Məhkəmə qərarları › İş №2(103)-6665/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6665/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6665/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC “xxxx” KB-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(003)- 22/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan “xxxx” X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 01 iyul 2016-cı il tarixdə ölmüşdür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(003)-22/2021 saylı qərardadı ilə iddia ərizəsi məhkəməyə daxil olanadək cavabdeh öldüyündən, mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh öldüyü halda məhkəmə cavabdehin vərəsəsinin olub-olmamasını və ya vərəsəlik işinin açılıb-açılmamasını müəyyən etmək üçün müvafiq sorğular edib cavab almadan mülki işin icraatına xitam vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(003)-22/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 12 iyul 2016-cı il tarixli 563 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, iş üzrə Cavabdeh 01 iyul 2016-cı il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 50.1 və 50.3-cü maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Hazırkı iş üzrə Cavabdeh 01 iyul 2016-cı il tarixində öldüyü halda, iddiaçı QSC “xxxx” KB 20 avqust 2018-ci il tarixdə, yəni cavabdehin ölümündən 2 ildən artıq vaxt keçəndən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin yönəldiyi şəxs cavabdeh ola bilər. “Tərəf” statusunu şəxs ona qarşı məhkəmədə iş başlandıqdan sonra alır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxs tərəf olmadan əvvəl ölməsi halında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Başqa sözlə iş məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən yox, həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən mülki işin icraatına xitam versə də, prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi düzgün olmayan qərardadın qəbul edilməsinə səbəb olmamışdır. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(003)-22/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı QSC “xxxx” KB-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(003)-22/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar