Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6655/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)-395/2020 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə xx xxxxxx 2019-cu il tarixinə hesablanmış 1530,85 manat kredit borcu, 543,07 manat faiz borcu və 763,58 manat cərimə olmaqla, cəmi 2837,5 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx xxxxxx 2018-ci il tarixdə bağladığı kredit müqaviləsi əsasında aylıq 2,4167 faiz dərəcəsi ilə 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, nəticədə xx xxxxxx 2019-cu il tarixinə onun banka 1530,85 manat əsas kredit borcu, 543,07 manat faiz borcu və 763,58 manat cərimə olmaqla, cəmi 2837,5 manat borcu yaranmışdır. Cavabdehlərə yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar öhdəliklərini yerinə yetirməmişlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)-395/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 1554,37 manat əsas kredit borcu, 518,89 manat faiz borcu, 100 manat cərimə, cəmi 2173, 26 manat məbləğində borcun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, 145 manat məbləğində ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, əlavə hesablanmış əsas və faiz borclarının silinməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə iddia qaldırılanadək ümumilikdə 1312 manat kredit borcundan ödəniş edilmiş, lakin bank həmin məbləğləri gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcuna silmişdir. Buna görə də hesab edirlər ki, təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin olunmaqla yeni qətnamə çıxarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onlarıniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)-395/2020 saylı qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 002A********** saylı kredit müqaviləsinə əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq 2,4167 faiz ödəmək şərti ilə 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Həmin tarixli 002G**********01 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyin icrasına zamin durmuşdur. xx xxxxxx 2019-cu il tarixinə Cavabdeh1 banka 1530,85 manat əsas kredit borcu, 543,07 manat faiz borcu və 763,58 manat cərimə olmaqla, cəmi 2837,5 manat borcu yaranmışdır. İddiaçı QSC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxx 2020-ci il tarixli 4405 saylı rəyinə əsasən, xx xxxxxx 2018-ci il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixə borcu 1554,37 manat əsas borc, 518,89 manat faiz borcu olmaqla cəmi borcu 2073,26 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin hərəkətlərini öhdəliklərin pozulması kimi qiymətləndirməklə düzgün nəticəyə gəlsə də, əsas borcun məbləğini 1554 manat 37 qəpik məbləğində müəyyən etməklə iddia tələbinin həcmindən kənara çıxmışdır. Belə ki, iddiaçı bank cavabdehlərdən xx xxxxxx 2019-cu il tarixinə hesablanmış 1530,85 manat əsas kredit borcu və 543,07 manat faiz borcunun tutulmasını tələb etmiş, ekspert tərəfindən həmin tarixə əsas borcun məbləği 1554,37 manat, faiz borcunun məbləği isə 518,89 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun məbləği hissəsində dəyişdirilərək 1530,85 manat məbləğində müəyyən edilməli, faiz və cərimə borcu düzgün müəyyən olunduğuna görə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyi kifayət qədər əsaslandırıldığına görə təkrar ekspertiza keçirilməsi barədə apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)-395/2020 saylı qətnaməsi əsas borcun məbləği hissəsində dəyişdirilərək 1530,85 manat məbləğində müəyyən edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1530,85 manat əsas borc, 518,89 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2149,74 manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxx” QSC-yə ödənilsin. Apelyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 15 manat pul cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6655/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6655/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver