 529 manat məbləğində kredit verilmişdir.Cavabdeh müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuş, bununla da, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bank tərəfindən öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixə kimi müəyyən edilmişdir. İddiaçı LPO "xxxx" KBQSC xx.xx.2014-cü il tarixli 1xx/xx/119615/14 saylı müqavilə üzrə məhkəməyə öhdəliyin icrası müddətindən 3 (üç) ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmiş, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. 41.Məhkəmə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə ərizə verildiyindən iddia tələbini təmin etməmişdir. 42.Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edir. 43.Belə ki, mübahisələndirilən xx.xx.2014-cü il tarixli 1xx/xx/119615/14 saylı kredit müqaviləsində öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixə kimi müəyyən edilmiş lakin iddiaçı tərəfindən hazırkı tələblə 6 il sonra, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Bununla da iddiaçı qanunvericiliklə müqavilələrdən əmələ gələn öhdəliklər üçün müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. 44.“E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. 45.Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 46.Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 47.Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. 48.Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. 49.Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 50.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyatorun mübahisələndirilən kredit müqailəsində müqavilənin tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasından sonra qüvvəyə minməsi və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədə olması barədə dəlillini əsassız hesab edərək qeyd edir ki, qanunvericilik iddia müddətini müqavilənin qüvvədə olma müddəti ilə deyil, müqavilə üzrə yerinə yetirilməli olan öhdəliklərin icra müddəti ilə əlaqələndirmişdir. 51.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında da qeyd edilmişdir ki, Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. 52.Buna görə də kollegiya apellyatorun kredit müqaviləsində “müqavilənin tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədə olması” qeydinə istinad edərək iddia müddətinin ötürülməməsi barədə dəlillərini əsassız hesab edərək məhkəmənin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 53.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən kredit müqaviləsi üzrə cavabdehin öz öhdəilklərini lazimi qaydada icra etməməsi nəticəsində yaranmış borcun cavabdehdən tutulmasını tələb etməyə subyektiv hüququ olsa da, iddia tələbi üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürdüyündən və mübahisə üzrə qarşı tərəf olan cavabdeh iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə ərizə verdiyindən iddia tələbi təmin edilə bilməz. 54.Kollegiya apellyatorun iddanın məhkəmə tərəfindən baxılmamış saxlanılması və buna görə iddia müddətinin ötürülməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 55.Beləliklə, məkəmə kollegiyası qeyd olunan xüsusatları ümumləşdirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi təmin edilməməlidir. 56.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsininləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 57.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 58.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 59.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənindəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 60.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı LPO "xxxx" KB QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(005)-1652/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6654/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6654/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver