Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6660/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərcə cəlb edilmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2467/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “alimentin artırılması və əlavə xərcə cəlb edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1601/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində tutulması, həmçinin uşaqların yastıpəncəlikləri üçün fizioterapiya müalicələri ilə bağlı cavabdehin hər ay 50 manat gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb olunması, mediasiya xərci kimi 50 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1601/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Qətnamənin qəbul edildiyi vaxtdan xeyli müddət keçmiş, istehlak mallarının qiyməti qalxmışdır. Cavabdeh isə bütün bunların heç birini nəzərə almır, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarından artıq ona heç bir köməklik göstərmir. Uşaqlarının hər ikisi yastıpəncədir, birində birinci dərəcəli, digərində isə ikinci dərəcəlidir. Onları fizioterapiyaya müalicəyə aparır, hər ikisi üç aydan bir müalicə kursu keçməlidirlər. Ancaq imkanım olmadığından ildə bir dəfə müalicəyə apara bilir. Bakı şəhəri Şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli e- 2(010)-2467/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1601/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilməsi və iki uşaq üçün hər ay cəmi 50 (əlli) manat əlavə xərclə birlikdə qətnamə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməsi, həmçinin ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməmiş 74 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, 6 saylı X10 Ehtiyatları İdman məktəbində cüdo müəllimi işləməsi, hər ay 662,67 manat əmək haqqı alması, başqa gəlirlərinin olmaması, banklara borcunun olması, maddi vəziyyətinin yaxşı olmaması, iddaçının özünün işləməsi və 700-800 manat əmək haqqı alması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından şikayətin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş və qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin mübahisəsiz hallarına əsasən, tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş və bu nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı iki yetkinlik yaşına çatmayan uşaqlparı vardır. Tərəflər arasında olan nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların iddiaçının yanında saxlanılması qət olunmuşdur. Həmçinin işdə olan çoxsaylı həkim arayışlarından və reseptlərdən görünür ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlardan xx.xx.2011-ci il təvəllüdlü X2 ikitərəfli anadagəlmə yastıpəncəlik, hər iki barmağın hallux valgus, ikinci və üçüncü dərəcəli onurğanın sol tərəfli döş-bel tipli ikinci dərəcəli skoliozu, dayaq və hərəkət aparatının pozulması diaqnozu qoyulmuşdur. Digər uşaq - xx.xx.2013-cü il təvəllüdlü X6 isə ikitərəfli anadagəlmə ikinci dərəcəli yastıpəncəlik diaqnozu qoyulmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Travmatologiya və Ortepediya İnstitutunun həkim-travmatoloq-ortopedi tərəfindən yazılmış reseptlərdən görünür ki, Emin İsmayılova onurğa əzələləri üçün elektrostimulyasiya və masaj kursu, Aysel İsmayılovaya isə baldır-pəncə əzələləri üçün elektrostimulyasiya və ümumi masaj kursu yazılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Qanuni qüvvəsini almış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 1601/2021 nömrəli qətnaməsi ilə həmin uşaqların saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. Həmçinin qeyd olunmalıdır ki, qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi qaydasını da nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər (maddi imkanının aşağı olması, əlavə xərclərinin olması və s.) isə onu bir valideyn kimi uşağını saxlamaq vəzifəsində azad etmir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə - aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində göstərilən dəlilləri ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası, işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını və azyaşlının mənafeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan alimentin ümumi məbləğini minimum dolanacaq xərclərinə uyğun müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası cavabdehin uşaqların müalicəsi ilə bağlı əlavə xərclərdə iştirakı ilə bağlı da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Bununla yanaşı, qeyd edilməlidir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar uşaqlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər olsun. Həmçinin qeyd edilməlidir ki, məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Göstərilən hissədə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş materiallarında olan müvafiq tibb müəssisəsinin arayışlarına əsasən, tərəflərin birgə nikahından doğulmuş uşaqlardan xx.xx.2011-ci il təvəllüdlü X2 ikitərəfli anadagəlmə yastıpəncəlik, hər iki barmağın hallux valgus, ikinci və üçüncü dərəcəli onurğanın sol tərəfli döş-bel tipli ikinci dərəcəli skoliozu, dayaq və hərəkət aparatının pozulması diaqnozu qoyulmuşdur. Digər uşaq - xx.xx.2013-cü il təvəllüdlü X6 isə ikitərəfli anadagəlmə ikinci dərəcəli yastıpəncəlik diaqnozu qoyulmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Travmatologiya və Ortepediya İnstitutunun həkim-travmatoloq-ortopedi tərəfindən yazılmış reseptlərdən görünür ki, Emin İsmayılova onurğa əzələləri üçün elektrostimulyasiya və masaj kursu, Aysel İsmayılovaya isə baldırpəncə əzələləri üçün elektrostimulyasiya və ümumi masaj kursu yazılmışdır. Göründüyü kimi uşaqların hər ikisində olan yastıpəncəlik, birində olan skolioz, dayaq və hərəkət aparatının pozulması xəstəliklərinə görə onlar elektrostimulyasiya (impulslu cərəyan vasitəsilə orqan və toxumaların funksiyasının bərpa edilməsi və aktivliyinin artırılması) və masaj müalicəsi qəbul etməlidirlər. Məhkəmə hesab edir ki, uşaqlarda olan xəstəliklərin müalicəsi elektrostimulyasiya və masaj müalicəsi tələb etdiyindən cavabdeh bu müalicə xərclərinin ödənilməsinə cəlb olunmalıdır. Hansı ki, iddiaçı əlavə xərc kimi cavabdehdən hər ay iki uşağa görə cəmi 50 manat məbləğində pul tələb etmişdir. Məhkəmə hesab edir ki, bir uşağa görə aylıq 25 manat məbləğində əlavə xərc ağlabatan olmaqla cavabdeh üçün hədsiz maddi yük təşkil etmir. Odur ki, iddia iki uşağa görə tələb edilən 50 manat məbləğində əlavə xərcə münasibətdə təmin edilməlidir. Beləliklə, cavabdeh apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. MPM-in 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərcə cəlb edilmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2467/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2467/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6660/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6660/2023
21.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver