Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6656/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndələri X2 və Vəkil1 (vəkil) iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 30 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, giriş 2, məhəllə 3004, 56D saylı evin 98 saylı mənzili iddiaçının, həmin evin 102 saylı mənzili isə cavabdehin mülkiyyətindədir.
2. xx.xx.2021-ci il tarixli akta əsasən 29 sentyabr 2021-ci il tarixdə həmin binanın 102 saylı mənzilindən iddiaçının mənzilinə su axıntısı baş vermişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər su axıntısı baş vermiş və bununla bağlı mənzilə baxış keçirilmiş, yenidən su axıntısı ilə bağlı ziyanın dəydiyi müəyyən edilmişdir.
3. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi ilə mınzilə dəymiş maddi ziyanın ümumi məbləği 5700 manat təşkil edir.
4. İş üzrə iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
5. xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə su sızma nəticəsində iddiaçının mənzilində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4219 manat müəyyən edilmişdir.
6. xx.xx.2022-ci il tarixli təkrar ekspert rəyi ilə iddiaçının mənzilinə baxış keçirilməsi mümkün olmadığından su sızmanın texniki səbəbini və mənzilə dəymiş ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilinə dəymiş zərərə görə cavabdehdən 5700 manat, dövlət rüsumuna görə 80 manat, etibarnamə üçün ödənilmiş 11 manat olmaqla, cəmi 5791 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, giriş 2, məhəllə 3004, ev 56D, mənzil 98-də ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə, saat 18:30 radələrində işdən evə qayıdıb evə daxil olarkən mənzilə su axdığının şahidi olub. Su mənzilin üst mərtəbəsində yerləşən mənzildən axıb. Bununla bağlı mənzilin mülkiyyətçisi Cavabdeh məlumat verərək su axıntısı olduğunu bildirilmiş və suyun axmasının qarşısını almaları tələb edilmişdir. Ancaq cavabdeh su axıntısının onlarla əlaqəsinin olmadığını bildirmiş, bundan sonra binanın komendantına məlumat vermişdir. 30 oktyabr 2021-ci il tarixdə su axıntısı bütün gün davam etmiş, X6 binada yaşayan sakinlərlə əlaqə saxladıqdan sonra su axması ehtimalı olan iki mənzilə baxış keçirilməsinin vacibliyini bildirdi və bununla bağlı həmin mənzilin sakinlərinə müraciət etdi. Digər qonşunun mənzilinə baxış keçirildi və orada hər hansı bir problemin olmadığı aşkarlandı. Ancaq iddiaçı cavabdehin mənzilinə baxış keçirmək istəyərkən cavabdeh mənzilə daxil olunmasına qarşı gəldi və yalnız özünün ustası vasitəsi ilə mənzilə baxış keçirilə biləcəyini bildirdi. Usta tərəfindən mənzilə baxış keçirildi və o, mənzilə suyun kanalzasiyadan axmasının qeyri-mümkün olduğunu söylədi. Usta yenidən cavabdehin mənzilinə baxmaq istəsə də, cavabdeh öz ustası gəlməyənə qədər mənzilə heç kimi buraxmayacağını bildirdi. Binanın sahibi sahə müvəkkilini çağıraraq mənzilə daxil oldular. Fərid usta iddiaçının təkidi ilə mənzilin mətbəxindəki hava aspiratorunu sökərək şaxtaya baxış keçirdi və suyun kanalizasiyadan axması iddiasının əsassız olduğu ortaya çıxdı. Usta Fərid yenidən Cavabdeh mənzilinə baxış keçirmək istəsə də, cavabdeh buna yenidən etiraz etdi və mənzilə baxış keçirmək mümkün olmadı. Artıq 3 gün su axması davam etdiyi üçün digər mənzillərə su verilsə də, cavabdehin mənzilinə su verilməsi dayandırıldı. Həmin müddət ərzində iddiaçının mənzilinə su axmadı. Daha sonra, cavabdeh mənzilinə usta çağırdı və bundan sonra iddiaçının mənzilinə su axması baş vermədi. İddiaçının mənzilinə su cavabdehin mənzilindən axıb və bununla bağlı ona dəymiş zərər ödənilməlidir. Göstərilənlərə əsasən su axması səbəbi ilə iddiaçının evinə dəymiş zərərə görə Cavabdeh 5700 manat maddi zərər, dövlət rüsumu olan 80 manat, etibarnamə üçün ödənilmiş 11 manat, cəmi 5791 manat məbləğ pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov, iş № 2(006)-527/22) iddia rədd edilmişdir.
10. Məhkəmə iddiaçının mənzilinə məhz cavabdehə məxsus mənzildən su axıdılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi əsası ilə iddianın rədd edilməsi barədə qənaətə gəlmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1097.1-ci, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mənzilə su sızmasından 7 ay sonra mövcud olan ekspertiza rəyinə istinad edib qətnamə qəbul etmişdir. Bu özlüyündə qəbul edilməzdir. Çünki hadisənin üzərindən 7 ay keçmişdir və mənzilimizə su sızması qeydə alınan mənzildə nəmliyin olmamasını irəli sürmək və bu əsasda iddianı rədd etmək əsassızdır. İş üzrə iki dəfə ekspertiza keçirilmişdir. İlk ekspertiza rəyi verilməsi üçün mənzilllərə baxış keçirilən zaman cavabdehin xəbəri olsa da mənzilə baxış keçirilməsi üçün şərait yaradılmamışdır. Məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmiş və bu zaman mənzilə baxış keçirilməsi xx.xx.2022-ci il saat 16:00a təyin edilmişdir. Onun mənzilinə baxış keçirilmədən ekspert tərəfindən artıq 13 may 2022-ci il tarixdə ekspertiza rəyi tətib edilmişdir. Təkrar ekspertiza rəyində mənzilə baxış keçirilmədiyi üçün su sızmasının əsl səbəbinin müəyyən edilmədiyi bildirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
16. Cavabdeh əvvəlki (xx.xx.2022-ci il tarixli) məhkəmə iclasında izahat verərkən apellyasiya şikayəti qəbul etməmiş və rədd olunmasını xahiş etmişdir.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
26. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
27. İşin faktiki hallarından görünür ki, tərəflər Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, giriş 2, məhəllə 3004, 56D saylı evdə yaşamaqla qonşudurlar. İddiaçı 98 saylı mənzilin, cavabdeh isə 102 saylı mənzilin sahibidir.
28. İddiaçı yaşadığı mənzilə cavabdehin yaşadığı 102 saylı mənzildən su sızması nəticəsində mənzilinə ziyan dəydiyini bildirərək hazırkı iddianı qaldırmışdır.
29. İddiaçının tələbi vurulmuş maddi ziyana görə cavabdehdən 5700 manat pulun tutulması barədədir.
30. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1097.1-ci və s. maddələri ilə əsaslandıraraq və ekspert rəyini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçıya məxsus mənzilə cavabdehə məxsus mənzildən su sızmasını təsdiq edən sübutlar təqdim olunmadığından iddia rədd olunmalıdır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
32. Cavabdehin yeganə dəlili ondan ibarətdit ki, hadisənin baş verməsində onun təqsiri yoxdur.
33. Halbuki, iddiaçıya məxsus mənzilə suyun cavabdehə məxsus mənzildən sızması ilkin olaraq hadisənin baş verməsindən bir neçə gün sonra tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktla təsdiqlənmişdir. Həmin aktda göstərilir ki, 29 sentyabr 2021-ci il tarixdə 102 saylı mənzildən iddiaçının mənzilinə su axıntısı baş vermişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər su axıntısı baş vermiş və bununla bağlı mənzilə baxış keçirilmiş, yenidən su axıntısı ilə bağlı ziyanın dəydiyi müəyyən edilmişdir.
34. Apellyasiya baxışı zamanı həmin aktı imzalamış şəxslərdən mübahisəli mənzilin yerləşdiyi binada komendant və mühafizəçi işləmiş X4 və X1 şahid kimi dindirilmişdir. Onlar ifadələrində iddiaçının yaşadığı 98-ci mənzilə suyun məhz cavabdehin yaşadığı 102-ci mənzildən axmasını təsdiq etdilər.
35. İlkin ekspertiza keçirilərkən cavabdeh iştirak etmədiyindən 102 saylı mənzilə baxış keçirilməsi mümkün olmamışdır. Təkrar ekspertiza isə hadisənin baş verməsindən 6 aydan artıq müddət keçdikdən sonra keçirilmişdir ki, həmin vaxtadək də su sızmasının qarşısı çoxdan alınmışdır. Suyun sızma səbəbinin ekspert tərəfindən vaxtında müəyyən edilməməsi məhz cavabdehin mənzilinin qapısı bağlı olduğuna görə mümkün olmamışdır.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin tələbinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixli aktla iddiaçının mənzilinə suyun məhz cavabdehə məxsus mənzildən axdığı müəyyən edildiyi üçün bu halın ondan asılı olmayan səbəblərdən yarandığını sübut etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
38. Ziyanın məbləğinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ilkin ekspert rəyi kifayət qədər əsaslandırılmış, iddiaçıya məxsus mənzilin fotoşəkilləri rəyə əlavə edilmişdir. Rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən iş üzrə yeni (təkrar və ya əlavə) ekspertizanın təyin olunmasına zərurət görməmişdir.
39. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmədiyindən qətnamə ləğv edilməli və iddia ilkin ekspert rəyinə uyğun şəkildə qismən təmin olunmalıdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya qaydasında mübahisələndirilə bilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 4219 (dörd min iki yüz on doqquz) manat pul tutulub İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.