Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6661/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh (AA*******) İddiaçı 9000 AZN borclu olması və bu (doqquz min) manat borcu 20 iyul ayında qaytaracağına, qaytarmazsa İddiaçı heç bir söhbətsiz onu şikayət də biləcəyi və söz verdiyi müddətə bu borcu qaytaracağına dair xx.xx.2024-cü il tarixli qəbz imzalamışdır.
2. Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vətəndaş Şahid2 şikayət ərizəsi əsasında topanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən cəmi 9000 (doqquz min) manat məbləğində pulun və ödənilmiş 110 manat dövlət rüsumunun, cəmi 9110 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə xx.xx.2023-cü il tarixində 9000 (doqquz min) manat məbləğində pulu borc verib. Cavabdeh yazdığı ərizədə (qəbzdə) həmin borcu xx.xx.2023-cü il tarixində qaytaracağını bildirib. Lakin bu günə kimi cavabdeh ona olan 9000 (doqquz min) manat borcunu ödəməyib. Borcunu ödəməsi barədə ona dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınır.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva, iş № 2(007)-1433/2024) iddia qismən təmin edilərək, cavabdehdən 8500 manat məbləğində pulun və ödənilmiş 104 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi, ödənilmiş dövlət rüsumunun 6 manatının iddiaçıya aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
6. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya 35800 manat pulun qaytarıldığını deməklə, ev üçün iddiaçıya həmin məbləğdə borcu olduğunu etiraf etmişdir, lakin həmin pulların hamısının iddiaçıya qaytarılmasını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Bakı şəhəri Sabunçu rayonu RPİ-nin İstintaq Şöbəsində Şahid2 müraciəti əsasında araşdırma aparılmış və onun şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Şahid2 müraciətində cavabdehə ev üçün 41500 manat ödənildiyini, sonradan cavabdehin həmin evi satmasına baxayaraq ev üçün edilmiş ödənişləri qaytarmadığını, cavabdeh isə ev üçün edilmiş ödənişlər üçün İddiaçı və qızı Şahid3 34000 manat pul qaytardığını, Şahid3 isə cavabdehin izahatında göstərdiyi hallarla razılalaşaraq, atasının pulundan onlara 34000 manat pulun qaytarıldığını qeyd etmişdir. Məhkəmə iclasında aparılmış araşdırma zamanı ev üçün cavabdehə verilmiş ödənişlərin iddiaçıya məxsus olması öz təsdiqini tapmışdır, həmçinin cavabdeh Bakı şəhəri Sabunçu rayonu RPİ-nin İstintaq Şöbəsində araşdırma aparıldıqdan sonra iddiaçıya 9000 manat borcunun olmasına dair iltizam tərtib etmiş və məhkəməyə təqdim edilmiş videogörüntlülərdə cavabdeh tərəfindən qaytarılmış pul vəsaitinin məhz iddiaçı tərəfindən təhvil alındığı müşahidə edilmişdir (lakin qeyd edildiyi kimi videogörüntülərdə qaytarılmış pulun miqdarını dəqiq müəyyən etmək mümkün olmamışdır). Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh həmin öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, aldığı pulu iddiaçıya qaytarmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə cavabdeh tərəfindən edilmiş ödənişləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi 8500 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 385.1, 386.1, 389.1, 425.1, 427.3, 442, 443.1, 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh tərəfindən məhkəməyə dəvət olunan Şahid4 göstərdiyi faktları kölgə altına almışdır. Belə ki, məhkəmədə şahid kimi dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Şahid3 cavabdehdən ev alıb, sonra ev üçün ödənişləri edə bilmədiyini və evi qaytardığını deyib. Ev üçün pulları ödədiyini bilmir. Şahid3 tərəfindən ev alınarkən o iştirak etməyib. Ev üçün Şahid3 35800 manat pul qaytarılıb, 32000 manatın qaytarılmasını cavabdeh videoyazıya alıb, 2000 manat karta mədaxil edilməklə, 800 və 1000 manatı o, özü qaytarıb. Videoçəkiliş aparılarkən o, tərəflər və Şahid3 iştirak edib. Məhkəmənin sorğu əsasında Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsindən daxil olan materialda Şahid3 göstərdikləri hallar da iş üzrə düzgün qiymətləndirməmişdir. Belə ki, Sabunçu rayon Polis İdarəsinə verdiyi izahatda Şahid3 evin alınması üçün Cavabdeh 34.000 manat pulun ödənildiyini qeyd edərək ….. 02 may 2023-cü ildə isə Mətləb yaşadığımız evə gəldi və 34000 manat məbləğində pulu sayaraq atama təhvil verdi, bir ay müddətində həmin evdə qaldıqdan sonra evi Mətləbə təhvil verdik. Məhkəmə araşdırması zamanı da məlum olur ki, hazırda iddiaçı, yəni Şahid3 atası İddiaçı cavabdehdən tələb etmiş olduğu pul məbləği mənzilin alınmasına görə ödənilmiş puldur. Bununla yanaşı Şahid3 məhkəmədə verdiyi izahatı da ziddiyyətlidir. Belə ki o məhkəmədə verdiyi izahatında bildirir....... Ümumilikdə ödədikləri pul onların dəftərində 57000 manat idi, Cavabdeh isə 37000 manat olduğunu bildirdi. Cavabdeh 37000 manat puldan atasına 28000 manat verdi, 9000 manat borcu qaldı.... Maraqlıdır Cavabdeh 28.000 manat pul qaytarmışdırsa, göstərdikləri həqiqətdirsə, onda nə səbəbə görə 57.000 pulun qalığının əvəzinə 9000 tələb etməklə kifayətlənmişlər?! Şahid3 izahatının davamına diqqət yetirək.... Cavabdeh ona Qara Qarayevə gəlməyini, Şahid2 səs yazısından polisə şikayət etdiyini və 18000 manat pulu tələb etdiyini bildirdi. O, Şahid2 bunu soruşanda, belə olmadığını deyib. X2 rayonunda polisə aparıb, polis ondan ərinin Cavabdeh pul tələb etdiyini soruşduqda, Cavabdeh onu çölə çıxarıb, ərizədə onun 37000 manat məbləği qaytardığını yazmağını xahiş edib. Amma polisə verdiyi izahatında isə 34000 manat evin alınmasına ödədiklərini bildirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. İddiaçı isə izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin qeyd olunan hissədə dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
18. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Hazırkı mübahisə 9000 manat pulun qaytarılması ilə bağlıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı məhkəmə iclasında evin dəyəri kimi, təmir pulu da daxil olmaqla, cavabdeh tərəfindən ona 37000 manat pul ödənilməli olmasına baxmayaraq, cəmi 28000 manatın qaytarıldığını və 9000 manatın borc qaldığını, buna dair qəbz tərtib edildiyini qeyd edib. Cavabdehin nümayədəsi və vəkili isə iddiaçı tərəfə ümumilikdə 35800 manat pulun ödənildiyini, bundan 32000 manatın qaytarılmasının məhkəməyə təqdim edilmiş videogörüntülərlə, 2000 manatın iddiaçı tərəfə məxsus karta köçürmə etməklə, 8000 manat və 1000 manatın isə məhkəmədə dindirilmiş Şahid4 vasitəsi ilə qaytarıldığını qeyd etmişdir.
20. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür.
21. Cavabdeh iddiaçıya 35800 manat pulun qaytarıldığını deməklə, ev üçün iddiaçıya həmin məbləğdə borcu olduğunu etiraf etmişdir, lakin həmin pulların hamısının iddiaçıya qaytarılmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
22. İş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı 37000 manat məbləğində pul vəsaitini cavabdehə verdiyini sübut etmişdir. Eyni zamanda iddiaçı həmin puldan 28000 manatın cavabdeh tərəfindən ona qaytarıldığını etiraf etmişdir.
23. Beləliklə, cavabdeh iddiaçıya 28000 manatın qaytarılmasını sübut etmə yükündən azaddır.
24. Hazırkı mübahisə 9000 manat pulun cavabdehə qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Cavabdeh bu məbləğdə borcunun olduğu və onu qaytaracağına dair yazılı öhdəlik götürmüşdür.
25. Bakı şəhəri Sabunçu rayonu RPİ-nin İstintaq Şöbəsində Şahid2 müraciəti əsasında araşdırma aparılmış və onun şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Şahid2 müraciətində cavabdehə ev üçün 41500 manat ödənildiyini, sonradan cavabdehin həmin evi satmasında baxayaraq ev üçün edilmiş ödənişləri qaytarmadığını, cavabdeh isə ev üçün edilmiş ödənişlər üçün İddiaçı və qızı Şahid3 34000 manat pul qaytardığını, Şahid3 isə cavabdehin izahatında göstərdiyi hallarla razılalaşaraq, atasının pulundan onlara 34000 manat pulun qaytarıldığını qeyd etmişdir.
26. Məhkəmədə dindirilmiş Şahid4 qeyd edilənləri təsdiq etmişdir. Məhkəməyə təqdim edimiş bir ədəd diskdə bir ədəd səs yazısı və bir ədəd video yazı qeydə alınmışdır. Səs yazısında bir nəfər şəxsin Mətləbə ümumilikdə 32000 manat pul verdiyi qeyd edilmiş, lakin məhkəmə iclasında həmin səs yazısının iddiaçıya məxsus olduğu öz təsdiqini tapmamışdır. Videogörüntüdə isə iddiaçının, iddiaçının qızı Şahid3 və cavabdehin görüntüləri əks olunub, onlar söhbət edən zaman iddiaçı stul üzərində yerləşdirilmiş pulları saymışdır. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili videogörüntüdə əks olunan pulların miqdarının 32000 manat olduğunu qeyd etsə də, həmin hal məhkəmədə öz təsdiqini tapmamış, pulların dəqiq miqdarı müəyyən edilməmişdir. İddiaçı tərəf isə cavabdeh tərəfindən 28000 manat məbləğində pulun qaytarıldığı və video görüntülərin natamam şəkildə məhkəməyə təqdim edildiyini qeyd etmişdir.
27. Məhkəmə kollegiyası cavabdehin dəlillərini, o cümlədən borcun tam qaytarılması, 9000 manat borcun mövcud olmaması ilə bağlı bildirdiklərini əsassız sayır və qeyd edir ki, cavabdeh bununla bağlı mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə haqlı olaraq həmin dəlilləri rədd etmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdeh hazırda hər hansı borcu qalmadığını bildirsə də, cavabdehin nümayəndəsi hələ birinci instansiya məhkəməsində izahat verərkən borc məbləğinin 9000 manat deyil, 4000 manat olduğunu göstərmişdir (i.v.51). Yəni, cavabdeh iddia tələbini rəsmi olaraq qəbul etməsə də, faktiki olaraq onu qismən etiraf etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi məhkəmə iclas protokolunda yazılmış bu ifadənin həqiqəti əks etdirmədiyini bildirsə də, işdən göründüyü kimi onun tərəfindən həmin protokola dair hər hansı qeyd verilməmişdir. İddiaçı özü isə 9000 manatdan cəmi 500 manatın 2023-cü ilin sentyabr ayında kart hesabına köçürülməklə ona qaytarıldığını və cəmi 8500 manat borcun qaldığını bildirmişdir (i.v.111).
28. Göründüyü kimi, cavabdeh nəticə etibarilə borcun 8500 manat hissəsinin qaytarılmasını sübut edə bilməmişdir və ona görə də birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi həmin hissədə əsaslı sayılaraq təmin olunmuşdur.
29. Məhkəmə kollegiyasının gənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlinmişdir. Bu baxımdan apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması, sübutların düzgün qiymətləndirilməməsi və s. barədəki dəlilləri əsassızdır və rədd olunmalıdır.
30. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
33. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
34. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 23 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.