Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6660/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1229/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 11.12.2019-cu il tarixli, 100804- 820819/1 saylı kredit müqaviləsi üzrə 3264,1 manat əsas borc, 490,28 manat faiz borcu olmaqla, cəmi 3754,38 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1229/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 3264,1 manat əsas borc, 490,28 manat faiz borcu olmaqla, cəmi 3754,38 (üç min yeddi yüz əlli dörd manat otuz səkkiz qəpik) manat borc, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, əsas və faiz borcunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən işin faktiki hallarını araşdırmamış və düzgün qiymətləndimə aparmayaraq onun ailə vəziyyətini, öhdəsində xəstə valideynin və həyat yoldaşının olduğunu, Koronavirus pandemiyası ilə əlaqədar xəstlənməyini və bununla da pul qazanmaq imkanı olmadığını, habelə işsiz olduğunu nəzərə almamış, banka olan borcumun tam ödənilməsini qət etmişdir. Məhkəmə prosesində onun banka olan kredit borcunu qəbul etmişdir, məhkəmə onun sosial durumunu nəzərə alaraq həmin kredit borcunun hissə-hissə ödənilməsi barədə qərar qəbul edəcək. Bankdan kredit götürərkən poliklinikada tibb bacısı olaraq işləyirdi. Sonradan Covid-19 pandemiyasının yayılması nəticəsində xəstələndi və sonradan işdən çıxmaq məcburiyyətində qalmışdır. Eyni zamanda əmək fəaliyyəti qabiliyyəti olmayan və xəstə olan anası və həyat yoldaşına da baxır. Borcu ödəməkdən boyun qaçırmır, lakin məhkəmədən xahiş edir ki, banka olan borclarının tərəfindən hissə-hissə ödənilməsi, o cümlədən əlavə hesablanmış 490,28 manat faizlərin silinərək ödəmənin əsas borca aid edilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsi qətnaməni qəbul edərkən işə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldığını və bilavasitəlik prinsipinə uyğun olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandığını qeyd etmişdir. Lakin Məhkəmə tətbiq edilməli hüquq normalarına qiymət verərkən onun sosial vəziyyətini və humanizm və ədalətlilik prinsiplərini nəzərə almamış və məhkəmə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakını məhkəmə kollegiyasının iclasında təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1229/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 11.12.2019-cu il tarixli, 100804- 820819/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 25% dərəcəsi ilə 3500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 11.12.2019- cu il tarixli, 100804-820819/1 saylı kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən müəyyən edilir ki, Cavabdeh 11 dekabr 2019-cu il tarixdən etibarən son ay 139,15 manat olmaq şərtilə, hər ay 139,16 manat olmaqla, ümumilikdə 3465 manat pulu 36 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 dekabr 2020-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, cavabdehin həmin tarixə banka 3264,1 manat əsas borcu, 490,28 manat faiz borcu olmaqla, cəmi 3754,38 manat borcu vardır. 03 iyul 2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 3500 manat pul vəsaiti götürmüşdür. "xxxx" ASCnin Cavabdeh ünvanladığı 25.06.2020-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı "xxxx" ASC-yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, 11.12.2019-cu il tarixli, 100804- 820819/1 saylı kredit müqaviləsi üzrə 3264,1 manat əsas borc, 490,28 manat faiz borcu olmaqla, cəmi 3754,38 manat borc və 30,40 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikəri onu müqavilə ilə üzərinə götürmüş öhdəlilkləri yerinə yetriməsindən azad etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1229/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh qıznın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1229/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6660/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6660/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver