Məhkəmə qərarları › İş №2(103)-6662/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6662/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6662/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3067/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: X5 ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014- cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçının xeyrinə əsas borc görə 10348 ABŞ dolları, faiz borcuna görə 2494 ABŞ dolları olmaqla, cəmi 12842 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3067/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlili: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, ölmüş kredit alan şəxsin əmlakları qalmasına, varisləri ola biləcək yaxın qohumları olmasına baxmayaraq onun varislərinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən hər hansı bir prosessual hərəkət edilməmiş, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Göstərilənləri nəzərə alaraq, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən olunur ki, Nikoyl İKB ASC-nin adı dəyişdirilərək Yelo Bank ASC olmuşdur. Borcverən Nikoyl İKB ASC, borcalan X3 və zamin Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6-MZ-1-0-1725-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədilə 18 ay müddətinə qaytarmaq, illik 28% ödəmək şərti ilə 12740 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 6-MZ-1-0-1725-14 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan X3 xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində əsas borca görə 12740 ABŞ dolları, faiz borcuna görə 3008,07 ABŞ dolları olmaqla cəmi 15748,07 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Nikoyl İKB-nin Cavabdeh ünvanladığı xx.xx.2015-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının reyestri xidmətinin xx.xx.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2018-ci il tarixədək olan dövrə aid daxil edilmiş məlumatlar öyrənilərkən xx.xx.2015-ci il tarixdə vəfat etmiş E.İmanovun ölümünün Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, elektron notariat informasiya sistemində saxlanılan məlumatlara əsasən X1 adına Respublikanın notariat ofisində vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-332/2019 saylı qərardadından müəyyən olunur ki, iddiaçı Nikoyl İKB ASC-nin cavabdehlər X3 və Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə icraata cavabdeh X2 aid hissədə xitam verilmişdir. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıiş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Rayon məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kollegiya, cavabdehin rayon məhkəməsi tərəfindən kredit götürmüş borclu X1 varislərinin işə cəlb edilməməsi və kreditin onun varislərindən tutulmaması barədə dəlilinə cavab olaraq bildirir ki, rayon məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, elektron notariat informasiya sistemində saxlanılan məlumatlara əsasən X1 adına Respublikanın notariat ofisində vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Bundan əlavə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-332/2019 saylı qərardadı ilə iddiaçı Nikoyl İKB ASC-nin cavabdehlər X3 və Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə icraata cavabdeh X2 aid hissədə xitam verilmiş, lakin həmin qərardad Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3067/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar