Məhkəmə qərarları › İş №2(103)-6655/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6655/2021

13.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6655/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(011)-3342/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2019-cü il tarixli, 2(011)-4573/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq birgə nikahlarından doğulmuş 05 oktyabr 2008-ci il təvəllüdlü X3 və 21 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2019-cü il tarixli qətnaməsi ilə birgə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat miqdarında aliment tutulması qət edilmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı təyin olunan vaxtla müqayisədə hal-hazırda ölkədə uşaqlar üçün yaşayış minimumu artaraq 175 manat təşkil edir. Habelə uşaqların məktəbə getməsi, onlar üçün məktəb geyimi, ləvazimatı alınması, əlavə təhsil almaları, həmçinin müalicələr üçün əlavə xərclər tələb olunur. Hazırkı dövrdə özünün qazancı cavabdehin ödədiyi alimentlə birlikdə bütün bu xərcləri ödəməyə imkan vermədiyindən alimentin miqdarının artırılmasına ehtiyac vardır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 2019-cu ildə məhkəmə qətnaməsi ilə uşaqlar üçün alimentin miqdarının müəyyən edildiyi vaxtdan ötən dövrdə onun ailə və maddi vəziyyətində müsbətə doğru heç bir dəyişiklik baş verməmişdir. O, İddiaçı boşandıqdan sonra X1 ilə ailə həyatı qurmuş və bu nikahdan 2015-ci il təvəllüdlü İsmayıl, 2018-ci il təvəllüdlü Rəsul adlı uşaqları vardır. Hesab edir ki, uşaqları saxlamaq hər iki valideynin borcudur və alimentin miqdarının artırılması onun digər nikahdan olan uşaqlarının maddi vəziyyətinin pisləşməsinə səbəb ola bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(011)-3342/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin faktiki hallarının tam araşdırılmaması ilə əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına heç bir üzrlü səbəb olmadan gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(011)-3342/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 iyul 2019-cu il tarixli 2(103)-9316/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2019-cü il tarixli, 2(011)-4573/2019 saylı qətnaməsi qismən ləğv edilmiş, Masallı Rayon Məhkəməsinin 07 may 2013-cü il tarixli, 2(050)-907/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmış, 05 oktyabr 2008-ci il təvəllüdlü X3 və 21 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi və hər uşaq üçün hər ay 25 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Masallı rayonlararası Mühafizə Bölməsinin 06.04.2021-ci il tarixli 270/97 saylı arayışından görünür ki, Cavabdeh aylıq əmək haqqı hal-hazırda 593 manat təşkil edir. Masallı rayon İcra və Probasiya Şöbəsinin 04.06.2020-ci il tarixli, 40549/2020-62-1 saylı məktubu vasitəsilə daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 11.07.2019-cu il tarixli, 2(103)-9316/2019 saylı icra vərəqəsinə əsasən onun aylıq əmək haqqının 1/3 hissəsi (197,67 manat) və əlavə hər uşağa görə 25 manat (cəmi 50 manat) tutularaq iddiaçıya ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin də maddi və ailə vəziyyətini əsas götürərək iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı cavabdehin ailə və maddi vəziyyətində dəyişiklik baş verməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı halda iddianın qiyməti iki min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(011)-3342/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar